Məhəbbətdən doğan kitab

R. QƏNBƏRZADƏ

İstedadlı yazıçı-jurnalist Rafiq Hacıyevin 
"Əhsən sənə, Əhsən!..." portret-romanı çapdan çıxıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında tanınmış yazıçı-jurnalist Rafiq Hacıyev tərəfindən yazılmış və görkəmli tarzən, Əməkdar artist, Beynəlxalq müsabiqə laureatı Əhsən Dadaşovun işıqlı xatirəsinə həsr olunmuş "Əhsən sənə, Əhsən!.." portret-roman kitabı çapdan çıxıb. Musiqi ictimaiyyəti, sənətsevərlər, müvafiq ali məktəbin tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulan 500 səhifəlik kitab "Şərq-Qərb" Nəşriyyat Evinin mətbəəsində nəfis tərtibatla, rəngli və yüksək poliqrafik səviyyədə və keyfiyyətlə nəşr edilib.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş Kərimi  "Tarın çırpınan ürəyi" məqaləsi ilə kitaba ön söz yazıb.

"Əhsən sənə, Əhsən" portret-romanında tarzənin uşaqlıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolu ətraflı təhlil olunur.

Əhsən Dadaşov... Dinləyicini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən tarzən...

Əhsən Dadaşov... Şirin, ecazkar, rəngarəng çalğısı, dolu və sanballı səslənmə yaradan mizrabları, mənalı musiqi cümlələri ilə qulaqlarda, hafizələrdə deyil, şüurda belə unudulmaz iz buraxan virtuoz sənətkar...

Əhsən Dadaşov... Nəhayətsiz, sonu görünməyən, dərinliyi bilinməyən çılğın qəlbli muğam improvizatoru, sözün həqiqi mənasında ali hissi qabiliyyətə malik qeyri-adi ürək çalğıçısı...

Əhsən Dadaşov... Novator solo ifaçı, bənzərsiz müşayiətçi, görkəmli orkestr solisti, istedadlı ansambl rəhbəri, şair qəlbli bəstəçi, mükəmməl pedaqoq...

Sənətinə yaradıcı münasibəti, çaldığı muğamlardakı dərin fikri, mənanı və bədii keyfiyyətləri özünün fərdi istedadı və təkrarolunmaz ustalığı ilə yüksək səviyyədə ortaya çıxarması  Əhsən Dadaşov ifaçılığının ən qiymətli cəhətləridir.

Mahir tarzənin yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Onun tarda füsunkar ecazkarlıqla ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları, rənglər, dəramətlər musiqi xəzinəmizin "Qızılı fondu"na daxil olub.

Portret-romanda yazıçı-jurnalist Rafiq Hacıyevin özünəməxsus poetik təsvirləri, cəlbedici təhkiyəsi, ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmaq məharəti qələmə aldığı  materiallarda Əhsən Dadaşovun şəxsiyyətinə olan böyük məhəbbət və dərin hörmət hisslərində öz əksini tapan gözəl, məftunedici lirik notlarla canlı və parlaq verilib.

Əhsən Dadaşovun ustad tarzən kimi sənətkarlığı, rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının musiqi mədəniyyəti tariximizdəki rolu, instrumental muğamların ifasındakı fərdi çalğı xüsusiyyətləri, eyni zamanda bəstəkar əsərlərinin mahir ifaçısı, məşhur xanəndələrin istedadlı müşayiətçisi, bir çox ürəkoxşayan axıcı melodiyalara malik rəng, rəqs və təsniflərin müəllifi kimi yaradıcılığı portret-romanda rəngarəng boyalarla rəsm olunub.

Kitabın yüksək bədii obrazlı dili ustad tarzəni əhatə edən şəraiti və adamları daha qabarıq və real surətdə nəzərə çatdırmaqla bərabər, həm də onun zəngin yaradıcılıq mənəviyyatını, geniş daxili aləmini solmayan bir gözəlliklə, təravətlə əks etdirir.   

Tarzənin öz dövrü ilə çoxcəhətli əlaqəsi onu bənzərsiz ifaçı, ansambl rəhbəri, istedadlı müşayiətçi, bəstəkar və pedaqoq kimi milli musiqi mədəniyyətimizin daha da inkişafı uğrunda mübarizə aparan xadim kimi tanımağa kömək edir. Bu mübarizə kitabın süjet xəttində öz dolğun əksini tapıb.

Portret-romanda hər bir səhifəni oxuduqca dadlı və məlahətli çalğısı ilə ürəyinin və tarın sarı siminə toxunan Əhsən Dadaşov mizrablarının, barmaqlarının, xallarının qopardığı yanıqlı səs aydın eşidilir və oxucunun qəlbinə işləyir. Bu ürəyə "işləmə"də üslub sadəliyi, ifa olunan musiqinin məzmununu dərindən, dolğun, düzgün açmaq, ifadəli, olduqca təmiz və dəqiq çalmaq bacarığı, bədii elementləri kamil texniki ustalıqla bir vəhdətdə birləşdirmək qabiliyyəti hər kəsi ovsunlayır, onu hara isə uzaqlara, lap uzaqlara "aparır".

"Ürəklərdə yazılan gündəlik" fəslində akademiklər Ziyad Səmədzadənin, Rəfael Hüseynovun, Vasim Məmmədəliyevin,  professorlar İlham Rəhimlinin, Aqşin Babayevin, xalq artistləri Habil Əliyevin, Əlibaba Məmmədovun, Arif Babayevin, Ağaxan Abdullayevin, Niyaməddin Musayevin, Yalçın Rzazadənin, Canəli Əkbərovun, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Şəfiqə Eyvazovanın, Aftandil İsrafilovun, Adil Bağırovun, Vamiq Məmmədəliyevin, Ağasəlim Abdullayevin, Möhlət Müslümovun, Firuz Əliyevin, Zamiq Əliyevin, Fikrət Verdiyevin, Ağa Cəbrayıl Abasəliyevin, bəstəkarlar Nəriman Məmmədovun, Ramiz Mirişlinin, Oqtay Zülfüqarovun, Cavanşir Quliyevin, xalq rəssamı Ağəli İbrahimovun, əməkdar incəsənət xadimləri Nazim Kazımovun, Akif Quliyevin, Arif Əsədullayevin, Çingiz Abbasovun, əməkdar artistlər Firudin Ələkbərovun, Süleyman Abdullayevin... xatirələri təkcə yaddaşın güzgüsü deyil. Bunlar həm də ilk növbədə qüdrətli mizrab ustadı  Əhsən Dadaşovun xarakterinin, sənət dünyasının bir parçası, parlaq obrazının əlvan boyalarıdır.   

"Fotonun yaddaşından unudulmaz anlar" fəslində isə füsunkar tarzənin uşaqlıq və gənclik illərinə işıq salan, onun görkəmli müğənnilərlə görüşlərini, səhnədə ifaçılığının müxtəlif anlarını göstərən, ailəsi və yaxınları ilə çəkdirdiyi şəkillər yer alıb.  Musiqi kimi dilə gələn, şeir kimi səslənən, insan kimi "danışan", poliqrafiya baxımından yaxşı düşünülən, yüksək zövqlə seçilən bu fotolar milli tar ifaçılıq məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin ən gözəl nümunəsi olan zəngin  yaradıcılıq yolunu əks etdirir.   

Mizrabın xanı olan Əhsən Dadaşovun ilk sanballı, zəngin və əhatəli bioqrafı olan yazıçı - jurnalist Rafiq Hacıyevin məhəbbətdən doğmuş bu yeni kitabının ölkənin mədəni həyatında hadisəyə çevriləcəyinə və oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanır və ona yeni yaradıcılıq uğurları arzulayırıq.