TƏKİ ÜRƏYİN PAYIZI GECİKSİN

Zemfira MƏHƏRRƏMLI

Qara günün gücünə bax, gücünə, qara saçları gör necə də ağartdı! Ağ günün gücünə bax, gücünə ha əlləşir, ha vuruşur ağ saçların bircəciyini də qaralda bilmir. Bircəciyini də!

 

"Gücünə bax, gücünə" adlanan bu mənsur şeiri illər öncə mərhum yazıçı Gülhüseyn Hüseynoğlunun anadan olmasının 75 illik yubileyində ədibin öz dilindən eşidəndə bir yaradıcı insanın, ağsaçlı alimin, müəllimin keçdiyi ömür yolu barədə düşüncələrə dalmışdım. Onun hələ məktəb çağlarımdan rəğbətlə oxuduğum, əzbər bildiyim mənsur şeirlərini yaddaşımda çözələmişdim.

Azərbaycan ədəbiyyatında orijinal bir qolun - mənsur şeir janrının yaranması, inkişafı xalq yazıçısı G.Hüseynoğlunun adı ilə bağlıdır və ədib, sözün həqiqi mənasında, bu janrın ustadı və banisidir. Ədəbi fəaliyyətə başladığı ilk gündən məhsuldar işləyən, öz cazibədar, məhsuldar yaradıcılığı ilə geniş oxucu auditoriyası qazanan yazıçı yurdumuzun sevilən sənətkarlarından biri kimi xatırlanır.

Gülhüseyn müəllim çox çətin bir tale yaşayıb, həyatdan ağır zərbələr alıb. Amma sınmayıb, əyilməyib. Ömrü boyu pərvanətək oduna yandığı Vətənin aşiqi olub. Odur ki, başı bəlalar çəkib, həyatın burulğanına düşüb. O, hamının susduğu, ağızlara qıfıl vurulduğu müdhiş illərdə mənhus sovet imperiyasına qarşı çıxıb və bu etirazın, üsyanın ağrısını çəkib. Yazıçının əsərlərinə bələd olmayanlar onun fədakarlığının əsl mahiyyətini anlamaqdan, yəqin ki, çox-çox uzaqdırlar.

Üzləşdiyi məhrumiyyətlər, məşəqqətlər G.Hüseynoğlunun şəxsiyyətinə ləkə gətirmədi. Bu azadlıq təşnəsi, yurdunu müstəqil görmək istəyən insan qamətini daha şax saxladı, yenilməzliyini sübut etdi, Stalin-Beriya həbs düşərgələrinin çirkabından büllur kimi təmiz, saf çıxdı və yaradıcılığında öz "mən"ini təsdiqlədi. Bəlkə də həyatdan aldığı bu ağır zərbələr, başı üstündə əsən güclü səmum yelləri gənc Gülhüseynin istedadının ən parlaq tərəflərini erkən yaşlardan üzə çıxarmışdı.

Lirik ovqat yaradan, ruhumuzu təzələyən mənsur şeirlərini müəllifin özünün ifasında dinləmək, doğrudan da, ayrı tamaşa, özgə aləm idi. Bundan oxucu, dinləyici də qazanırdı, bədii nümunə də. Gülhüseyn müəllim yuxusuz gecələriylə araya-ərsəyə gətirdiyi mənsur şerlərini elə təbii, həzin ovqatla oxuyurdu ki, sözlərin uyarlığına, doğurduğu mənanın bənzərsizliyinə heyran qalırdıq: "Külək əsdi. Böyük bir ağacdan kiçik, kiçik bir yarpaq düşdü.

- Ağaca nə oldu? Ağac nə itirdi?

Yox, yox, siz yarpağın, ayaqlar

altında qalan, xəfif küləyin təmasından belə üşüyən, özünə yer tapa bilməyən yarpağın halını düşünün. Yarpağın".

Belə kiçik bir bədii nümunədə böyük mənalar ifadə etmək yalnız və yalnız G.Hüseynoğlu yaradıcılığına məxsusdur. Köklü-köməcli bir ağacdan payız küləyinin qoparıb ayaqlar altına atdığı, saralıb-solub öz xəzan fəslini yaşayan, soyuqdan üşüyən tənha yarpaq müəllifin gözündə kimsəsiz, köməyə ehtiyacı olan, mərhəmət gözləyən insan kimidir. Xeyirxahlar nəciblik göstərib imkansızlara əl tutmalı, kömək etməlidirlər. Axı, şəfqət qəlb ovundurur.

Belə bədii nümunələr narahat yazıçının həssas ürəyindən, el-oba üçün qəlb çırpıntılarından xəbər verirdi.

Gülhüseyn müəllim ağsaqqal, mötəbər, möhkəm xarakterli, sözü bütöv yazıçılarımızdan biriydi. O, əqidəli, daim öz sözü, öz mövqeyi olan insan kimi yaddaşlarda qalıb. Sevimli şairimiz M.Müşfiqin həyat və yaradıcılığından bəhs edən elmi əsərləri onu daha da məşhurlaşdırmışdı. Ədib ədəbiyyatşünaslığımızda Müşfiqşünaslığın əsasını qoymuş, bu nakam şairin bənzərsiz irsini yorulmadan, ardıcıl surətdə tədqiq edib. Gülhüseyn müəllim onun əsərlərinin daimi tərtibçisi, "Müşfiq" adlı ilk monoqrafiyanın, bu sahədə yazılmış ilk dissertasiyanın, "M.Müşfiqin yaradıcılıq yolu" adlı ilk dərs vəsaitinin, neçə elmi məqalənin müəllifi kimi də gərgin əmək sərf edib.

Daha çox həcmcə kiçik janrlarda yazıb-yaradan sənətkar sonralar geniş həcmli nəsr əsərləri ilə də oxucularını sevindirib. Bu baxımdan beş povestdən ibarət "Aşıq Ələsgər" romanını və dahi şairimiz M.Müşfiqə həsr olunmuş "Müşfiqim mənim" sənədli romanını qeyd etmək yerinə düşər. "Aşıq Ələsgər" romanı oxucular, ədəbi tənqid və ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. Bu əsər lirik nəsrimizin yaxşı nümunələrindəndir.

Ədəbi irsimizin fəal tədqiqatçısı, xalqına qırılmaz tellərlə bağlı olan bu sənətkar haqqında kimlər xoş söz söyləməyib. Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Konstantin Fedin, İsmayıl Şıxlı, Əkrəm Cəfər, Məmməd Arif, Sabir Rüstəmxanlı... və başqaları G.Hüseynoğlunun hikmətli əsərləri haqqında qiymətli fikirlərin müəllifidirlər.

Gülhüseyn müəllimin Böyük Vətən müharibəsi dövrü yaradıcılığı da daim intizar, nisgil içərisində yaşayan xalqın əzablarının, dərdlərinin yüngülləşməsində, narahat ürəklərə ümid, təskinlik gətirməkdə az iş görməyib. Onun qanlı hərb illərində yazdığı "Ağ kəlağayı" hekayəsini xatırlatmaq, məncə, kifayətdir. Cəbhəyə gedən oğlunun xiffətini, nigarançılığını çəkən, gözləri yollara dikilən Bahar xalanın həsrəti, qəlb üzüntüləri hekayədə olduqca həyati, təbii canlandırılıb. Düşmənlə döyüşən Rövşənin qələbə soraqlı məktubu, oğlunun sevgilisi Mahiyyənin barmağına ananın nişan üzüyü taxması səhnəsi elə canlı, inandırıcı verilib ki... Hekayənin nikbin sonluğu isə xoş günlərə, sabahlara inamın ifadəsiydi.

Yazıçı ömür boyu yorulmadan, məhsuldar çalışırdı. Mənsur şeirlərini, novellalarını, hekayələrini yaradır, oxucularının ixtiyarına verirdi. Təbiətən orijinallığı çox sevən qələm sahibi mənsur şeir janrında ilk əsərlərini yazarkən ədəbiyyatımıza bənzərsiz nümunələr, əsl yenilik gətirmişdi. Amma onu daim bir ahənrübatək özünə çəkən, cəzb edən, əlinə qələm almağa səsləyən məhz mənsur şeirlər idi. O, bu bədii nümunələri daha şövqlə, həvəslə ərsəyə gətirirdi.

Yazıçının hekayələrinin dili də rəvan, səlis, axıcıdır. Gülhüseyn müəllim barədə yazılmış məqalələrin birində belə bir faktla qarşılaşmışdım. Azərbaycan komsomolu mərkəzi komitəsi və respublika Yazıçılar İttifaqının 1944-cü ildə birgə keçirdiyi gənc yazarların müşavirəsində G.Hüseynoğlu da ilk qələm nümunələrindən olan "Ana" hekayəsini oxumuşdu. Səməd Vurğun müşavirədəki çıxışında bildirmişdi: "Gənc G.Hüseynoğlunun "Ana" hekayəsi mənə əsl poeziya nümunəsi təsiri bağışladı".

Söhbətlərimizin birində Gülhüseyn müəllim bu hadisəyə aydınlıq gətirərək demişdi:

- Böyük şairimizin verdiyi qiymət o qədər dəyərli idi ki, müşavirədən sonra, ertəsi gün "Ədəbiyyat" qəzetindən mənə zəng edib hekayəmi istədilər. Ədəbi mühitə elə həmin hekayə ilə gəldim.

Bakı Dövlət Universitetinin professoru, filologiya fakültəsində 50 ildən artıq dərs demiş, tələbələrinin sevimlisi Gülhüseyn müəllim yaradıcılıqdan heç vaxt uzaq düşmürdü. Deyirdi ki, məni yaşadan qələmlə dostluğumdur. Repressiya illərində Şərqi Sibirin Tayşet rayonundakı siyasi düşərgədə məhbus olarkən azadlıq naminə yaratdıqları "İldırım" təşkilatının məramı, fəaliyyəti və əqidə yoldaşları barədə tez-tez söz açırdı. O qanlı-qadalı illərdə gedər-gəlməzə göndərilən gənclərin L.Voyniçin "Ovod" əsərini oxuduqlarını dilə gətirirdi. Söyləyirdi ki, günahsız tutulanlara bəraət verilməsi, Azərbaycan dilinin dövlət dili səviyyəsində işlədilməsinə çalışmaq, doğma yurdumuzun müstəqilliyi ideyaları hələ amansız imperiya illərində onların əsas mübarizə şüarı idi.

Yazıçının "Məhəbbətdirmi bu?" (1996) adlı kitabındakı lirik ovqatı davam etdirən yeni bədii nümunələri işıq üzü görmüş, Özbəkistanda yeni kitabı, habelə bir neçə xarici dildə əsərləri çap olunmuşdu.

Çalışdığım "Bakı" və "Baku" qəzetləri redaksiyasına onun hər gəlişinə sevinirdik. Təzə bədii nümunələrini təqdim edərkən onun necə fərəhləndiyinin şahidiyəm. Yadımdadır, Gülhüseyn müəllim redaksiyaya yeni yazdığı mənsur şeirlərini gətirmişdi. Nurlu üzündən xoş ovqatı duyulurdu. Bu, övladtək, qanıyla-canıyla dünyaya gətirdiyi əsərlərin sevinci, fərəhi idi. Mənsur şeirlərinin arasında bircəciyi də vardı ki, onu oxuyanda Gülhüseyn müəllimin pərişan olduğunu, ömrünün payız fəslinin yaxınlaşdığına heyifsiləndiyini duydum. Yazıçının "Gecikdikcə geciksin" adlı həmin mənsur şeirində deyilirdi: "Hər şey vaxtında yaxşıdır. Bircə ürəyin payızı vaxtında gəlməsin, gecikdikcə geciksin, geciksin".

O illərdə ömrünün müdriklik çağını yaşayan sevimli sənətkarımızın bu fikrinə şərik çıxıb, onun öz sözlərini indi oxuduğunuz bu yazıma sərlövhə seçdim: "Təki ürəyin payızı geciksin!"