İmamverdi ÖLMƏZ (Zeynalov) - 75

Bədirə Rza Həsənqzı,  AYB-nin üzvü, şair -publisist

 

Səmalar çəmənə gül-çiçək səpər,

Gözlərin bu eşqin əzabın çəkər...

Həsrətin qəlbimi  dağıdar, sökər,

Oyan, gözlərinə  qurban olduğum!

İmamverdi ÖLMƏZ

 

Şeir, sənət ocağıdır yurdumuz. Bu sənət aləminin sorağı ilə yola çıxdıqda nə qədər ümman duyğulu  insanlarla  rastlaşırıq, xatırlayırıq, yad edirik. Onların həyat səsi, təcrübəsi sanki tarixin izi kimi görünür bizə, gah kövrəlir, gah sevinir, gah kükrəyir, gah da ki, həzin nəğməyə dönür...

 

Səmalar qoynuna misralar yazdım,

Sanırdım dünyada bahardım, yazdım.

Əbədi yurdumu əlimlə qazdım,

Torpaqdan-torpağa enmişəm indi...

İmamverdi Ölməz

 

Elə bu sənət dünyasından söz açmaqda məqsədim də rayonumuzun ədəbi mühitində özünəməxsus yeri olan İmamverdi müəllim haqqındadır. Yaxın vaxtlarda ömrünün 75 illik yübileyini qeyd edəcəyimiz İmamverdi Ölməz tək  Neftçala rayonunda deyil, eyni zamanda respublikamızın ədəbi aləmində öz dəst-xətti, ədəbi nümunələri  ilə tanınan şair, yazıcı, publisistdir. Bu günə qədər on yeddi kitabı çap olunan müəllifin "Muğanın ağsaqqalı", "İlk eşqin nağılı", "Kölgəsiz  sədalar", "Payız əfsanəsi", "Müsafir eşqi və mələklər", " Məhəbbət lövhələri", "Dünyanın  sonu", "Uçan mələklər və səma sevgisi", "Gözlər nigaran", "Səma yağışı", "Bizi  bağışla ölüm" və b. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Oxucu marağını  yaradan, onların  fərqli zövqlərinin çalarını ustalıqla duyub, ifadə edən müəllif istər şeirlərində, istərsə də roman və povestlərində həyat, əbədiyyət, ulu sevgi, səxsiyyəti dəyərləndirən ideyalarla çıxış edərək müsafirini yaşadığımız dünyanın sonsuzluğuna qədər apararaq, fikir, düşüncə ümmanında bir səyyaha çevirə bilmişdir.

Imamverdi ÖLMƏZ (Zeynalov İmamverdi Ağamməd oğlu)  01 iyul 1945-ci ildə Neftçala rayonunun Dördlər  kəndində anadan olmuşdur. Ulu babaları XVIII əsrin əvvəllərində Qərbi Azərbaycandan  köçüb bu ərazilərdə yurd salmışdılar. İmamverdi müəllim 1961-ci ildə orta məktəbi, 1963-cü ildə pedaqoji məktəbi bitirmişdir. Məhz  həmin  ildən pedaqoji  fəaliyyətə  başlamışdır.1965-1970-ci  illərdə  ADPİ-nin tarix fakültəsində təhsilini bitirmişdir.1960-cı ildən bu günə kimi respublika mətbuatında bədii yazıları ilə çıxış edir.

1987-ci ildə İmamverdi Ölməzin Azərnəşrdə Xalq şairi Süleyman Rüstəmin ön söz yazdığı "Muğanın ağsaqqalı" povesti  çapdan çıxmışdır.  Ümumiyyətlə, bu günə qədər İmamverdi Ölməzin 17 əsəri, şeirləri, roman, povestləri, esseləri, novellaları işıq üzü görmüşdür. Yaradıcılığının ilkin mərhələsində  İmamverdi Ölməzin qələm nümunələrinə, yaradıcılığına  Xalq şairi Süleyman Rüstəm, Xalq şairi Qabil, Xalq yazıçısı İsmayıl Şıxlı yüksək  qiymət vermişdir.

İmamverdi  müəllim həmçinin,1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 1990-cı ildə Bakı faciəsinin,1990-cı il 25 yanvar Neftçala qırğınının ən fəal iştirakçısı olub. Müstəqillik uğrunda mübarizədə iki dəfə həbs olunmuş, dəhşətli əzablara məruz qalmışdır. 20 yanvar  əlili,  Prezident   təqaüdçüsüdür, AYB-nin üzvü, habelə, Respublika "20 Yanvar" Cəmiyyətinin  üzvüdür. Hal-hazırda İmamverdi ÖLMƏZ ədəbi-bədii, ictimai-siyasi fəaliyyətini davam etdirməklə, rayon qəzetində, respublika mətbuatında bədii yazıları ilə çıxış edir. Yeni-yeni əsərlər yazıb yaradır. Bu gün də qələmi ilə mənəvi mühitimizin kamilliyinə xidmət edən hörmətli yazarımız hal-hazırda sayca 18-ci kitabı - "İntizarın sonu"povesti üzərində işləyir. Əsər Qarabağ uğrunda  döyüşlərdə iştirak edən Şəhid oğullar və Qazilərimizin həyatından bəhs edəcəkdir.

 

Bu ocağa

 

Dünya  səndə  gözüm qaldı,

Deyilmə

yən  sözüm qaldı,

Kərəm idim, közüm qaldı,

Yanıb gəlləm bu ocağa.

 

Yaşım ötüb, yaşa çatmaz,

Düşən kirpik qaşa çatmaz,

Hansı dövran başa çatmaz?

Anıb gəlləm bu ocağa.

İgid qəddin zaman əyər,

Acı sözlər qəlbə dəyər...

İmkan varmı, ömrə qədər?

Dönüb gəlləm bu ocağa.

 

Keçə bilsəm hər ocaqdan,

Xilas olaq dərd-bəladan.

Ümidimiz tək Yaradan,

Sanıb gəlləm bu ocağa.

 

Uca  taxtı  görən kimdir?

Pillə-pillə hörən  kimdir?

Min il ömür  sürən  kimdir?

Enib gəlləm  bu  ocağa.

 

Ölməz deyər, Vətən gözəl!

Gül-çiçəyi  bitən  gözəl!

İstəyinə  yetən  gözəl,

Bir  gün  gəlləm   bu ocağa!

Bir  gün  gəlləm  bu ocağa!

İmamverdi Ölməz

 

Çox hörmətli şair, yazıçı, publisist  olan  İmamverdi Ölməzə 75 illik yubileyi münasibətilə cansağlığı,  xoş  günlər arzu edir, qəlbindən keçən bütün istəklərinin gerçəkləşməsini Uca Allahdan diləyirik.