Təşəkkür  borcu

Məlahət Hümmətqızı

(Hekayə)

 

Az qalırdı,"Səni axtarıram" verilişinə çıxım.  "Qalibə, haradasan?"-deyə bütün dünyaya   səslənmək istəyirdim. İlahi, dörd  ilin dostluğu bu qədər güclü, bu qədər unudulmaz ola bilərdimi? Yəqin ki olurmuş. Quş qanadlı illər bir- birini əvəz etdikcə  Qalibəni nəinki unuda bilmirdim, əksinə onun  üçün çox  darıxırdım. Onu təsadüfən tapdığım  kimi, təsadüfən də  itirmişdim.  Onu yenidən görmək, boynuna  sarılıb 25 ilin həsrətinə son qoymaq ən böyük arzum idi. Fikirləşirdim ki, görəsən, Qalibə də məni yada salır? Harada yaşadığını və nə işlə məşgul olduğunu bilmək istəyirdim. Yadımdadı ki,  o, bel  ağrılarından əziyyət çəkirdi. Tez- tez müalicə olunurdu. Canı ağrısa da,   həmişə üzü gülürdü. O, çox mehriban, istiqanlı,  üzügülər  idi. Onunla  tanışlığımız  təsadüfən oldu.

 

 

 

Məktəbin yuxarı sinfində oxuyanda  artıq  qəti qərara gəlmişdim ki, jurnalist olacağam. Məktəbdə bunu şagirdlər də, müəllimlər də  bilirdilər.  Jurnalist olacağımı xəyal etdikcə, qanadlanırdım. Elə bilirdim, əlimə jurnalist vəsiqəsi alsam, dünyanın ən xoşbəxt insanı olacağam. Jurnalistlərə həsəd aparırdım. Gələcəkdə  tanınmış  jurnalist olacağıma çox inanırdım.  Məktəb yoldaşlarım da, müəllimlərim də buna əmindilər. Yaxşı oxuyurdum, dərs əlaçısı idim.  Hamıdan çox   ədəbiyyat  müəllimim -   İsa müəllim   buna inanırdı. İnşa yazılarımı çox bəyənirdi.  Özüm də inşa yazı yazmağı çox sevirdim, on iki vərəqli  dəftəri  sona kimi yazıb  bitirirdim. Nöqtəsi, vergülü  də yerində.  İsa müəllimdən yalnız "əla"    alırdım.

Mən  məktəbin  divar qəzetinin  fəal yazarlarındandım.  Ayda bir dəfə  çıxan bu qəzetə  kiçik hekayələr  və şeirlər  yazırdım. Qəzet hər dəfə  divardan asılanda  uşaqlar   mənim yazılarımı maraqla oxuyurdılar. Mən  isə  dayanıb kənardan onlara tamaşa edirdim. Müəllimlər  də " balaca  jurnalist"in yaradıcılığını diqqətsiz qoymurdular, bəzən sinifdə mənim yazılarımı tərifləyirdilər. 

Mən  məktəbi bitirib,  böyük qardaşım kimi  tibb universitetinin müalicə  fakültəsinə  daxil oldum.  Əlbəttə ki,  valideynlərimin  arzusu ilə.  Amma ruhdan düşmədim.  Evdəkilərdən gizlin  şeirlər yazırdım. Bunu dərs zamanı, mühazirələrdə də edirdim. Özümdən asılı deyildi.  İlham pərisi  harada   məni haxlasaydı,  qələmi çıxarıb yazırdım. Vərdişə çevrilmişdi,  istədiyim  vaxt  istədiyim yerdə seir yaza bilirdim.

Bir gün propedevtika müəllimimiz  Sabir müəllim   dərs vaxtı  başımı aşağı salıb, özümə qapanaraq nəsə yazdığımı görüb,   dəftəri  gətirməyi tələb etdi.  Elə bil  cinayət başında yaxalanmışdım. Tər  məni  basdı. Çox utandım.  "Sizin dediklərinizi yazıram," dedim.  Deyəsən, mehribanlığı və insanpərvərliyi ilə  müəllim və  tələbələr arasında  hörmət qazanmış Sabir müəllim  mənim  yalan danışdığımı anladı. Ayağa qalxıb özü mənə  yaxınlaşdı. Dəftəri stolun üstündən  götürüb vərəqləməyə başladı. Doğrudan da dəftərin əvvəlində  daxili xəstəliklər haqqında mühazirələri yazmışdım. Nə fikirləşdisə, dəftərin arxa səhifələrini vərəqlədi. Dəftərin  arxasına şeirlər yazmışdım. Bir neçə dəqiqə dayanıb  diqqətlə oxumağa  başladı. Başını yelləyib dəftəri stolun üstünə qoydu. Üzünü mənə  tutub " tənəffüsdə mənə yaxınlaşarsan", dedi və yeni mövzunu danışmağa başladı. Dərd məni götürdü. "Yəqin məni danlayacaq.  İmtahana buraxmayacaq. İşim bitdi " deyə,  çox narahat oldum. Tənəffüsdə  cəsarətimi toplayıb, Sabir müəllimə yaxınlaşdım.

- Sabir müəllim... -  bir neçə dəqiqə danışmağa  tərəddüd etdim. Sonra özümü ələ alıb: - Bağışlayın,  bir də  dərsinizdə  şeir yazmayacağam, -deyib  başımı aşağı salıb  susdum.

Sabir müəllim eynəyini gözlərindən  çıxarıb stolun üstünə qoydu.

- De görüm nə vaxtdan şeir yazırsan?

- Məktəbdə oxuyandan.

- Başqa nə yazırsan?

- Hekayələr yazıram.

- Bəs niyə sənədlərini ədəbiyyat fakültəsinə vermədin?

- Belə alındı, Sabir müəllim .

- Demək, valideynlərinə qarşı çıxmadın mənim kimi.

- Xeyr, -deyib susdum.

- Görürsənmi, istedad  özünü harda  olsa göstərir. Oxudum. Şeirlərin xoşuma gəldi. Qəzetə vermək istəyirsənmi ?

- Düzü,  şeirlərimi heç kimə göstərməmişəm, -dedim.

- Sabah mən səni  bir xəstəm  ilə tanış edəcəyəm. Bel ağrılarından bizdə   müalicə alır. "Xalq" qəzetinndə çalışır. Yazılarını oxumuşam.  Çox  istedadlı jurnalistdi. Gözəl yazır. Qalibə Eynullayevadı imzası.

Mən sevincimdən bilmədim  ki, nə edim.  Gecə səhərə kimi yata bilmədım. Gözümə yuxu   getmədi.  Dərslərimi də oxumadım. Səhərin açılmağını  həyəcanla gözlədim.  Səhər  açılan kimi  yemək yemədən   geyinib evdən çıxdım.  Dərslərimiz 5 nömrəli şəhər kliniki xəstəxanasında idi. Hamıdan tez gəlmişdim.  Dəhlizdəki oturacaqlardan birində oturub  şeir dəftərini  çıxardım.  Diqqətlə oxumağa başladım. Nə qədər vaxt keçdiyini bilmədim. Tələbələrin iki-bir, üç-bir gəldiyini görüb dəftəri çantama qoymaq istəyirdim ki, qrup yoldaşım  Gülarə  mənə  yaxınlaşıb  bərkdən çiynimə vurdu, dedi:

-Halal olsun, deyəsən, dərs oxuyursan. Əla, bugünkü dərsi sən danışarsan. Biz də qulaq asarıq.  Dərsə hazır deyilik.

-Yox,  sən nə danışırsan?-deyib vurduğu yerin ağrısından  ufuldamağa başladım.   Mən də hazır deyiləm.

Qızlar bizə yaxınlaşdılar,  deyə-gülə dərs otağına getdik. Dərs başlasa da mənım  həyəcanım  keçmədi. Tələbə yoldaşlarımın gözü məndə  idi.

-Dərsə kim hazırdı?-Müəllimin sualına cavab olaraq, qrupumuzun nümayəndəsi  Gülarə əli ilə  məni  göstərərək  adımı çəkdi. Sabir müəllim "buyursun", deyərək, eynəyini  çıxarıb, stolun üstünə qoydu. 

Burda  deyiblər,  "yaxşı yerdə axşamladım". Dünənki söhbətdən sonra  sevincimdən dərs  oxumamışdım.  Mən  başımı qaldırıb   rəfiqəmə  baxdım və  gülümsündüm.  O da gülümsəyirdi.  Sonra isə dişimi  dodağıma bərk-bərk sıxıb,  ürəyimdə  "eybi yox, hesablaşarıq" deyib,  tənbəl-tənbəl ayağa qalxdım.  Elə ağzımı açıb "dərsə hazır deyiləm", demək istəyirdim ki, qapı açıldı və tibb bacısı "Sabir müəllim, 5-ci palatadakı  jurnalist xanım   özünü yaxşı hiss eləmir", dedi.  Sabir müəllim  cəld  ayağa qalxıb  otaqdan çıxdı. Tələbələrin səsi bir-birinə qarışdı. Mənsə ayaq üstə donub qalmışdım. Bu nə möcüzə idi?  Deyəsən, Allahın  mənə  yazığı gəlmişdi  imtahan qabağı.  Dərindən nəfəs alıb yerimə əyləşdim. Gözüm rəfiqəmdəydi. Deyəsən, o da donub qalmışdı. Əllərimi havada açıb çiynimi çəkdim.  "Dərsi danışacaqdım. Alınmadı. Heyif,  qulaq asa bilmədiniz.  İndi əziyyət çəkib siz oxuyarsınız", deyib acıq verdim. Rəfiqəm isə pərt halda üzünü  qızlara çevirdi.  Mən sevinirdim. Dərsə hazır olmadığımı, deyəsən, məndən  və Allahdan başqa heç kim bilmədi ...

Sabir müəllim çox gec gəldi.  Yeni dərsi  danışdıqdan sonra   bizi  palataya, xəstəsinə baş  çəkməyə  apardı. Biz palataya  daxil olanda o, çarpayısında  uzanıb kitab oxuyurdu. Bizi  görüb yerində dikəldi. Bu qısa saçlı, orta boylu, bir az dolu bədənli yaraşıqlı xanım bizi gülərüzlə qarşıladı. Sabir müəllim   ona yaxınlaşıb:

-Yaxşısan deyəsən? Bayaq bizi çox qorxutdun, -dedi.

-Sağ olun, Sabir müəllim,   ağrıkəsicidən  sonra,  indi bir az  yaxşıyam, - deyib oturmağa çalışdı.

-Yox, sənə dikəlmək olmaz, uzan, -  deyib həkim jurnalist xanımın uzanmasına kömək etdi. Sonra məni göstərib:  -Qalibə,  gör sənə kimi gətirmişəm, gənc şairəni!  Tanış ol, mənim tələbəmdi,  vaxtın olanda  yazılarına baxarsan.  Mənim xoşuma gəldi, -deyib gülümsəyərək  üzümə baxdı.

- Yaxşı, Sabir müəllim,  bircə bu bel ağrılarım getsəydi... -deyib susdu.

- Gedəcək, inşallah, darıxma,  müalicələrə başlamışıq.  Hər şey yaxşı olacaq.

- İnşallah, Sabir müəllim, - deyib  köks ötürdü.

Bir anlıq onun halına çox acıdım.  Düşündüm  ki, yaxşı oxuyub Sabir müəllim kimi  savadlı  həkim olacağam. İnsanların sağlamlığı keşiyində duracağam. Onların sağalması üçün əlimdən gələni edəcəyəm.  Bir  xeyli söhbətdən  sonra  biz sağollaşıb  çıxanda Qalibə arxadan səsləndi:

- Sabah yazılarını gətir baxım.

- Yaxşı, - deyib otaqdan çıxdım.

Həyəcanım yox olmuşdu. Ona görə ki, bu sadə, mehriban, gülərüz  qız  ilk gündən  hamının sevimlisi oldu. Onun yaşı da çox deyildi.  Demək olar ki, yaşıd idik. Səhəri gün mən  ona şeir və hekayələrimi  göstərdim. Oxudu,  bir qədər fikrə getdi.

- Xoşuma gəlir. Amma səndən gözəl jurnalist olardı. Hekayələrini  qəzetimizin  ədəbiyyat bölməsinə  verərəm. 

Beləliklə, mənim Qalibə ilə tanışlığım Sabir müəllimin sayəsində  oldu.  Sonraki  günlər  biz  onunla tez-tez görüşməyə başladıq. Mən yazılarımı ona  göstərir, o isə oxuduqdan və bəyəndikdən sonra öz qəzetlərində və digər qəzetlərdə  dərc etdirirdi. Ona o qədər öyrəşmişdim ki, darıxanda onun iş yerinə gedirdim. Oturub ordan-burdan  söhbət edirdik. Bir gün planlarından danışdı. Dedi ki,  sabah müğənni  Flora Kərimovadan müsahibə almağa gedəcək. Həsədlə ona baxdım.

-Sənə həqiqi mənada qibtə edirəm.  Kaş mən də sənin kimi  jurnalist olaydım, maraqlı insanlardan  müsahibə almağa gedəydim. Bu peşəni  çox  sevirəm.

-Sən nə danışırsan? Kənardan  baxana asan gəlir. Bu çox çətin peşədi. Gecəsi-gündüzü yoxdu. Bəzən olub ki, gecələr yatmamışam. Materialları gecəynən yazıb mətbəəyə çatdırmışam. Rayonlara ezam olunmuşam. Məqaləni yazıb  vaxtından əvvəl mətbəəyə vermişəm. Tədbirlərə  getmişəm,  material yazmaq üçün. Evə bəzən gecə 2-də, 3-də gəlmişəm. Yorğun olmuşam.  Səhər isə tezdən durub  material yazmaq üçün göndərilən yerə getmişəm. Düzdü, mən  peşəmi çox sevirəm.  Amma bu bel ağrıları ilə  mənə çox çətindi  işləmək.  Mənə mane olur bu ağrılar, - deyib susdu.  Sonra: -  Məyus olma, sən də təhsilini  bitirib yaxşı həkim olacaqsan. Çoxlu pasiyentlərin olacaq.  Mən də sənin yanına gələcəyəm.  Onda Sabir müəllim kimi  müalicə edib,  sağaldarsan  məni. Hə, nə deyirsən, razısan?-deyib, tez də könlümü aldı, gülümsədi.

- Hə, razıyam. İnşallah, - dedim.

Mən onu  özümə dost  hesab  edirdim. İlahi,  o ağrıları olanda belə  danışıb-gülərdi.  Çox zarafatcıl idi. O, mehriban, səmimi, ürəyində paxıllıq  olmayan bir insan idi.   Gözəl rəftarı  və xasiyyəti ilə  özünə çoxlu dost qazanmışdı. İşdə də onu çox istəyirdilər. Hörmət edirdilər.

Bizim dostluğumuz cəmi dörd il çəkdi. Bu dövr  1992-95-ci illəri  əhatə edirdi. Həyatımızın ən ağır  dövrünü-torpaq, vətən, millət  anlayışını yeni anladığımız bir  dövrü.  Qarabağ uğrunda  döyüşlər başladı. Neçə-neçə tələbəmiz torpaqlarımızı düşmənlərimizdən  qorumaq üçün Qarabağda döyüşməyə  getdi. Məhz o dövrdə mətbuatda  yazılarım  çıxdı.  Biz  tələbələr   Qarabağda qızğın döyüşlər zamanı, keçmiş Semaşko, indiki 1 saylı şəhər kliniki xəstəxanasına   gətirilən  yaralı əsgərlərimizə həkimlərlə bərabər yardım edirdik. Onların yaralarını yuyub təmizləyib,  tikiş və  sarğı qoyurduq. Qarabağ döyüşlərində qəhrəmanlıq  göstərən dörd yaralı  əsgərimiz barəsində məqalə də yazmışdım. Qrup yoldaşlarımla bərabər   hematologiya və qanköçürmə  institutuna  gedib yaralı əsgərlərimiz üşün   dəfələrlə   qan vermişdik.   Heç yadımdan çıxmaz, analarımızın bişirdiyi ev yeməklərini, dükandan aldığımız  mer-meyvəni  palatalardakı yaralı əsgərlərimizə  paylamışdıq. Çalışırdıq  ki,  yaralılarımız tez sağalsınlar, onlara az da olsa köməyimiz dəysin. 

Bir gün  atam təsadüfən qəzetdə mənim  Qarabağda döyüşən əsgərlərin qəhrəmanlığı barəsində yazdığım  məqaləni  oxudu və təbrik etdi. " Sən insanlara iki tərəfdən xeyir verəcəksən. Həkim  kimi insanların sağlamlığı keşiyində duracaqsan, yazılarınla isə insanların ürəyinə yol tapacaqsan",  - dedi.  Düzü, atamın bu sözlərindən sonra daha da həvəsləndim.  Dərslərimi daha da yaxşı oxuyub  onun  etimadını qazanmağa çalışırdım. Amma sən saydığını say, gör fələk nə sayır. 1995-ci ildə  atamı qəfil  itirdim.  Atamla bütün ümidlərim, arzularım öldü. Elə bildim  qanadlarım qırıldı. Başımın tacı düşüb itdi. Tənha qəlbim  daha da tənhalaşdı,  həyatdan küsdüm.  Bu  bir  tələbə  qız üçün çox ağır idi. Gecə-gündüz atasız dünyama ağladım.   Atam üçün şeirlər yazmağa başladım. Ürəyimi yalnız  bununla ovutmağa çalışırdım. İnstitutu bitirib,  iş həyatına başladım. Ailə qurdum. Övladlarım oldu. Başım uşaqlara qarışsa da, vaxt tapanda yeni şeirlər yazırdım. Kitablarım işıq üzü gördü. Dövri mətbuatda yenidən çıxışlar etməyə başladım.   Mən jurnalist olmadım, həkim oldum.  Amma buna heç də peşman deyildim. Hər dəfə xalatı əynimə geyəndə xalatımı öpürəm. "Ruhun  şad olsun, ata. Bu  peşəni sən mənə sevdirdin", deyirəm. Mən peşəmi çox sevirəm. Hər gün müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə oluram. Dərdlərinə şərik oluram. Xəstələrin müalicədən sonrakı sağlam vəziyyətini  görəndə isə  qürur duyuram. Məncə,  peşəni  yaxşıya, pisə ayırmaq olmaz.  Axı  peşənin  pisi  yoxdu.  Mən iki peşə ilə məşğul oldum və hər ikisini də sevdim. Çalışdım ki, hər ikisinə layiq olum.   Hər ikisi gözəldi, maraqlıdı, şərəflidi. Yetər ki, peşəni sevəsən və işinin ustası olasan.

İllər keçdi. Qalibəni bir an belə yadımdan çıxara bilmədim. Axı ona bir təşəkkür borcum var idi. Axı onun mənim  üzərimdə  əziyyəti böyük idi. Mənim yazılarımın ilk oxucusu olmuşdu. Çətin günlərimdə  mənə həyan olmuşdu.  Xoş günlərimdə  də yanımda olmağını çox  istəyirdim. Onun  barəsində  fikirləşirdim.  Onun redaksiyada işləmədiyi barədə  məlumatım var idi. Lakin harada işləməsini bilmirdim.  Gözlərim  onu  hər yerdə  axtarırdı. Əmindim ki, iyirmi beş il keçməyinə baxmayaraq,  onu görən kimi tanıyaram.

Təsadüf zərurətdən doğur. Mən təsadüflərə,  möcüzələrə inanan insanam. Mən Qalibəni tapacağıma inanırdım.  Belə də oldu. Yaxın dostların sayəsində mən onu tapdım. "Xalq qəzeti"nin müxbiri  onu tapmaqda mənə kömək etdi. Ona təşəkkür edirəm. Qalibə ailə qurub Türkiyəyə köçmüşdü. Gözəllər-gözəli   bir qızı var. Nömrəsini alıb zəng vurdum. Səsimdən tanıdı, çox sevindi. O da məni  unutmamışdı. Demək,  quş qanadlı   illər  bizdən nə qədər  uzaqlara uçsa da, bu sevgini  qəlbimizdən qopara bilməmişdi.  Mən ona həyatıma yazılmış dörd illik dostluğa, qoyub getdiyi  gözəl xatirələrə görə iyirmi beş  ildən  sonra ürəyimdə qoruyub saxladığım borcu qaytardım. Bu, bir  təşəkkür borcu idi.....