Atatürk və Nərimanov

Sultan SEYİDOVA, BDU-nun dosenti

Atatürkün 600 illik Osmanlı imperiyasının dağılmasından sonra Türkiyəni, bu imperiyanın bir hissəsini qoruyub saxlamaq, onu türk dünyasının əzəmətli dövlətinə çevirmək üçün nə qədər böyük, misilsiz xidmət göstərdiyinin hamı şahidi oldu. Antanta dövlətləri Türkiyəni öz aralarında bölməyə hazırlaşırdılar. Yunanlar ölkənin əsas hissələrini zəbt etmişdi və sürətlə irəliləyirdilər. Bundan əlavə ölkədə ikihakimiyyətlilik hökm sürürdü. Biri yeni Türkiyə yaratmağa çalışan, Ankarada xalq hakimiyyəti olan Böyük Millət Məclisi, biri də İstanbulda Antanta dövlətlərinin əlində oyuncaq hesab edilən, son günlərini yaşayan sultanlıq və xəlifəlik. Belə bir ağır şəraitdən qələbə ilə çıxmaq böyük şücaət tələb edirdi. Mustafa Kamal Paşa hələ 1919-cu ildə xalqa üz tutub deyirdi: "Ya istiqlal, ya ölüm!". Həmin müraciətdə onu da göstərirdi ki, "türkün heysiyyəti, qüruru və qabiliyyəti çox yüksək və böyükdür. Belə bir millət əsir yaşamaqdansa, məhv olmağı daha yaxşıdır".

Türkiyənin lideri hər şeydən əvvəl türk vətəndaşlarına yeni inam, əqidə və qorxmazlıq aşılamağa çalışır və deyirdi ki, bir həqiqət də vardır ki, Türkiyənin düşünən qafalarına büsbütün yeni bir inam aşılamaq ... Bütün millətə təptəzə bir ruh vermək.

Atatürk məmləkətini yeni inkişaf yoluna çıxardıb onun gələcəyindən arxayın olandan sonra bir mühüm məsələdən xüsusilə danışırdı. Bu, başqa türk xalqlarının taleyi idi. Buna böyük lider heç cür biganə qala bilməzdi. O, başqa türk xalqlarını heç vaxt Türkiyədən ayırmırdı. Ordunun vəzifələrindən danışanda "Türklük Dünyasının" şan və şərəfini də qorumağı xüsusilə tapşırırdı.

Azərbaycanın məşhur ziyalıları Atatürkə həmişə böyük qiymət vermiş, onun türk və Azərbaycan xalqlarının birliyi, qardaşlığı haqqında fikirlərini fəxrlə qeyd etmişlər. Dövrümüzün lideri Heydər Əliyev Türkiyədən gəlmiş dövlət adamlarının qarşısında çıxış edərkən Atatürkün sözlərini fəxrlə, iftixar hissi ilə deyirdi: "Böyük Mustafa Kamal Atatürkün sözləri gəlir xatırıma: o deyirdi ki, Azərbaycan gülərsə Türkiyə də gülər, Azərbaycan ağlarsa, Türkiyə də ağlar. Mən də bu gün burada Azərbaycan xalqının iradəsini təmsil edən Prezident olaraq deyirəm ki, Türkiyə sıxılarsa, incinərsə, üzülərsə, Azərbaycan da sıxılacaq, incinəcək, üzüləcək, Türkiyə gülərsə, Azərbaycan da güləcək!"

Azərbaycanın liderləri Atatürkün böyüklüyünü yalnız iki xalqın tarixində oynadığı böyük və misilsiz xidmətləri ilə məhdudlaşdırmırdılar. Məmməd Əmin Rəsulzadə hələ 1953-cü ildə "Qurtulan Şərqin simvolu" adlı əsərində yazırdı: "... Mustafa Kamalın böyüklüyü məhz tarixin zərurətini qavramasındadır. O, şümul dühası ilə Türk millətçiliyinin şanlı lideri, eyni zamanda qurtulan Şərqin də simvoludur".

Qədim və zəngin bir ölkədə "Yeni bir Türkiyə" yaratmış tək bir kişi Mustafa Kamal Paşadır.

Bununla belə Atatürk öz yaxın adamları ilə söhbətlərində qeyd edirdi ki, şimal qonşularınızla ehtiyatla dolanın, çünki bunu lazım bilirdi. O, 1938-ci  ildə öləndə bütün türk xalqı onun arxasınca ağlayırdı və yalnız Türkiyə türkləri yox, bütün türk xalqları ağlayırdı. Mustafa Kamal Atatürk bütün türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin də atası idi.

Atatürk 1881-ci ildə, N.Nərimanov isə 1870-ci ildə anadan olmuşdur. O, Atatürkdən təxminən 10 yaş böyük idi, ondan da tez vəfat elədi. Hər ikisi öz xalqı üçün dayaq idi, xilaskar idi, lider idi. Hər iki xalq tarixin törətdiyi faciə  qarşısında aciz qalanda bunlar öz xalqının dadına yetişdi. Bu dahilərin hər ikisi böyük çətinliklərə düçar olmuşdu. N.Nərimanov daha çox.

N.Nərimanov böyük maarifpərvər, yazıçı - dramaturq, publisist, alim - müəllim, ictimai və siyasi xadim, Azərbaycanda ilk ali savadlı həkimlərdən idi. "O, Azərbaycan xalqının qəlbinə o qədər nüfuz edib, o qədər möhkəm yer tutub ki, onu buradan çıxarmaq mümkün deyil. Bu, Nərimanovun haqqıdır, təbiətin, Allah - Taalanın ona gen-bol bəxş elədiyi, səxavət göstərdiyi ədəbi, daimi haqqıdır. Bu haqq mübarizə ilə alınmır, ancaq verilir. Öz əməyinə, xalqa xidmətinə, böyük dövlət xadimi kimi qüsursuz işinə, insanlıq borcuna görə verilir".

N.Nərimanovun fəaliyyət dairəsi çox geniş olmuşdur. O, insanlara həm həkim, müəllim, yazıçı, alim kimi, həm də böyük inqilabçı və ictimai xadim kimi xidmət etmişdir. Bakıda müsəlman kütlələri üçün ilk kütləvi qiraətxana-kitabxana açmış, bu kitabxana üçün öz hesabına kitablar almış, bir sıra Şərq ölkələrinin mütərəqqi qəzetləri ilə əlaqə yaratmış, həmin ölkələrdən də ədəbiyyat almışdır. Azərbaycan və rus dillərinə aid dərsliklər hazırlamış, ədəbiyyat və dilçiliyə aid, azadlıq ideyalarını təbliğ edən çoxlu məqalələr, əsərlər yazmışdır. Onun çoxlu bədii əsərləri, hekayələri, roman və pyesləri var.

N.Nərimanov 1894-cü ildə ictimai problemlərə toxunduğu "Nadanlıq" pyesini, daha sonra "Şamdan bəy", "Nadir şah", "Bahadır və Sona" kimi ədəbi-bədii əsərlər, sosial və mədəni məsələlərə dair publisistik məqalələr yazmışdır.

Böyük ədibimiz çox humanist insan olub. O, İnqilab komitəsinin sədri işləyərkən bir çox görkəmli adamları ölümün pəncəsindən xilas edib. Azərbaycan tarixində elə bir fakt tapa bilmərik ki, Nərimanova ləkə gətirsin, bircə  nəfər Azərbaycan ziyalısını məhv etmiş olsun və s. O, gələcək üçün yaşayırdı. Özü yazırdı:"Bəlkə də biz öləcəyik, lakin ona görə öləcəyik ki, yenidən həyata qayıdaq". O öldü, amma yenidən qayıtdı həyata.

Bildiyimiz kimi Birinci Dünya müharibəsində əsir düşmüş on minlərlə adamı Nargində yerləşdirirdilər. Onların içərisində ən çox türk əsirləri var idi. 1917-ci ilin axırlarında cənub sərhədlərindən dəstə-dəstə türkləri bu insan yaşamayan yerlərə doldurub işgəncələr verirdilər. Həmin əsirlərə qeyri-insani münasibət göstərilməsinə səsini ucaldan N.Nərimanov oldu. Onu hələ o zaman türk qardaşlarının vəziyyəti bir yazıçı, bir həkim, bir insan kimi Nargin adasına getməyə məcbur elədi. Türk qardaşlarına biganə qalmadı. N.Nərimanov yazırdı: "Kaş mən bu cəzirəyə getməyəydim! Kaş bir dəri, bir sümük bədənləri, işıqsız gözləri, ah-zar edən insanları görməyəydim! Kaş, "əfəndim su, əfəndim yemək, əfəndim paltar" sözlərini eşitməyəydim! Kaş dodaqları soyuqdan titrəyən, üzləri ayazımış atasız-anasız uşaqları dindirməyəydim! Kaş başları kərpic üstündə can verən igidlərə rast gəlməyəydim! ... Mən onların halına tab gətirə bilməyib ixtiyarsız ağladım. Ağlamamaq mümkünmü?".

N.Nərimanov heç cür türk qardaşlarının faciəli həyatına biganə qala bilmir. Onun kəskin çıxışlarından, hökumət məmurlarına qəzəbli məktublarından sonra komissiya yaradılır. Komissiya həmin əsirlərin cəzirədən çıxarılıb xeyriyyə cəmiyyətinin sərəncamına göndərilməsi təklifini irəli sürür.

Nərimanov 2900 türk əsirinin (bunların içə

risində qadın və uşaq da var idi) taleyini uzun müddət unuda bilmirdi. O xəstələnib Həştərxana gedənəcən türk balalarının taleyi ilə məşğul olurdu. O, Həştərxanda, sonra Moskvada V.İ.Leninlə görüşlərində bu cür qeyri-insani münasibətlərdən də danışmışdı. 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri, sonra baş nazir olanda da unutmadı, əlinə imkan düşən kimi türk qardaşlarına, onların lideri Mustafa Kamal Paşaya dostluq və qardaşlıq əli uzatdı. Mustafa Kamal o zaman maddi yardım üçün Leninə müraciət edəndə, əsgəri xərclər üçün beş milyon qəzəl pul istəyəndə də N.Nərimanov kömək etmişdi. Qeyd etmək lazımdır ki, o, Moskvada işlədiyi zaman da partiyanın Şərqdəki siyasətinin həyata keçirilməsində mühüm rol oynayırdı. Rəhbərlik Şərq barəsindəki başlıca məsələlər haqqında onun mülahizələrinə böyük diqqət verirdi. Şəxsən Lenin M.Kamala yüksək qiymət verirdi. Lenin də Mustafa Kamal haqqında bu cür fikir formalaşmasında Nərimanovun da xidməti olmuşdu.

Atatürk də türk toplumları içərisində Azərbaycana xüsusi qiymət verir və bizim xalqımıza çox böyük ümid bəsləyirdi. Bu xalqın dərdini öz dərdi, sevincini öz sevinci bilərək deyirdi ki, Azəri türklərinin dərdləri bizim dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların muradlarına nail olmaları, hür və müstəqil yaşamaları bizi həddindən çox sevindirir. Anadolu xalqı ilə Azəri qardaşları daha da yaxınlaşdırmağın vacibliyini göstərirdi.

Onu da qeyd etmək vacibdir ki, Nərimanov əvvəllər də, Həştərxanda olanda da yeni türklərlə əlaqə saxlayır və tədbirlərində iştirak edirdi. Onların işinə, mübarizəsinə yaxından bələd idi. Mustafa Kamal hələ Nərimanov Bakıya gəlməmiş 1920-ci il may ayının 3-də Şərq cəbhəsinin komutanı Kazım Qarambəkir Paşaya yazırdı ki, dövlətdə bir qəpik pul yoxdur. Hələlik pul əldə etmək üçün daxildə elə bir mənbə də yoxdur. Başqa mənbələrdən pul əldə olunana qədər Azərbaycan hökumətindən maksimum miqdarda borc pul almağı təmin etməyinizi rica edirəm.

Bolşevik Azərbaycanın Cumhurbaşqanı Nəriman Nərimanov avqustun 30-da Böyük Millət Məclisində oxunan məktubunda "başqa qurtuluş yolu yoxdur" deyə davam edir: "Müsəlman kommunistləri sizin məqsədinizə çatmaq üçün var güclərini əsirgəməyəcəklər. Əks halda nə sizin üçün, nə də bütün Şərq üçün qurtuluş yolu yoxdur".

Bundan sonra Atatürklə Nərimanov arasında son dərəcə sıx mənəvi yaxınlıq, ideya və məslək birliyi yarandı. Nərimanov Türkiyədəki hadisələri çox diqqətlə izləyir və onların müvəffəqiyyətinə sevinirdi. O, diplomatik yolla, iqtisadi vasitələrlə Türkiyəyə əlindən gələn köməyi edirdi. O zaman ingilislər yüzlərlə türk ziyalısını guya erməni qırğınında iştirak etdiklərinə görə həbs edib Malta adasına sürgünə göndərmişdi. Atatürk kimi Nərimanov da onların, bu günahsız insanların azad olmasına çalışırdı. Hətta o ingilis səfirliyi ilə danışıb Bakıda olan bütün əsir ingilisləri Malta sürgünündə olanlarla dəyişdirməyi təklif etmişdir.

Bu qayğıdan sonra Nərimanovla Mustafa Kamal Paşa arasında dostluq telləri daha da genişləndi və iki xalqın arasında  qırılmaz tellərə çevrildi.

Onu da qeyd edim ki, Nərimanov gözəl bilirdi ki, türklər üçün ən prinsipial məsələ erməni məsələsidir. O, bir dövlət başçısı kimi Leninin diqqətini Türkiyə üçün mühüm məsələlərə yönəldir və bu qərara gəlir ki, "Erməni məsələsi türklər üçün ölüm-dirim məsələsidir. Əgər biz bu məsələdə güzəştə getsək, camaat bizim arxamızca getməyəcək. Burası da var ki, həmin məsələnin bizim xeyrimizə həll edilməsi qüdrətimizi daha da artırar. Bəli, həmin məsələnin bizim xeyrimizə həll edilməsi qüdrətimizi daha da artırar!". Bu incəlikləri Nərimanov Böyük Rusiyanın başçısı Leninə başa salırdı. Lenin də Nərimanovun məktubunun lazım olan yerlərinin altından öz əli ilə xətlər çəkmişdi. Bu onu göstərir ki, Nərimanovun fikirlərinə Lenin çox böyük əhəmiyyət verirdi. "Onlar bizimlə birlikdə son damla qanlarınadək İngiltərəyə qarşı vuruşmağa hazırdılar. Lakin Moskva erməni məsələsinə görə türkləri özündən uzaqlaşdırsa, onlar məyus olub ingilislərə üz tuta bilərlər. O zaman nələr baş verə bilər?".

" ... Mən qəti deyirəm - Qafqazda (Dağıstanda və Gürcüstanda) yaranmış indiki vəziyyətdə Azərbaycanı əlimizdə saxlamaq istəyiriksə, biz nəyin bahasına olursa-olsun türklərlə möhkəm ittifaq bağlamalıyıq".

N.Nərimanov bir gün türklər üçün latın hərflərini qəbul və tətbiq edəcəyini də söyləyirdi. Şübhəsiz ki, bu fikirlərin mərkəzində Mustafa Kamal Paşa dururdu və N.Nərimanov onu daha çox sevirdi. Hətta ona Türkiyənin xilaskarı kimi baxırdı.

Azərbaycan xalqı, xüsusən Nərimanov türk ordusunun 1918-ci ildə Azərbaycana gəlməsini və xalqımızı qəddar və qaniçən ermənilərin əlindən almasını heç vaxt unutmurdu. Nərimanov yeri gəldikcə imkanı daxilində türklərə nə kömək lazımdır eləyirdi. Onun şəxsi göstərişi ilə 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərilmişdi. Bu yardımlar mütamadi olaraq davam etdirilirdi.

1921-ci ilin mart ayında Mustafa Kamal Paşa özü Nərimanova məktub yazmış və borc pul verməsini xahiş etmişdi. Nərimanov dərhal 500 kiloluq qızıl göndərir. Daha sonra Rusiyadan 10 milyon qızıl yenə göndərilir. N.Nərimanov Mustafa Kamal Paşaya yazırdı: "Paşam, qardaş qardaşa borc verməz, əl tutar".

Eşq olsun belə dostluğa və qardaşlığa!