Dağ başından axan bulaq

Babalarına böyük sevgilərlə: Nuranə, Suada, Dinara

Seyid ocağının varisindən yazan qələm adamının haqq-təaladan izni olmalı, təbinin gəlməsinə, deyilməmiş, dərilməmiş pak sözünün ardıcıllığına qəlb gözüylə nur çiləməlidir…

Budur! Pünhan duyğular içində xəlvət zikrlərlə - fanidən baqiyə boylanıram. Haqqı nahaqdan seçməyi bacaran, həyatın qaranlıq mərtəbələrini saf əməli ilə aşan fərzli söz sahibi, arif adam Seyid Əliyev Ənvər Mir-Abbas oğlu barəsində söz açacağam…

 

 

Adını əbədiyyətin tarixinə Qələmlə yazanlardan fərqli - ruhi cəsarətinin təcəssümü geniş olan uca Allahın seçdikləri var.

Ənvər həkimin loğmanlığının mahiyyəti; bütün iradəsini səfərbər etməsində, böyük enerjisini insanların xeyrinə xidmətə yönəldə bilməsindədir. Onun qüvvətli iradəsi ilə imanlı etiqadı harmoniya təşkil etdiyindəndir ki, əngəllərə dirəniş ilə sınaqlardan çıxa bilib. Müşküllü yolları aşaraq çilələri Allah eşqi ilə keçib.

Müdriklər buyurur ki, SƏBR edənlər arınaraq saflanar, ən çətin sınaqlardan keçər, ən gözəl əməlləri ilə Uca Göyün - Ərzin Yeddinci Qatına yüksələr.

ƏNVƏR həkimi tanıyanlar deyir ki, bu müdrik loğman həmişə nəfsinin əksinə gedib. Loğman məharətilə hər kəsi heyrətdə qoyub. Ömrünü ölümlə döyüşə həsr edib. Yüzlərlə, minlərlə insana yeni həyat bəxş edib.

 

Bu alagöz, enli kürək həkimin,

Doğmalıq saçılan pak nəfəsinin.

Qırılan neyronlar, tel rizə-rizə,

Ömür bəxş eyləyər hər birimizə…

 

Düz yüz il əvvəl, 1920-ci il martın 3-də dünyanı öz gözəlliyi ilə heyran qoyan, yeraltı, yerüstü sərvətilə cəlb eləyən Bakı şəhərində anadan olub. 174 saylı orta məktəbdə təhsil alıb. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1948-ci ildə müalicə-profilaktika fakültəsinin tam kursunu bitirib.

 

Ömür yolu əfsanəvi bir dastandır,

Ənvər həkim Dədə-Qorqud yaşındadır.

Ömrü-günü böyük yolun başındadır,

Bir Sərv kimi Şərqdən doğan İbn-Sina…

 

Gələn odur! Ağ xalatlı Ənvər həkim,

Ön cibində fonendeskop, iftixarla adın çəkim…

Yüz şamdanın ucundakı qızıl oda,

Əməkdarlıq yaraşıqdır, bu sədaya, həm bu ada…

 

Təbabətin bir adı da yaradıcılıqdır. İnsan bədənindəki toxumaların loğman bıçağı ilə arınıb, təmizlənməsinin möcüzəsi…

Xəstələrin nicatına gələn Loğmanın fövqəlliyinin əlamətlərinin inikasına neçə milyon söz içindən ən səmimi söz seçirik, and içirik. O, ömrünün yüzüncü mərtəbəsinə Azərbaycana, Azərbaycan kişisinə layiq qalxıb. Ənvər həkimin ömür yolu əfsanəvi bir dastana bənzəyir. Öz gücünü Astarada, Zəngilanda göstərdi. Fərabi, İbn-Sina kimi qüvvəsini sınadı. Bir ömrə sığa bilməyən olumla-ölümlərin arasından bir ruh kimi yenidən Ərşə ucaldı.

Təbabətin sirli yollarında ilk addımlarını (indiki klinik xəstəxanada) baş həkim Mustafa bəy Topçubaşovla birgə atıb. Bu da Tanrının lütfüdür.

 

Sağlam bədəndə  sağlam ruh olar

 

Həyatının mənasını gəncliyindən gözəl anlayan gələcəyin loğmanı təbabətin tarixini mərhələ-mərhələ mənimsədi. Bəzən fiziki, bəzən də psixoloji cəhətdən yorulardı. Lakin ondakı süstlüyü tibbə, səhiyyəyə olan böyük sevgi bərpa edirdi. Özünəinam təbabətin cazibədarlığını duydurardı…

 

Xəstəlikdən xilas üçün gələnlər,

Yol yorğunu, ürəkləri gedənlər

Alırdı dövrəyə Ənvər həkimi,

Şəfqət duydururdu, sözü səmimi…

 

İnsan hissləri şüurun inkişafıyla doğur. Əslini bilənə nəsil şəcərəsindən qanla gələn bağlılıq gözəl hisslər oyadır. Seyid ocağının oğul övladı, Loğman oğlu Ənvər həkim xoş xasiyyəti ilə zatına çəkdiyindən ruhu ətrafını günəştək isidirdi. Nəsli-kökü minilliklərdən gələn atası Mir Abbas ağanın soykökünə layiq nüfuz qazanmışdı. Mübarək kitabımız Quranda buyurulduğu kimi: "Anadan olandan ölənə kimi oxu".

Nəsil şəcərəsi aydın bilinən, kamalat, fəzilət dərslərini atası Mir Abbas ağadan alan Ənvər həkimin adının önündə yazılan və çəkilən Seyid onu mənəvi məqamlara ucaldıb.

Yüz yaşın fövqündə Seyid Ənvər Ulu Zatından pak-pakizə yaradılıb. Əhli-beytə şamil və yönəlməsi İlahi həqiqətdəndir. Bu xislətli insanlar daim çiyinlərindəki ağır yükləri şərəflə daşıyarlar. İlahidən yönələn bu haqqın daşıyıcıları - davamçıları olar. Bu baxımdan Seyid Əliyev Ənvər Mir Abbas oğlunun yolunu oğlu davam etdirir.

 

DAVAM…

 

Ötən əsrin başlanğıcında dünyaya gələn, pərvəriş tapan, uğur qazanan Seyid Əliyev Ənvər həkimin yolunu, XXI əsrdə Seyidəliyev Emin Ənvər oğlu davam etdirir. O, təkcə ailəsinin, nəslinin fərəhi deyil, həm də onu sevənlərin - həmkarlarının, dostlarının, qohumlarının bilavasitə pərəstişkarlarının inam, etibar, nüfuz qaynağıdır.

Təbabətin loğmanı kimi sevilir, tanınır. Seyid ocağının nəvələri Nuranə, Suada, Dinara babalarına layiq zirvəyə doğru yolun parlaq başlanğıcdadırlar. Uğurlar olsun!

Yüz yaşayın!

Babanızın örnək həyat yolu hər birinizə nümunə olsun, uğur bəxş etsin.