QƏLƏM  AĞLASIN

Şöhlət Əfşar

Bənzərsiz şairə, sözün aşiqi, ədəbi cameanın sevimlisi Fərqanə xanımın əziz xatirəsinə...

 

Ay ellər, Fərqanə köçdü dünyadan,

Varaqlar yas tutub, qələm  ağlasın.

Bir sözə divanə köçdü dünyadan,

Varaqlar yas tutub, qələm ağlasın.

 

Şeirin nur saçan qələmi köçdü,

Növrağı, büsatı, aləmi köçdü,

Qəlbində Vətənin dərd-qəmi köçdü,

Varaqlar yas tutub, qələm ağlasın.

 

Sözlə qaladığı "Təndir" qaraldı,

Nakam arzuları solub saraldı.

Şeir yetim qaldı, anasız qaldı,

Varaqlar yas tutub, qələm ağlasın.

 

Əcəl təbilini çaldı bir anda,

Dondu göz yaşları yanaqlarında,

Son şeiri qaldı dodaqlarında,

Varaqlar yas tutub, qələm ağlasın.

 

Şöhlət, bir şair də köçdü ahəstə,

Daha inci düzməz ağ varaq üstə...

Ya Rəbb, nə düşündü, o, son nəfəsdə?

Varaqlar yas tutub, qələm ağlasın,

Varaqlar yas tutub, qələm ağlasın!

Ağcabədi şəhəri,

03.05.2020.