QACAR SÜLALƏSİNİN SƏRKƏRDƏLƏRİ

 Şəmistan NƏZİRLİ

Tarixə "olub keçmiş şeylər", "çağırılmış bayatılar" kimi baxanlar idrak və zövqü məhdud insanlardır.

Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan, vətəndaşlıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar.

Səməd Vurğun, xalq şairi

 

1983-cü ilin payızında Şuşaya getməkdə məqsədim görkəmli ədəbiyyatşünas-alim Firidun bəy Köçərlinin dədə-baba yurdunu görmək idi. Bir xeyirxahın köməyi ilə evi tapıb, həyət-bacanı gəzdim. Unudulmuş Firidun bəyin nə yaxın, nə də uzaq bir qohumu ilə görüşüb söhbət edə bilmədim. Mülkün divarına çoxdan vurulmuş, rəngi solmuş xatirə lövhəsini ürək ağrısı ilə oxudum.Və muzeyi görmək ümidim vardı. Amma sanatoriya anbarı kimi istifadə olunduğunu görəndə ... yadıma olmuş bir əhvalat düşdü. Onu mənə Qazax seminariyasının məzunu, mərhum Hacıbala Hacıyev danışmışdı.

 Seminariya hələ Qoridə olarkən (1910-cu il) bir gün dərsdən evə gələn Firidun bəy arvadı Badisəbanı əli qoynunda fikirli görür. Firidun bəy təşvişlə soruşur ki, Badisəba, nə olub, niyə qəmlisən. Şuşadan, ya da Qazaxdan bəd xəbər var, nədi?

 Badisəba xanım kədərli dillənir:

-Eh, ay Firidun bəy, niyə də fikirli olmayım, bu qədər ömür sürdük, Tanrı bizə bir övlad da vermədi ki, nişanəmiz qalsın.

Firidun bəy əvvəlcə bərk tutulur, sonra özünə gəlib arvadına təsəlli verir:

-Fikir eləmə, Badisəba, bu seminariyada oxuyan uşaqların hamısı bizim övladlarımızdır. Bizi kim unutsa da onlar unutmazlar. Bu, mənim yəqinimdir. Vaxt gələr görərsən...

İllər keçir. Firidun bəy Köçərli 1920-ci il mayın 30-dək davam edən Gəncə qiyamı zamanı mənfur daşnaklar tərəfindən öldürülür. Badisəba xanım 1921-ci ildə Bakı Pedaqoji Texnikumunda tərbiyəçi işləyir. Dörd il sonra bacarıqlı mütəxəssis kimi pedaqoji texnikum təşkil etmək üçün Zaqatalaya göndərilir. 1929-cu ildə Quba Pedaqoji Texnikumunun müdir müavini olur. Bir il keçmiş isə Şəkidəki 2 saylı uşaq evinin müdiri təyin edilir. Həmin dövrdə yeni təşkil olunmuş yetimxana ciddi ehtiyac içində idi. O, kömək üçün hansı idarəyə müraciət edirsə, yardım edən olmur. Firidun bəyin 1910-cu ildə dediyi sözləri xatırlayan Badisəba xanım Mərkəzi Komitədə torpaq komissarı işləyən, keçmiş Qori seminariyasının məzunu Teymur Hüseynovun (1892-1938) yanına gəlir. Yetimlərə kömək üçün ona müraciət edir.

Teymur Hüseynov Badisəba xanımı doğma anası kimi çox səmimi qarşılayır. Maddi cəhətdən kömək edir, üstəlik də yetimxananın müasir mebellə təmin olunmasına sərəncam da verir.

Bu əhvalatdan sonra Badisəba xanım ölənə qədər (1954-cü il) deyərmiş ki, Firidun bəylə mən sonsuz olmamışam. Qori və Qazax seminariyasının hər bir məzunu bizim övladımızdır.

Firidun bəyin dədə-baba yurduna baxa-baxa fikirləşirdim ki, Teymur Hüseynov kimi xeyirxahlar "otuz yeddi"nin günahsız qurbanı olmasaydı, bəlkə də mülk bu günə düşməzdi. Demək, indi Teymur kimi övladlara ehtiyacımız var. Təəssüf ki, "otuz yeddi"nin qara küləkləri çox seminaristi öz burulğanında məhv elədi. Hətta seminariyanın təşəkkülü və Azərbaycan maarifinin inkişafında böyük xidmətləri olan Sultan Məcid Qənizadə (1866-1937) belə yetmiş iki yaşında ikən şəxsiyyətə pərəstiş dövrünün amansız qanunsuzluğunun qurbanı oldu.

Nə gizlədim, Şuşada Firidun bəy Köçərlinin dədə-baba mülkünü görəndə fikirləşdim ki, övladsızlıq yaman bəladır. Əgər Tanrı Firidun bəylə Badisəba xanıma övlad versəydi, yurdu anbar olmazdı...

O vaxtdan səkkiz il keçib. Amma Şuşada Firidun bəyin dədə-baba mülkünün qapısından asılmış daş boyda qıfıl hələ də gözümün qabağından getmir. Ömrünün qırx ildən çoxunu ədəbiyyatımıza, maarifimizə həsr etmiş Firidun bəy Əhmədağa oğlu Köçərli kimi müqtədir bir şəxsə ehtiramımız budurmu?..

vvv

Firidun bəyin dədə-baba mülkünün qonşuluğundakı ikimərtəbəli əzəmətli mülk də istər-istəməz diqqətimi cəlb elədi. Maraqlanıb belə gözəl imarətin kimə məxsus olduğunu soruşdum. Dedilər ki, şahzadə Bəhmən Mirzənin olub. Mənim mülkə tərifləyə-tərifləyə, heyranlıqla baxdığımı görən "bələdçim" - əşşi, çox tərifəlayiq deyil, - dedi.

- Niyə? - deyə maraqla soruşdum.

- Bəhmən Mirzə arvad düşkünü olub, çox arvad alıb, çoxlu da övladı olub, - deyən bələdçim kişinin qarasınca deyindi.

-Şahzadə Bəhmən Mirzənin ailə məsələsini bilmirəm, amma Azərbaycan tarixində müəyyən xidmətləri var. Bir də ki, bunun nəyi pisdir, daha yaxşı, millətin sayını artırıb, ziyalı oğul, qız yetişdirib, - dedim və ürəyimcə olmayan söhbəti yumşaltmaq məqsədilə yekunlaşdırdım.

Həmin günü gəzə-gəzə Şuşanın yuxarı hissəsinə gedib çıxdım. Nəhəng bir kilsəyə rast gəldim. Burada iyirmi beş-otuz usta, fəhlə canfəşanlıqla işləyirdi. Öyrəndim ki, Yerevandan gətirilmiş ustalar bizim Daşkəsən mərməri ilə erməni kilsəsini yenidən bərpa edir, zərif naxışlar salırlar. Üzərində pozulmaqda olan yazılara qızılı rəng vururlar.

O gecə mehmanxanadakı pambıq yorğan-döşəyim od olub məni yandırdı. İlan vuran yatdı, mən yatmadım...

1983-cü ildə şahidi olduğum bu iki hadisənin günahkarları bu gün xəcalət çəkirmi görəsən?

 Nə isə... Belə sağalmaz yaralarımız, çəkiləsi mümkün olmayan dərdlərimiz çoxdur... Bir tərəfdən də Bəhmən Mirzənin kimliyi dərd olub ürəyimi yeyirdi. Fikirləşdim ki, belə əzəmətli mülkün sahibi imkansız, bacarıqsız adam ola bilməzdi... Sonralar arxivdə işləyəndə, inqilabdan əvvəlki ədəbiyyatları mütaliə edəndə tez-tez Bəhmən Mirzənin adına rast gəlirdim. Hər yerdə də onun və oğlanlarının fəaliyyəti barədə xoş sözlər söylənirdi.

Şahzadə Bəhmən Mirzənin müasiri, məşhur tarixçi Baharlı 1888-ci ildə qələmə aldığı "Əhvalati-Qarabağ" əsərində onu hörmət və ehtiramla xatırlayır. O, yazır: "Mərhum Bəhmən Mirzə çox həlim, nökərə və kənizə mehriban adam idi. Bir xasiyyəti var idi ki, hər şeydən ki, əhli və əyali geyərdi, həmən şeydən nökər və kəniz üçün verərdi və o nemətdən ki, özü yeyərdi, gərək tamam əmələlər (nökərlər - Ş.N.) ondan yeyərdi. Razı olmazdı ki, bir kimsə o nökərlərə və qaravaşlara bir kəlmə söz desinlər. Çox artıq əzizlik ilə əmələ saxlardı. Artıq insaflı və rəhmdil adam idi. Belə ki, hər yerdə ki, bir nəfər qoca övrət kimi bildiyi ki, var, onun üçün məvacib qərar edəcəydi. Və hərdən bir də o qoca kişiləri və qarıları götürüb öz qulluğunda oturdub söhbət edirdi və onlardan qədim sözlərdən xəbər alardı. Çünki qədim sözü artıq dost tutardı. Və əlavə bu qocaların danışmağı və söhbətləri xoşuna gəlirdi və onlar üçün öz qulluğunda nahar və çay gətirdərdi. O qocaların yeyib-içməyindən xoşu gəlirdi. Həmişə özünə məşğuliyyət onların və qara kənizlərin və qara qulluqçuların oynamağı idi. Çox dost tutardı qoca və avam adamları.

... Şahzadə Bəhmən Mirzə öz övrətlərinin birisinin mənzilində imiş və bir nəfər biganə övrət o xanım üçün halva payı göndərmiş. Bu halva payı gətirən övrət həmişə şahzadənin qulluğuna gəlib-gedən adam imiş. Qərəz, bir məcməyi qab tamam halva ilə dolu ki, hər birini xanımların biri üçün qoymuş imişlər, bu övrət əlində məcməyi içəri girib, görüb şahzadə oturubdur. Övrət əlində dolu məcməyi şahzadəyə baş endirib. Baş əyən vaxt məcməyidə hər nə var imiş tamamən tökülüb sınıbdır. Şahzadə çox gülüb və buyurub neçə boşqab bazardan alıb, gətiriblər. İki manat övrətə əlavə pul verib yola salıb ki, bu pul da sənin peşman olmağının əvəzi olsun".

QACARLARDAN İLK ŞAH

Dünyanın sivil ölkələrində h

amılıqla qəbul edilmiş əxlaq normalarından biri də odur ki, keçmişini yalnız nifrətlə xatırlayan xalq gələcəkdən məhəbbət uma bilməz.  Fransız xalqının tarixində heç də birmənalı rol oynamamış Napoleon, Taleyran, Fuşe haqqında yazılmış və hələ də yazılmaqda olan əsərləri xatırlamaq kifayətdir.

Tofiq Rüstəmov,

professor

Şahzadə Bəhmən Mirzə Qacarın insani keyfiyyətləri və tarixşünaslığımızdakı təmənnasız elmi fəaliyyəti barədə məlumatlar topladıqca qeyri-ixtiyari olaraq Şuşada onun ünvanına qara yaxan "bələdçimi" xatırlayırdım. İstər-istəməz düşünürdüm ki, şahzadə Bəhmən Mirzənin bircə "günahı" varsa, o da nüfuzlu şahzadə nəslindən olmağıdır.

Sovet dövründə Qacarlar kimi təqib olunan, hökumət yanında gözü kölgəli yaşayan ziyalı nəsillərimiz çox olub. Qacarlar nəslinin totalitar rejim illərində gözükölgəli olmasının ilkin səbəbkarı bu sülalədən olan Ağa Məhəmməd xan Qacardır. Bu nəslin oğulları 1796-cı ildən ta 1925-ci ilə qədər, yəni yüz iyirmi doqquz il İran taxt-tacına şahlıq ediblər. Rusiyanın Qafqazı işğal etmək planlarını puç edən Ağa Məhəmməd şah Qacar təbiidir ki, xristianlar tərəfindən sevilmirdi. Ona görə də sovet tarixində işğalçı, qəddar, qaniçən və zalım bir şah kimi təbliğ olunurdu. Zamanın və dövrün təzyiqilə bizim bir çox alim və bədii söz ustalarımız da totalitar rejimin süzgəcindən keçən obraz yaratmağa məcbur idilər. Gec də olsa etiraf etməliyik ki, Ağa Məhəmməd şah Qacarın Qafqaza hərbi yürüşündə ilkin məqsədi biz Azərbaycan türklərini xristian məngənəsindən qurtarmaq olub. İndi yeni açılan arxiv sənədlərini, çapı vaxtilə qadağan olunan kitabları oxuyanda fikirləşirsən ki, Ağa Məhəmməd şah Qacar Azərbaycanın qəhrəman oğulları sırasına qoyulmağa layiqdirmi? Bu baxımdan fransız müəllifi Jan Gevrin iki cildlik "Xacə Şah" əsəri xüsusilə qiymətlidir. Fransalı Jan Gevr uzun müddət İranda xidməti vəzifədə işləmiş, topladığı real tarixi faktlardan Ağa Məhəmməd şah Qacarın ömür yolu barədə orijinal bir roman yazmışdır. Bu qiymətli əsər Hüseyn Əhədinin farscadan tərcüməsi ilə 1993-1994-cü illərdə "Gənclik" nəşriyyatında nəşr olunmuşdur. Sual oluna bilər: Əgər Ağa Məhəmməd şah Azərbaycanın qəhrəman oğulları sırasına qoyulmağa layiqdirsə, bəs Qarabağda tökdüyü qanlar nəydi? Bu sualın cavabını professor Vaqif Arzumanlı 1992-ci ildə "Aydınlıq" qəzetində dərc etdirdiyi məqaləsində vermişdir. O yazır: - "Hakimiyyət başına gələn Qacarı o vaxtlar üç məsələ xüsusilə narahat edirdi. İlk növbədə Azərbaycanın qədim və tarixi torpaqlarını Rusiya imperiyasının ayağına verməyə can-başla hazır olan, bütün bunlar da az imiş kimi, Qarabağ hakimi İbrahim xanın nə yolla olursa-olsun, mütəmadi digər Azərbaycan xanlıqlarından uzaqlaşmasına, onu yalnız öz tərəfinə çəkməyə can atan II İraklinin şaxəli siyasəti.

Qacar Qafqaza hücum planı hazırlayarkən, əsasən, vaxtilə mövcud olmuş Səfəvilər dövlətinin sərhədlərini bərpa etmək məqsədi güdürdü.

Çox qəribədir ki, Qacarın bu niyyətlərini o vaxtlar Gəncə xanı Cavad xan təxmini də olsa başa düşürdü, Qarabağ xanı isə yox. Ona görə də Cavad xan Azərbaycanla, Qafqazla bağlı planlarını həyata keçirərkən Qacara əl tutdu... Cavad xan Vətən uğrunda həlak oldu. İbrahim xan isə 1806-ci il Rusiyanın mahir siyasəti nəticəsində aldandı". (Bax:V.Arzumanlı "Ağa Məhəmməd şah Qacara işğalçı kimi baxmamalıyıq" məqaləsi, 14 fevral 1992-ci il).

Rusların himayəsinə sığınan, rus qoşunlarını Gürcüstana buraxan gürcü çarı II İrakliyə Ağa Məhəmməd şah Qacar 1795-ci il sentyabrın 12-də bir ultimatum göndərdi. Qacar II İrakliyə xatırlatdı ki, yüz il Gürcüstan İranın itaətində olub, indi necə oldu ki, kafir rusları torpağına buraxmısan. Ultimatumun tam mətni belədir:

"İran şahı Ağa Məhəmməd

xanın gürcü kralı II İrakliyə

ULTİMATUMU

Bağışlayan, rəhm edən Tanrı adına. Allah hamıdan böyükdür, yüksəkdir, hər şeyi yaradandır.

Bu fərmanı gürcü çarı Əlahəzrətə elan edirik.

Bizim mərhəmətimizi gözləyən hökmdarın məlumu olsun ki, yetmiş il bundan əvvəl gürcülərin Qəndəharda törətdikləri əməllər və İranı nüfuzdan salmaq cəhdləri indi artıq hamıya məlumdur. Zira Şah Sultanhüseyn də artıq sağ deyil, o dünyadadır. Yəqin əlahəzrət özü də yaxşı bilir ki, son yüz il ərzində siz İranın itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki, siz ruslara yaxınlaşıb onlara qoşulmusunuz. O ruslara ki, İranda ancaq alver etmək məqsədi ilə gəzib-dolaşırlar və elə bütün iş-peşələri də yalnız alverlə, ticarətlə məşğul olmaqdır.

Sən yaşı doxsanı haqlamış adamsan, amma bağışlanmaz səhvlərə yol verirsən. Kafirləri torpağına buraxmısan, onlarla birləşmisən və onlara istədikləri kimi davranmağa şərait yaradırsan.

Sizin və bizim dinlərimiz müxtəlif olsa da, ancaq Siz həmişə İranla yaxın və əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi, xeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub olanlar yaşayır. Ona görə də siz utanıb xəcalət çəkməlisiniz ki, bu cür işlərə və əməllərə yol verirsiniz. Bu əməllərdən birdəfəlik əl çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə məcbur etdin. Lakin biz öz təəbəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı deyilik.

İndi Allahın köməyi ilə biz böyük uğurlar əldə etmişik, nəhəng və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz böyük ixtiyar sahibi olduğumuz üçün, əgər ağıllı adamsınızsa, hazırkı niyyət və əməllərinizdən büsbütün əl çəkməlisiniz, ruslarla əlaqələrinizi tamamilə kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda çox qısa bir müddətdə Gürcüstanın üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri qılıncdan keçirərək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq.

Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı göndəririk.Bu fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyurduğumuzu qulaqardına vurmayasan və özünün vəziyyətini dərk edəsən".

Jan Gevrin tarixi romanında Ağa Məhəmməd şah Qacar bizim ədəbiyyatda təsvir olunanların əksinə, camaldan çirkin yox, yaraşıqlı, yüksək hərbi biliyə və bacarığa malik, coğrafiya və başqa elmləri, xüsusilə Quranı gözəl bilən, ona təfsir yazan ideal qəhrəman kimi təsvir olunur. Oxucuda əyani təsəvvür yaratmaq üçün "Xacə Şah" kitabından bir neçə sətir:

Yüz iyirmi üçüncü səhifədən: - Ağa Məhəmməd şah cavan yaşlarında çox gözəl olub, vucudunun çevikliyini ömrünün axırına kimi saxlamışdı. O, gigiyena haqqında biliyi ilə öz zəmanəsinin adamlarından iki əsr irəlidə idi. Bədəni iyirmi yaşlı cavanın əndamına oxşayırdı.

Yüz iyirmi yeddinci səhifədən:

Qacar sülaləsində Ağa Məhəmməd xan yeganə padşah olub ki, fəlsəfədən məlumatı var idi. Ağa Məhəmməd xan Əndəluslu filosof ibn Tufeylin bütün əsərlərini oxumuşdu, bir hissəsini də əzbərləmişdi. İbn Tufeylin dünyada ikinci fəlsəfi romanı olan "Həyyebni Yəqzan" kitabını əlindən yerə qoymazdı. (Nizami Gəncəvinin müasiri məşhur ərəb filosofu İbn Tufeylinin (1110-1185) "Yəzqanın oğlu Hey" fəlsəfi romanından söhbət gedir. Ərəb, fars, ingilis, rus, alman, çex, holland, ispan və başqa dillərdə tərcümə olunmuşdur. -Ş.N.)

Yüz otuz və yüz otuz birinci səhifədən:

-Ağa Məhəmməd xan Şirazda elm öyrənməyə başladı, alim oldu və alimlər içərisində hörmət qazandı.

-Ağa Məhəmməd xan onu görənlərin xatirində gözəl, qamətli oğlan kimi qalmışdı. Onun adı gələndə gözlər önündə gözəl simalı, ruhoxşayan bir növcavanın surəti canlanırdı.

Yüz otuz doqquzuncu səhifədən:

Ağa Məhəmməd xan kiçik qardaşına demişdi:

- Bizim ata-babadan bu yana ən böyük bədbəxtliyimiz Yuxarıbaş tayfası ilə düşmən olmağımızdır. İkimiz də bir kökdənik, Qacar tayfasıyıq. (İrandakı türkdilli Ağbaşlılar tayfası da Qacarların bir qoludur. Ağa Məhəmməd şah Qacar dövründə onlar da İranın və Azərbaycanın siyasi həyatında fəal rol oynamışlar - Ş.N.)

Birincisi, istəyirəm biləsən, hər şeydə, istər müharibə, istərsə də ölkənin idarə işlərində sənin və mənim məqsədimiz istiqlalımız olmalıdır.

Yüz doxsan beşinci səhifədən:

Ağa Məhəmməd xan belə qərara gəldi ki, Qurana təfsir yazsın və bir az da yazdı, ancaq o yazıdan əsər qalmayıb. Hərbi ruhiyyə bu adamda daha qüvvətli olduğuna görə o, Quranın təfsirini yazmağa otura bilmirdi.

İngilis yazıçısı Robert Qrant Uotson on doqquzuncu əsrin ikinci yarısında İranın tarixinə istinadən yazırdı ki, əgər Napoleon Ağa Məhəmməd xan Qacarın üsulundan istifadə edib mühasirəyə aldığı şəhərin ətrafında əsgərləri üçün yaşayış evləri tikdirsəydi, onun əsgərləri Rusiyanın soyuğunda məhv olmazdılar.

Avropa tarixçiləri və səyyahlar Ağa Məhəmməd şah Qacarı olduğu kimi təsvir edirlər. Onun qəddarlğından danışdıqları kimi camaata qarşı mülayim padşah olduğunu da söyləyirlər.

Əlbəttə, fransız Jan Gevr də onun qüsurlarından, sərt və qəddar bir şəxs olduğundan danışır.

Bütün bu keyfiyyətləri ilə yanaşı Jan Gevr onun türk olmasını, hətta bir yerdə onun türk-Azərbaycan dilində danışmasını da qeyd edir. Milliyyəti azərbaycanlı olan Qacar, Şah İsmayıl Xətai kimi Azərbaycanın bütövlüyünu yox, İran-fars hakimiyyətinin mənafeyini güdürdü. O, sələfi Şah Abbas kimi farslaşdırma siyasəti aparmışdır. Nə sarayda, nə də orduda Azərbaycan dili işlənməmişdir. Xalq şairi Səməd Vurğun "Vaqif" tarixi dramında Ağa Məhəmməd şah Qacarın dilindən nahaqdan yazmırdı ki, "gərək fars dilində yazsın sənətkar". Artıq iki yüz ildən çoxdu Qacarın özündən və nəslindən, çoxsaylı oğullarından danışanda rus müəllifləri, istər imperiya, istərsə də sovet dövründə onları "persidskiy prins" kimi yazırdılar.

Demokratiyadan sonra bəzi müəlliflər inadla yazırlar ki, Qacar da, Şah Abbas da Azərbacanın xalq qəhrəmanları sırasına qoyulmağa layiqdirlər. Zənnimcə, çox tez və tələsik verilmiş qərardır. Bunun üçün Qacar dövrünün İranda saxlanan arxiv sənədlərində araşdırmalar aparılmalıdır. Hələlik isə Qacar və onun Azərbaycana yürüşləri möhtərəm oxucunun öz mühakiməsində qalsa yaxşıdır. Fransız yazıçısı Jan Gevrin romanına, gürcü çarı İrakliyə Qacarın göndərdiyi ultimatuma görə və 1795-1797-ci illərdə Qarabağda törətdiyi qırğınlar üçün onu xalq qəhrəmanı səviyyəsində görmək tarixi səhv olmazdımı?

vvv

Əminə Pakrəvan 1963-cü ildə Parisdə "Nouvelles Eşidəniz Debresse" nəşriyyatında "Ağa Məhəmməd xan Qacar" kitabını nəşr etdirmişdir. Əminə Pakrəvan həm də "Prinsesans Histoire" ("Tarixsiz şah") kitabının müəllifidir. Bu əsərinə görə o, 1951-ci ildə Fransada Rivarol mükafatını alıb. Qacarlar sülaləsi haqqında kitabları ilə tanınan Əminə Pakrəvan Fətəli şah Qacarın mərd, fədakar oğlu "Abbas Mirzə" kitabının da müəllifidir. Onun 1995-ci ildə Parisdə nəşr olunmuş Qacar sülaləsi haqqında kitabından iki epizodu Azərbaycan oxucusuna təqdim edirəm. Həmin kitabı Qacar sülaləsinin sonuncu tacidarı olan Əhməd şah Qacarın birbaşa davamçısı şah Əli Qacar nəşr etdirmişdir.

"XVIII əsrin sonu İran üçün qaranlıq və kədərli dövr olmuşdur. Aramsız vətəndaş müharibələri və büsbütün özbaşınalıq bizim doğma vətənimizi dizi üstə çökdürmüşdü. Mərkəzdən qaçan qüvvələr həmişə daldalanıb azğınlıq və qəzəblə torpaqları tayfa (qəbilə) başçıları və feodal lordlar arasında bölüşdürmüşlər. Sonra bizim uzunəsrlik tariximizdə tez-tez baş verdiyi kimi bir adam peyda oldu. Elə bir adam ki, yaşamaq istəyən millətin iradəsini təmsil edərək həm xalqın birliyini, həm də firavan həyatını özünə qaytardı. Əlində qılınc və məşəl tutan bu adam imperiyanı yenidən bərqərar etdi. Onun əldə etdiyi nailiyyətlər nəticəsində uçuruma doğru gedən qədim İran özünə gəldi. Millətin yenidən dünyaya gəlişində onun ürəyi də, milli ruhu da özünə qaytarıldı. Çingiz xanın nəslindən olan Ağa Məhəmməd xan Qacar qəddar, rəhmsiz hərbçi və fanatik (xəyali) tacidar kimi öz davamçılarına feodal faristanını müasirləşməyə gətirib çıxarmaqda arxa-dayaq duracaqdır.

Xalqın ən çox qorxduğu şey daxili çəkişmələr idi. Tacidar olmayanda qanun da, yardım da ədalətsizliyin qurbanı olmuşdur. Belə olanda yalnız ac yalquzaqlar peyda olub, bir anlıq mənfəət uğrunda bir-birini didişdiriblər, ya da gələcəkdəki marağı naminə sərgüzəştçi bir sərkərdənin böyür-başında toplaşıblar. Heç bir kəs Qacar sülaləsinin banisinin İranın yenidən dünyaya gəlişi tarixində çox əhəmiyyətli və vacib yerini, mövqeyini dana bilməz. Onun arzu və istəkləri dahiyanə idi, ona görə ki, Qacarlar şəxsi maraqdan, eləcə də ailə marağından çox-çox uzaq idilər".

vvv

Şahzadə Bəhmən Mirzə Qacar və onun nüfuzlu nəsli haqqında araşdırmalar apardıqca düşünürdüm ki, sovet dövründə bu soyadı saxlamaq böyük cəsarət tələb edirmiş. Ona görə də Qacar soyadını bizim dövrümüzdə çox az adamlar yaşadıbdır.

Sovet dövründə çıxan kitab və məqalələrdə şahzadə Bəhmən Mirzənin "arvad düşkünü" olması fikrinə rast gələndə əsəbiləşdim. Demək, Şuşalı "bələdçim" ancaq bu dövrün ədəbiyyatını mütaliə eləyibmiş. Bu dövrdə yazılan elmi-tarixi əsərlərimizin demək olar ki, hamısında şahzadə Bəhmən Mirzə Qacarın adı pisliyə çəkilib. Kimi onu "padşahpərəst", kimi "intriqaçı", kimi də "arvad düşkünü" adlandırıb.

Doğrudanmı şahzadə Bəhmən Mirzə Qacar "arvad düşkünü" olub?

Əgər çox arvad almaq, "arvad düşkünü" olmaqdırsa, onda rus imperatoru II Yekaterinanın nə oyunlardan çıxdığı hamıya yaxşı məlumdur.(Bax: "Departament favaritov" kitabı, Moskva SP. "KPA"-nın nəşri, 1990-cı il). Amma yenə rus yazıçıları, tarixçiləri oun xalq qarşısında əvəzsiz xidmətlərindən cild-cild əsərlər yazıblar. Eyiblərinin üstündən isə çox vaxt sükutla keçiblər. Hətta II Yekaterina dövrünü "qızıl əsr" adlandırırlar.

Bəri başdan deyim ki, şahzadə Əbdulsəmid Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar II Yekaterina kimi heç bir əxlaqsız hərəkətə yol verməyib. Şahzadənin qanuni olaraq evləndiyi on altı arvaddan altmış üç övladı olub. Onların otuz biri oğlan, otuz ikisi qız idi.

Bəs tarixi həqiqət necədir, şahzadə Bəhmən Mirzə kimdir? O, 1811-ci il oktyabrın otuz birində İranda anadan olub. Milliyyətcə azərbaycanlıdır. İran şahı Fətəli şahın nəvəsi, şahzadə Abbas Mirzənin dördüncü oğludur. Qacarlar sülaləsinin üçüncü hökmdarı Məhəmməd şahın isə qardaşıdır. Uzun müddət Təbrizin general-qubernatoru və Cənubi Azərbaycanın hakimi olmuşdur.

Azərbaycan tarixşünaslığında Bəhmən Mirzə Qacar "Şükürnameyi- şahanşahi" ("Padşaha minnətdarlıq") adlı əsəri ilə tanınır. Tədqiqatçı Əli Hüseynzadənin verdiyi məlumata görə, Bəhmən Mirzə "Təzkireyi Məhəmməd şahi" (1832), eləcə də Şimali Amerika, Fransa, İngiltərə, İtaliya, İran, Türkiyə və Çin haqqında qısa çoğrafi tarixi, etnoqrafik məlumat kitablarının müəllifidir. Yeri gəlmişkən, Azərbaycan tarixçilərindən yalnız Əli Hüseynzadə onun əsərləri barədə sanballı fikirlər söyləmişdir.

"Padşaha minnətdarlıq" əsərini Bəhmən Mirzə 1871-ci ildə Şuşa şəhərində fars dilində yazmışdır. Onda müəllifin altmış yaşı vardı. O, əsərdə Çingiz xandan Ağa Məhəmməd xan Qacara qədər altı əsrlik bir dövrdən, həmçinin Qafqazın tarixşünaslığı haqqında geniş məlumat verir. Müəllif əsəri saray arxivində saxlanan faktlar əsasında yazıb.

Bəs necə olub ki, o tay Azərbaycanımızda yüksək vəzifə tutan və böyük mənsəb sahibi olan şəhzadə Bəhmən Mirzə Qacar rus təəbəliyini qəbul edib?

Bu barədə 1902-ci ildə çap olunmuş "Rus imperatorunun coğrafiya cəmiyyəti Qafqaz şöbəsinin xəbərləri" məcmuəsinin on beşinci cildinin birinci nömrəsində ətraflı məlumat var. Onu kiçik ixtisarla oxuculara təqdim edirəm:

"Bəhmən Mirzə ötən yüzilliyin qırxıncı illərində Azərbaycan əyalətinin hakimi olmuşdur. Orada o, enerjili və Avropa mədəniyyətinə meyilli bir hakim kimi tanınmışdır. Elə buna görə də dövrünün böyük vəziri, fanatik-molla Hacı Mirzə Ağasının nifrətinə və təqiblərinə məruz qalmışdır. Bu vəzir xəstə və zəif xarakterli Məhəmməd şahın müəllimi və tərbiyəçisi kimi ona bəslədiyi hədsiz etibarın sayəsində otuz il ərzində İranda despotcasına, özbaşına hökmranlıq etmişdir...

O vaxtlar Avropa mədəniyyətinə meyl göstərənlərin hamısı təqib edilirdi: bu təqiblərdən şahın doğma qardaşı, Azərbaycanın hakimi şahzadə Bəhmən Mirzə də yayına bilməmişdir. Onun bütün təşəbbüsləri, təklifləri rədd edilirdi, buna görə də 1847-ci ildə şəxsən şahla görüşməkdən ötrü Tehrana yollanmağa məcbur olmuşdu. Amma Hacı Mirzə Ağasının fitnə-fəsadı və böhtanları nəticəsində şah öz qardaşını səmimi qarşılamamış və Bəhmən Mirzə onunla anlaşa bilməmişdir. Fanatik qocanın hər hansı bir yolla rəğbətini qazanmaq məqsədilə Bəhmən Mirzə ona hədiyyə olaraq 50000 holland çervonu bağışlamışdır. Lakin Hacı Mirzə Ağası, (Hacı Mirzə Ağası - İrəvanlıdır. Əsl adı Hacı Abbas İrəvanidir. Fətəli şah Qacardan sonra hakimiyyət başına keçmiş Məhəmməd şahın dövründə - 1834-1848-ci illərdə sədr-əzəm-baş nazir idi. Hacı Ağası İran tarixində ən qəddar, ən müstəbid dövlət başçılarından olmuşdur. "Şahın başını sufilik təriqəti ilə qatan Hacı, dövlətin daxili və xarici işlərini bütünlüklə ələ almışdı. İdarəçilikdə səriştəsiz olan bu adam haqqında İranda lətifə və həcvlər yazılır və danışılırdı. Xalq kinayə ilə deyirdi: Heyif ki, Hacı Ağası öldü. Çünki İranı dağıtdı, gorbagor indi də o dünyanı baş-ayaq edəcək". Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh bir neçə şeirində onun qəddarlığını tənqid etmişdir:

 ... Bax gör, Mirzə Hacı Ağası birdən

 İranda nə böyük bir cənab olub!

 Əvvəl seçilməzdi heç birimizdən,

 İndisə sinəsi nişanla dolub!..

 Sərf eylə qüvvəni dövlətə sən gəl,

 Xeyir verməmisən ona heç zaman.

 Axı mən neyləyim: vəzir, vəkillər

 Əksərən olurlar ən böyük nadan.

Rus səyyahı iranşünas İ.N. Beryozin isə (1818-1896) Hacı Mirzə Ağasını "İran Rişelyesi" adlandırmışdır - Ş.N.) şahzadənin dediyinə görə həmin pulu qəbul etsə də, ona münasibətini zərrə qədər dəyişməmiş, əksinə, şahı inandırmışdır ki, qardaşı onun həyatına qəsd eləmək və taxt-taca sahib olmaq niyyətindədir. Bununla da bədbəxt şəhzadənin taleyi həll edilmişdir. Lakin o, cəlladlara səxavətlə bəxşişlər vermək hesabına evdən qaca bilmiş və rus missiyasında (Missiya - diplomatik nümayəndəlik mənasında - Ş.N.) sığınacaq taparaq müdafiə olunmuşdur. Ölkədəki mövcud ənənəyə görə, rus elçisi müdafiədən imtina edə bilməzdi. Odur ki, Bəhmən Mirzə etibarlı mühafizəkarlarla Tiflisə göndərilmiş, sonra isə imperator I Nikolayın iradəsinə rəğmən Şuşa şəhərində yerləşmişdir. Rus elçisinin tərəfkeşliyi nəticəsində Bəhmən Mirzə çox güman ki, özü ilə bütün əmlakını və babası Fətəli Şahın, eləcə də atası Naib-ul Sulttanın (Şahzadə Abbas Mirzənin - Ş.N) arxivlərindən götürdüyü qiymətli tarixi materialları öyrənməyə başlamış, onların əsasında da Qafqaz diyarının tarixşünaslığını tərtib etmişdir. O, əsərində farsların və türklərin hökmran olduğu dövrlə rusların hakimlik etdiyi dövrdə bu diyarın vəziyyətini müqayisə etmək məqsədini güdürdü".

Müəllif ön sözdə yazır ki, "bu tarixdə keçmiş hakimlərin bu diyarın sakinlərinə neçə azğın münasibət bəslədikləri, onların əmlakını talan etdikləri, arvad və uşaqlarını əsir aparmaları, şəhər və kəndlərini dağıtmaları qələmə alınmışdır. Daha sonra bu diyarın qüdrətli rus hakimiyyəti dövründəki vəziyyəti təsvir olunmuşdur. Bütün bunları mən o məqsədlə bu tarixşünaslıq əsərinə daxil etmişəm ki, diyarın sakinləri keçilməz dağ xarabalıqlarında, sıx meşələrdə, məhrumiyyət içərisində, əsarətdə yaşayan babalarının məişəti ilə əyani tanış olsunlar, hazırkı firavanlıqlarını düzgün qiymətləndirə bilsinlər.

Həqiqətən də, Çingiz xan dövründən XIX əsrin əvvəllərinə qədər Qafqazda baş verən hadisələrin bütün təfərrüatı ilə tanış olduqca tarixi keçmişin məşəqqətləri bir-bir göz önündə canlanır. Müəllifin xidməti həm də ondadır ki, o, bütün fars salnaməçiləri kimi milli şovinizmə qapılmır və həqiqətdən yayınmır. Məsələn, bütün fars tarixçiləri I Şah Abbası ya məşhur qəhrəman, ya da dahi sərkərdə və müqəddəs şəxs kimi qələmə verir, buna görə də hətta ona "Cənnətməkan" titulu da verirlər. Şahzadə Bəhmən Mirzə isə onu olduğu kimi təsvir edir. Məlum olur ki, bu məşhur qəhrəman elə vəhşiliklər törədib ki, tanış olduqca adamın damarlarında qanı donur: bu əməlləri yalnız insan cildində yırtıcılar törədə bilərdilər. Məsələn, o, öz atasını doqquz il zülmətxanada incitmiş və orada ölməsinə bais olmuşdur. Öz doğma qardaşları Abutalıb Mirzəni və Təhmasib Mirzəni Əlamut qalasında düz otuz beş il saxlamışdır. Onlar qalada məhrumiyyətlərdən ölmüşlər. Onun əmrilə doğma oğlanları, hətta taxt-tac varisləri də heç bir səbəb olmadan, şübhə üzündən öldürülmüş və gözləri çıxarılmışdır. Bu kimi faktlara ilk dəfədir ki, fars müəllifində rast gəlirsən. Bu həqiqətpərəstlik, əlbəttə, Şahzadə Bəhmən Mirzənin əsərinin müsbət cəhətidir".

1848-si il mayın on ikisində "Lənkəran" gəmisi ilə Bakıya gələn şahzadə Bəhmən Mirzə az müddət Şamaxıda qaldıqdan sonra Tiflisə köçür, Mirzə Fətəli Axundovun qonşuluğunda yaşayır.

Dörd ilə yaxın Tiflisdə yaşayan Şahzadə Bəhmən Mirzə yenidən Vətənə qayıtmaq üçün təşəbbüs göstərir. Bu barədə Rus çarlığı İran hökumətinə rəsmi müraciət edir. Lakin İran şahlığı onun qarşısında üç şərt qoyur: birinci: Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur - Ş.N.) yaşamaq əzmində olmasın, ikinci: mənsəb və vəzifə tələb etmədən ona veriləcək kəndlərin gəliri ilə kifayətlənsin, üçüncü: Rusiya dövləti tərəfindən himayə edilmək imtiyazına malik olmasın, şahın digər rəiyyəti kimi, adi vətəndaş hüququ ilə İrana qayıtsın.

Bəhmən Mirzə ədalətsiz hesab etdiyi bu üç şərtin heç biri ilə razılaşmır. Və ömürlük rus təəbəliyini qəbul edir. 1851-ci il oktyabrın dördündə Şuşaya köçən Bəhmən Mirzə Məlikovların mülkünü satın alır. Ona imperator tərəfindən doqquz min altı yüz manat (Bəzi mənbələrdə bu rəqəm səhvən otuz altı min manat göstərilir - Ş. N.) maaş kəsilir.

Görünür, ona görə də Bəhmən Mirzə Qacar rus imperatorunun tərifini göylərə qaldırır, onun ədalətindən, rəiyyətlərinə göstərdiyi səxavətdən razı qalaraq "Padşaha minnətdarlıq" əsərində yazırdı: "Nə nahaq adam öldürən var və nə də bir kəsin bədən üzvünü kəsən. Nə bir kimsədən cərimə alan var, nə də bir kəsin malını zəbt edən. Bu, bir böyük nemət və sonsuz bir lütfdür ki, Allah sizə bağışlayıbdır. Bəs bu nemətə qarşı şükrü vacib bilinib, əmniyyətin qədrini yaxşı biliniz, həmişə əlahəzrət şahənşaha dua ediniz və bu dövlətin həmişəlik yaşamasını istəyin... indi müşahidə edin ki, əlahəzrət padşahın varlığının nuri sayəsində məmləkətlər necə abad olub əmniyyət qazanmışdır".

1884-cü il fevralın 11-də Şuşada vəfat edən şahzadə Mirzə Qacar sağlığında tikdirdiyi Bərdənin İmamzadə qəbiristanlığındakı məqbərədə dəfn olunur. (On yeddinci əsrin əvvəllərində naməlum müəllif tərəfindən yazılmış "Qızılbaşlar tarixi" kitabında qeyd olunur ki, Qacar tayfası qədimdə Gəncə və Bərdədə yaşamışdır. Bir qismi isə Şamdan gəlmişdir. Şübhəsiz ki, şahzadə Bəhmən Mirzə Qacar da Bərdəni ulu babalarının yurdu kimi qəbul etmiş və orada dəfn olunmasını vəsiyyət etmişdir - Ş.N.)

Rus hökuməti tərəfindən hörmətlə qəbul edilən şahzadə Bəhmən Mirzənin həyat və fəaliyyətinə inqilabdan əvvəl nəşr olunmuş "Qafqaz Arxeoqrafiya Komissiyasının aktları" məcmuəsinin onuncu cildində geniş yer verilmişdir.

Şahzadənin övladları

İnamla demək olar ki, Bəhmən Mirzə altmış üç övladının hamısına ali təhsil vermiş, xalqımız üçün yararlı şəxsiyyətlər böyütmüşdür. Onun qızları Tiflis gimnaziyasında oxumuş, müsəlman qadınlarının xeyriyyə cəmiyyətlərində fəal iştirak etmişlər. Məscid tikdirmiş, yol çəkdirmiş, ibtidai məktəblər açılması işində var-dövlətlərini səxavətlə xərcləmişlər.

Qədim Gəncədə onun qızı Səbiyyə xanımdan bir nişanə qalıb. Şərq ornamentləri ilə bəzədilmiş məscid-mehmanxananın tikilməsi üçün Səbiyyə xanım şəxsi torpağını vermiş, qəriblər üçün mehmanxana-məscid tikdirmişdir. İnqilabdan əvvəlki ruhani-sorğu kitablarında və məscidin mehrabında oxuyuruq: "Bu məscidin yerini, öz mülkündən-torpağından şahzadə Bəhmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikilməsində xərc çəkiblər".

Uzun illər məscid kimi istifadə olunan həmin binada sonralar A.S.Puşkinin şərəfinə kitabxana təşkil olunmuşdur.

Gəncəli Cavad xanın nəticəsi, görkəmli ziyalı Adil xan Ziyadxanov yazır ki, anam Azər Humayun şahzadə Abbas Mirzə naibi-əs-səltənətinin nəvəsi, şahzadə Bəhmən Mirzə Qacarın qızı idi. İslama bağlılğı olduqca möhkəm idi. Çox təmiz və qüsursuz bir əxlaqa malik idi. Xoşbəxtlikdən, bu əxlaq tərbiyə və təhsil nuru ilə ziyalılanmışdı. Övlad üçün böyük xoşbəxtlikdir ki, bilikli bir ananın ağuşunda dünyaya göz açsın və belə bir ananın bilik bulağından hər bir vaxt istifadə etsin.

Maraqlı haldır ki, Şahzadə Bəhmən Mirzənin gəlinləri, nəvələri də Peterburqda, Kiyevdə, Tiflisdə ali Avropa təhsili almışlar.

Fransa, İngiltərə, rus, fars və Azərbaycan dillərində kamil savada malik olan Sitarə xanım Qacarın oğlanları Şəmsəddin və Oveys Petroqrad Politexnik İnstitutunda təhsil almışdılar. Tiflis Nücabə Qızlar İnstitutunda təhsil alan Gövhər xanım Qacar 1905-ci ildə təşkil olunmuş "Zaqafqaziya müsəlman qadın xeyriyyə cəmiyyəti"nin sədri olmuşdur. O, fanatiklərin əlilə öldürülmüş Ağəli Əkbər İsmayılovun qızı, Bəhmən Mirzənin gəlini idi (Şahzadə Bəhmən Mirzə Qacarın üç oğlu Ağaəli Əkbər İsmayılovun üç qızına evlənmişdi:General Əmir Kazım Gövhər xanımla, Xancan xan Fərruxa xanımla, Əliqulu Mirzə Sara xanımla ailə qurmuşlar. - Ş.N.). Peterburq Qızlar İnstitutu nəzdində xüsusi kurs bitirmiş bu nufuzlu qadın general əri şahzadə Əmir Kazım Mirzə Qacarla birgə XX əsrin əvvəllərində müsəlmanların mədəni tədbirlərinin hamısında yaxından iştirak etmişdir. Gövhər xanım Qacar haqqında Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: "Cəmiyyətin sədri Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o, bizim tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi".

Bəhmən Mirzənin 1905-ci ildə Port-Artur döyüşlərində həlak olmuş oğlu Əliqulu Mirzə qeyri-adi istedad sahibi olmuşdur. Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Oryol şəhərində yerləşən əlli birinci Çerniqov draqun alayında xidmət etmiş, 1903-cü ildə Јeletsdəki əlli ikinci Nejinski alayına dəyişdirilmişdir.1905-ci ildə Port-Artur döyüşlərində igidliklə vuruşub həlak olan podpolkovnik Əliqulu Mirzə döyüş xidmətlərinə görə "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. Bu barədə "Tərcuman" qəzeti 18 fevral 1905-ci il tarixli sayında yazırdı: "Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə İmperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsi Qafqaza, Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir".

Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu. Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı. Vətənində dəfn olunmaq şərəfi podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o, şahzadə nəslindən idi. Yetmiş ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu nəsillərə belə ehtiram göstərirdi.

Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qarabağın Şuşa şəhərində anadan olmuşdur.

1979-cu ildə doxsan iki yaşında Tiflisdə vəfat edən oğlu Şəmsəddin Mirzənin atası haqqında "O qayıdacaq" adlı xatirəsi qalmışdır. O yazır ki, hələ Oryolda olarkən hərbi-təlim məşqləri zamanı at sürməkdə, nişangahı dəqiq vurmaqda atam həmişə birinci prizlər alardı. Hərbçi dostları onu mahir atıcı kimi tərifləyəndə sakit təbiətli, az danışan atam elə-belə, yüngülvari gülümsünərdi. Müharibə başlayanda atam ön cəbhə üçün vacib olan əşyalarını yığışdırıb qabqardı. Anam Sitarə xanım həyəcanla:

-Əliqulu, - dedi, - sən də gedəcəksən? Axı həkimlər deyir ki, sənin ürəyin xəstədir, özün də mualicə olunursan, belə bir ürəklə cəbhəyə getmək , açıq-açığına ölümə getmək deməkdir.

Atam əsəbiliklə qalın qaşlarını yığışdırıb:

-İndi, - dedi, - o barədə danışmaq vaxtı deyil. Xəstə adam gərək çoxdan istefaya çıxaydı. Bu saat geri dursam deyəcəklər ki, qorxdu, müharibəyə getməkdən...

- Axı sən xəstəsən, özü də ciddi...

- Boş şeydir, heç nə olmaz, - deyən atam hərbi çantasını qabqarmağı davam etdirdi. - Evdə əvəzimdə bu boyda kişi qalır, - atam mənim başımı tumarladı. Onda mənim on yaşım yenicə tamam olmuşdu.

Oğlunun və müasirlərinin yazdığına görə, podpolkovnik Əliqulu Mirzə Qacar fotoqrafiya sənətini gözəl bilirmiş. Təsadüfi deyil ki, onu haqlı olaraq Azərbaycanın ilk qeyri-professional fotoqrafı adlandırırlar. Bu gün Tiflis, Bakı, Peterburq arxivlərində saxlanılan Bəhmən Mirzənin ailə üzvlərinə məxsus fotoşəkillərin də müəllifi şübhəsiz ki, polkovnik Əliqulu Mirzə Qacar olmuşdur.

vvv

Bəhmən Mirzə Qacarın on beşdən çox oğlu İran və Rus ordularında hərbi xidmətdə olub. Onlardan yeddisi - Əmir Kazım Mirzə, Məhəmmədəli Mirzə, Səməd Mirzə, Mahmud Mirzə, Rzaqulu Mirzə, Əmənulla xan Mirzə, Şəfixan Mirzə (nəvə) və Feyzulla Mirzə general rütbəsinə qədər yüksəliblər. Səkkizi isə polkovnik idi: Şahruh Mirzə, Xosrov Mirzə, Xanbabaxan Mirzə, Nəsrulla Mirzə, Seyfulla Mirzə, Mənsur Mirzə, Əbdulsəmid Mirzə və Darab Mirzə.

Uzun axtarışlardan sonra müxtəlif arxivlərdən, ayrı-ayrı adamlardan onların otuz nəfərdən çoxunun fotoşəklini əldə edə bildim. Bəhmən Mirzənin isə o tay Azərbaycanın hakimi və baş komandanı olan vaxt çəkilmiş fotoşəklini Respublika Əlyazmalar İnstitutundan tapdım. Sədrəddin Mirzənin nəticəsi, M.Dadaşov adına Elmi-Tədqiqat Mühəndislər İnstitutunun əməkdaşı Yavuz Muradovdan ulu babası şahzadə Abbas Mirzənin əksini aldım.

İran ordusunda Avropa üsulunda islahatlar aparan baş komandan Abbas Mirzə öz dövrünün görkəmli sərkərdəsi olub. O, Rusiya-İran (1804-1823, 1826-1828) və İran-Türkiyə (1821-1823) müharibələrində İran ordusunun bir strukturuna komandanlıq edib.

Tarixən hərbçi olan Qacarlar nəsli hələ XVIII-XIX əsrlərdə görkəmli sərkərdələr yetişdirib. "Ağa Məhəmməd şah Qacarın qardaşı nəvəsi marağalı Məmmədhəsən xan Etimadussəltənədir (1843-1896). Otuzdan artıq tarixi əsərin müəllifi, alim, tərcüməçi və görkəmli dövlət xadimi olan Məhəmmədhəsən xanın nəslindən Nadir şahın Hindistana yürüşündə, Heratın mühasirəsində iştirak edərək igidlik göstərmiş hərbçilər olub. Məhəmmədhəsən xan Qacar səkkiz yaşında Tehranda yeni təsis edilmiş Darülfununa daxil olub, tarix, coğrafiya, tibb, həndəsə və s. elmlərlə yanaşı hərbi biliklərə yiyələnib və təhsil aldığı on iki il müddətində dörd medalla təltif olunub.

Məhəmmədhəsən xan Qacar hələ on doqquz yaşından süvari qoşun komandanı Əziz xanın yanında qulluq edib. Otuz il keçdikdən sonra həmin illəri xatırlayan Nəsrəddin şah general-yavəri haqqında demişdir ki, Etimadussəltənə indiki mərtəbəyə özünün əla xidməti, düz işi və sədaqətinə görə çatıb.

On altı yaşlı Məhəmmədhəsən xan İranın Xuzistan və Luristan əyalətlərində alay komandiri kimi xidmət edib, on yeddi yaşında Şuştərin hakimi təyin olunub. Bir ildən sonra Tehrana çağırılan Məhəmmədhəsən xana Nəsrəddin şahın general-yavəri vəzifəsi tapşırılır. Sonralar üç il Parisdə İran səfirliyinin ikinci katibi və hərbi attaşe kimi çalışır. Nəsrəddin şah onu Tehrana çağırıb ikinci dərəcəli "Şire-Xorşid" ordeni ilə təltif edir və onu şəxsi mütərcimi vəzifəsində saxlayır.

Məhəmmədhəsən xan Qacar Fransa, Yaponiya, Osmanlı, Venesuela, Almaniya, Bavariya, İngiltərə, Belçika və Rusiya dövlətlərinin ordeni və medalları ilə təltif olunub. O, İranın ilk Dövlət Nəşriyyatı naziri olmuş, ömrünün axırınadək bu vəzifədə çalışmışdır. Dərin zəkaya və böyük nüfuza malik bu şəxsə həsəd aparanlar çox olmuşdur. O, əlli yaşında düşmənləri tərəfindən zəhərlənib öldürülmüşdür" (Tahirə Həsənzadə "Qacarlar nəslindən soraq" məqaləsi, "Maarifçi" qəzeti, 30 iyul 1997-ci il).

vvv

Bəhmən Mirzə Qacarın hərbçi oğulları draqun (xüsusi süvari qoşun hissələri - Ş.N.) alaylarında leyb-qvardiya zabiti kimi rus və İran ordularında şərəflə xidmət etmişlər.

1884-cü ildə "Sın Oteçestva" jurnalı (2.III-50) yazırdı: "Şahzadə Bəhmən Mirzənin hədd-buluğa çatmış oğlanlarının bəziləri rus, bəziləri isə İran ordusunda hərbi xidmətdədirlər. Demək olar ki, bütün Qafqaz draqun alaylarında şahzadə Bəhmən Mirzənin ya oğulları, ya da zabit qohumları var. Şahzadənin oğlu Mahmud Mirzə keçmişdə Nijeqorod draqun alayında türk kompaniyasında ştabs-rotmistr rütbəsində olmuşdur. Kompaniyanı qurtardıqdan sonra əmisi Məhəmməd şah onu İrana çağırır. Hazırda o, general rütbəsində İran leyb-qvardiyasına komandanlıq edir".

Bəzən arxivdən heç bir sənəd tapmayanda əl boyda şəklin arxasındakı iki-üç sətirlik avtoqraf da adamın köməyinə gəlir. Onda bizdən çox-çox uzaq illərdə yaşamış həmin avtoqrafı yazana qəlbinin dərinliklərində minnətdarlığını bildirirsən. Gözəl xətlə yazılmış aşağıdakı sətirləri oxuyanda şahzadə Şahruh Mirzənin ruhuna rəhmət oxudum: "Kazak polkunun leyb-qvardiya polkovniki şahzadə Şahruh Mirzənin Mələksimaya (Polkovnik Xanbaba xan Qacarın qızı, M.F.Axundovun nəvəsidir. 1905-ci ilin sentyabrında ilk "Zaqafqaziya müsəlman qadınlarının xeyriyyə cəmiyyəti" onun evində təsis olunmuşdur. Milyonçu H.Z. Tağıyevin oğlu Ağasadıq Tağıyevin həyat yoldaşı idi. Mələksimanın Ağasadıqdan bir oğlu (Zeynal), iki qızı (Zərrintac və Zeynəb) sovet dövrünə qədər yaşamışlar.Otuzuncu ildə güllələnən Zeynal babasının fabrikinin direktoru olmuşdur. - Ş.N) dostluq hədiyyəsi. 16 may 1899-cu il, Tiflis şəhəri". Bir az aşağıda isə xırda hərflərlə belə yazılmışdı: "Şahzadə 1915-ci ildə Cəbrayılda vəfat etdi".

M.F.AXUNDOVUN QOHUMU

"Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim imperatorun ordusunda xidmət edir, xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin və bəd əməllərin yanından belə ötməzdi. Mənim kimi o da mütləqa şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. Qızımdan və həmin Xanbaba xandan iki nəvəm vardır".

Bu sətirlərin müəllifi böyük dramaturqumuz Mirzə Fətəli Axundovdur.

Araşdırmalardan məlum olur ki, 1851-ci ildə Tiflisdən Şuşaya köçən Bəhmən Mirzə Axundovla dostluq əlaqəsini kəsməmiş, əksinə, onu daha da dərinləşdirib qan qohumluğuna kimi davam etdirmişdir.

M.F. Axundovun böyük qızı Seyrəbəyim 1866-cı ildə Bəhmən Mirzənin oğlu Xanbaba xanla ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad - Mələksima adlı qız, Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra - 1872-ci ildə Seyrabəyim vəfat edir. İki uşağın anadan yetim qalması Mirzə Fətəliyə çox ağır təsir edir. Onların yad qapazı altına düşməməsi və sevimli kürəkəni Xanbaba xanın "xoşəxlaq, savadlı, təmiz cavanlardan biri" olması xatirinə Mirzə Fətəli ikinci qızı Nisə (1856-1924) xanımı da bir il sonra ona ərə verir.

M.F. Axundovun öz kürəkəni haqqında yazdığı tərif dolu sətirlər təkcə Xanbaba xana aid deyil. Bu işdə bir ata kimi Bəhmən Mirzənin də təlim-tərbiyəsi öz təsirli rolunu oynamışdır. Heç şübhəsiz ki, məhz şahzadə Bəhmən Mirzə kimi maarifçi, tarixşünas və sözübütöv kişilər belə oğul tərbiyə edə bilərdi. Sevindirici haldır ki, Bəhmən Mirzənin altmış üç övladının hamısı Xanbaba xan kimi təmiz əxlaqlı gənc olmuşdur. Əksəriyyəti hərbçi olan oğlanların heç biri nə dinlərini dəyişmiş, nə də dillərini unutmuşdur. Yuxarıda Şəmsəddin Mirzənin xatirəsindən sitat gətirmişdik. Orda müəllif yazır ki, Oryoldan atam Əliqulu Mirzənin cəbhəyə getmək söhbəti anamla azərbaycanca olmuşdur. O vaxtlar zadəgan ailələrində fransız və rus dillərində danışmaq dəbdə olsa da, ailəmiz həmişə doğma Azərbaycan dilində danışardı.

Xanbaba xan Mirzə Qacarın hərbi fəaliyyəti haqqında əlimizdə az məlumat var. O, uzun illər orduda şərəflə xidmət etmiş, süvari polkovniki rütbəsinə qədər yüksəlmişdir.1877-1878-ci illər rus-türk müharibəsinin fəal iştirakçısı olan şahzadə Xanbaba xan Qacar qırx beşinci Şimal-draqun alayındakı döyüş qabiliyyətinə görə "Müqəddəs Stanislav" ordeninin ikinci və üçüncü dərəcəsilə (qılınc və bantla birgə), "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsilə və "Müqəddəs Vladimir" ordenin dördüncü dərəcəsilə bantla birgə təltif olunmuşdur.

İmperatorun yüksək dərəcəli əmrinə əsasən Xanbaba xan və böyük qardaşı Şahrux Mirzə Qacar Əlahəzrət titulunu da daşıyır, əlavə olaraq ildə altı yüz manat təminat da alırdılar.

M.F. Axundovun oğlu Rəşid bəyə yazdığı məktublarından hiss olunur ki, o, kürəkəni Xanbaba xanın cəbhədə göstərdiyi şücaətlə fəxr edirmiş. Böyük dramaturqun şəxsi arxivində onlarla məktubu, əlyazması qorunub saxlanılır. O vaxtlar Belçika məmləkətinin paytaxtı Brüssel şəhərində ali təhsil alan oğlu Rəşid bəyə yazdığı məktubların demək olar ki, əksəriyyətində Xanbaba xan hörmətlə xatırlanır.

Məktublarından birində Rəşid bəy Rusiya-Türkiyə müharibəsindən söhbət açır və Xanbaba xandan nigaran qalaraq "müharibənin gedişi haqqında mənə ətraflı yaz, ata. Xanbaba xan yenə sərhəddəmi vuruşur?" - sualına cavab istəyir.

Başqa bir məktubunda isə oxuyuruq: "Siz Allah, Xanbaba xan haqqında məktubunuzda geniş yazın. Mənim səmimi salamlarımı Xanbaba xana, anama, bacıma, bizim əzizimiz Ağa Əli Əkbərə (haqqında aşağıda bəhs olunacaq - Ş.N.), dostumuz Kərbəlayi Lətif əmiyə yetirin. Balaca Mirzə Mənsuru və hələ üzünü görmədiyim Nisə xanımı öpün. Xanbaba xan ötən məktubunda yazmışdı ki, artıq Mirzə Mənsura əlifbaları öyrətmişəm... Bu, mənim üçün çox sevindirici bir xəbər oldu. Çalışaq ki, Mirzə Mənsur tam Avropa təhsili alsın..."

Mirzə Fətəlinin oğlu Rəşid bəyə məktubundan: "Keçən məktubda mən ananın Tubunun  fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, Mənsur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz..."

Şahzadə Xanbaba xan Qacarın ilk oğlu Mənsur Mirzə də hərbçi olmuşdur. 1869-cu illdə Tiflisdə anadan olan Mənsur Mirzə ilk təhsilini klassik gimnaziyada almışdır. Yelizavetqrad süvari məktəbini kornet rütbəsində bitirən Mənsur Mirzə on səkkiz yaşında otuz yeddinci Tver-Draqun alayında xidmətə başlamışdır. 1905-ci ilə qədər həmin alayda xidmət etmiş və həmin ili Port-Artur müharibəsinə könüllü getmişdir. Müharibədə o, iki ordenlə - ikinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) "Müqəddəs Vladimir" ordenləri ilə təltif olunmuşdur. Port-Artur döyüşlərində yaralanan şahzadə Mənsur Mirzə bir müddət nizami orduda xidmət edə bilmir. Ona görə də Qafqaz Hərbi Dairəsinin qərargahında çalışır.

Birinci Dünya müharibəsi başlananda şahzadə-polkovnik Mənsur Mirzə Qacar on ikinci Starodubov draqun alayının tərkibində döyüşə gedir. 1915-ci il iyunun 10-da Rudzvian yaxınlığındakı döyüşlərdə üç eskadronla düşmənin hücum edən güclü qüvvələrinə qarşı əks-həmləyə keçir, özü kontuziya alsa da, döyüşdən çıxmır. Polkovnik Mənsur Mirzənin alayı süngü zərbəsilə düşməni Dnestr çayının sahillərinə kimi geri oturdur və tutulmuş səngərləri əldə saxlayır. Ələ keçirdiyi səngərlərdə o, yüz nəfərdən çox düşməni əsir alır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə o, qızıl silahla təltif olunur. Müharibənin axırıncı ilində on ikinci Tver-Qusar alayının komandiri olan Mənsur Mirzə inqilabdan sonra Bakıya qayıdır. Az müddət Milli Azərbaycan Ordusunda xidmət edir. Aprel çevrilişindən sonra Respublika Xalq Komissarlığında mülki vəzifədə çalışır.

Şahzadə polkovnik Mənsur Mirzə Qacar 1931-ci il sentyabrın 26-da, altmış üç yaşında Bakıda vəfat edir.

vvv

Şahzadə polkovnik Xanbaba xan Qacar iki oğul - Mənsur Mirzə, Bəhmən Mirzə (29.01.1894), beş qız - Mülkümə (12.08.1878), Mahmənzər (12.04.1890), Aliyə (14.08.1889), Tubu (22.09.1899) və Mülkcahanın (12.08.1878) atası idi. O, ailənin ən kiçiyinə - 1894-cü ildə anadan olan oğluna atası Bəhmən Mirzənin adını qoymuşdu. Nəvə Bəhmən Mirzə ilk təhsilini ikinci klassik Tiflis gimnaziyasında almışdı. 1919-cu il dekabrın 24-də Azərbaycan hökuməti 150 nəfər gənci Rusiyanın ali təhsil ocaqlarına oxumağa göndərdi. Onların arasında Bəhmən Mirzə də vardı. O, Moskva Dağ Mühəndisləri İnstitutunun mexanika fakültəsinə qəbul olundu. Az müddət burada oxuyan Bəhmən Mirzə Peterburqdakı Texnologiya İnstitutuna dəyişdirilir. O, çoxsaylı Qacarlar nəslindən yeganə şəxsdir ki, Peterburqda təhsil alanda bolşeviklərə qoşulub gizli inqilabi iş aparıb. 1920-ci ildə aprel çevrilişindən sonra Azərbaycana gəlib dövlət bankının komissarı və maliyyə komissarlığının üzvü olub. İki il Tiflis və Batumda işlədikdən sonra, 1922-ci ildə Marsel şəhərinə Zaqafqaziyanın ticarət üzrə sədri vəzifəsinə işə göndərilib. 1927-ci il sentyabrın 13-də plevrit xəstəliyindən vəfat edən Bəhmən Mirzənin cənazəsi Tiflisə gətirilərək ana babası Mirzə Fətəli Axundovun yanında dəfn olunur.

Mülki müşavir A.Q. Şerbinin Mirzə Fətəliyə 14 may 1877-ci il tarixli gizli məktubundan: "Bir az bundan əvvəl cənab V.Qrimdən öyrəndiyim sevinc dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, şahzadə Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri (Çar ordusunda polkovniklə general arasında olan yüksək hərbi rütbə - Ş.N.) təyin olunub".

Şahzadə Rzaqulu Mirzənin peterburqlu Mariya Vladimirovna Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan: "Mənim Qafqaz ordusuna göndərilməyim yəqin ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan İrəvana yola düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin əmrilə mən oraya təyin edilmişəm... mənim Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba xanın qayınatası Mirzə Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm..."

Böyük dramaturqun şəxsi arxivində saxlanan məktubların əksəriyyətində Xanbaba xan belə səmimiyyətlə yad edilir.

Şahzadə Xanbaba xan Bəhmən Mirzə oğlu 1849-cu ildə martın 3-də Təbrizdə anadan olub. Tiflisdə dərc olunan "Zarya Vostoka" qəzeti 1926-cı il nömrələrində iki gün (11, 12 noyabrda) dalbadal onun ölümü haqqında nekroloq vermişdir: "Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu, mərhum M.F. Axundovun kürəkəni polkovnik şahzadə Xanbaba xan Qacar noyabrın 9-da vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbiristanlığında olacaq".

Rəşid bəylə atası Mirzə Fətəlinin beş il davam edən yazışmalarında bir nəfərin də adı tez-tez hörmət və ehtiramla çəkilir, uzaq Brüsseldən ona səmimi salamlar göndərilir. Məktublarda belə ehtiramla yada düşən Ağəli Əkbər İsmayılov kimdir? Nəslin ağbirçəyi İzzət xanım Qayıbovanın saxladığı balaca bir yazı bu barədə ətraflı məlumat verir. Onu vaxtilə İzzət xanımın anası Ziba xanım Qayıbova ömrünün qürub çağını yaşayan Şəmsi Qacarın dilindən yazıya alıb. Burada Ağəli Əkbər İsmayılovun taleyi ilə yanaşı, Bəhmən Mirzə Qacarın övladları haqqında da məlumat verilir.

Aydın olur ki, Ağəli Əkbər İsmayılov əslən Şamaxı şəhərindəndir. Atasının ölümündən sonra üç manat pula Tiflisə gəlir. O vaxtlar Tiflisdə ipəyə böyük ehtiyac vardı. Şamaxıya nisbətən ipək burda iki-üç dəfə baha satılırdı. Bunu öyrənən Ağəli Əkbər Şamaxıya qayıdır və gücü çatan qədər ipək göturub pay-piyada Tiflisə gəlir.

Onun ikinci gəlişi daha uğurlu olur. Bu dəfə at alı