Mahcamal: QƏZƏLLƏR

Mahcamal

 

Bir özüm, bir də sözüm bildi varaqlar nə çəkir.

Bir əlim, bir də telim bildi daraqlar nə çəkir.

 

Günəşin yox xəbəri zülmət içir hər gecə ay,

Qara tellərdə bitir, güllənir ağlar nə çəkir.

 

Qurtulub dərdin əlindən biri üz tutdu dağa,

Gördü tənha qocalır, zirvədə dağlar nə çəkir.

 

Əvvəl axır gedir hər kəs gedərin gəlməzinə,

Bir olan şahid olur nalədə sağlar nə çəkir.

 

Zəfərin qeyd eləyən sərt qışın heç vecnə deyil,

Lüt qalır, üryan olur, qəmli budaqlar nə çəkir.

 

Nə zamandır çağırır, yelləyir əl, kimdi görən?

O Vətəndir! Görəsən gözləri ağlar nə çəkir?

 

Üzülür Mahcamal artıq gah ölür, gah dirilir,

Görür hər gün Qarabağ eyləyir ah-zar, nə çəkir!

vvv

Dedim ey can, məni eşq əhli hesab etmək olar?

Dedi: Əlbəttə, bu halətlə səvab etmək olar.

 

Dedim hər dərdü-bəla eşqə əlamətdi məgər?

Dedi: Bir dərdi cünun dərdi, kitab etmək olar.

 

Dedim hərgah yetə bilmirsə vüsal onda necə?

Dedi: Vəsl ilə əsl eşqi sərab etmək olar.

 

Dedim hicran axı çox mülkü-könül viran edir,

Dedi: Yox zərrəcə qorxu, hələ tab etmək olar.

 

Dedim eşqin mərəzin aşiqə rəbbimdi verən,

Dedi: Bax, çarə üçün rəbbə xitab etmək olar.

Dedim ah meydanımın səyyahı ah dağı görüb,

Dedi: Ah var buludun xeyli niqab etmək olar.

 

Dedim ah Mahcamalın qəddini əymir, şax edir,

Dedi: Əhsən! Bu ahı şah da hesab etmək olar!

vvv

Mehrin kəmərin salmaz o dildar belə bildim.

Dəmdən qəmə keçmək nə zülümdür belə bildim.

 

Düşdüm, qəmin ümmanları dürr bəxşişi verdi,

Bilməm nə qədər dürr idi, düzdüm telə bildim.

 

Ömrüm bağı soldu, saf olan barı tükəndi,

Hökm etdi xəzan, döndü qızıl, zər yelə bildim.

 

Əqlimlə könül tutdu qələm, döndü ələmdən,

Düşmüş güzərim nəzmə axan gur selə bildim.

 

Qəddim düzələr tutsam əgər incə qələmdən,

Sınmış könül aynam bitişər mən elə bildim.

 

Gördüm nə qədər çöhrədə nur, gur işığım var.

Xoşdur bu kəlam aləmin artıq elə bildim.

 

Eşqinlə düzür qürləri, gövhərləri ey dil,

Hökmünlə yazır Mahcamal hərdən belə bildim.

 

Vvv

 

Bəxtimin hüsnü mənim hüsnümə bənzərdi bir az.

Ağ bir az, qarə bir az, gözləri məxmərdi bir az.

 

Sərtliyi sərtliyimə vurdu çilət... bəlkə də yox.

Daşdı, qəmbərdi bir az, buz kimi mərmərdi bir az.

 

O səxavətlidi, ancaq məni görcək duruxub,

Xoş günün süfrəsini açdı bir az, sərdi bir az.

 

Baxıram gündüzümün, hər gecəmin çöhrəsinə,

Ay bir az, gün də bir az, ulduzu zər-zərdi bir az.

 

Qəsd edir könlümə naqis, ən əsas zərbə payı,

Şər bir az, qəm də bir az, ümdəsi dərd-sərdi bir az.

 

Məni ah çöhrəsinin seyrinə sövq etdi ürək,

Dil bir az, söz də bir az, qələm də şakərdi bir az.

 

Mahcamal, bax bu qəzəl açsa qanad, uçsa əgər,

O hünərvərdi bir az, könlünə sərvərdi bir az.