Güneydən əsən yellər

İSMAYIL MƏDƏDİ OSALI (ÜLKƏR)

GƏLİN ÖNCƏ ÖZÜMÜZÜ TANIYAQ, SONRA DÜNYAYA TANIDAQ

 

"Yada düşdü"nün əziz oxucuları! Bu saydan etibarən "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılır. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş şairlərin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, yaşama, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır... Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad, filologiya üzrə elmlər doktoru


***

İSMAYIL MƏDƏDİ OSALI (ÜLKƏR)

1969-cu ildə Urmiya şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini Urmiyanın "Vəziri", "Azadi" və "13 Aban" oxullarında alıb. 1988-ci ildə Binab universitetinin Fars dili və ədəbiyyatı bölümünə daxil olub. 1992-ci ildə isə universiteti bitirərək müəllim ixtisasına yiyələnib.

1999-cu ildə Ankarada Gazi universitetində Türkçə və Yabancı Dillər Öğrənim, Araşdırma və Uygulama Mərkəzinin (TÖMER) diplomunu alıb. 2000-ci ildə isə İzmirin EGE universitetində Türk dili və ədəbiyyatı bölümünün "Türk ləhcələri və ədəbiyyatları ana bilim dalı"nda yüksək lisans (magistratura) təhsili alıb. 2003-cü ildə Prof.Dr.Yavuz Akpınarın rəhbərliyi ilə milli şairimiz "Bulud Qaraçorlu Səhəndin həyatı və əsərləri üzərində bir araşdırma" adlı tədqiqat işini elmi heyət qarşısında uğurla müdafiə edib.

2006-cı ildə Bakı Xəzər universitetində Prof. Dr. Hamlet İsaxanlının rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı bölümünün PH.D dərslərini keçib. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı ("Məşrutiyyətdən günümüzə qədər Güney Azərbaycanda sərbəst şeirin gəlişimi") uyğun zamanda müdafiə etməyi planlaşdırır.

 "Günəş tonqalı, yalqız bitki (1991)", "Buyur, addım at (1998)", "Bir salxım dan yeli (2007)" və "Sevda yoldaymış" şeir kitabları ilə oxucularına gerçəkdən böyük sevinc duyğuları bəxş edib.  Yeni dövrün tələblərilə modern üslubda yazdığı elmi-tədqiqat işləri nəşr olunub...   

 

Anam Urmu…

 

Eşidirsinizmi siz də?

Urmuya qulaq asıram Urmu!

O qumruları səs-səsə verənməmiş çınarı dinləyirəm!

Siz də dalırsınızmı?

Urmuya dalıram mən, Urmu!

Fərələrini qorumağa qanad gərən o vüqarlı "qu"ya…

Zərdüşt ocağı başındayam  - İsti və sıcaq -

Odlar Yurdunun çörək qapısındayam.

Təndir, bərəkət qoxuyur tənim.

Un kimi üzüm ağ!

Üskük-üskük su daşıyır,

Dəyirman dolandırıram…

Urmunu işləyirəm Urmunu!

Ülkərəm!

Ağzında yüyən çatlayan Urmudan gələn

                             bir at üstündəyəm.

Hələ də görürəm!

Siz də görürsünüz

Gördünüz, deyilmi?

… Qırmancladı "Saman Meydanı"nda

Buğda tığımı "qızıldiş qəşə"

Gözü göy gavur qaldırdı bir baş

Məscidimin düz qapısında qan piyaləsini!

Hələ də cingildəyir bazarımın bacasında

- Eşidirsiniz deyilmi?

- "Mal-i əcəm həlalə!" səsini…

"Qabağı donuz, Dalısı dəniz" şəhərim!

Tanığımsan, Məhşər günüdür, Şahidim ol!

Minlərcə dağıldıq, yüzlərcə boğulduq

Onlar yol, onlar yol…

Yenə səndən umduq çaramızı!

Sadəcə sənin qapına gəldik.

Olub bitəni övladına sormadın,

Sən sarmadın!

Duzunla diri saxladın yaramızı

Ayınla ulduzunla ayazınla

Döllədin qəbirlərimizi

"Kazım xan", "Qurd Osalı" boğazıyla böylə uladın:

Bu ölkədən bir çınqıl yad nalına dərilməz!

Can-başdan pay verilsə, torpaqdan pay verilməz!

Və qalxdıq qəbirlərimizdən

At döşündən

İt dişindən aldıq səni,

Səni yenidən doğduq əziz şəhərim,

Sən yenidən doğuldun kişi bətnimizdən.

Və sonra iliklərimizə işlətdin bu yasanı hayqıraraq:

- Nə qədər varsa gəlsin,

Yurdumuza göz tikən

Çağırılmamış qonaq!

Türkük qonaqsevərik!

Torpağımızın üstündə də olmasa

Hamısına altında yer verə bilərik.

 

Üç gözəl

 

Altı kişi idik

Bir masa başında bir yerdə.

Ürəklər üzdən

Üzlər ürəkdən qat-qat yalınqat

Və hər birimiz hamımızdan daha demokrat!

 

Altı kişi

Bir masa

Pərdəsiz olan bir yerdə!

Həqqa duz-çörək

Yemək-içmək kimi

Gözəl işlər görülərək

"Üç gözəl"dən danışıldı süfr başında!

 

Başlar qızışdı,

Qızışınca düşdü pərdə.

Düşüncə bölündü bu altılı iki, dördə!

Danışıqlar arasında

Masanın dadı qaçdı bir yerdə:

Qarışıqlıq düşüncə üç gözəl şeyin sıralayışında!

Biz dedik:

- Öncə varlıq

Sonra bayraq, sonra çörək!

Onlar dedilər:

- Dünyada nə bol bayraq!

Öncə çörək

Varlıq da çörəklə birlikdə gələcək!

***

Bir gözəl bir gözəl...

Yelqovan kimi, qov kimi qonar mavi yuxuma

Baxaaaar

Baxınca qığılcım çaxar gözləri

Göyüs manqalımı oyandırıb gedər bir gözəl...

 

Dolu könlümü sıxar boş əllərim

Yuxum yoxa çıxar o "bir gözəl" yoxluğundan...

Bağrım kiçilər, ovuclarım böyüyər...

Böyüyər əllərim yerin altına, üstünə dəyər

 

Gözəl səsi gələr bir yöndən

Dönərəm

Səs-səmir yox!

Gülüşləri gələr get-gedə böyüyən quş daraqları kimi

Dən-dən səpilər gecəyə dərim!

Bir-bir dərilər

Sonra bir gülücüyü dodağıma qonmadan

                                     bütün sərpdiklərim

Uçaaaaarrrr... qanad çalışlarını seçər qulağım!

Gedər

Gedişini görməm!

Gözüm bir şeylər qoparar içimdən o "bir gözəl"ə

Qoparınca da onu yollar aparar...

Aparar astanasına qədər o tapmaca qaranlığın...

Birdən

Yelqovan yüngüllüyündə

Könül tozu kimi görünməz - görünməz qonar

Qonub qaynaşdırar təkrar məni yaşama

                                                 Gözəl gözəl...