Görkəmli adamların həyatı silsiləsindən “Missiya” kitabının ön sözü

 Şeyxülislam  Prof.dr. Allahşükür PAŞAZADƏ,  Qafqaz Müsəlmanları İdarəsinin sədri

BISMİLLAHİR-RƏHMANİR- RƏHİM!
Müqəddəs dinimizin bizə təlqin etdiyi ən böyük dəyərlərdən biri - bəşərin qiymətli varlığı olan anaya və qadına verilən qiymətin yüksəkliyidir. Təsadüfi deyil ki, Kitabımız Qurani-Şərifdə qadınların Allah nəzərində və bəşəriyyətdə mövqeyi barədə müqəddəs ayələr nazil olmuş, Peyğəmbərimiz Muhəmməd salavatullahın məşhur təbiri ilə ""Cənnət anaların ayaqları altındadır" ifadəsi dinimizin qadına verdiyi önəmi təsdiqləmişdir. Həqiqətən, bizim xalqımız üçün böyük fəxarətdir ki, belə kamillik zirvəsinə yetişən nadidə qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,  UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların Xoşməramlı səfiri Mehriban xanım Əliyeva vardır.


Hər bir millətin mədəniyyəti - onun mənəvi həyatını təşkil edən dəyərlərin toplusudur. Din, elm, incəsənət, etnoqrafik adət-ənənələr cəmiyyətin mədəniyyət xəzinəsinin müstəsna parçalarıdır. Əgər biz tariximizə nəzər salsaq, milli-mənəvi dəyərləri yaşadan, qoruyan və dünya mədəniyyətinin ayrılmaz parçasına çevirən şəxsiyyətlərimizin böyük fədakarlığının şahidi olarıq. Qeyd etməliyəm ki, Qafqazın müsəlman ümməti içərisində belə fəzilətlərə malik olan Azərbaycan xanımlarının bəşər tarixində xüsusi yeri və dəyəri vardır. Mehriban xanım Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər onun Sara xatun, Tomris, Aləmşah bəyim, Natəvan, Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mükəmməl şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir. Məhz bu məziyyətlər Mehriban xanım haqqında söz söyləmək istəyən hər bir şəxsin düşüncələrinin ana xətti ola bilər.
Mehriban xanım Əliyevanın yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir və bir Şeyxülislam kimi mənim üçün çox önəmlidir ki, qloballaşan dünyamızda müsəlman qadını haqqında yanlış düşüncəni ortadan qaldıran, qadını islami dəyərlərdəki ucalıq zirvəsinə yetirən qüvvə, Allahın bir neməti olaraq bizim birinci xanımımızda cəmləşmişdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində gördüyü işlər bir azəri xanımın dünyaya bəyan etdiyi yüksək tolerantlığın nümayişidir. Mehriban xanım bu gün dünyamızın xilası kimi görünən tolerantlığı, millətlər və dinlər arası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırır.
Böyük və nəcabətli ailə ocağının qızı, gəlini, xanımı və anası olan Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bu gününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını görürük. Əslində Mehriban xanım öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai xadim zirvəsini xalqın könlündə fəth etmişdir.
Tarixi dəyərləndirmək - özü də bir tarixdir. Şadam ki, Mehriban xanım haqqında kitab yazmaq fikri uzun illərdən bəri tanıdığım qələm sahibi, millət vəkilli Hüseynbala Mirələmova nəsib olmuşdur. Mehriban xanım Əliyeva kimi bir şəxsiyyət haqqında kitab yazmaq - onun tarixi missiyasını dərk etmək deməkdir.
Əminəm ki, xalqımızın, dövlətimizin yüksək nüfuzu və tərəqqisi naminə bu qədər layiqli işlər görən, təqdirəlayiq fəaliyyət göstərən nəcib insanları Allah-taala özünün kəraməti ilə, tarix isə əbədi minnətdarlıq yaddaşı ilə mükafatlandıracaqdır. Vəssalamu əleyküm və rəhmətullahi bərəkatuh.