QACAR SÜLALƏSİNİN SƏRKƏRDƏLƏRİ

Şəmistan Nəzirli

Tarixə "olub keçmiş şeylər", "çağırılmış bayatılar" kimi baxanlar idrak və zövqü məhdud insanlardır.
Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan vətəndaşlıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar.

Səməd Vurğun, Xalq şairi

(əvvəli ötən sayımızda)

QACAR NƏSLİNİN  GENERAL OĞULLARI

Azərbaycanda elə məşhur nəsillər var ki, həkim, mühəndis və elm xadimləri yetişdirməklə yanaşı, onların hərbçi oğulları da olmuşdu. Hələ İmperiya və Cümhuriyyət dövründə Naxçıvan kəngərlilərindən beş, Bakıxanovlardan üç, Yadigarovlardan dörd, Cavanşirlərdən dörd, Talışxanovlardan beş, Şıxlınskilərdən iki, Novruzovlardan üç, Qacarlardan səkkiz nəfər general yetişmişdir.
Tarixi qaynaqlar imkan verir ki, bu gün Qacarlar haqqında iftixarla söhbət açaq. Digər Oğuz tayfaları kimi Yaxın və Orta Şərq tarixində Qacar oğullarının nümayəndələri mühüm rol oynamışlar. Onların gücü ilə Azərbaycan Səfəvi dövlətinin təməl daşı qoyulmuşdur. Qarabağ, İrəvan və Gəncə bəylərbəyliyini bu tayfanın sərkərdələri idarə etmişlər. Qacarlar nəslinin yeddi oğlu yüz iyirmi doqquz il - 1796-cı ildən ta 1925-ci ilədək İran şahı olmuşlar. Ağa Məhəmməd şah (1796-1797), Fətəli şah (1797-1834), Məhəmməd şah (1834-1848), Nəsrəddin şah (1848-1896), Müzəfərəddin şah (1896-1907), Məhəmmədəli şah (1907-1909) və Əhməd şah (1909-1925).
Görkəmli tarixçi-alim Abbasqulu ağa Bakıxanov yazır: "Qacarlar tayfası Cəlayır türklərindəndir, iki yüz min ailədən ibarət olub. Onlar Çingiz xanın nəvəsi Hülaku xanın əmri ilə İrana köçürülmüşlər. İlk dəfə 1825-ci ildə Qacarların tarixini yazan Əbdürrəzzaq bəy ibni-Nəcəfqulu "Məasiri-sultaniyə" adlı əsərində deyir: Abaqa xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər Arqun xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda qoşun başçısı olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu onun nəslindəndir. Qacarlar bir çox zaman keçdikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan əlli min ailəni gətirib İrəvan, Gəncə və Qarabağ ərazilərinə yerləşdirmişdir. Onlar gündən-günə artıb, cah və cəlal sahibi oldular. Qacar əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı hökumət adamları olub, İrəvanda və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə və Qarabağ hakimləri də Ziyad oğlu ləqəbi ilə, Xudafərin körpüsündən başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər hökmranlıq edirdilər." (A. Bakıxanov "Gülüstani-İrəm" əsəri, Bakı, 1951-ci il nəşri, səh. 179.)
1804-cü ildən işğalçı rus ordusuna qarşı illərlə qəhrəmanlıqla döyüşlər aparan İrəvan sərkərdəsi şahzadə Həsən xan, gəncəli Cavad xan Qacarlar nəslinin nümayəndəsidir.
Qacarlar nəslinin nüfuzlu nümayəndəsi olan şahzadə Əbdülsəmid Bəhmən Mirzə Abbas Mirzə oğlu (1811-1884) tarixçi-alim kimi xalqımıza az da olsa tanıdılıb. O, həm də çox sayda yaxşı oğul-qız atası olub. Şahzadə Bəhmən Mirzənin qanuni olaraq evləndiyi on altı arvaddan altmış üç övladı olub. Onların otuz biri oğlan, otuz ikisi qız idi. Şahzadə altmış üç övladının hamısına ali təhsil vermiş, xalqımız üçün yararlı şəxsiyyətlər böyütmüşdür.
Onun otuz bir oğlunun səkkiz nəfəri şərəfli general paqonu daşımışdır: Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla Mirzə, Feyzulla Mirzə, Məhəmməd Mirzə, Mahmud Mirzə, Əbdulsəməd Mirzə və Şəfixan Mirzə Qacarlar.

GENERAL ŞAHZADƏ - ƏMİR KAZIM MİRZƏ QACAR (1853-1920)

De tarix, nə acı xəbərlərin var!..
Boğulmuş nə qədər haq danışanlar.
SƏMƏD VURĞUN

Şahzadə Bəhmən Mirzənin otuz bir oğlunun on səkkizindən çoxu hərbi qulluqda olmuşdur. Bəs Sovet hakimiyyəti illərinə qədər sağ qalan bu oğlanların sonrakı taleyi necə olub?
Onların on beş nəfərinin Azərbaycan Demokratik Respublikasının ordusunda xidmət etməsi barədə arxiv sənədlərində məlumat var. 1918-ci ildə polkovnik Xosrov Mirzə Qacar Birinci Azərbaycan süvari alayının komandiri olmuşdur. Polkovnik Seyfulla Mirzə Qacar isə Baş Qərargahda intendant şöbəsinin rəisi idi. General Əmir Kazım Mirzə Qacarın hərbi nazir Səməd bəy Mehmandarovun adına yazdığı raport Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. General Əmir Kazım Mirzə Qacarın 1918-ci il dekabrın 1-də vətənpərvər ruhda yazdığı raportda onun ömür yolunun indiyədək açılmayan səhifələri də var:
"Əlahəzrət yoldaş hərbi nazirə"
Hörmətli cənab Səməd bəy, təəssüflər olsun ki, Bakıya gəlib Siz əlahəzrətlərinə xahişimi çatdıra bilmədim. Bunun da səbəbi Hərb Nazirliyinin Gəncəyə köçürülməsi oldu.
Sizinlə görüşə bilmədiyimə çox təəssüf etdim. Bakıya gəlib Sizi tapa bilmədim. Çünki Siz xidməti işlərinizlə əlaqədar şəhərdən müvəqqəti getmişdiniz. Oğlumun və qızımın xəstəliyi haqqında evdən teleqram almışam. Tiflis şəhərinə qayıdıram. İcazənizlə Sizə yazılı surətdə müraciət edirəm və bundan əlavə raport da yazmışam.
Mən otuz dörd il hərbi xidmətdə olmuşam. Və iki hərbi kampaniyada iştirak etmişəm: 1877-78-ci illərdə rus-türk müharibəsində və rus-yapon müharibəsində. Öz xahişimlə cəbhəyə göndərilmişəm və döyüşlərdə podpolkovnik rütbəsində iştirak etmişəm. Bir neçə döyüş təltifatı alandan sonra polkovnik rütbəsinə layiq görülmüşəm.
Xidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu bitirmişəm: Qafqaz süvari tədris rotasının və ikinci süvari zabit məktəbinin kurslarını. Hər iki kursu da birincilər sırasında, mükafatla.
Az müddət istefada olsam da hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və lazımi qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm.
Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim xidmət dəftərçəmdə keçdiyim hərbi xidmət haqqında tam məlumat almaq olar.
Zati-aliləri, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir vermək məqsədilə bu, həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olardı.
Xahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə general vəzifəsindən birini /nəzarət generalı və ya məiyyət generalı/ və yaxud Sizin məsləhət gördüyünüz vəzifəni həvalə edəsiniz.
Sizin mənim haqqımda xeyirxah qərarınızı gözləyən bəndəniz

GENERAL-MAYOR ŞAHZADƏ ƏMİR KAZIM MİRZƏ QACAR".

Respublika Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, Gəncə üsyanında türk zabitləri və denikinçilər iştirak edirdilər. Üsyançıların artilleriya hissəsinə denikinçi polkovnik Nikolayev komandirlik edirdi. Üsyançıların başçılarından biri də keçmiş müsavat ordusunun zabiti Məhəmməd Mirzə Qacar idi.

Bundan sonra Qacarlar nəslinin faciəsi başlanmışdır. Şahzadə Bəhmən Mirzənin oğlu - general-mayor Əmir Kazım Mirzəni Gəncədə bolşevik çekistləri doğrayırlar. Nəvəsi, podpolkovnik Sədrəddin Mirzəni isə 1920-ci ilin iyununda 23 nəfər müsavat zabiti ilə birlikdə həbs edib Arxangelsk adasına sürgün edirlər. General-mayor Əmənulla xan Mirzə İrana köçüb Tehranda yaşayır. Onların Tiflis və Şuşadakı mülkləri müsadirə olunur.

Azərbaycan hərb tarixinə, maarif və mədəniyyətinə görkəmli simalar bəxş etmiş bu ziyalı nəslinin bir nümayəndəsi ilə görüşə bildim. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Çingiz Qacarda babalarından qalma nadir əlyazmalar, qiymətli fotoşəkillər və müxtəlif yadigarlar saxlanılır. Onlardan biri general-mayor Əmir Kazım Mirzə Qacara məxsusdur. Əmir Kazım Mirzə 25 il çar ordusunda qüsursuz xidmət etdiyinə görə üstündə tuncdan tökülmüş atlı fiquru olan stolüstü saatla mükafatlandırılıb. Saatın üstündə "Əmir Kazım Mirzəyə əla xidmətinə görə" sözləri yazılıb. 44-cü Nijeqorod alayının marşını çalan saat indi də işləyir. Bu qiymətli hədiyyə general Əmir Kazım Mirzəyə 1898-ci il dekabrın 16-da verilib.

General Əmir Kazım Mirzə 1855-ci il mayın 1-də Şuşada anadan olub. İlk təhsilini Tiflis klassik gimnaziyasında alıb, 20 yaşında isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirib. 1871-ci ildə kornet-zabiti Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun 44-cü Nijeqorod alayına göndərilib. Qüsursuz xidmətinə o dəfələrlə imperiyanın yüksək orden və medalları ilə təltif olunub.

1877-78-ci illərdə rus-türk müharibəsində dördüncü dərəcəli "Müqəddəs Anna" və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılıb. Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım Mirzə 1881-ci ildə imperator üçüncü Aleksandrın tacqoyma mərasimində iştirak edib. Süvari polkovniki Əmir Kazım Mirzə 1895-ci ildə eskadron komandiri təyin olunur. Həmin ili o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə təltif edilib.

XIX əsrin yetmişinci illərindən hərbi xidmətdə sürətlə irəliləyən igid zabit Əmir Kazım Mirzəni hökumət səxavtətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə), 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şire-Xorşid" ordenləri ilə mükafatlandırılmışdır. Əmir Kazım Mirzə 1904-1905-ci illərdə Port-Artur döyüşlərində Amur-kazak süvari polkunun komandiri kimi vuruşmuşdur. Bu müharibədə ona döyüş şücaətlərinə görə polkovnik rütbəsi verilir, bir neçə orden-medalla və 1905-ci ildə üstü yazılı qızıl silahla təltif olunur.

1902-ci ildə diviziya komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım Mirzə 1910-cu ildə general-mayor rütbəsinə layiq görülmüşdür.

General şahzadə Əmir Kazım Mirzə təkcə hərbçi deyildi. O, xalqımızın maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi yardım göstərmiş və kasıb balalarını öz xərcinə oxutdurmuşdur. General-mayor Əmir Kazım xan Qacar 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının açılmasında yaxından iştirakı olmuşdur. 1911-ci ildə M.F.Axundovun yüz illik yubileyi də general-mayor Əmir Kazım Mirzə Qacarın sədrliyi ilə keçmişdir.

1913-cü ildə "Molla Nəsrəddin" jurnalında Məmmədəli Əbdülmanafzadənin "Gimnazist" şeiri dərc olundu. Çar məmurları və qaragüruhçular jurnalı məhkəməyə verdilər. Məşhur ədəbiyyatşünas-alim Firudin bəy Köçərli, İranın Tiflisdəki vitse-konsulu Mirzə Məhəmmədxan və general Əmir Kazım Qacar müsəlman ədəbiyyatının bilicisi kimi məhkəmədə iştirak edib jurnalı müdafiə etdilər.

General Əmir Kazım Qacar 1918-ci il dekabrın 1-də Gəncə şəhər hərbi komendantı təyin olunur.

1920-ci ilin may-iyun aylarında daşnak-bolşevik ordusuna qarşı vuruşan general Əmir Kazım xan Qacar əsir düşür və Gəncə "ÇK"-sı podpolkovnik Tuxareli tərəfindən qılıncla vəhşicəsinə öldürülür.

GENERAL-MAYOR FEYZULLA MİRZƏ QACAR (1872-1920)

Ötüb keçən illəri yada salın, keçmiş nəsillərin fəaliyyətini unutmayın.
Nüfuzlu nəsillərin gördüyü işlər bu - günkü gəncliyə örnək olmalıdır.
MÜƏLLİF

Feyzulla Mirzə Qacar 1872-ci il dekabrın 15-də Şuşada anadan olub. O, general-mayor Şəfi xan Mirzənin (19.04-1853 - 02.01.1909) yeganə oğlu idi. Dörd general əminin - Rzaqulu Mirzənin, Əmir Kazım Mirzənin, Əmənulla xan Mirzənin, Məhəmməd Mirzənin ilk general rütbəsi alan qardaşı oğludur. 1920-ci ilin may ayında bolşeviklərlə savaşda Gəncə üsyanında həlak olub. Şahzadə Feyzulla Mirzə Tiflis Kadet korpusunda oxuyub, sonra Peterburqdakı Nikolayev süvari məktəbini kornet rütbəsində bitirib.
1904-1905-ci illərdə Port-Arturun müdafiəsində iştirak edib. Süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi İkinci Dağıstan alayında podyesaul (kazak qoşunlarında kapitan) rütbəsində döyüşən şahzadə Feyzulla Mirzə Qacar bir neçə uğurlu döyüşlərin iştirakçısı olub.
1905-ci il yanvarın 14-də o, Laizinqou kəndi  uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vurşaraq yaralanmışdır. Həmin ildə nəşr olunmuş "Niva" jurnalının 18-ci nömrəsində igid həmyerlimizin fotoşəkli də verilmişdir.
1912-ci ildə 16-cı Tver-draqun alayında şahzadə-podpolkovnik Feyzulla Mirzə Qacar rotmistr rütbəsində xidmət edib. Birinci Dünya müharibəsində o, Çeçen süvari alayının komandiri kimi ön cəbhədə vuruşaraq ad-san qazanmışdır. 1916-cı il fevralın 26-da "Kaspi" qəzeti yazırdı: "Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Güclü tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brın kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli "Müqəddəs Vladimir" (qılıncla birgə) və ikinci dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə) ordenləri ilə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir".
Məhz Birinci Dünya müharibəsi illərində göstərdiyi qeyri-adi igidliyə və komandirlik məharətinə görə şahzadə Feyzulla Mirzə Qacar 1917-ci il sentyabrın 30-da Qafqaz müsəlmanlarından təşkil olunmuş Birinci Qafqaz süvari diviziyasına komandir təyin olunur. 
Həmin il mayın 7-də əla komandirlik məharətinə və döyüş qabiliyyətinə görə şahzadə Feyzulla Mirzə Qacara general-mayor rütbəsi verilmişdir.
Yeri gəlmişkən, ilk dəfə şahzadə Feyzulla Mirzə Qacarın general-mayor olması faktına biz K.A. Zalesskinin 2003-cü ildə Moskvada nəşr olunmuş "Birinci Dünya müharibəsində kim-kim olmuşdur" hərbi ensiklopedik kitabında rast gəldik. (səh. 876-da).

Rusiyadakı inqilabi çevrilişdən sonra vətənə qayıdan şahzadə general Feyzulla Mirzə Qacar Azərbaycan Milli Ordusunda xidmətini davam etdirmək istəyir. 1918-ci il dekabrın 23-də Gəncəyə gəlir və Baş Qərargah rəisinin adına belə bir raport yazır: "Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm.

General-mayor şahzadə,
Feyzulla Mirzə Qacar,
Gəncə şəhəri".

1919-cü il yanvarın 9-da hərbiyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimovun 20 saylı əmrilə general-mayor Feyzulla Mirzə Qacar Gəncə qarnizonunun rəisi təyin olunur.
1920-ci ilin aprelində bolşevik-daşnak qoşunları ölkəmizi istila etdilər. Bu təhqirə dözməyən Azərbaycan ordusunun mərd əsgər və zabitləri ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də istilaçılara tabe olmaq istəmədilər. Silahlanmış bütün Gəncə əhalisi üsyana qalxdı. Bir həftə davam edən ağır döyüşlərdə qacarlar nəslindən olan dörd generaldan üçü - Əmir Kazım Mirzə, Məhəmməd Mirzə və Feyzulla Mirzə son nəfəslərinə qədər vuruşaraq vətən torpağı uğrunda şəhid oldular.

Belə bir fakt da var ki, Gəncə üsyanında süvari dəstəsi ilə mühasirəyə düşən general-mayor Feyzulla Mirzə Qacar həbs edilib, Bakıya gətirilir və  "ÇK" onu müsavatın siyasi xadimləri ilə birgə Nargin adasında güllələyir.

GENERAL-MAYOR MƏHƏMMƏDQULU MİRZƏ QACAR (1872-1920)

Şahzadə Bəhmən Mirzənin beşinci arvadı Çiçək xanımdan olan dördüncü oğlu, general Əmənulla xan Mirzənin (1862-1937) kiçik qardaşıdır. 1872-ci iyunun 11-də Şuşada dünyaya gəlib. 1920-ci ilin mayında Gəncə üsyanında bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərdə həlak olub.
General-şahzadə Məhəmmədqulu Mirzə Qacar həmişə ön cəbhədə olmuş, erməni-daşnak qoşunlarına qarşı müvəffəqiyyətli əməliyyatlar aparmışdır. 1920-ci il yanvarın 24-də Qarabağda düşmən qüvvələrinin getdikcə artdığını hiss edən ayıq sərkərdə Məhəmməd Mirzə Qacar Baş qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviçə Xankəndidən belə bir teleqram vurub əlavə kömək istəmişdir: "Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə lazımdır. Xankəndi qarnizonunun dəstə rəisinə dəymək olmaz, əks halda yerli ermənilər - Əsgəran və Şuşanı tuta bilərlər. Ermənilər haqqında qəti tədbir görmək lazımdır".
1918-ci ildə Azərbaycan Milli Ordusunda Baş Artilleriya idarəsinin rəisi kimi fəaliyyətə başlayan polkovnik Məhəmməd Mirzə Qacara 1919-cu il iyulun 19-da əla xidmətlərinə görə 320 saylı əmrlə general-mayor rütbəsi verilmişdir.
Şahzadə general Məhəmmədqulu Mirzə Qacar haqqında hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Həbib bəy Səlimovun həmin il noyabrın 30-da imzaladıqları 1 nömrəli əmr onun sərkərdəlik fəaliyyəti barədə nadir sənədlərdən biridir. Əmrdə deyilir:
"Hərb naziri köməkçisinin məlumatından aydın olur ki, general-mayor şahzadə Məhəmməd Mirzə Qacar 1-ci piyada diviziyasına müvəqqəti komandanlıq etdiyi müddətdə Gəncə qarnizonunun rəisi vəzifəsini icra edərkən batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin isti əsgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir. Buna görə də mən ona səmimi minnətdarlığımı bildirirəm".
1910-cu ildən böyük knyaz, general-feldmarşal Mixail Nikolayeviç adına birinci Kuban kazak batareyasının komandiri podpolkovnik Məhəmməd Mirzə Qacar Birinci Dünya müharibəsinə qədər nümunəvi xidmətinə görə ikinci dərəcəli "Müqəddəs Anna" ordeni (qılıncla birgə) və həmin ordenin dördüncü dərəcəsi ilə ("igidliyə görə" yazısı ilə) təltif olunmuşdur.
Birinci Dünya müharibəsi illərində də kazak süvari qoşunlarının sıralarında mərdliklə döyüşən Məhəmməd Mirzə Qacar xidmətlərinə görə ikinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeninə (qılınc və bantla birgə) layiq görülmüşdür.
1920-ci ildə Gəncə üsyanı zamanı yerli hökumətin ümumi rəhbəri və təşkilatçısı seçilən general Məhəmməd Mirzə Qacar bolşeviklərlə döyüşlərdə həlak olmuşdur.

GENERAL - ŞAHZADƏ ƏMƏNULLA XAN QACAR (1857-1937)

Qacarlar nəslinin daha bir general oğlu şahzadə Əmənulla xan Mirzə Qacar olmuşdur. O, qardaşı Əmir Kazım xandan dörd yaş kiçik idi. Təəssüf ki, onun haqqında əlimizdə olan faktlar o qədər də çox deyil. İnqilabdan əvvəl dərc olunmuş qəzetlər - "Kafkaz", "Kaspi", "İrşad" Əmənulla xanın hərbi fəaliyyətindən qısa yazılar verib.
1857-ci il yanvarın 8-də Şuşuda anadan olan şahzadə Əmənulla xan Qacar Peterburqdakı hərbi kadet korpusunu bitirmişdir. 22 yaşında paruçik rütbəsi alan Əmənulla xan 1879-cu il iyulun 19-da xidmətə başlamış, doqquzuncu Kuban piyada kazak batalyonunda  komandir olmuşdur. 1900-cü il mayın 6-da nizami kazak batalyonundakı nümunəvi xidmətinə görə Əmənulla xan Bəhmən Mirzə oğluna  yesaul (kazak qoşunlarında mayor) rütbəsi verilmişdir.
Birinci Dünya müharibəsi illərində Avstriya cəbhəsində vuruşan igid suvari komandirin döyüş fəalliyəti üçüncü dərəcəli "Müqqədəs Vladimir", ikinci dərəcəli "Müqəddəs Anna" və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordenlərinə layiq görülür.
1915-ci ildə üçüncü Kuban-kazak piyada diviziyonuna komandirlik edən Əmənulla xan Mirzəyə həmin il aprelin 25-də polkovnik rütbəsi verilir. Güclü döyüşlər zamanı ayağından ağır yaralanan Əmənulla xan arxa cəbhəyə göndərilsə də hərbi fəaliyyətini dayandırmır.
1916-ci ilin noyabrında yenidən cəbhəyə qayıdan polkovnik Əmənulla xan Qacar Marxonovka kəndi uğrunda döyüşlərdə komandanlıq etdiyi batalyonla möhkəm mövqe tutaraq, süngü döyüşü ilə düşmən səngərlərini zəbt edir və artilleriya atəşinin gücü ilə düşmənin çoxlu sayda əsgər və zabitini əsir götürür. Bu müvəffəqiyyətli döyüş əməliyyatına görə polkovnik Əmənulla xan Qacar 1916-cı il noyabrın beşində "Georgi silahı" ilə tərtif olunur.

Kuban -  kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə görə şahzadə Əmənulla xan Qacar 1917-ci ildə general-mayor ali rütbəsi ilə təltif olunur.

Fevral burja inqilabından sonra Qafqaza qayıdan Əmənulla xan az müddət Tiflisdə və Şuşada yaşayır. 1918-ci ildə Milli Ordumuz yaradılanda Azərbaycan Respublikası hərbi nazirinin adına dekabrın birində belə bir raportla müraciət edir:

"Respublika ordusuna böyük xeyir gətirmək arzumu nəzərə alaraq məni müvafiq bir işlə təmin etməyinizi xahiş edirəm. Bununla yanaşı, Sizə məlum edirəm ki, mənim zabit kimi 35 illik fasiləsiz hərbi xidmətim və döyüş mövqelərində, bir də iştirakçısı olduğum rus-yapon və Birinci Dünya müharibələrində qazandığım döyüş təcrübəm var.

Azərbaycan Əlahiddə korpusunun siyahısında mənim təyin olunmam haqqında sənədlərim və şəxsi işim vardır. Xidmət kitabçam da adı çəkilən korpusun qərargahında saxlanılır.

Hörmətlə  general-mayor,
şahzadə Əmənulla xan Mirzə Qacar,
Gəncə şəhəri".

General Əmənulla xan Qacar Xankəndidə yerləşən birinci  süvari diviziyasının rəis müavini və qarnizon rəisi olmuşdur. 1920-ci il martın 21-də gecə qəfil basqın edən daşnaq ordusuna qarşı döyüşlərdə mərdliklə vuruşmuşdur. Aprel çevrilişində bolşevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini əvvəlcədən hiss edən Əmənulla xan 1920-ci ildə İrana mühacirətə getmişdir. Tehranda yaşayan general-mayor Əmənulla xan Mirzə Qacar hərbi məktəbdə işləmiş, İran nizami ordusunun yaradılmasında yaxından iştirak etmişdir. İran Milli Məclisinin deputatı və İran-Sovet dostluğu cəmiyyətinin sədri seçilən general-mayor Əmənulla xan Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir.

GENERAL - ŞAHZADƏ  RZAQULU MİRZƏ QACAR
(14.08.1837 - 26.04.1894)

O, məhşur tarixçi, şahzadə Bəhmən Mirzə Qacarın üçüncü oğludur. 1837-ci ildə Şuşada anadan olan şahzadə Rzaqulu Mirzə atası ilə 1848-ci ildə Tiflisə gələrək zadəgan balalarına məxsus kadet korpusu məktəbində təhsil alıb.
Uzun müddət Qafqaz Əlahiddə ordusunda xidmət edən şahzadə Rzaqulu Mirzə Qacar Əlahəzrət imperatorun adını daşıyan Leyb - qvardiya xas alayında eskadron komandiri olub. O, 1860-cı il fevralın 4-də kornet - zabit rütbəsi alıb. 1862 və 1864-cü illərdə üsyan etmiş dağlılara qarşı hərbi yürüşlərdə iştirak edib.
1873-cü ildə xidmətdə fərqləndiyinə görə polkovnik rütbəsi alan şahzadə Rzaqulu Mirzə Qacar Türküstan hərbi dairəsinə ezam olunur. 1877-1878-ci illərdə rus - türk müharibəsində   hərbi briqadaya komandanlıq edən şahzadə Rzaqulu Mirzə Bəyazid qalası uğrunda döyüşlərdə iştirak edir. Müharibədən sonra Qafqaza qayıdan polkovnik Yelizavetpol və Zaqatala süvari alaylarının təşkili ilə məşğul olur.
Şahzadə Rzaqulu Mirzə Qacar 1883-cü il mayın 15-də general - mayor rütbəsi almışdır.
Şahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq ədəbi yaradıcılıqla da məşğul olub. O, şərqşünas Adolf Berje, böyük dramaturq Mirzə Fətəli Axundov, dövlət müşaviri şərqşünas Aleksandr Şerbin, müsyö V. Qrimm, Mariya Pollan və başqa görkəmli şəxslərlə məktublaşaraq qohumu  M. F. Axundovun əlifba və "Kəmalüddövlə məktubları" əsərinin çapına çalışmışdır. (Şahzadə Rzaqulu Mirzənin kiçik qardaşı polkovnik Xanbaba xan (1849-1926) Mirzə Fətəli Axundovun qızı Seyrəbəyimlə ailə qurmuşdur. Vaxtsız vəfat edən Seyrəbəyimdən sonra Xanbaba xan onun kiçik bacısı Nisə xanımla evlənmişdir). Şair təbiətli şahzadə dərin məzmunlu məktublarını "Şahzadə Rzaqulu Mirzə İrəvani" təxəllüsü ilə imzalayıb.

Mülkü müşavir A. Q. Şerbinin Mirzə Fətəli Axundova 14 may 1877-ci il tarixli məktubundan: "Bir az bundan əvvəl cənab V. Qrimdən öyrəndiyim sevinc dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Şad oldum ki, şahzadə Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri (Çar ordusunda XVIII əsrdə təsis olunmuş polkovniklə general arasında yüksək hərbi rütbə idi) təyin olunub".

Şahzadə Rzaqulu Mirzə Qacarın peterburqlu Mariya Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan: "Mənim Qafqaz ordusuna göndərilməyim yəqin ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan İrəvana yola düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin əmri ilə mən oraya təyin edilmişəm. Mənim Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba xanın qayınatası, polkovnik Mirzə Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim edirəm..."

Qırx ildən çox nizami orduda şərəflə xidmət edən general - mayor Şahzadə Rzaqulu Mirzə Qacar imperiyanın yüksək ordenlərilə təltif olunub. Onun xidmətləri "Brilyant qaşlı ordenə" (1861), "Müqəddəs Stanislav" ordeninin birinci, ikinci və üçüncü dərəcəsinə (qılınc və bantla birgə - 1862, 1868, 1892-ci illərdə), "Müqəddəs Anna" ordeninin ikinci və üçüncü dərəcəsinə (qılıncla birgə - 1865, 1877-ci illər), "Müqəddəs Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsinə - (1875 və 1888-ci illərdə) layiq görülüb.
General  Rzaqulu Mirzə Qacar iki xarici ölkənin - 1873-cü ildə Prussiyanın "Tac ordeni" və 1891-ci ildə hərbi maarifçilik sahəsindəki xidmətlərinə görə Fransanın zabitlərə məxsus “Legion Xaç” ordeni ilə təltif olunub.
Ömrünün son illərini Şuşada yaşayan general Rzaqulu Mirzə Qacar 1894-cü ildə, 57 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

ŞAHZADƏ - GENERAL  HƏSƏN XAN QACAR (? - 1855)

İrəvanın dərdi var,
Dərd içində mərdi var.
Ordular qan axıtdı
Səngər oldu hər divar. 
İrəvan bayatısı  

Həsən xan yaxud, baş komandan Məhəmməd Həsən xan, xalq arasında isə yüksək nüfuzuna görə Sarı Aslan xan Sərdar ləqəbi ilə məşhur olub. O, Məhəmməd xan Qacar İrəvaninin oğludur. İran ordusunda şərəflə xidmət edib igidlik göstərdiyinə görə Əmir Teymurdan miras qalan qılıncla  təltif edilmişdir. O, İranın məşhur sərdarlarındandır. O və qardaşı Sərdar Hüseynəli xan Qacar - Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da  Türkmənçayda bağlanmış mənhus sülh müqaviləsinin on ikinci maddəsinə əsasən rus çarı birinci Nikolayın əmrilə bütün əmlak və var-dövlətdən məhrum edildilər. Bu maddəyə əsasən İrəvanın sabiq sərdarı Hüseynəli xan, onun qardaşı Həsən xan və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var-dövləti Rusiya imperiyasının ixtiyarına keçdi.
1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərquluxan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini İran ordusuna qatdı. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
1806-cı ildə ruslar İrəvana yenidən hücuma hazırlaşarkən Hüseynəli xan Qacar İrəvan sərdarı təyin olundu. Bu zaman - 1807-ci ildə Həsən xan qardaşının yerinə Fətəli şahın qullar ağasıbaşı (rəisi-qulaman) idi.
1808-ci ildə ruslar İrəvan üzərinə yürüş etdilər. Həsən xan İranın digər sərkərdələri ilə birləşərək şəhəri qoruyurdu. Möhkəm vuruşma oldu. Sentyabr və dekabr aylarında olan hərbi əməliyyatlarda feldmarşal İ.V.Qudoviçin qoşunları darmadağın edildi. Rusların on üç minlik qoşunu pərən-pərən düşdü. Həmin il noyabrın 17-də olan döyüşdə isə rus qoşunlarından 289 nəfər qılıncdan keçirildi, 574 nəfər ağır, 285 nəfər yüngül yaralandı. 7 nəfər yüksək rütbəli rus zabitindən biri öldürüldü, 4 nəfəri isə ağır yaralandı. Rus çarı bu rüsvayçı məğlubiyyətdən sonra  feldmarşal İ.V.Qudoviçi hörmətsiz vəziyyətdə geri çağırıb istefaya göndərdi. İrəvan döyüşlərində heç bir müvəffəqiyyət əldə edə bilməyən rus qoşunu Gürcüstana qayıtdı. 
1820-ci  ildə Həsən xan İranda Çehriçini tutmaq istəyən Osmanlı hakimlərinə qarşı vuruşa getdi və osmanlıların bir neçə şəhərini tutdu, onlara böyük tələfat verdi. Bir ildən sonra, 1821-ci ildə türklər alınmış şəhər və kəndləri geri qaytarmaq üçün yetmiş min ordu ilə İran sərhəddinə yeridilər. Azərbaycan valisi şahzadə Abbas Mirzə Naibüssəltənə ordunu təşkil edib hücuma keçdi və bu döyüşdə İran ordusu qələbə qazandı. Sərdar Həsən xan Qacar İranın ən yaxşı sərkərdəsi kimi özünü göstərdi və Sarı Aslan xan ləqəbini aldı. 
Sarı Aslan türk kəlmələri olub, mənası şiri-zərd deməkdir. Bu mərd və vətənpərvər insan belə şərəfli ada layiq idi.
1825-ci ildə ruslar Balıqlı-Güney və İrəvan hüdudunda olan Göyçə dəryasının guya onların zəbt etdikləri yerlər olduğunu iddia edirdilər. Hər iki dövlət arasında bu məsələ müzakirə olundu və Sərdar Sarı Aslan xan Həsəni İrəvandan çağırdılar ki, həqiqəti aşkar etsin. O, bu danışıqlarda Rusiyanın iddiasına qarşı kəskin çıxış edib onların bəhanələrini rədd etdi. Lakin ruslar müzakirənin nəticələrini gözləmədilər, həmin yerlərə yiyələndilər. Həsən xan Rusiya-İran müharibəsində (1826-1828) o sərdarlardan idi ki, öz əsgəri vəzifəsinə əməl etdi, son saata qədər ruslarla vuruşdu və düşmənə təslim olmadı, amansız döyüşlər apardı. 1826-cı ilin yay hücum əməliyyatında general Həsən xan Qacar Pənbək və Şoragöl ərazisini tutdu, rus qoşunlarına hücüm edib onları məğlubiyyətə uğratdı. İyun ayında müharibə başlananda qoşun başçısı kimi əsgərlərin qarşısında qısa nitq söyləyən Sərdar Sarı Aslan xan Həsən and içmişdi ki, Qafqazda yaşayan din və dil qardaşlarını kafir ruslardan təmizləyəcəkdir. Onu Rusiyaya qarşı "Müqəddəs müharibə" adlandırmışdı.
1827-ci ildə Sarı Aslan xan Həsən Mustafa xan Şirvani və şəkili Hüseyn xanla birlikdə Tiflisin yaxınlığınadək rus qoşununu məhv etmək üçün hücuma keçdilər. Bu cəbhədə güclü müqavimətə rast gələrək ruslarla vuruşdular və ağır döyüşlərdən sonra geri çəkilməyə məcbur oldular. Rus qoşun başçılarından general Doyq 1827-ci ildə rus-İran müharibəsində Sərdarabadı tutmaq üçün İrəvana hücum etdi və Həsən xanın güclü müqaviməti ilə rastlaşdı, çarəsiz qalıb İrəvanın otuz altı kilometrliyində  olan Talinə qayıtdı. Bir az sonra ruslar Üçkilsədən Həsən xanın ordusuna hücum etdilər. Bu döyüşdə ruslar xeyli qırıldılar və əsir düşdülər. Bu dəfə də Sərdar Həsən xanın qəhrəmanlığı və şücaəti onların öz məqsədlərinə çatmağa mane oldu. Onlar İrəvanın mühasirəsindən əl çəkib Naxçıvana getməyə məcbur oldular. 
1828-ci ilin sentyabrında  Naibüssəltənə Abbas Mirzə Həsən xanı İrəvana Sərdarabad qalasının mühafizəsi üçün göndərdi. General  İ.V.Paskeviç onu mühasirəyə aldı və qala şərq tərəfdən süquta uğradı. Həsən xan düşmənə əsir olmamaq üçün qala divarlarından kənara çıxıb İrəvana hücum edən düşməni qovdu. General İ.V.Paskeviç Sərdarabadı zəbt etdikdən sonra İrəvana tələsdi, on iki gün gecə-gündüz aramsız döyüşlərdən sonra İrəvanı tutdu. Yenilməz sərkərdə Sarı Aslan xan Həsən bu dəfə əsir düşdü. General İ.V.Paskeviç Qasım xanı, Fətəli xanı, Süvanqulu xanı, Sarı Aslan xanı, Mirzə Mahmud Maqsudlu Astarabadı və Həmzə xan Əzanini özü ilə Tiflisə gətirdi. Feldmarşal İ.V.Paskeviç onlarla əsir kimi yox, sərkərdələrə layiq hörmət və ehtiramla davrandı.1828-ci il fevralın 10-də Türkmənçay müqaviləsi bağlandı və onun on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarıldı. O cümlədən Sərdar Həsən Sarı Aslan xan azad edildi. Sərdar Həsən xan İrana gəlib daha mühüm işlərlə məşğul olmağa başladı.  
1828-ci ildə Fətəli şah Qacar Sərdar Həsən xanı Xorasanda baş vermiş ixtişaşları yatırmaq üçün göndərdi. Əyalətdə ciddi nizam-intizam yaradan Sərdar Həsən xan 1830-cu ilədək orada hökuməti idarə etdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırdı. Yolda Həsən xan müqəddəs yerlər olan Ətbata (İraq) gedir. Bir müddət sonra o, Tehrana gəlir. Həsən xan 1848-ci ildən  Yəzd, Girman və Belucistanda Sərdar-hakim olur. 
Rusların qənimi, məşhur Azərbaycan sərkərdəsi Həsən xan Qacar 1855-ci ildə Girmanda  ürək xəstəliyindən vəfat etmişdir. Müqəddəs Nəcəf şəhərində dəfn olunmuşdur.

ŞAHZADƏ - GENERAL KAMRAN MİRZƏ QACAR(1855 - 1928)

Kamran Mirzə Naibüssəltənə Nəsrəddin şahın üçüncü oğludur. İranda bütün qoşunların rəisi və Hərbi nazir vəzifəsini icra etmişdir. O, eyni zamanda Tehran  və İranın digər əyalətlərinin hakimi idi. Hərbi nazirlik 1880-ci ildən ta 1896-cı ilədək, yəni Nəsrəddin şahın qətlinədək (Nəsrəddin Şah Qacar (1831-1896) şahlığı dövründə İranı Rusiyanın və İngiltərənin yarımmüstəmləkəsinə çevirdiyinə görə terrorçu panislamist Mirzə Rza Kirmani tərəfindən 1896-cı ildə öldürülmüşdür.-Ş.N.) on altı il onun komandanlığı altında olmuşdur. 1880-ci ildə azərbaycanlı Mirzə Hüseyn xan Mürşirüddövlə Hərbi nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Kamran Mirzə onu əvəz etmişdir. 
Kamran  Mirzə 1855-ci ildə anadan olmuşdur. 1861-ci ildən, altı yaşından Paşa xan Əminilmülkün himayəsində Tehran hakimi Firuz Mirzə Nüsrətüddövləni əvəz edir. 1867-ci ildə Nəsrəddin şah Xorasana səfər edərkən on bir yaşlı Kamran Mirzəni öz yerinə qoydu. On üç yaşında Kamran Mirzə artıq Naibüssəltənə tituluna layiq görüldü. Həmin il ona Əmiri - Kəbir ləqəbi də verildi. Bundan sonra Nəsrəddin şahın bütün səfərlərində onun yerinə taxta əyləşirdi. Sonra Nəsrəddin şah Tehran, Qəzvin, Gilan, Mazandaran, Dəmavənd, Firuzguh, Qum, Kaşan, Savə, Məlayer, Tuysərçan, Nəhavənd, Astarabad, Şahrud, Bestam, Damcan, Simnan əyalətlərinin idarə olunmasını Kamran Mirzəyə tapşırmışdı. Kamran Mirzə tələbkar şəxs idi.
Nəsrəddin şahın Müzəffərəddin, Zilli-Sultan və Kamran Mirzə - bu üç oğlu üç ayrı- ayrı arvaddan olmuş, xasiyyətləri başqa-başqa idilər. Zilli- Sultan zalım idi və Kamran Mirzə onu sevmirdi. Məmmədhəsən xan Etimadüssəltənə öz "Xatirat"ında bu  ədavət barədə yazmışdır. 
1906-1911-ci illərdə Azərbaycanda və İranda Səttar xanın başçılığı ilə məşrutə inqilabı olanda Zilli-Sultan Avropaya getmiş, əzazil və qaniçən şəxs olduğuna görə yenidən İrana qayıtmaq istəyəndə üsyan edən xalq onu Rəşitdə saxlamışdır. Zilli-Sultanı İrana buraxmayan xalq tələb etmişdi ki, əmlakı müsadirə olunsun.
1889-cu ildə Nəsrəddin şahın Avro paya üçüncü səfərindən sonra  Kamran Mirzəyə sərhəng-sərtib-tümən (on min nəfərlik orduya) və Nəsrəddin şahın ölmünə qədər əmri noyani (100 min nəfər orduya komandan) təyin edilir.
1907-ci ildə Kamran Mirzənin hakim olduğu əyalətlər artıq rusların nəzarətində idi. Zilli-Sultana məxsus olan əyalətlər isə ingilislərin nəzarətində idi.
Kamran Mirzə on ildən sonra yenidən, yəni, 1908-ci ildə hərbi nazir təyin olunur, bir aydan sonra, məşrutiyyət dövründə Məhəmmədəli şah kənarlaşdırıldıqda (1909-cu il) yenidən vəzifədən uzaqlaşdırılır.
Qardaşı nəvəsi Əhməd şahın dövründə (1916) Xorasana təyin olunmuş, cəmi bir il orada hakim olmuşdur. Tehrana qayıdıb ömrünün sonunadək istefada olmuş, 1928-ci ildə yetmiş beş yaşında vəfat etmiş və Şah Əbdülzimdə Nəsrəddin şahın məqbərəsində dəfn edilmişdir.
               
Nəslin ağbirçəyi - 
Mahrux xanım Qacar

Ağıllı qocadan bir söz öyrənin, bunu bacarmasanız, onların adlarını xatırlayın ki, fayda görə biləsiniz.

Əbdürrəhman Cami (1414-1492) 
fars-türk şairi                                                                                                                                        

Hər dəfə bir dostumla görüşəndə özümüzdən asılı olmayaraq xeyli dərdləşirik, tapıntılarımız haqqında bir-birimizə məlumat veririk. Özümüzdən aslı olmayaraq, elə küçədə görüşdüyümüz yerdə yenı mövzularmız haqqında fikir mübadiləsi aparmaq həmişə ümumi işimizin xeyrinə olub. Bu dəfə də belə oldu, söhbətarası dostum dedi:
- Sən gərək ki, Qacarlarla maraqlanırsan? Eşitdiyimə görə onlardan nəsə yazmaq istəyirsən?
- Hə, - dedim, - yazıram, amma aprel işğalı, otuz yeddinci il Qacarları elə pərən-pərən salıb ki, bu nəslin ən yaşlı adamını tapa bilmirəm.
Dostum məni diqqətlə  dinləyib bir an fikrə getdi. Mən gözlərimi ondan çəkə bilmirdim ki, tanımadığım məlumatlı bir adamı nişan verəcək. Çünki dostumun bu məsələlərdə son dərəcə əliaçıq olmasını bilirdim.
O, əlini cibinə salıb dəftərçəsini çıxardı. İstədiyi səhifəni tapıb:
- Bu günlərdə, - dedi, - bizim Respublika Tarix Dövlət Muzeyinə bir ana gəlmişdi. Sözün düzü, Qacar familiyasını eşidəndə səni xatırladım. Telefonunu da yazıb götürmüşəm. Görüşsən yaxşı olar, bəlkə Mahrux xanım Qacarın sənə köməyi dəydi.
Dostumun məsləhəti ilə Qacarlar nəslinin xanım-xatın, ağbirçək nümayəndəsi, hələ sovetlər dövründə də qadınlar arasında yeganə Qacar soyadını daşıyan nəvəsi Mahrux xanım Qacarla görüşdüm. O, polkovnik Şahrux Mirzə Qacarın nəvəsi olduğunu söylədi. Qacarların bu gün bizim müasirimiz olan bəzi məşhur nəsillərlə qohumluq əlaqələri barədə dəyərli məlumatları ilk dəfə Mahrux xanımdan eşitdim.
Astanadan içəri keçəndə Mahrux xanım məni iki yaraşıqlı gənclə tanış etdi. Bir nənə kimi Kamran Qacarla və Darab Mirzə Qacarla fəxr etdiyini iftixarla söylədi. Davranışından, danışığından da duydum ki, bu nəvələr tərifə layiqdirlər. Müxtəlif arxivlərdən Qacarlara aid topladığım fotoşəkillərə birgə baxdıq. Bizimlə birgə əyləşən sakit təbiətli iki gənclə fotoşəkillərdəki Qacarların oxşarlığına söz ola bilməzdi. Bu mehriban, iltifatlı ağbirçək ana isə dönə-dönə mənə təşəkkür edir ki, unudulmuş nəslinin oğlu və qızları haqqında bu qədər şəkil, sənəd toplaya bilmişəm.
Mahrux xanım doğrudan da öz nəsli haqqında çox şey bilir. Hətta babaları barədə hələ qurtarmadığım yazıda bir səhv də tapdı.
- Babam Şahrux Mirzə, - dedi, - 1909-cu ildə Şuşada yox, 1915-ci ildə Cəbrayıl qəzasında vəfat edib, qəbri indi də ordadır. Şahzadə olduğuna və uzun müddət ordudakı nümunəvi xidmətinə görə istefaya çıxan babama Cəbrayıl qəzası Qafqaz canişini tərəfindən hədiyyə olunub. Babamın dörd oğlu, üç qızı olub. Kamran Mirzə, Camal Mirzə, Darab Mirzə və Qəhrəman Mirzə. Qızları isə Fəxrisoltan, Tacülmülk və Nimtac xanım idi.
Mən Kamran Mirzənin qızıyam. Atam doqquz il Üçkilsənin /Eçmiədzin/ bələdiyyə rəisi olub. Əmim Darab Mirzə hərbçi idi: Peterburqda zadəgan balalarına məxsus hərbi kadet korpusunu bitirmişdi. Tiflisdə işləyirdi.
- Mahrux xanım, aradan uzun bir zaman keçib. Siz çox illərin, hadisələrin şahidi olmusunuz. Xatirə dəftərinizə baxıram, maşallah, yadınızda çox şey qalıb. Şəxsiyyətlər, illər, bir də qeydləriniz maraqlıdır.
- Düz deyirsiniz, yaddaşımdan şikayətim Yoxdur. Uşaqlığımdan yaddaşıma həkk olunan 1918-ci ilin yayıdır. Cəbrayılda yaşayırdıq. Atam Kamran Mirzə xidməti işi ilə əlaqədar Şuşaya getmişdi. O, Cəbrayıl qəzasının pristavı idi. Evdə anam, nənəm, Fərruxa bəyim və nökər-naiblər qalmışdı. Günortaya az qalmış şəhərin iki ağsaqqalı - Məşədi Sadıq və Məşədi İsmayıl əli Quranlı bizə gəldilər. Dedilər ki, Nuru paşa bir azdan şəhərimizə təşrif gətirəcək. Şəhər camaatı belə qərara gəlib ki, Cəbrayılda ən varlı, abırlı ev sizinki olduğu üçün general Nuru paşanı qəbul edəsiniz. Baxmayaraq ki, ağa evdə yoxdur...
Şəhərin alaqapısı bəzənmişdi. Xalq Nuru paşanı təntənə ilə qarşıladı. O, otuz iki nəfərlik heyəti ilə üç gün bizdə qonaq qaldı. Gedən günü anamın, nənəmin hüzuruna gəlib təşəkkür etdi. Nuru paşa məni qucağına alıb alnımdan öpdü, boynuma qızıl Quran keçirdi. Yavəri stolun üstünə bir dəstə pul qoyanda anam etiraz etdi. Götürmədi:
- Paşa həzrətləri, - dedi, - Siz bizim xalqın xilaskarısınız, inciməyin, paraya ehtiyacımız yoxdur. Təəssüf ki, evin ağası burada olmadı. Yəqin ki, o, Sizə Qarabağ kəhəri bağışlardı. Amma bir bacı kimi mənim kiçik töhfəmdən imtina etməyin, faytonunuza bir xalça qoydurmuşam...
1920-ci ildə olan bir hadisəni də yaxşı xatırlayıram. Bolşeviklərin gələn vaxtı idi. Anam, nənəm və nökər-naiblərlə səkkiz araba yüklə Cəbrayıldan Horadizə qaçdıq. Atamgil bolşeviklərlə vuruşurdu. Əmim Darab Mirzə İranda idi, ordan atama xəbər göndərmişdi ki, kitabxanamı bolşeviklərdən xilas edin. Bolşevik əsgərləri bizi Horadizdə yaxaladılar. Arabaları boşaltdırdılar. Babamın qızıl şaşkasını, atamın üstü daş-qaşla bəzənmiş xəncərini və əmlakını aldılar. Əmim Darab Mirzə 1913-cü ildə anadan olmağım münasibətilə Peterburqdan mənə üstü naxışlı, qotazlı, cilalanmış iki boz atla fayton göndərmişdi. Onu da bolşeviklər aldılar. Mən ağladım. Amma ayrıca bir faytona yüklənmiş ailə foto albomunu, babam Bəhmən Mirzənin əlyazmalarını, əmimin kitablarını ortalığa töküb yandıranda hönkür-hönkür ağladım. Mənim orda faytonçumuzla, dayəmlə, anam və atamla, ən başlıcası bir daha qayıtmayacaq faytonumda çəkilmiş şəkillərim yanırdı. Daşnak dığalarının və şişpapaq bolşeviklərin bağıra-bağıra odun dörd tərəfində oynamaqları indi də gözümün qabağındadır.
- Mahrux xanım, aprel çevrilişindən sonra çoxsaylı Qacarların başı bəlalar çəkib. Tutulanı, sürgün olunanı, terrorla öldürüləni, bolşevik təzyiqinə dözməyib xaricə qaçanları çox olub. Bəs otuz yeddinin bəd illərində necə, Sizin ailəyə təzyiq olubmu?
- 1935-ci ilin payızında mənim adıma NKV-dən xüsusi çağırış vərəqəsi gəldi. Anamla quruyub qaldıq, çox ağır çağırış idi. Bunun arxasında gedər-gəlməz faciəsi dururdu. Səbirli, dəyanətli anam mənə hazırlıq gördü: isti paltar, yüngülvari yemək şeyləri hazırladı. Evimizdə başıpapaqlı bir kişi belə qalmamışdı.
Səhər saat səkkizdə "Xüsusi şöbə"yə qəbula getdim. Məni axşam saat səkkizə kimi komendaturada gözlətdilər. Saat səkkizdə silahlı bir nəfər gəlib "yığış gedək", - dedi. Məni yarıqaranlıq bir dəhlizlə zəif işıqlı bir otağa gətirdi. Rəis saqqallı bir erməni idi. Qarşıma dörd fotoşəkil qoydu: atamın, əmim Darabın, Camalın və Qəhrəman Mirzə Qacarın şəkilləri idi.
- Bunları tanıyırsanmı? - dedi.
Bilmədim nə deyim. Necə deyim ki, atamı, əmilərimi tanımıram. Nifrət və qeyrət hissi mənə güc gəldi. Niyə də danım, - deyə fikirləşdim. Bir-bir adlarını dedim. Sonra qarşıma dörd-beş vərəqdə yazılmış bir siyahı qoydu.
- Bunları, - dedi, - əmin Darab Mirzə sənə vəsiyyət eləyib: İrandakı duz dağını, əmlakını və külli miqdarda pul və qızılını...
Əmimin övladı yox idi, ona görə də varidatını mənə vəsiyyət eləmişdi.
Saqqallı rəis:
- Get, - dedi, - evdə məsləhət elə, götürün...
- Məsləhət yerim yoxdur, - dedim, - bu qədər var-dövlət nəyimə lazımdı, bağışlayıram Sovet hökumətinə...
Cavabımdan xoşu gələn rəis:
- Yox yerdən, - dedi, - şahzadə nəvəsi deyilsən, ağıllısan, buna söz yox...
İndi gedə bilərsən.    
Gedər-gəlməz sürgünündən məni "səxavətim" xilas elədi.    
- Mahrux xanım, Azərbaycanda bir çox məşhur nəsillər olub. Qacarlar onların hansı ilə qohum idi?
- Elə bir ziyalı nəsil yoxdu ki, bizim Qacarlar onlarla qohum olmasın.
Nəslimizin nümayəndəsi məşhur neftçi Süleyman bəy Vəzirov zarafatla deyərdi ki, qarpızı da kəsirsən içindən tum əvəzinə Qacar çıxır.  
Mənim bildiyimə görə, məşhur şairə Xurşud banu Natəvanın nəvəsi Ənbər xanım Bəhmən Mirzənin oğlu Fətəli Mirzənin arvadı olub. Yenə Natəvanın nəvəsi Ağbikə / podpolkovnik Mehdiqulu xan Vəfanın qızı/ isə general Rzaqulu Mirzənin oğlu Əkbər Mirzə Qacarda ərdə olub.
Bəhmən Mirzənin böyük qızı Qızxanım Məhəmməd Qasım ağa Cavanşirin arvadı idi. İkinci qızı Zəri xanım isə məşhur tibb alimi Kərim bəy Mehmandarovun həyat yoldaşı olub. Onun da nəvəsi məşhur neftçi-alim Süleyman bəy Vəzirov idi. Xurşid xanım Qacar isə məşhur alim-pedaqoq, Qori seminariyasının müəllimi Səfərəli bəy Vəlibəyovun arvadı idi..
Heydərqulu Mirzə Qacarın qızı Rəhimə xanım məşhur maarifçi Bədəlbəy Bədəlbəyovun həyat yoldaşı idi. Onların da oğlanları xalq artisti professor Əfrasiyab (1907-1976) və rejissor Şəmsi (1911-1986) Bədəlbəylilərdir.
Kazım Mirzənin oğlu Darab Mirzə, yəni mənim doğma əmim Amerikada mühacirətdə olanda məşhur bir fransız ailəsinin qızı ilə evlənib. Onun da qızı hazırda xaricdə yaşayır. Qacar soyadı ilə.
- Məlum məsələdir ki, aradan yüz ildən çox bir vaxt keçir. Çox sağ olun ki, Qacarlar sülaləsi haqqında bəzi faktları açıqlamaqda mənə yaxından kömək etdiniz. Mahrux xanım, bunları kimdən, hansı mənbədən öyrənmisiniz?
- Əvvəla, mən bütün bunları özümə borc bilirəm. Və belə düşünürəm ki, hər kəs öz nəslinin, öz xalqının tarixini bacardığı qədər öyrənməlidir. Yoxsa biz quru yerdə qalarıq. Bunu mən balalarıma, nəvələrimə tövsiyə edirəm.    
Sonrası da ulu babam Bəhmən Mirzənin sonuncu - on altıncı arvadı Afərin xanım uşaq vaxtı mənə çox şeylər danışıb. O, yüz altı yaşında Bakıda vəfat etdi. Nəql edərdi ki, Bəhmən Mirzə Şuşaya köçəndən sonra şəhər əhalisi ilə daha yaxın olmaq üçün bir qəssabın Püstə adlı qızına evlənir. Lakin Püstə adı şahzadəyə layiq olmadığına görə dəyişib Afərin xanım edir. Nəslimiz haqqında çox şeyləri mənə anam Mahbəyim xanım da danışıb. O, Tiflisdə gimnaziyada oxumuşdu, dörd dil bilirdi: fars, ingilis, Azərbaycan və rus dillərində sərbəst danışar və yazıb oxuyardı. Mənim ali təhsilli həkim olmağımın səbəbkarı da anam olub.
Bir Faruq bəyim adlı bibim vardı. O, müdriklər müdriki idi. Əvvəlcə Tiflisdə Nücabə Qızlar İnstitutunu, sonra da Peterburqda Xarici Dillər Ali kurslarını bitirmişdi.1920-ci ildə Faruq bəyim Qacar Tiflisdəki Şeyx Nizami adına müsəlman Ali İbtidai məktəbində nəğmə və fransız dili müəllimi idi. Ondan da çox şeyləri öyrənmişəm, görüb-götürmüşəm.
- Sizdə ulu babanız şahzadə Bəhmən Mirzə Qacarın bir yadigarı varmı?
- Var. Bir nəticə kimi onları əzizləyib saxlayırdım. Amma bəzi qiymətli yadigarlarını Azərbaycan Dövlət Tarix Muzeyinə vermişəm. XIX əsrin italyan rəssamı Con Kazalaninin 1846-cı ildə Təbrizdə çəkdiyi "Şahənşahi İran-ibni səltənəti Azərbaycan" portretini muzeyə təqdim etmişəm. Portretdə babam şahzadə Bəhmən Mirzə Qacar təsvir olunub. Sonra babamın xəzinəsindən çıxan qızıl sapla tikilmiş suzənini, kəşkülü, tirmə şalı, əbrə şalı və başqa hədiyyələri muzeyə hədiyyə elədim ki, qoy xalqın malı olsun, xalq görsün.
Vidalaşdım Mahrux xanımla. Yol boyu nələr düşündüyümü təsəvvür eləmək çətindir.Bütün varlığımla bu səmimi, ziyalı anaya minnətdar oldum ki, xələf kimi adlı-sanlı sələflərinin bioqrafiyasını gələcək nəsil üçün yaşadır. Amma bir şeyi də acı təəssüf hissi ilə xatırladım. Xatırladım ki, yazıçı Dikkens, Viktor Hüqo, Fyodor Dostoyevski kimi klassiklər səfillərin, qumarbazların həyatını yazırdılar. Nikolay Leskov qaraçıların həyatını öyrənmək üçün on ildən çox qaraçılarla gəzib dolaşdı, vardan-yoxdan çıxdı. Axırda dədə-baba mülkünü də satdı. Maksim Qorki bir qarnı ac, bir qarnı tox Rusiyanın geniş çöllərini dolaşıb rus mujiklərinin həyatını öyrənib onları qələmə aldı. Amma biz xalqımızın hərb, mədəniyyət, maarif tarixində danılmaz xidmətləri olan ayrı-ayrı nəsillərimizin bioqrafiyasını yazmağı indiyədək düşünməmişik. Düşünməmişik ki, soy kökündən ayrılmaq öz tarixindən uzaqlaşmaq, özünü tanımamaq deməkdir. Bu, Qacarlar soykökünün yox, Azərbaycan tarixinin bir səhifəsidir.
Bu famili daşıyan oğullar, qəvi düşmən torpağımıza göz dikəndə qılıncını qurşayıb, kəhər atına sıçrayıb harayımıza gəlib, köməyimizə çatıb. Tariximizin dərin qatlarından gələn bir səs deyir ki, bu soykökün Şahverdi xan Ziyadoğlu /1552-ci illərdə yaşayıb/, İmamqulu xan Qacar, Budaq xan Qacar, Qara Piri bəy Qacar, Fətəli şah, Abbas Mirzə, Ağa Məhəmməd şah Qacar, Cavad xan Ziyadxanoğlu kimi igidləri olub. Bütün fəaliyyətləri boyu istər Abbas Mirzə, istərsə də Cavad xan ruslarla müharibələr aparıb, ruslara düşmən kəsilib. Cavad xan Gəncə uğrunda döyüşlərdə igidliklə həlak olandan sonra Qafqazda gürcü korpusunun komandanı təyin edilən general-markiz Filipp Pualiççi 1812-ci il fevralın 20-də öz rəqibi şahzadə Abbas Mirzəyə belə bir məktub göndərmişdir:
"Gürcüstanı və ona bitişik vilayətləri idarə etməyə başlarkən mən Yelizavetpolda /Gəncədə/ mərhum Cavad xanın qohum-əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək, qəhrəmanlıqla həlak olmuşdur.
Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim ki, İrana köçsünlər".
XIX əsrin məşhur hərb tarixçisi, tam artilleriya generalı, akademik Nikolay Dubrovin ömrü boyu Qafqaz və Krım müharibələrinin tədqiqatı ilə məşğul olub. Bu mövzularda silsilə əsərlər müəllifidir. O yazır:
"Cavad xan son dərəcə fəndgir və qisasçı, həmçinin ağıllı, hazırcavab və sərt, sözü ötən, çevik, siyasətçi, hər məqamda çətin vəziyyətdən çıxmağı bacaran bir şəxsiyyət idi".
Bu, iki eloğlu sərkərdəmizin mərdliyi haqqında düşmən etirafı deyilmi? 
Bizim isə bunları unutmağımız, yazmamağımız ən azı milli-xəlqi ətalətimizdir.