Torpaq uğrunda  ölən varsa Vətəndir

Rübabə Şirinova, AMEA Əlyazmalar İnstitutu fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Qələbənin 75 illik yubileyi ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda hər il olduğu kimi bu il də dövlət səviyyəsində geniş tədbirlər keçirilir.Torpaq uğrunda,Vətən yolunda canından keçən insanların xatirəsini yaşatmaq, əbədiləşdirmək, adını, şöhrətini nəsildən-nəslə çatdırmaq müqəddəs işdir.

 

 

 

1941-ci ildən 1945-ci ilədək davam edən müharibə zamanı ordu sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edildi. Onlardan 320 mindən çoxu vətən uğrunda gedən savaşda qəhrəmancasına həlak oldu. Həlak olanların arasında Göyçə mahalından olan Məhərrəmov İdris Şirin oğlu da var idi. O,1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində sənətkar ailəsində anadan olmuş, ilk ustad dərsini 12 yaşında ikən atası Aşıq Şirindən almış, Aşıq Ələsgərdən, Aşıq Musadan saz-söz sənətinin incəliklərinə yiyələnmişdir. Səksəndən artıq saz havasına bacarıqla yiyələnmiş, otuz beş dastanı hər dəfə yeni əlavələrlə danışarmış.

Ailə arxivimizdə qorunub saxlanan, Azərbaycan, rus, erməni dilində olan 1938-1941-ci illəri əhatə edən arayışların verdiyi məlumata görə Aşıq İdris Böyük Vətən müharibəsinə gedənə qədər Basarkeçər rayonunun Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıqların I və II qurultaylarında iştirak edərək, İncəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1941-ci ildə könüllü olaraq Böyük Vətən müharibəsinə getmiş (baxmayaraq ki, bir neçə dəfə hərbi komissarlıq tərəfindən geri qaytarılıb) və müharibədə  itkin düşmüşdür.

Arxiv materiallarında Aşıq İdrisin həm yaradıcı, həm də ifaçı sənətkar olduğundan, Göyçə mahalında, Kəlbəcər kəndlərində ad çıxardığından, məlahətli zil səsi, səsinin ləngərindən otaqların pəncərə şüşələrinin  cingildəşməsi, zənguləsinin zərbindən otuzluq lampanın sönməsindən  yazılır.

Döyüşçü aşıq qoşma ilə həyat yoldaşı Zərnişan xanıma göndərdiyi məktubda tezliklə qələbə çalınacağından, övladlarına məhəbbətindən belə yazmışdır:

 

Zərnişanım, gözlə, gözlə yolumu,

Səndən üzülməmiş gümanım mənim.

Oğul əmanəti, qız əmanəti -

Yaxşı saxla, dinim-imanım mənim.

 

Qoyma ürəyində arzu pasdana,

Göz yaşından tər yanağın isdana.

Dikilsin yoluma gözün mastana,

İstəkli sevgilim, cananım mənim.

 

Uzaqdan-uzağa sən məni dinlə

Ucalır avazım hey pillə-pillə.

Yayınmır düşmənə atdığım güllə,

Əyilməz ərlərdir hayanım mənim!

 

Aşıq İdris çox vaxt konsertlərə və toylara balaban ifaçısı  Cabbar Fərzəliyev, dəf ifaçısı Xanbaba Əliyevlə gedərmiş.

Arayışlarda olan məlumatlar və ailə arxivimizdə qorunub saxlanan şəkil də bunu təsdiqləyir. Bu arayışların arasında 1939-cu il 11-ci ay tarixli  sənəd çox maraqlıdır. Orada yazılır: "Basarkeçər rayonunun maarif şöbəsinin nəzdində təşkil olunmuş aşıqlar təşkilatının heyət üzvləri və təşkilat üzvləri: Aşıqlar təşkilatının sədri İdris Məhərrəmov, təşkilatın sədr müavini Bəhmən Qarayev, üzvləri Nəcəf Məmmədov, Talıb Məmmədov, Ziyad Nadirov.

Təşkilat üzvləri:

Hüseyn İskəndərov

Yunus (Babacan)

Kərəm Vəliyev (Pənbək)

Səyyaf Əvəzov

Lətif Hüseynov (Qaraqoyunlu)

Cahad Nağıyev

Qabil Vəliyev (Zərzəbilli)

Cabbar Fərzəliyev (Kəlbəcər)

Xanbaba Əliyev

Mikayıl Nəsibov

Xudu Namazov (Sorucan)

Nağı Bədəlov (Kəsəmən)

Qərib İsmayılov (Zod)

Aşıq İdris haqqında olan 1938-1941-ci illəri əhatə edən Azərbaycan, rus, erməni dilində olan arayışlardan əldə etdiyimiz məlumata görə Aşıq İdris Azərbaycanın şəhər, rayon, kəndlərini qarış-qarış gəzərək zəhmətkeş xalq qarşısında konsertlər vermişdir.

Bu arayışlardakı maraqlı faktlardan biri də odur ki, orada qeyd olunan yer adları Azərbaycan adlarıdır. Lakin bədnam qonşularımız sonradan o yer adlarını dəyişib erməniləşdiriblər.

 Bu arayışlardan bizə məlum olur ki, o, ən çox Kəlbəcər, Qubadlı, Laçın, Zəngibasar, Tərtər, Goranboy, Ağcabədi və s. rayonlarda olmuşdur. Həmçinin bu sənədlər onun Basarkeçər rayonunun aşıqlar birliyinin sədri olmasını, incəsənət xadimi fəxri adının verilməsini  də təsdiqləyir. Aşıq İdrisin vala yazılmış səsi də olduğunu söyləyirlər. Rəhmətlik atam Bahadur müəllim söyləyirdi ki: "uşaq yaşlarımda evimizdə qrammofonda atamın səsi yazılmış vala dəfələrlə qulaq asmışam". Biz səsyazma arxivinə müraciət etdik. Təəssüflər ki, nə bu val, nə də Aşıq İdris hqqında heç bir məlumat əldə edə bilmədik.

Nənəm Zərnişan xanımın söylədiyinə görə, babam Aşıq İdris tez-tez İrana, Türkiyəyə də səfər edərmiş. Bu ölkələrdə tikilən evləri görən babamız ilk dəfə olaraq Göyçə mahalında, yəni Zərkənddə ikimərtəbəli daş ev tikdirib. Təəssüflər ki, indi bu evlərdə bədnam qonşularımız yaşayır. Evin yerləşdiyi  ərazini isə kilsə ediblər.

Aşıq İdrisin iki qardaşı olub: Yunus və Ələs. Qardaşı Yunus da İkinci Dünya müharibəsinə gedib və 1943-cü ilin fevral ayında itkin düşmüşdir.

Aşıq İdrisin 7 övladı olub: Maral adlı bir qızı, Şəmdin, Xasay, Surxay, Bahadur, Qəzənfər, Məmməd adlı 6 oğlu. Qızı Maral atasının qara xəbərini eşitdikdə, bu acı xəbərə dözməyib 12 yaşında vəfat edib. Həyat yoldaşı Zərnişan xanım altı oğlunu min bir əzabla böyüdüb, oxudub, evləndirib, oğul-uşaq sahibi edib, oğlanlarından ikisinə ali təhsil verib. Oğlu Bahadur əvvəl Politexnik texnikumunun, sonra isə Politexnik universitetinin mexanika bölməsinin "Avtonəqliyyat" fakültəsini, kiçik oğlu Qəzənfər isə BDU-nun geologiya fakültəsini bitirmişlər. Oğlanlarından Surxay və Qəzənfər sazda, Bahadur isə qarmonda həvəskar ifaçı kimi çalmağı bacarırdılar. Bahadur aşıq havalarını qarmonda özünəməxsus gözəl bir tərzdə ifa edərdi. Bahadurun riyaziyyat elminə hədsiz dərəcədə marağı olub. 1977-ci ildən başlayaraq, "Riyaziyyatdan şifahi vurma qaydaları" əsəri üzərində işləyərək 1987-ci ildə "Maarif" nəşriyyatında ilk kitabını nəşr  etdirmişdir. 2002-ci ildə isə bu əsərini daha da təkmilləşdirib ikinci bir kitabını da nəşr etdirmişdir. Amansız ölüm Bahadur müəllimin arzularını yarımçıq qoydu. Yazdığı əsəri müdafiə etmək ərəfəsində vaxtsız (2002-ci il 8 dekabr) dünyasını dəyişdi.

Bahadur müəllimin oğlu Natiq isə sazda yaxşı ifaçı olmasa da, bu gün nağarada mahir ifaçılardan biridir.  2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"nu yaratdı və bununla da yeni azərbaycan nağarasının və rtmlərinin əsasını qoydu. Azərbaycan qədim musiqi aləti olan nağaranı həm milli, həm də beynəlxalq ritm alətləri ilə sintez edərək dünya miqyasında  tanınmasına nail oldu. Azərbaycan ritmlərinin sayının dəfələrlə artmasında böyük zəhməti oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 17 sentyabr 2007-ci ildə əməkdar, 27 may 2018-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına  layiq görüldü.

 

Bəşər övladı həmişə öz keçmişinə, yaddaşına qırılmaz tellərlə bağlı olub. Bu indi də belədir, həmişə də belə olacaq. Yaddaşı olmayan xalqın gələcəyidə ola bilməz. Yaddaş dünənlə bu gün, başqa sözlə desək, gedənlə gələn arasında körpüdür - mənəvi körpü. Vətən uğrunda canından keçən insanların xatirəsini yaşatmaq bizim üçün müqəddəs bir işdir. Bu insanların ruhu qarşısında baş əyir, onlara Uca Yaradandan rəhmət diləyirik.