"Ana, imkan tapan kimi zəng edəcəyəm ... "

Sabir Arazlı Özgün

Vətən  şəhidini  anmaq, məzarını ziyarət edərək əsgəri duruşla önündə səcdəyə dayanmaq, Tanrı dərgahına yüksələn ruhu qarşısında ehtiramla baş əymək... mənəvi borc, ruhani bəxtiyarlığa qovuşmaqdır. 44 günlük Vətən müharibəsinin fədailərindən biri olan gizir Fərid Ömər oğlu Ramazanovun uyuduğu son mənzili ziyarət edərək başdaşından baxan gülümsər təbəssümüylə təmasda olarkən mən bu səadətli anları yaşadım...
Uzaqdan Qum kəndi görünəndə qəribə hisslər keçirdim. İlk baxışda mənə elə gəldi ki, yazın gəlişiylə atlası libasa bürünən kənd sıx ormanlı uca dağlar qoynunda anasına sığınaraq mışıl-mışıl uyuyan, bir əli anasının süd qoxulu sinəsində, o biri əli sallaq qalan və bu dünyanın get-gəlindən xəbərsiz toppuş körpəyə bənzəyir . Eyni zamanda, şəhid Fərid Ramazanov uyuyur bu dağlar qoynunda.
Zaqatalaya doğru uzanıb gedən yoldan Qum kəndinə dönəndə elə doqqazdaca Fəridin xoş ovqatlı iri portreti qarşıladı bizi. Və onun nurlu çöhrəsindən aydınca oxumaq olurdu: "Gedin, atam, anam, Təranəmlə Uğurum sizi gözləyir". Beləliklə xeyli getdikdən sonra  "Limonlu məhəlləsi"nə dönürük...

Azərbaycan Silahlı Qüvvələrinin giziri Fərid Ramazanov  23 dekabr  1991-ci ildə Qax rayonunun Qum kəndində anadan olub. Orta təhsini başa vurduqdan sonra həqiqi hərbi xidmətə getmiş, daha sonra elə həmin hərbi hissədə müddətdən artıq xidmət etməyə başlayıb. 2015-ci ildə ailə həyatı qurub, Təranə xanımla evliliyindən Uğur adlı oğlu dünyaya gəlib.
2016-cı ildə Aprel döyüşləri zamanı yüksək peşəkarlıq göstərdiyinə görə komandanlıq tərəfindən mükafatlandırılıb.Vətəni, onun hüdudlarını, mənsub olduğu xalqın təhlükəsizliyini, əmin-amanlığını təmin etməyi şərəf bildiyindən taleyini ömürlük hərbi sahəyə bağlayan Fəridin Vətən müharibəsindən sonra Türkiyəyə göndərilməsi, peşəkarlığının artırılması nəzərdə tutulmuşdu. Ancaq...

Mən müqəddəs amal uğrunda canını fəda edən şəhidimizin ata ocağındakı foto-stendin qarşısında dayanıb xəyala dalarkən Fəridin 44 günlük  Vətən savaşında keçmiş olduğu ömür salnaməsi qısaca da olsa, gözlərimin önündə canlandı.

Murovdağ!..  27 sentyabr!.. 
Səhər saat 7:15 !..  

Hərbi hissə komandiri mayor Elsevər Axundovun əmriylə başlayan hücum əməliyyatı döyüşçülərimizin  böyük ruh yüksəkliyiylə, sistemli şəkildə, uğurla aparılırdı.Toplardan, tanklardan, digər ağır artilleriyadan  açılan atəşin səs-sədasından dağ-daş lərzəyə gəlirdi. Gizir Fərid Ramazanovun göz qırpmadan öndə getdiyi ilk döyüş günündə bölükdə olan Samir, Davud, Şamil, Elvin, Sərxan,  Faiq, Mehdi, Vüsal, Ruhin, Nurlan, Elnatib və başqaları zəncirvari halda irəliləyirdi. Azərbaycan Ordusunun müqavimətini  qıra bilməyən düşmən güman etmədiyi uğursuzluğa, sarsıntıya məruz qalaraq geri çəkilirdi... Ruhin ilk döyüş günündə şəhid oldu.

Savaşın üçüncü günü səhər saat 8:20-də Gülüstan istiqamətində gedən döyüş daha müvəffəqiyyətlə başladı. Ağır silah növlərindən atılan mərmilər hədəfə dəydiyindən düşmən əvvəlki günlərdə olduğundan da ağır, acınacaqlı vəziyyətə gətirildi. 20-dən artıq erməni məhv edildi, yaralı və yaralı olmayan xeyli əsir götürüldü. "Öldürməyin !.." deyə göz yaşı töküb yalvaran dığaların zarıncı halı Azərbaycan Ordusunun "ya qazi ol, ya şəhid!.." deyərək meydana atılan döyüşçülərinə gülünc görünürdü. "Əsgər də ölümdən bu qədər qorxarmı heç?!.".

29 sentyabrda kapitan İmamverdi İsmayılov, leytenant Fərmin Əliyev, Ruslan Əliyev və hərbi hissənin həkimi, gizir Cəmil Səlimov əbədiyyətə qovuşdu.

O gün maraqlı bir hadisə baş verdi. Ordumuzun mövqe tutduğu əraziyə bir  BMP-2 daxil oldu.Texnikanın üstündəki isə Azərbaycan əsgərinin formasındaydı. Yaxınlaşmaqda olan döyüş maşını şübhə doğurduğundan mayor Elsevər Axundov qəflətən əmr etdi:

- Düşməndir, atəş!

Hər an sayıq olan döyüşçülərimiz cəld avtomatla atəş açmağa başladı, həmçinin BTR komandiri, gizir Təhmiraz Muradov əl qumbarası ataraq texnikanı susdurdu. Eyni zamanda özü də yaralandı. BTR-82-nin sürücüsü Nəriman Atakişiyev də düşmənin və onun texnikasının məhv edilməsində şücaət göstərənlərdən biri oldu.

30 sentyabrda Gülüstandakı bir adsız yüksəklikdə keçilməz sədd yaradan düşmən postunu ələ keçirmək tapşırığı verilmişdi. Bəxtiyar Xəlilovla Elnur Paşayev yaralandığından  taqımı idarə etmək Fəridlə Sərxan Fərəcova həvalə edilmişdi. Bütün məsuliyyəti öz üzərinə götürən Fərid Ramazanov RTQ-2 qumbaraatanıyla  dikdirdəki 1 ədəd T-72 tankını, 1 ədəd BMP-2 döyüş maşınını sərrast atəşlə məhv etdi və beləliklə maneə  aradan qaldırıldı.

... Oktyabrın 3-də Suqovuşan azad edildikdən sonra, dünən gecədən bəri arasıkəsilmədən davam edən döyüş Azərbaycan Ordusunun şanlı qələbəsiylə nəticələndiyinə görə zabitlərin də, əsgərlərin də kefi kök idi. Hər kəsin üzü gülürdü.

Hava isti idi o gün.Toz-torpaq içində olan əsgərlər Talışçaya enib üst-başını çırpır, əl-üzünə su vurub dərindən nəfəs alırdı. Bu dəmdə Fərid baxaraq neytral zonada qalan UAZ-ı gördü. Ərazi minalanmış olsa da, hərbi hissə komandirindən icazə alıb maxe Anar Abışovla birlikdə maşını gətirməyə getdi. Həyati təhlükə olduğundan hər kəs həyəcanlı idi. Çox şükür, ciddi heç bir şey baş vermədi. Fərid UAZ-ı sağ-salamat sürüb gətirdi və kabinədən gülə-gülə düşərək dedi:

- Bu da məndən sizə hədiyyə!..

Oktyabrın 6-da döyüşlərin  ara verdiyi bir vaxtda Samir uzaqdan Fəridin daşın üstündə oturub xəyala daldığını gördü. Fəridin rahatsızlığı açıq-aşkar hiss olunurdu. Ona görə yaxınlaşıb soruşdu:

- Qardaş, nə olub? Nədi bu gərginlik?

Gizir Samir Bayramov Şəki şəhərindən idi və birlikdə hərbi xidmətdə olmuş, həqiqi hərbi xitmət illərindən sonra da müddətdən artıq xidmət etməyə başlamışdılar. Ailəvi dost idilər. Təranə və Uğur Samirə necə doğma idisə, Samirin həyat yoldaşı Nurlanə, qızları Nihal və Aysu da Fəridə bir o qədər doğma idi. Həmişə də bir-birinə "qardaş" deyə müraciət edərdilər. İndi də bax eləcə... Halını xəbər alan şəkili dostuna isə  bu anda bir az laqeyd cavab verdi:

- Heç... Ayağım burxulubdu, bir balaca incidir məni.

Samir baxıb gördü ki, Fəridin ayağı şişib kötüyə dönüb. Bəlkə də topuqdan ayağı çıxmışdı. Ona görə qarşısında çöküb dizlərindən yapışdı və təbəssümlə Fəridin gözlərinə baxaraq dedi:

- Gətir ovum ayaqlarını, onda dincələrsən.

Fərid də eyni təbəssümlə qarşıladı dostunun fikrini. Əlini onun çiyninə qoyaraq dedi:

- Olmaz, sən nə danışırsan.

- Niyə olmur, qardaş deyilik?

- Olmaz dedim də... Görənlər nə deyir...

Həmin gün  11-12 radələrində düşmən tərəfi daha bir ağır zərbə aldı. Suqovuşanı əldən verən ermənilər özlərinə gəlməmiş Fərid Ramazanov kiçik gizir Şamil Kərimovla birlikdə komandiri olduğu bölüyü irəli apardı və tam möhkəmlənməyən yeni dayaq məntəqəsini darmadağın etdi. Bu səmərəli hücum sayəsində 60 nəfər düşmən məhv edildi, 8 nəfər əsir, eyni zamanda qənimət olaraq silah-sursat götürüldü.

9 oktyabr!.. Bu gün döyüşlər "Qlobus" deyilən yerdə gedirdi. Həmişə olduğu kimi düşmən yenə də yüksək dağlıq ərazidə istehkam qurmuşdu. Addım-addım irəliləyən ordumuzun mövqelərini ermənilər qırıcı təyyarələrlə bombardman elədi. Havadan bir neçə dəfə belə ağır zərbə endirildiyindən cəsur döyüşçülərdən Sərxan, Elxan, Faiq, Fərid və Orxan qəhrəmancasına şəhid oldular. Onları həmin gün döyüş zolağından çıxarmaq mümkün olmadı. Səhərisi daha qətiyyətli hücum təşkil edildi, həm şəhidlərimizin qisası alındı, həm də düşmən itkilərə məruz qaldı.

...Fəridin nəşi 11 oktyabrda ərsəyə çatdığı Qum kəndində torpağa tapşırıldı.

Atası Ömər kişi: Oğlum Aprel döyüşlərindən sonra deyirdi ki, ata, vətənpərvərlik yüksək pillədir, ancaq ondan uca daha bir pillə var. Lap düzü, o zaman onun nə demək istədiyini doğru-dürüst anlamadım. Fərid şəhid olandan sonra dörd il öncə nə demək istədiyini dərk elədim.

Anası Kəmalə xanım: Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Fərid mənim təkcə övladım deyildi, dostum idi, sirr yerim idi. Hər hansı məsələdə fikirlərini həmişə mənimlə bölüşərdi. Təkid edirdi ki, saçına rəng qoy. Mən də deyirdim, müharibə qurtarsın, sonra rəng qoyaram, darıxma.

Həyat yoldaşı Təranə xanım: Fəridi tanıyanlar bilir ki, o necə ürək sahibiydi. Heç kəsi incik salmazdı... Son dəfə oktyabrın 8-də görüntülü danışdıq. Özünüzü qoruyun, deyirdi. Şəhid olmaq hər insana nəsib olmur, deyirdi. Gedib dönməmək də var, deyirdi. Nə olursa-olsun, başınızı dik tutun, deyirdi... Elə bil şəhid olacağı ürəyinə dammışdı.

Əvəzsiz həyat yoldaşıydı Fərid. Mən oğlumu da onun kimi mərd, vüqarlı böyüdəcəyəm.

Bacısı Ramidə xanım: Mən qardaşımla sonuncu dəfə sentyabrın 6-da görüşmüşəm. Oktyabrın 6-da görüntülü danışmışıq. Deyirdi ki, bacı, gün gələcək sən mənimlə fəxr edəcəksən. Elə bil xəbərdarlıq edirdi... Onun gülüşü heç yadımdan şıxmır.

Biz Fəridin ölümünə inanmadıq. Heç bir zaman da inanmayacağıq!

Fərid çox səbirli bir insan idi. Ən çətin işi təmkinlə yoluna qoyub sonra rahatlanardı. Yardım etməyi çox sevərdi. Kəndə gələndə şəhid ailələrinə baş çəkər, təskinlik verərdi. Zəngləşəndə, irəli gedirik, deyirdi, toya hazırlaşırıq, deyirdi. -Bunları da dostu Məcid xatırladı...

- Son günlər nədənsə çox narahat idim,- deyə Kəmalə ana alışıb yanan sifətini silərək təzədən sözə başlayır. - Oktyabrın 9-da əmim Səlahəddinin "qırx"ıydı. Təranə evdən zəng elədi ki, mama, narahat olma, Fərid mesaj yazıb. Deyir "imkan tapan kimi zəng edəcəyəm". Bir az rahatladım. Günorta saatlarında inanılmaz bir həyəcan gəldi mənə. Ürəyim tutdu-buraxdı. Elə bil kimsə arxadan vurdu. Bu nəydi, İlahi!.. Bacım Dostu nar gətirib böldü, dedi, ye, ürəyin sərinləyər. Bir ədəd götürdüm. Gördüm dayana bilmirəm, qardaşım Kərimə dedim ki, məni evə çatdır. Evə gəldik. Bacım da məni tək buraxmadı. Təranəyə dedim, bir xəbər varmı? Dedi, yox! Bacımla qardaşımı yola saldım, onlar getdilər. Çünki tək qalmaq istəyirdim. Axşam oldu, bacım Bəhramla bizə gəldi. Hal-əhval tutdular (demə bilirmişlər Fəridin şəhid olduğunu)...

Yuxu gördüm həmin gecə. Gördüm ki, bacım çağırır, deyir gəl bu stolu tutaq, aşmasın. Bacımla mən yan tərəfdən, İlfanla Fərid də baş və ayaq tərəfindən tutublar. Hərəsinin də əlində bir klok var, ancaq Fəridin kloku qan içindədir. Bir də baxdım ki, İlfan da yoxdu, bacım da. Çığırdım. Pörtmüş halda diksinib ayıldım. Səhərisi qonşular xəbər aldılar. Biri gəldi, biri getdi. Hamımız həyəcan içindəydik. Ayın on biri oldu. Xəmir qatırdım. Bir neçə dəfə xəmir sıçradı. Diksindim: "Dilim qurusun, Fəridin başında bir iş var bəlkə?!". Sən demə, həqiqətən Fəridin başında iş varmış. İmkan tapan kimi zəng edəcəkdi oğlum. Ancaq imkan tapmadı...

P.S. Bu dünyada bir Qum şəhəri, bir Qum kəndi var. Qum şəhəri İranda, Qum kəndi isə Qax rayonundadır. Hər ikisi müqəddəs məkandır. Çünki Qum şəhəri Ayətullah Xomeyninin, Qum kəndi şəhid Fərid Ramazanovun vətənidir.

Ruhu şad, məkanı cənnət olsun Şəhidimizin!

09 aprel 2021.