DEYİLƏN SÖZ YADİGARDI

Tanınmışlar Hüseynbala Mirələmov haqqında

Çingiz Aytmatov, Xalq yazıçısı:

 

"İndi biz Azərbaycanın tanınmış yazıçı-dramaturqu Hüseynbala Mirələmovla bir yerdəyik… Mən dostluqda dəqiqliyə, həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymət verən adamam. Bu mənada Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik… Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm".

 

Bəxtiyar VahabzadƏ, Xalq şairi:

 

Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnət-məkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə, o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq (mənim bu barədə "Utanıram" adlı şeirim var). Əsərinizlə məni bir daha utandırdığınıza görə Sizə təşəkkürlərimi bildirir, axıra qədər oxuya bilmədiyimə görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəlbi və vicdanı olan hər kəs üçün çox ağırdır.

 

Qabil, Xalq şairi:

 

Lənkəranda rəhmətlik Həzrətqulu adlı bir balıqçı dostum Hüseynbala Mirələmovdan danışarkən dedi ki, o, insanlara yaxşılıq etməyə çalışan, əl tutan bir adamdır. Mən bu sözlərin əks-sədasını Bakıda Hüseynbala ilə yaxınlıq edən, onun əsərlərini çap edən, tamaşaya qoyan ədəbiyyat və sənət adamlarından da eşitdim.

Mərhum prezidentimizin il mərasimində Fəxri Xiyabanın girəcəyində küləkli, sazaqlı havada Hüseynbala Mirələmovla qısa təmasımızda söhbət zamanı onun sadəliyini, səmimiyyətini Fikrət Sadıqla, necə deyərlər qaşla-göz arasında hiss etdik.

Yer üzündə yazıçı, şair çoxdur. Hüseynbala da onlardan biridir. Yazıçını bəyənmək də olar, bəyənməmək də. Əsas şərt insanlıqdır ki, bu da mənə görə Hüseynbalanın ən gözəl məziyyətidir.

 

Elçin, Xalq yazıçısı

 

...Mən bu kiçik kitaba toplanmış hekayələri oxuduqdan sonra, birdən-birə Lerik, Yardımlı dağlarını xatırladım, o dağların təmiz, şəffaf ab-havasını xatırladım, Lənkəranın, Astaranın, Masallının - doğma Azərbaycanımızın bu gözəl, ürəkaçan guşəsinin limonlu, narıngi - portağallı bağ-bağatını, qatarla sıralanan düzləri, təpələrin döşlərini bəzəyən çay plantasiyalarını xatırladım, Xəzərin heç yerdə yox, məhz Lənkəran, Astara sahillərində əsən mehini duydum.

Hüseynbalanın bu hekayələr kitabı "Tənha durna uçuşu" ilə başlayır, "Qayıtdı durnalar..." hekayəsi ilə sona yetir.

Nə yaxşı ki, o durnalar, o azad quşlar yenə də doğma torpağa qayıdırlar və mən çox istəyirəm ki, hansı janrda, hansı həcmdə yazmasından asılı olmayaraq, Hüseynbalanın qələmi də zəhməti kimi doğma torpağa, doğma yurda beləcə bağlı olsun.

 

Hadı RƏCƏBLİ, professor

 

Bu gün Hüseynbala Mirələmovun təkcə yazıçı kimi deyil, həm də bir idarə rəhbəri kimi istər respublikamızda, istərsə də vətənimizin hüdudlarından uzaqlarda tanınmasının, seçilməsinin bir səbəbi Tanrının ona bəxş elədiyi istedaddırsa, başqa səbəbi onun iradəsi, zəhmətsevərliyi, prinsipiallığıdır.

Hüseynbala ailədə də, dostluqda da etibarlı, sədaqətli, qaya kimi möhkəm, ancaq son dərəcə incə qəlbli, həssas, kövrək, həm də xeyirxah, səxavətli bir insandır.

 

Səyyad ARAN, yazıçı

 

...Biz yazıçıların çoxu bizi tərpədib yerimizdən oynadan mövzuları tənbəllik ucbatından "bir aydan", "bir ildən sonra yazaram" deyə günləri, ayları, illəri boşuna ötürürsə, Hüseynbala Mirələmov gündüzlər istehsalatda gərgin işdən macal tapmadığından gecələr yuxusuna haram qataraq qələm "yarağını" əlinə alıb ağappaq kağızın önündə həyəcanlı - sanki qarla örtülmüş bəmbəyaz Borodino çölündə döyüşürmüş kimi qəlbini, ruhunu tərpətmiş, təlatümə gətirmiş bəzən coşqun, bəzən həzin, lirik, bəzən fəlsəfi, bəzənsə siyasi-psixoloji düşüncə və hisslərini yazaraq gözəl hekayə, povest, esselərə çevirib oxuculara ərməğan edir.