BİR AZ ÖZÜM HAQDA…

Hüseynbala MİRƏLƏMOV

1953-cü ilin avqust ayı idi. Lənkəranın yandırıcı istisinin yaratdığı ovqat sanki indi də canımdadır. Rəhmətlik atam Fazil kişi məni yanına salıb dərs ləvazimatı almaq üçün dükan-bazarı gəzdirirdi. Böyük bazarda atamın tanışlarından biri ondan soruşdu:

- Fazil kişi, hara belə, bu uşağı istidə niyə yanına salıb gəzdirirsən?

- Sentyabr yaxınlaşır, Hüseynbala bu il birinci sinifə gedəcək. Pal-paltar, çanta-manta alıram.

Kişi istehza ilə gülərək:

- Gözlə, sənin oğlun oxuyub nazir olacaq. Əşi, uşağı bu istidə incitmə, nə məktəbbazlıqdı…

Sentyabr ayında 3№-li şəhər orta məktəbində I sinfə getdim. Artıq o hadisədən düz 61 il keçib, hələ də o kişinin sözlərini unuda bilmirəm. Şükürlər olsun ki, 1988-1992-ci illərdə Mən Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədrinin birinci müavini, bir ildən artıq isə sədri (naziri) əvəz etmişəm. Atamın tanışının sözlərini isə heç vaxt unuda bilmirəm.

Rəhmətlik atam necə də uzaqgörən, necə də qayğıkeş imiş…Bəlkə də atam daxilən mənim nazir və ya yazıçı olmağımı arzulamışdı. Onun arzusu çin olmuşdu...

Həyatımda unudulmaz günlər çox olub. Ancaq 1953-cü il martın 5-i tarixini də heç vaxt yaddan çıxara bilmirəm. Həmin günü "Avrora" çay sovxozundakı Parakəndə qohumlarımgilə getmişdim. Tutqun, soyuq 5 mart günü idi. Arvadları, kişiləri kədərli, mükəddər gördüm. Hamı ağlayırdı. Biz uşaqların heç vecinə də deyildi. Atılıb-düşürdük, oynayırdıq. Sonralar böyüdükcə o unudulmaz günü yadıma salır və insanların niyə ağladıqlarının səbəbini aydınlaşdırırdım. Sən demə, o gün Stalin ölübmüş… İndiyə qədər hələ də mənə aydın deyil ki, insanlar düzmü eləyib ağlayırdılar, yoxsa yox?! Çünki o kişi haqqında o qədər ziddiyyətli fikirlər gəzir ki, bilmirsən hansı düzdü, hansı səhvdi?

Xülasə, 5-ci sinfi bitirmişdik. Yayda evimizə bir müəllimə gəlib dedi ki, bu ildən təzə məktəbdə - 2 №-li məktəbdə oxuyacaqsınız. Oxuduq o məktəbdə. Orta məktəbdə oxuduğum illərdə "Azərbaycan pioneri" qəzeti ilə çox sıx əməkdaşlıq edirdim. Demək olar ki, qəzetin hər sayında yazılarım dərc olunurdu.

Qələbə! VII sinifdə oxuyarkən "Bir tikə çörək" adlı ilk hekayəm Lənkəranda çıxan "Leninçi" qəzetində dərc olundu. Sevincimdən rahatlıq tapa bilmirdim. Bax, beləcə "Bir tikə çörəy"in dadına baxa-baxa ədəbiyyatın astanasına qədəm basdım. Və 1964-cü ildə orta məktəbi gümüş medalla bitirdim. Ali məktəbi Leninqradda oxumaq eşqi ilə alışıb-yanırdım. Təəssüf ki, oradan əliboş qayıtdım. Dedilər ki, Bakıda ali məktəblər yoxdu məgər, sən bura gəlmisən? Rus dili imtahanında imladan yağlı bir "2" yazdılar mənə…

Həyatımda ən unudulmaz hadisələrdən biri də doğulduğum Lerikin Nuravud kəndindən Novruz bayramı günü Lənkərana köçməyimiz olub.

Təəssüf ki, bunu tam xatırlaya bilmirəm. Çünki o vaxt mən hələ anamın qucağında olmuşam.

Mən bütün şüurlu həyatımı Lənkəran şəhərində yaşamışam. Lənkəranı doğma anam qədər sevirəm.

...Tərcümeyi-halımı bəzəyən o qədər maraqlı hadisələr olub ki: 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil oldum. 1970-ci ildə oranı bitirdim. Onu da deyim ki, oxuduğum müddətdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi, baş ədəbi işçi vəzifələrində işləmişəm. Çoxlu pul qazanırdım...

Ali təhsilimi başa vurduqdan sonra Kalininqrad vilayətindəki Baltisk şəhərində hərbi qulluqda olmuşam. Hərbi qulluğu bitirdikdən sonra iş ustası vəzifəsindən, ta Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini və bir ildən artıq sədri (naziri) əvəz etmək kimi məsul vəzifələrə qədər yüksəlmişəm. Onu da deyim ki, Azərbaycanın qaz təsərrüfatında az da olsa əməyim olub.

Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi 1992-ci ildə vəzifəmdən getməli oldum. Dedilər: yaramırsan!

Həqiqət tezliklə öz yerini tapdı. 1998-ci ildən başlayaraq 10 il müddətində Azərbaycan Qaz Emalı Zavodunda direktor vəzifəsində çalışmışam. Sonradan, yəni, 2005-ci ildə 3-cü çağırış, 2010-cü ildə isə 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinə Xətai rayonunun 33 saylı birinçi seçki dairəsindən deputat seçilmişəm.

Təbii ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvüyəm. Texnika elmləri doktoruyam. Professoram. Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Akademiyasının həqiqi üzvü seçilmişəm. Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki Doktorluq Müdafiə Şurasının sədriyəm.

Həmin ali məktəbdə "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiriyəm. 60 elmi və tədris-metodiki işin, onlarla bədii və publisistik kitabların müəllifiyəm. Səkkiz bədii televiziya filminə ssenari yazmışam.

Yazıçılar Birliyinin üzvüyəm. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2008-ci ildən isə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri seçilmişəm.

Ailəliyəm, dörd övladım var.

 

* "Qırmızı Əmək Bayrağı" ordeni (1980-cı il)

* Azərbaycan Respublikasının "Əməkdar Mühəndisi" (2010-cu il)

* MDB üzrə 100 direktorlar müsabiqəsinin 8 dəfə qalibi ( 1999-2007-ci illər)

* Əməkdə fərqlənməyə görə Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" Qızıl medalının laureatı

* "Qızıl Qələm" mükafatı

* "Qızıl Dərviş"mükafatı

* "Qızıl Kəlmə" mükafatı

* Azərbaycan Yazıçılar Birliyinin "Yaddaş" mükafatı

* "Rəsul Rza" beynəlxalq mükafatı

* "Akademik Yusif Məmmədəliyev" adına beynəlxalq mükafatı

* "Akademik Həsən Əliyev" adına beynəlxalq mükafat laureatı

* "Uğur Zirvəsi" mükafatı

* "İlin Yazıçısı" mükafatı (2012-ci il)

* Rusiya Federasiyasının "A.H.Kosıgin" mükafatı laureatı

* Rusiya Federasiyasının "Yuriy Dolqorukiy" adına mükafatı

* 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

* 2016-cı ilin fevral ayında Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDUEA) qərarı ilə "Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı" ilə təltif olunub.

* "Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi (1918-1920)" yubiley medalı (2019)