Sözün adamı

"Azərbaycan" qəzeti

"İndiyə qədər xatirələrimin ayrı-ayrı epizodlarını qələmə almışam. Son illər tez-tez fikirləşirəm ki, daha əyləşib bütün ömrü yazıya çevirmək vaxtıdır axı, niyə yubanırsan?!

 

Ola bilər, Hüseynbala adlı bir Allah bəndəsinin həyatı indi çoxuna maraqsız mətn kimi gəlsin. Amma illər sonra belə mətnlər yaşadığımız dövrü öyrənməkdən ötrü əvəzsiz material olacaq. Ona görə imkanım olsa, hamıdan xahiş edərdim ki, gündəlik yazmağa ərinməsinlər. Baxmayaraq ki, özüm də buna çox az əməl edə bilmişəm. İndi buna görə çox heyifsilənirəm.

Deyəsən, Lermantovun sözüdür. Deyir, əgər bir insanın ömrünü əvvəldən axıra qədər qələmə ala bilsən, bu, böyük bir xalqın tarixindən də geniş və maraqlı alınar. Amma insanın nəinki bütün ömrünü, heç bircə günlük həyatını, düşüncələrini də tam dəqiqliklə yazıya almaq mümkün deyil. İnsan o qədər maraqlı varlıqdır ki..."

 

Sözün işığı

 

O, söz sərrafı, söz xiridarıdır. Sözün ilahi yükünün dəyərini bilir. Bilir ki, bu dünyada əvvəl müqəddəs söz yaranıb. Bu həyatda onu yazmaq qədər məmnun edən ikinci nəsə yoxdur və bu, ürəyinin səsidir...

İnsanın sahib olduğu dəyərləri çox vaxt elə üzündən də oxumaq olur. Xüsusilə adam yaşlananda bu, daha açıq şəkildə özünü büruzə verir. Belələri haqqında deyərdilər ki, "elə bil üzündən nur yağır".

Görünür, ziyalı sözündəki ziya da elə bu nurdan gəlir...

Hüseynbala Mirələmovun çöhrəsində də belə bir işıq var...

Bu, onun uşaqlıqdan bəri könül verdiyi Sözün işığıdır...

Uluların öyüdlərindən, ustadların dərslərindən, elmin-kitabın göstərdiyi yoldan, böyük həyat təcrübəsindən şəxsiyyətində formalaşmış dəyərlərin işığı...

Elə bu işığın nurunda söhbətimizə başlayaq. "Ömür səhifələri" rubrikasının növbəti qonağı Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, yazıçı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmovdur.

Söz onundur...

 

Həyatımı uzun  bir yola bənzədirəm

 

- Bu, bəlkə onunla bağlıdır ki, ömrümün ilk xatirəsi yolla bağlıdır. Hər kəsin ömrünün mütləq ilkin xatirəsi olur, həyat elə o xatirədən başlanır. Mən də həyatımın o ilk anını yaşlandıqca tez-tez xatırlayıram.

1943-cü il... Atam müharibədə ağır yaralanıb qayıtmışdı. O, çox mərd və zirək kişi idi. Necə deyərlər, min əziyyətlə daşdan pul çıxarmağı bacarırdı. Həmişə deyirdi ki, gərək kişinin yorğan-döşəkdə üstünə gün düşməsin, səhər erkəndən durub, ruzi dalınca çıxsın. Onun fərasəti, xırda ticarətlə məşğul olub dolanışıq qurması mərdimazarların xoşuna gəlməyibmiş, işinə pəl vurmaq istəyənlər varmış. Axırda kişi bezib, ailəni Lerikin Nuravud kəndindən Lənkərana köçürmək qərarına gəlir.

İndiki kimi yadımdadır, 1950-ci ilin çiskinli bir mart günü idi. Cəmi beş yaşım vardı. Ev əşyalarımız at arabasına yüklənmişdi. Nuravuddan köçürdük... İki böyük bacım ailəli olduqlarından kənddə qalacaqdılar. Atam və anam da daxil olmaqla ailəmizin yeddi üzvü köçürdü. Biz yola çıxanda bacılarım da gəlmişdilər, ardımızca su atdılar...

Anam yolboyu tez-tez geriyə çevrilib

 yaylığının ucu ilə gözlərini qurulayırdı. Mənsə arabanın yan-yörəsində qaçırdım, dəcəllik edirdim. Qarşımızda uzanıb gedən yol mənə ucsuz-bucaqsız dünya kimi görünürdü...

Və elə o yol sonradan məni ucsuz-bucaqsız dünyaya qovuşdurdu...

Elə bilirəm ki, o yol o vaxtdan bəri heç bitməyib...

 

İnkarı inkar qanunu

 

- Heç zaman maddi cəhətdən imkanlı biri olmağa çalışmamışam. Bu, əsas məqsədim olmayıb. Uşaqlıqdan bəri anladığım tək bir şey vardı ki, insan ona tapşırılan işi məsuliyyətlə, vicdanla görməlidir. Zəhmət çəkməkdən, əziyyətə qatlaşmaqdan qorxmamalıdır. Bu keyfiyyət həmişə başqaları tərəfindən dəyərləndirilir. Kimsə dəstək olur, kimsə irəli çəkir, beləcə, bir də görürsən ki, yavaş-yavaş öz həyatını qurmusan artıq.

İndi baxırsan, ali məktəbdən yenicə məzun olmuş gəncdir, yaxud heç ali məktəb də bitirməyib. İstəyir ki, elə birdən-birə iki günün içində varlansın, hər şeyi olsun. Daha fikirləşmir ki, bunun üçün əvvəlcə özünü təsdiqləməlidir axı.

Bunu bizə tələbə vaxtı dialektik materializm fənnində öyrətmişdilər. Yaşa dolduqca bu qanunun cəmiyyət həyatında da, konkret bir insanın taleyində də necə işlədiyini görürəm. Bu, inkarı inkar qanunudur. İnsan qısa müddətdə həyatını kəskin şəkildə dəyişməyi qarşısına məqsəd qoysa, onda heç nə alınmaz. Hələ bu niyyətlə bəlkə pis yollara düşüb, cinayətlərə meyil salıb bütün ömrünü də puç edər. Amma insan düşünsə ki, məsələn, mənim atam-anam bunları əldə eləmişdi, mən onlardan çox yox, bir azca yüksəyinə can atmalıyam, onda irəli gedəcək. Soruşa bilərsiniz ki, bəs bunun ən yaxşı yolu nədir?

 

Cavabım bu olacaq:  təhsil, təhsil və yenə də təhsil...

 

Baxırsan ki, əqrəblər indi burdadır, amma 5 dəqiqədən, yarım saatdan sonra tamam başqa yerdədir. Necə hərəkət etdiyinin fərqində olmursan. Amma öz həyatını ona uyğun nizamlaya bilirsən. Mən cəmiyyətdə gedən inkişaf proseslərini də buna bənzədirəm. Ən düzgün inkişaf tədricən, ilk baxışdan, hiss edilmədən baş verən və insanlara da bu axına qoşulmağa imkan yaradan inkişafdır.

İndi bir anlıq təsəvvür edək ki, saatı götürüb biqəfil onun əqrəblərini bir neçə saat geriyə və ya irəliyə çəkirik. İnsanların həyatı, düşüncəsi, nizamı, planları isə hələ əvvəlki vaxtdadır. Təsəvvür edin ki, nə baş verər?! Aləm qarışar bir-birinə. Ona görə də hələ heç bir xalq kəskin dəyişikliklərdən xeyir tapmayıb. Cəmiyyətdə də təkamül prosesi getməlidir. Nə çox tez, nə də çox gec. Hər şey öz vaxtında...

 

Ah, indiki gənclər...

 

- Belə şikayətləri öz nəslimin nümayəndələrindən tez-tez eşidirəm. Və gülümsəyirəm. Çünki bilirəm ki, bu mövzu bəşəriyyət yaranandan bəri gündəmdədir. Səhv eləmirəmsə, hətta qədim papirusların üzərində də o dövrün gənclərindən şikayət məzmunlu cümlələr vardı ki, indiki gəncləri görürsən, heç kimi saya salmırlar. Hər yetən kitab yazır və daha nələr...

 

"Atalar və oğullar" problemi  dünya durduqca duracaq...

 

Yadıma öz gəncliyimiz düşür... Ötən əsrin 60-cı illəri idi, çox cavan idik hələ. "Bitlz" qrupunu dinlədiyimiz vaxtlar... Çoxları saç düzümünü, pal-paltarını bu qrup üzvlərinin tərzinə uyğunlaşdırmağa çalışırdı. Rayona, evə gedəndə də görürdün, böyüklər danlayırlar ki, bu nə vid-fasondu belə?!

Mənim aləmimdə uşaqlara da, gənclərə də imkan vermək lazımdır ki, öz həyatlarını doya-doya yaşasınlar. Çünki ömrün hər anı insana cəmi bircə dəfə verilir və o, daha geri qayıtmır. Təbii ki, əxlaq normaları, mental xüsusiyyətlər də unudulmamalıdır. Elə dəyərlərimiz var ki, onlar bizim geridə qalmışlığımız deyil, əksinə, üstünlüyümüzdür. Gənclərə mümkün qədər bu üstünlükləri anlatmaq lazımdır ki, pis təsirlərə düşməsinlər. Dəyərləri qoruyub saxlasınlar. Ağsaqqallara, ağbirçəklərə ehtiram bizdə bir qanundur.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirlən mərasimdəki nitqində Prezident İlham Əliyev bu barədə çox maraqlı fikir söylədi: "Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal", "ağbirçək" sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir".

Bəli, amma gərək ağsaqqallar da öz sözlərinin, hərəkətlərinin ağırlığını qorusunlar. Kiçiklərin yanında bütün günü latayır danışan, qeybət edən, pis əməllərlə məşğul olan, özünü apara bilməyən yaşlı adama inanın ki, heç kim hörmət etməz və etmirlər də...

Ümumən isə gənclərimizdən qətiyyən narazı deyiləm. Namxuda, çox savadlı, məqsədyönlü, yenilikləri tez bir zamanda mənimsəyən gənclərimiz var. Oxuyurlar, öyrənirlər, özlərini inkişaf etdirirlər, imkanlardan faydalanırlar. Əlbəttə, öz faydasını anlayanları, məsuliyyətini bilənləri, zəhmətdən usanmayanları deyirəm... Nadanlara, məsuliyyətsizlərə, düz yolu qoyub əyri yola üz tutanlara, tənbəllərə isə nə qoca, nə cavan?! Belələri elə bütün yaşlarda eynidirlər...

 

Keçmişə görə xiffət keçirmirəm

 

- Xarakter etibarilə keçmişlə yox, bugünlə yaşayan adamam. Bilirəm ki, bu gün və gələcəkdə baş verənləri izləmək dünənin olub-bitənlərində ilişib qalmaqdan daha maraqlıdır. Amma, düzü, onu da bilmirəm, keçmişə görə nostalji hisslər keçirməyənlər heç varmı?! Tez-tez keçmiş illərin mahnılarını dinləyirəm. Gənclik dövrümün bəzi sevimli kitabları var ki, onları təkrar-təkrar oxumaqdan doymuram. O illərin filmlərinə baxmaq da çox maraqlıdır. İndi onlar adama tamam başqa cür gəlir.

 

Fikirləşirsən ki,  bu ömür nə zaman ötüb-keçdi belə?!.

 

Hər halda bizi bu yerlərə gətirib çıxaran keçmişimizdir. Ona görə də keçmişə həmişə sayğı ilə yanaşıram. İnsan gərək ömrünü elə yaşamağa çalışsın ki, öz keçmişində onu utandıracaq nələrsə buraxmasın. Şükürlər ki, buna həmişə əməl etməyə çalışmışam...

Adam gərək təvazökarlığı unutmasın. Hərdən fikirləşirəm ki, həyat hətta layiq olduqlarımdan da çoxunu verib mənə. Ola bilər, məndən də ağıllı, savadlı həmyaşıdlarım vardı, amma bu nəticələri əldə etmək mənə qismət oldu.

Birinci sinfə Lənkərandakı 3 №-li köhnə bir məktəbdə getmişəm. Onda indiki kimi abad, işıqlı məktəblər nə gəzirdi?! Sınıq-salxaq partaların arxasında əyləşirdik. Anamızın çit parçadan tikdiyi çantamız olardı. O sınıq-salxaq partanın arxasından müstəqil dövlətimizin ali qanunvericilik orqanına - Milli Məclis deputatlığına qədər uzun, çətin və şərəfli bir yol keçdim...

Bu mötəbər məclisdə ümumən Azərbaycan xalqının səsini təmsil edən, millətin etimad göstərdiyi 125 nəfərdən biri oldum. Daha bundan da gözəl qismət varmı?!

Hesab edirəm ki, cəmiyyətdə nüfuzum, şöhrətim var. Şübhəsiz, eldə-obada tanınmaqdan, hörmət-izzət sahibi olmaqdan məmnunam və bunu gizlətmirəm. Amma şöhrətpərəst deyiləm. Şöhrət mənim üçün qürur mənbəyi deyil, özünütəsdiqdir və əlavə məsuliyyətdir... Avansdır...

 

Səhvlərimdən dərs almışam

 

- Deyə bilmərəm ki, həyatım başdan-başa elə uğurlardan ibarətdir. Uğursuzluqlarım da çox olub. Hamı kimi xeyli yanlışlıqlara da yol vermişəm. Amma bir şey var ki, bu yanlışlıqları heç vaxt görməzdən gəlməmişəm. Onlardan nəticə çıxarmağa çalışmışam. Səhvlərimdən dərs almışam bacardıqca...

Biz sovet ideologiyasının təsiri altında yetişmiş insanlarıq. Sovetlərin bir çox dəyərlərini özümüz üçün müqəddəsləşdirmişdik. Bu dəyərlərin çoxu puç oldu, bir anlamı qalmadı. İmtina etdik çoxundan. Bir dəyərdən isə heç vaxt vaz keçmədim. O dəyərin adı vicdandır... Müəllimlərimizin də, valideynlərimizin də bizə ən çox aşıladıqları o idi...

Ötüb-keçən illər mənə kifayət qədər həyat təcrübəsi qazandırıb. İndi də düşünürəm ki, vicdan bir insan üçün ən mühüm keyfiyyətdir. Əslində, o, bir insana gərək olan bütün mənəvi-əxlaqi keyfiyyətlərin məcmusudur.

İnsan savadsız ola bilər, hansısa peşəkar qabiliyyətlərində axsaya bilər, yarıtmaz ola bilər, bunları düzəltmək mümkündü. Amma əgər insan vicdansızdırsa, onunla yola getmək çox çətin olacaq...

Məni xoşbəxt edən nədir

 

- İnsan elə xəlq olunub ki, bütün ömrü boyu həyatında məmnuniyyət axtarır. Əfsuslar olsun ki, bu axtarış bəzən zərərli vərdişlərə, pis yollara da gətirib çıxarır birilərini... Xoşbəxt insanlar həyatında nəsə böyük sevinclər baş vermiş insanlar deyil. Xoşbəxt insanlar o anı hiss edənlərdir. Həyatın xırdaca sevinclərindən də xoşbəxt olmağı bacaranlardır.

O gün oxuyuram, alimlər hesablayıblar ki, məsələn, tutaq ki, birdən-birə min manat pul qazanmaqla yüz min manat pul qazanmağın insanda yaratdığı xoşbəxtlik əmsalı təxminən eynidir. Çünki bütün hallarda xoşbəxtlik bir andır, bir azdan ötüb keçəcək. O ana tutunub, onu mümkün qədər çox yaşamaq lazımdır.

Bəs məni xoşbəxt edən nədir?! Hərdən bu sualı öz-özümə də verirəm. Şükür ki, həyatımda mənə də, doğmalarıma da xoşbəxtlik gətirən çox nailiyyətlərim olub. Gəncliyimdən üzübəri yüksək vəzifələr, titullar qazanmışam. Gözəl ailəm, ağıllı-kamallı övladlarım, nəvələrim, onların sevincləri... Bunların hər birinə görə həyatdan çox məmnunam.

Amma mənim üçün ən böyük məmnuniyyət sözdür. Hansısa əsərimə son nöqtəni qoyanda, bu, adama inanılmaz xoşbəxtlik bəxş edir. Elə bil hər dəfə dünyaya yenidən gəlirsən.

Elə bu məqamda SÖZLƏ bağlı bir xatirə yadıma düşdü. Bu unudulmaz xatirəni mənə indi Azərbaycan Respublikasının baş naziri postunda çalışan hörmətli Əli Əsədov vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin köməkçisi olarkən danışmışdı. Deyir, bir dəfə cənab Prezidentin kabinetinə daxil olanda "Xəcalət" kitabını oxuduğunu gördüm. Prezident diqqətlə baxdığımı görüb soruşdu: "Əli, sən bu kitabı oxuyubsan?" Dedim ki, xeyir, cənab Prezident, oxumamışam. Amma müəllif mənə də o kitabdan hədiyyə edib, oxuyaram". Dedi ki, "mütləq oxu! Çox yaxşı kitabdır".

...Bax, hər dəfə belə məqamı xatırlayanda o böyük tarixi şəxsiyyətin, dahi İNSANIN sözə-sənətə dəyər verməsi içimi iftixar hissi ilə doldurur.

 

Mən niyə yazıram?!

 

- Söz yox, hələ kimsə mənə belə bir sual ünvanlamayıb. Amma bilirəm ki, belə bir sual çoxlarının fikrindən keçir. Kimi tənə ilə, kimi də nə bilim, bəlkə sadəcə maraqdan...

Yaradıcılıqla azdan-çoxdan tanış olan hər kəs bilir ki, daş daşımaq yazı-pozudan daha asandır. Günlərlə əyləşirsən yazı masasının arxasında, dünyadan, onun fani qayğılarından əlini üzürsən, bircə uğurlu kəlməni tapıb yerinə qoymaqdan ötrü saatlarla xəyalında yerlə-göylə əlləşirsən. Hələ hansısa yazının ilk cümləsini yazana qədər çəkdiyin zillət...

Hərdən zarafatla dostlara deyirəm ki, yaradıcılığın əziyyəti hamilə qadının əzabları kimidir. Hər ikisində dünyaya "övlad" gəlir.

Bəs elə isə mən niyə yazıram?! Bu nə yükdür axı götürmüşəm üzərimə?!

 

Əslində, bu suala xoşbəxtlik barədə düşüncələrimlə artıq müəyyən qədər cavab verdim. Ona görə yazıram ki, bu həyatda məni yazmaq qədər məmnun edən ikinci nəsə yoxdur. Özümü tanıyandan, kağız-qələmlə ünsiyyətim başlanandan yazmışam, orta məktəbin dördüncü sinfinə gedəndən üzü bəri yazıram və ömür vəfa eləsə, indən sonra da eyni şakərimdən əl çəkən deyiləm.

 

Bir tərəfdən də,  axı yazılanlar qalır...

 

Elə bilirsiniz, ədəbiyyatın nəhəngləri qarşısında necə kiçik göründüyümü özüm dərk etmirəm?! Çox da gözəl bilirəm bunu!..

Hamıdan çox özüm anlayıram ki, bundan sonra yüz il də yazıb-pozsam Hüseynbala Mirələmovdan Viktor Hüqo, Dostoyevski, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı olası deyil...

 

Amma yazıb-yaratmaq içimdən,  ürəyimdən gələn səsdir...

 

Olub ki, o səsi boğmağa da çalışmışam. Yazdıqlarımı üzə çıxarmağa utanıb tərəddüd etdiyim vədələrim də olub. Ədəbiyyat biliciləri olan dostlardan həmişə yazdıqlarıma qarşı son dərəcə amansız davranmalarını xahiş etmişəm. Demişəm ki, baxın, bu məsələdə dostluğa-filana yer yoxdur. Tənqidlərinizi əsirgəməyin. Əgər pis yazıramsa, bunu özümə deyin. Amma onlar əksinə, həmişə ruhlandırıblar məni. Əsərlərimdəki zəif yerləri də göstəriblər, eyni zamanda uğurlu məqamları da diqqətə çatdırıblar. Deyiblər ki, yazdıqlarımdan bu qədər bədgüman olmayım.

İndi isə düşünürəm ki, mənim yazıb-yaratmağımın axı kimə nə ziyanı var ki?! Əgər ədəbiyyat aləmində ciddi bir umacağım yoxdursa, böyük iddialarda deyiləmsə, özümü dahi sayıb döşümə döymürəmsə, hər kəs bu yazıb-yaratmaq həvəsinə anlayış göstərsə, yaxşı olar...

Bir də hərdən fikirləşək ki, Nizaminin, Füzulinin, Sabirin vaxtında görün orda-burda nə qədər şeir yazanlar olub. Amma onların arasından yalnız bu sənətkarlar parlayıb və ədəbiyyat tarixində da bu isimlər qalıb. İndi də qoy Azərbaycanda Hüseynbala Mirələmov kimi minlərlə adam yazıçılıqla məşğul olsun...

Əlbət, onların arasından heç olmasa bircə nəfər nə vaxtsa dünya ədəbiyyatı aynasında görünəcək!

 

Televizora az baxıram,  hər səhər qəzetləri ən azı vərəqləyirəm

 

- Buna o qədər də vaxtım olmur. Amma xəbər proqramlarını, ictimai-siyasi məzmunlu verilişləri çalışıram ki, daim izləyim. Çünki indi o qədər xəbər portalları yaranıb ki, bilmirsən hansının yazdığına inanasan. Ona görə də ciddi məlumat mənbəyi kimi televiziyalarımıza üstünlük verirəm.

Efirdə bəyənmədiyim verilişlər çoxdur. Bir müddət əvvəl bu mövzuda tənqidi yazım da olmuşdu. Amma xoşagələn, yaddaqalan, öyrədici verilişlər də var, insaf naminə etiraf edək. Ümumiyyətlə, tamaşaçı kimi uzun illərdən bəridir çalışıram ki, ünvanlılıq prinsipinə əməl edim. Yəni özümə lazım olan, mənə nəsə verəcək verilişlərə baxım. Yoxsa vaxtı idarə eləmək çətin olur. Bir də görürsən ki, gününün xeyli hissəsi elə ekran qarşısında uçdu, getdi...

Hər səhər qəzetləri ən azı vərəqləyirəm. Bu, bir qədər də mənəvi ehtiyacdır elə bil... Qəzet vərəqlərinin xışıltısı, mətbəə iyi ruhumu oxşayır. Çox istərdim ki, qəzet mütaliəsi bir çox xarici ölkələrdəki kimi bizdə də bir zövqə çevrilsin. Düzdür, indi internet var, hər şeyi oradan oxumaq olur. Amma, ona qalsa, məsələn, kinoya da evdə baxmaq olur, yeməyi də evdə yemək olur. Buna baxmayaraq bir də görürsən, insanlar ailəlikcə yığışıb gedirlər kinoteatra kinoya baxmağa, yaxud restoranlarda yemək yeməyə. Bu, çox gözəl haldır, inkişaf göstəricisidir. İstərdim ki, hər səhər çayında qəzetlərə nəzər salmaq, axşamlar ailəlikcə kitablar oxumaq, maraqlı söhbətlər etmək bizdə bir ailə ənənəsi olsun. Şükür, əksər ailələrimizin indi buna imkanı çatır. Hər il iki-üç qəzetə abunə yazılmaq ailə büdcəsi üçün elə də yük olmaz. Əvəzində bununla o evdə, ailədə böyüyən uşağın gələcək taleyində bir işıq yanacaq.

 

Gərək texnologiyalar  insanların arasına girməsin

 

- Yaş keçdikcə anlayıram ki, bu dünyada insanların hər şeydən çox ünsiyyətə ehtiyacları var. Ona görə də dostluq münasibətlərini, ülfəti, bir-birinə doğma ailələr arasında gəliş-gedişləri qorumaq lazımdır. Yoxsa insanlar getdikcə bir-birindən çox uzaq düşərlər. Müasir marketinq alətləri insani münasibətləri də pula çevirməyə başlayır. Görürsən, iki insan üzbəüz əyləşib, bir-birinə baxıb söhbət eləmək əvəzinə gözləri telefonun ekranındadır, sosial şəbəkələrdə dolaşırlar.

Əlbəttə, innovasiyalar lazımdır. Sosial şəbəkələrdən istifadə etməkdə də bir qəbahət görmürəm. Bu, dövrün faydalı yeniliyidir. Amma nəzərə almaq lazımdır ki, hər şey insani dəyərlərin inkişafına xidmət etməlidir. Texnologiyalar insanların arasına girməməlidir. Adamlar bir-birinə vaxt ayırmalıdırlar, diqqət yetirməlidirlər. Belə olsa, doğmalıq artar. Bu olmayanda soyuqluq yaranacaq.

 

Dostlarım o qədər də çox deyil

 

- Dostluq mənim üçün çox ağır dəyərdir. Düşünürəm ki, bu ağırlığı daşımaq hər kişinin hünəri deyil. Birinci sinifdən dostluq münasibətlərini qoruduqlarım var. İllərin sınağından çıxan çoxlu dostlarım da olub, yenə də var. Milli Məclis də mənə çox dəyərli dostlar qazandırıb.

Bu həyatda kiməsə dost deyib sonra yarıyolda qoyanları da görmüşəm. Belələrindən dərhal özüm uzaqlaşmışam ki, başqasına dost ola bilməyən mənə də dost ola bilməz.

Qəribə bir xasiyyətim də var, qoy ondan da danışım. Tale elə gətirib ki, özüm həmişə vəzifə sahibi olduğumdan dostlarımın, oturub-durduqlarımın da əksəriyyəti elə məmurlar olub. İllərlə çörək kəsdiyim, dost dediyim bu məmurların qəfildən sadə insanlara qarşı kobud davranışını, işçilərinə yuxarıdan aşağı baxmasını və bu kimi digər vərdişlərini görəndə onlardan uzaqlaşmışam, münasibətləri soyutmuşam və tədricən tam kəsmişəm.

Çünki anlamışam ki, bizi birləşdirən səmimiyyət, mənəvi dəyərlər deyil, əslində, inzibati mənsubiyyətdir, maddiyyatdır, vəzifədir. Bu gün kasıba, ona möhtac olana rişxənd, lağ edənə, etinasız yanaşana mən necə dost deyə bilərəm?!

Özüm belə olmamışam, indi də elə deyiləm. İşçilərimlə, mənə tabe olanlarla hər zaman birmənalı ehtiramla, anlayışla davranmışam. Onlara hörmət edib, hörmətlərini, təəssübkeşliklərini, canıyananlıqlarını da görmüşəm. Mənim qarşımdakı adi bir insan bəzən çox vəzifəlidən, dost bildiklərimdən daha kişi adam olub!..

Bir dəfə Moskva qəzetlərindən birinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, sən insanları hansı prinsiplə qəbul edirsən? O dəqiqə fikirləşmədən dedim: O insan qapıdan içəri girən kimi mən özümlə onun yerini dəyişirəm və mən özümü onun yerində hiss edirəm.

Hətta elə anlar olub ki, süfrəmin başında otura-otura məni yumşaq şəkildə şantaj ediblər. Planetin ən böyük yazıçılarından biri olan Çingiz Aytmatovla dost idik. Bizi bir-birimizə bağlayan yaradıcılıq telləri olub. O, Brüsseldə səfir işləyərkən bir dəfə ora getmişdim. Bir neçə gün bir yerdə olduq. Çoxluca şəkillər çəkdirdik. Dediyim kimi, ənənəvi olaraq yenidən dostlarla bir yerdə idik. Süfrə açmışdım. Çingiz Aytmatovla çəkdirdiyim şəkilləri onların qarşısına qoyub, "baxın" dedim, özüm isə nə üçünsə bir neçə dəqiqəliyə bayıra çıxdım. Mən çıxan kimi dostlarımdan biri deyibmiş ki, bu şəkillər "montaja" oxşayır. Əlbəttə, çox keçməmiş orda oturanlardan biri bunu mənə çatdırdı. Düzü, pərt oldum. Heç gözləmirdim. Bax, belə "dost"larım da olub. Həyatdır da...

 

Nəvələrim həyatımın mənasıdır

 

- Yaxşı deyiblər ki, dövlətdə dəvə, övladda nəvə. Nəvələrimlə vaxt keçirməyi çox sevirəm. Ata-analarına da əsas tövsiyəm bu olur ki, övladlarınıza zaman ayırın. Onlar bir də bu yaşda olmayacaqlar. Körpələrin böyük diqqətinə həmişə ehtiyacları var. Bir qədər diqqətdən kənar qoyan kimi kompüterin, televizorun qarşısından çəkilmirlər. Amma onlarla söhbət edəndə, nəsə maraqlı şeylər danışanda görürsən ki, heç bu cihazlara yaxın getmədilər. Nəvələri tez-tez başıma yığıb keçmişdən danışıram. Tariximizdə olub-keçənlərdən nəql edirəm. Bir maraq göstərirlər ki... Hər dəfə tələb edirlər ki, yenə danış...

Son illər tarixi mövzularda əsərlər yazmağımın bir səbəbi də bəlkə elə budur. İstəyirəm gənc nəsil tariximizi bu üsulla öyrənsin...

 

Danışan dilim qələmimdir

 

- Deyə bilmərəm bu məndə alınır, ya yox, amma bacardığım qədər az danışmağa, daha çox dinləməyə çalışıram. Şeyx Nizaminin bir beyti var. Deyir:

Dilin bəlasıdır uzunçu olmaq,

Ariflər işidir sükuta dalmaq.

Milli Məclisin iclaslarında müəyyən çıxışlarım olur. Onda da həmişə çalışıram dərindən bildiyim məsələlər üzrə danışım. Söylədiklərim hansısa şəkildə gərəkli olsun. Konkret təkliflərə əsaslansın. Yoxsa elə danışmaq xatirinə danışmaq xasiyyətim deyil...

Əsas danışan dilim qələmimdir. Ölkəmizdə, cəmiyyətimizdə baş verən yeniliklər, inkişaf prosesləri, uğurlu və nöqsanlı cəhətlər haqqında publisistik düşüncələrimi mütəmadi qələmə alıram.

Sağ olsun "Azərbaycan" qəzeti... Öz səhifələrində həmişə yazılarıma yer ayırır.

Yazmağı bir ziyalı kimi vətəndaşlıq borcum hesab edirəm. Çünki özünə ziyalı deyən hər kəsin missiyası cəmiyyətə doğru olanları göstərməkdir. Düşünürəm ki, ziyalılar cəmiyyətdə hər hansı ziddiyyətləri körükləməməlidirlər. Hansısa siyasi qütbün deyil, məhz həqiqətin yanında olmalıdırlar. Polemika mühiti yaradıb, uğurları təqdir, qüsurları tənqid etməlidirlər ki, uğurlar daha da genişlənsin, qüsurlarsa aradan qaldırılsın. Mən də həmişə buna çalışıram.

Əgər faydalı ola bilirəmsə, xoş halıma...

 

Heydər Əliyev zəmanəsinin  ən uğurlu siyasətçisidir

 

- Bir dəfə kimsə soruşmuşdu ki, səncə insanın ən böyük nailiyyəti nədir? Onda cavab verdim ki, ən böyük nailiyyət başqalarının inamını qazanmaqdır. Qazanandan sonra da onu qorumağı bacarmaqdır. Çünki inamı qazanmaq da çətindir, onu qorumaq da. Bu baxımdan mənə elə gəlir ki, Ümummilli Lider Heydər Əliyev zəmanəsinin ən uğurlu siyasət adamı idi. İnsanlar Ulu Öndərə inanırdılar. Azərbaycan Prezidenti İlham Əliyevin böyüklüyü isə budur ki, o, Azərbaycan xalqının Heydər Əliyevin dövlətçilik kursuna olan yüksək inamını da qorudu, üstəlik, özü də yeni bir inam simvoluna çevrildi.

Heydər Əliyev haqqında sözümü "Görkəmli şəxsiyyətlərin həyatı" seriyasından dünyanın müxtəlif dillərinə çevrilərək ayrı-ayrı ölkələrdə böyük tirajlarla nəşr olunmuş kitablarımda oxucularımla bölüşmüşəm.

 

O, tarix yazır

 

- Prezident İlham Əliyev haqqında nəvələrimə danışıram ki, onun necə böyük şəxsiyyət olduğunu hələ bir 50 ildən sonra biləcəksiniz. Deyirəm, mənim yaşıma gəlib çatanda o vaxt indiki yaşınızdakı uşaqlar sizi göstərib deyəcəklər ki, baxın, onlar İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə yaşayıblar. Sizə bu günlərimiz haqqında çoxlu suallar verəcəklər.

Bu gün İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birgə reallaşdırdığı inkişaf proqramları çoxumuza cari işlər kimi görünür. Kütləvi informasiya vasitələrindən rəsmi xronikaları izləyirik, düşünürük ki, hə, Prezidentimiz bu sənədə imza atdı, bu yolun açılışını etdi, bu layihəni həyata keçirdi, bu ölkələrdə görüşlər keçirdi, çıxışında bu məsələlərə toxundu. Bəlkə heç özümüz də fərqində deyilik ki, İlham Əliyev bütün bunlarla gələcək üçün nə qədər möhtəşəm bir tarix yazır.

Cari nömrə: № 42, 2021

davamı