"Xəzan yarpaqları"

Qədir Tərtərli

Bu günlərdə "Adiloğlu" nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin üzvü  Qədir Tərtərlinin "Xəzan yarpaqları" kitabı işıq üzü görüb. Müəllifin sayca 7-ci olan bu kitabına onun müxtəlif illərdə yazdığı şeirləri, xatirələri, məqalələri və Moskvada təhsil aldığı illərdə yazılmış gündəlikləri daxil edilib. Qədir Tərtərlinin səmimi duyğularının yer aldığı bu kitabın oxucular tərəfindən sevgiylə qarşılanacağına inanırıq.

 

NƏYİMƏ GƏRƏKDİ?

 

Gözəllikdir məftun edən insanı,

Ondan duyub zövq almayan de, hanı?

Gül-çiçəyi bəzəmirsə bağçanı,

Gül-çiçəksiz yaz nəyimə gərəkdi?

 

Söz sözdürsə, gərək elə söz olsun,

Üz göstərsən, elə göstər üz olsun.

Dildən çıxıb deyilirsə, düz olsun

Baş aldadan söz nəyimə gərəkdi?

 

Pozulmasın gərək heç vaxt söz andı,

Yadımdadır ustadımın öz andı.

Simlərinə toxunmayın, amandı,

Ədalətsiz saz nəyimə gərəkdi?

 

BELƏ QOCALASAN QOCALAN ZAMAN

 

Qocalıq Allahın ömür payıdı,

Belə qocalasan qocalan zaman.

Şahlıq zirvəsidi, şah sarayıdı,

Belə qocalasan qocalan zaman.

 

Nə gözün tor görə, nə əlin əsə,

Dişlərin hər şeyi bıçaqtək kəsə.

Möhtac olmayasan heç vaxt heç kəsə,

Belə qocalasan qocalan zaman.

Huş başdan getməyə, ağlın çaşmaya,

Təhnizin, töhmətin həddin aşmaya,

Sözü düz deyəsən, dil dolaşmaya,

Belə qocalasan qocalan zaman.

 

Əsl örnək ola sözün, söhbətin,

Arta gündən-günə şanın, şöhrətin.

Qazana biləsən el məhəbbətin,

Belə qocalasan qocalan zaman.

 

KÖNLÜMƏ KƏLBƏCƏR  HAVASI DÜŞÜB

 

Bu gecə Kəlbəcər yuxuma girib,

Könlümə Kəlbəcər havası düşüb.

Sərin bulaqları, suyu bir yana,

Könlümə Kəlbəcər havası düşüb.

 

Şəfalı əllərin şəfası kimi,

Təbibin, loğmanın davası kimi,

Murovun, Kəpəzin havası kimi,

Könlümə Kəlbəcər havası düşüb.

 

Susuz torpaqlara qar düşən kimi,

Yarının yadına yar düşən kimi,

Xəstənin könlünə nar düşən kimi,

Könlümə Kəlbəcər havası düşüb.

 

Dolansın dağları, ya düzü gəlsin,

Kimsədən xəbərsiz dan üzü gəlsin.

Mən gedə bilmirəm, qoy özü gəlsin,

Könlümə Kəlbəcər havası düşüb.