DÜNYA YAXŞILARINDIR

Nəzakət MƏMMƏDOVA

Hər insanın şəxsiyyəti  onun öz sərvətidir

 

Dünya yaxşıları ilə yaxşıdır. Həyat yaxşılarındır - munislərin, müdriklərin, ülviyyətə tapınanların, fədakarların, dünyanı özündə, özünü dünyada tapanlarındır. Kainatda gözəl nə varsa, hamısı onlar üçündür, onlarındır.

Dünya yaranandan bildiyimiz bir həqiqət var: Pislərin üzünə hər iki dünyanın qapıları bağlıdır. Onların, ümumiyyətlə, dünyası yoxdur. Çünki dünya yaxşılarındır - yaxşıların, müdriklərin əli ilə dəyişən, gözəlləşən, müqəddəsləşən, böyüyən dünyanın!

İnsanlığı qoruyanlar,  yaşadanlar bu qoca dünyada özlərindən sonra çox şey qoyub gedirlər. Ən başlıcası isə nəsillərin ürəyində ölməzlik zirvəsinə ucalaraq əbədiyyətə üz tuturlar. Bax  elə bu zirvədə də insanın varlığı onun yoxluğuna qalib gəlir.

Sən qalibsən, Fərqanə...

Bir də ki,  ölüm əbədi deyil.  Bəzən ölüm ölümsüzlüyün başlanğıcına çevrilir. Yadımdadır,  Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda aparıcısı olduğun tədbirlərin birində "Şəkil" şeirini söylədin. Rəhmətlik Oqtay Rza ilə yanaşı oturmuşduq. Bu möhtəşəm şeiri möhtəşəm də səsləndirdin: "Qalan elə şəkildi" .

Onda Oqtay müəllim sakitcə mənə tərəf dönüb zarafatla dedi:  "Fərqanə düz demir, qalsa-qalsa Fərqanənin sözü, şeiri qalacaq bu dünyada. Necə ki, əsrlərdir sözləri yaşadır Nizamini, Füzulini, Nəsimini...  O  vaxt şəkil var idi bəyəm?!"

Fərqanə həqiqətən, balaları  qədər sevirdi sözü, balaları qədər qoruyurdu  sözü.  Ürəkdən gəlirdi  şeirləri,  ona görə ürəklərə asanlıqla yol tapa bilirdi Fərqanənin söz dünyası.

Çoxdan,  lap çoxdan bir-birimizi tanıdıq, dostlaşdıq, isinişdik, doğmalaşdıq və  münasibətlərimiz elə həddə çatdı ki, o mənə "bacı" dedi,  mən ona "ana". Hər gün mütləq zəngləşməliydik... İndi başımı itirmişəm, bilmirəm o zənglərsiz nə edəcəm, necə olacaq Fərqanəsiz?

 

Gəl, dərdləşək

Şairə bacım Fərqanəyə

 

Deyirsən ki, gəl dərdləşək, anam-bacım,

Sən anam ol, mən də bacın.

Dərdi-səri bölüşdükcə

Yüngülləşsin ağrım-acım.

Hara getsəm, hara qaçsam

Dərd olubdu yol yoldaşım.

Dərdlər var ki, ürəyimdə sadalasam,

Qorxuram ki, ürəyin tab gətirməsin,

gözəl bacım.

Qorxuram ki, utanasan, dərd dediyin

    dərdlərindən.

Dərdinə mən qurban olum,

Dərddən qaçıb qurtulmağı bacarmayan

şair bacım.

Deyirsən ki, gəl,  dərdləşək, anam-bacım.

Dərdlərindən dərdlərimi dinləməyə

halınmı var?

Hansı birin söyləyim mən,

Ay dərdimə hali bacım,

Dinlədikcə dərd-sərimi

Unudasan dərdlərini?

Deyirsən ki, gəl, dərdləşək,

Gəl dərdləşək,  anam-bacım...

 

O qədər səmimi insan idi ki...

Fərqanə kənddə dünyaya göz açmışdı. Şeirlərində kənd həyatının saflığı, təbiətin gözəlliyi, al-əlvan rəngləri canına-qanına elə hopmuşdu ki...  Bəzən düşünürəm ki,  ən çətin günlərində də elə o saflıq, o rəngarənglik harayına gəlirdi, onu yaşadırdı.

Həyatda olduğu kimi, sənətdə də fədakar idi.  Mən onun poeziyasını araşdırmayacağam, söz deməyəcəm. Şükür,  tanınan tənqidçilər, adlı-sanlı  yazarlar dönə-dönə Fərqanə poeziyasının  layiqli qiymətini veriblər.  Sağlığında "Gənclərin anası"  adını qazandı. Təsadüfi deyildi ki, elə dəfnindəkilərin əksəriyyəti gənc qələm sahibləri - Fərqanənin "balaları" idi. Sevgiləri gözlərinin yaşına qərq olmuşdu.  Sabahımız  olan bu gənclik sevirdi Fərqanəni. Deməli, gənclik olduqca,  Fərqanə də olacaq, gəncliklə gələcəyə doğru uzun illər yol gedəcək.

2014-cü  il  Fərqanənin    "50" illik yubileyinə həsr etmişdim bu şeiri.

 

BİR DOSTA

 

Qəfildən başlayır sonun əvvəli,

Qaytarmaq olmayır bitəndə vaxtı.

Göylərin hökmüylə sehrli əllə,

Hər kəsin alnına yazıldı baxtı.

 

Gecəni gündüzə bir çevirən var,

Yağışlar yağarmı bulud dolmasa?

Adəmli, Həvvalı dünya dediyin

Olmazdı Tanrının əmri olmasa.

 

Qəzalar, qədərlər ötər bir anda,

Mələklər hay salıb oxşar boyunu.

Haqdan üzülməsə ömür dediyin

Neylər Əzrayılın ölüm oyunu.

 

"Get" deyən düşmənin birdisə, dostum,

"Qal" deyən dostların, min ağlayan var.

Bizim duamızı eşitdi bil ki,

Səni nəzərində bir saxlayan var.

 

Çox mehriban, gülərüz idi. Dörd qardaşın, Faiq Balabəylini çıxsaq, bir bacısı idi Fərqanə.

"Anam bir qız doğmadı ki, mənim də bacım olsun"- deyə həmişə  gileyliydi anasına. Bəlkə buna görə hamıya "can", "can bacı" deməklə sanki bacısından bir  zərrə axtarırdı.  A.P.Çexov deyərdi:  "İnsanın hər şeyi gözəl olmalıdı: paltarı da, qəlbi də, fikirləri də..."

Sanki bu fikirlər Fərqanə üçün deyilib...

Bu insanın malı, dövləti, sərvəti onun şəxsiyyəti idi. Fərqanə hər şeyə rəğmən, öz şəxsiyyətini, insanlığını sonacan qoruya bilən nadir insanlardandı. Bir çoxu ona baxıb durulmaq,  saflaşmaq, təmizlənmək istədi.

İnsancasına sevdi sevdiyini Fərqanə...  Bəstə boyu ilə, az qala, bu dünyadan böyük oldu. Hamıya eyni gözlə baxdı həmişə. Nə bir qara rəng tanıdı, nə də insan olmayan insan...