“Görkəmli adamların həyatı” silsiləsindən...

Hüseynbala Mirələmovun

 

Mehriban

Dünyaya gələrkən doğmaları ona da gözəl bir ad fikirləşmişdilər: Mehriban.

Adətən, Azərbaycan ailələrində körpələrə qoyulan adlar müxtəlif motivlərlə bağlı olur. Ad əcdadlara hörmət ruhunu təcəssüm edir, körpənin dünyaya gəlişi ilə yaranan emosional ovqatı məzmununda sərgiləyir, əvvəl də qeyd etdiyimiz kimi, körpənin sabahı ilə bağlı ümidlərə nur saçır və s.

1964-cü ilin ilıq bir yay günündə iki gənc Azərbaycan aliminin ailəsində dünyaya göz açmış ikinci qız övladına qoyulan Mehriban adı isə dünyaya, insanlığa ünvanlanmış nəcib bir ismarıc idi.

Mənşəcə fars dilinə aid olsa da, əsrlər əvvəl Azərbaycan dilinə keçib, ana dilimizdə də ümumişləklik qazanmış Mehriban sözü "çox yaxşı münasibət bəsləyən", "səmimi", "mehr bəsləyən", "şəfqətli", "xoş rəftarlı" mənalarını verir. Bu adın mayasında dayanan mehr sözüdür ki, bu söz də sevgi, məhəbbət deməkdir.

Könlün xoş isə, təbəssüm eylə!

Mehrin var isə, tərəhhüm eylə!

Füzuli

Mənə ol mahimehrim yəqinimdir ki, ram olmaz;

Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz.

S.Ə.Şirvani

 

Mehribanlıq ötəri halət deyil, qəlbdəki işığın, artan məhəbbətin, şəfqətin, insana və dünyaya əbədi sevginin meyvəsidir.

Aşıq Ələsgərdən xatırladığımız bu lirik incidə ifadə olunduğu kimi:

Can deməklə candan can əskik olmaz
Məhəbbət artırar mehriban eylər.
Çor deməyin nəfi nədir dünyada
Abad könülləri pərişan eylər.

 

Mehriban sözünün daşıdığı mənalar, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai obrazına çox uyğun gəlir.

Və əgər son onillikdə Azərbaycan ailələrində yeni dünyaya gəlmiş qız övladlarına qoyulan adların statistikasını nəzərdən keçirəsi olsaq, Mehriban adının Azərbaycan insanlarının qəlbinə necə doğmalıqla nüfuz etdiyini, öz ilkin mənalarından əlavə həm də mərhəmət, xeyirxahlıq, nəciblik, arzu, ümid məzmunu ilə assosiasiya olunduğunu görəcəyik.

Bu, əsərimizin qəhrəmanının öz həyat və fəaliyyət tarixi ilə valideynlərinin bir zamanlar ona yaraşdırdıqları Mehriban adına qazandırdığı yeni taledir.

***

Azərbaycan ədəbi ictimaiyyətinə, oxucularına, elm və ictimai mühitinə özünün istedadı, dünyagörüşü, Heydər Əliyev ideyalarına, irsinə, əməllərinə, böyüklüyünə, ucalığına sədaqəti, əqidəsi ilə yaxşı tanınan yazıçı-dramaturq, ictimai xadim, millət vəkili Hüseynbala Mirələmovun rusiyalı yazıçı Viktor Andriyanovla birgə yazdıqları "Qeydar Aliev" kitabı dahi şəxsiyyətin irsinin, fəaliyyətinin öyrənilməsinə ən gözəl töhfədir... Onu da xüsusi qeyd etməyi vacib hesab edirəm ki, Hüseynbala Mirələmov yazıçı-dramaturq, publisist kimi böyük istedad sahibidir... H.Mirələmov və V.Andriyanovun Heydər Əliyev haqqında monumental əsəri tarixilik, müasirlik baxımından çox qiymətlidir... Hüseynbala Mirələmov və Viktor Andriyanov ulu öndərimiz Heydər Əliyevin tarixi şəxsiyyət kimi xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş məcmusunu çox böyük istedad və yazıçılıq səriştəsi ilə vermişlər.

 

Mehriban Əliyeva,
Azərbaycan Respublikasının birinci Vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili