"Qələmə and olsun..."

Minaxanım TƏKLƏLİ, filologiya elmləri doktoru, professor

Bir gün - bir neçə il bundan qabaq masasının siyirməsindən bir ucu qırmızı, bir ucu göy karandaş çıxarıb: bunu mənə atam bağışlamışdı, - dedi. Atası general Məmməd Qurbanov repressiyanın ilk qurbanlarından idi. Amma Afad müəllimə çatdırıb bir qələm yadigar verib gedə bilmişdi. Bu da sanki onun gələcəyini müəyyən etmişdi... bu qələmlə onun bəxt yolu cızılmışdı.

Bir də adı...adını vermişdi. Çox sevdiyi cümhuriyyət dövründə birgə çalışdığı dostu türk generalı Ali Fuad paşanın- Ali Fuad Cəbəsoyun adını vermişdi. Adım Ali Fuaddır, onun qısaltması: Afad. Mustafa Kamal paşanın əvvəl sinif yoldaşı - uşaqlıq dostu, sonra mübarizədə silahdaşı Ali Fuad paşa... Qafqaz cəbhəsində də vuruşan, qafqazlıların böyük ümid bəslədiyi Türk İslam Ordusu Birinci Dünya hərbinin sonlarında nəhayət qardaşa yardım əlini uzatmağa nail olmuşdu. Hər halda sonrakı illərdə də gənc Türkiyə Cümhuriyyətinin Moskvada elçisi olarkən də menşevik Gürcüstanı ilə qarşı-qarşıya durduğunu xüsusi vurğulayır. Bunlar paşanın Qafqaz, xüsusilə Gürcüstanla sıx təmasını göstərirdi. General Qurbanovu Atatürk istiqlal savaşına düşmənlərə qarşı birgə çarpışmağa dəvət edib. Evə gələn kimi o da, qardaşı Əhməd də həbs olunmuş... Məmməd Qurbanov öncə Qori seminariyasını bitirmişdi. Rus dilini yaxşıca bildiyi halda məktublarını ana dilində ərəb əlifbasında yazırmış. Sonra aviator sənətinə yiyələnib, Tiflisdə aviasiya sahəsində işləyir, pilotu olsa da təyyarəni özü sürürmüş. Elə dağa təyyarəsi ilə gəlirmiş. Afad müəllimin anası başqa kənddən imiş. Eşitdiyi xatirələrdən atasının təyyarəni aşağıdan sürməsi, səmadan o kəndə konfet səpməsi...

Ana nənəmgilin evi yeganə ikimərtəbəli ev idi. Ana tərəfdən iki nənəm olub: Güllü və Sənəm. Atamın məktublarını saxlamışdılar. Qəşəng xətti olub... İllər boyunca xatirəsini şirin-şirin sinəsinə sığışdırıb saxladığı Güllü nənəsi... elə canlı, elə nisgilli danışırdı ki, sanki bu saatlar ayrılıbmış kimi.

Uşaqkən hər şeyi ehtiyatla ondan gizlədiblər, onun taleyinə təsir edəcəyindən qorxurlarmış... iki ağır ittiham: çar generalı, indi də Türk generalı... çək görüm çəkə bilsən bu ittihamı. Repressiya dalğası tam gücüylə dəyib bu ailəyə. Amma bölgəyə başucalığı verib bu ailə. İlk hərbçi bu kənddən çıxıb. İlk alim də ailənin kiçik oğlu akademik Afad oldu. Sərhədlər açıldıqdan sonra Türkiyədə qovuşduğu bibisi evində Atatürkün, Attilanın, bir də general atasının boyaboy çəkilmiş şəklini divarda görməsi, Türkiyədə general ocağının odunu-ocağını sönməyə qoymayan od ürəkli bibisi uşaqlarının ona tapança hədiyyə vermək istəməsi...də artıq sonrakı, yəni dünənin xatirəsi idi. Afad müəllim özü söz-söhbət adamı idi; söz ağası idi, içindən nə qədər və neçə dərin mənalar çağlasa belə dodaqqaçdısız ötüşmürdü bir xatiratlar...

 Ellər içində biz Qara Qurbanlar adlanırdıq. Kənddə məktəb yox idi. babam - Alı kovxa məni atın üstündə qucağına alıb məktəbə aparır, dərs qurtaranacan gözləyir, yenə məni evə qaytarardı. (Qol çəkəndə imzasını "A. Qurban" qoyurdu; o qədər də könlü olmayan işlərə isə -icazə istərkən və s. imzanı əlüstü, yarımçıq atırdı. Bu imzaların sirrini, səbəbini bildiyimdən özümü gülməkdən zorla saxlayırdım.)  80-ci illərin sonu, hadisələr 20 yanvara aparır. Kabinetində qonaq etdiyi rus "barışdırıcı" generallara tarixdə erməni terroru və meydana çıxardıqları qətliamlar - Türk, yerli müsəlman xalqa qarşı nə varıydıysa materiallar göstərirdi. İndi belə qaynaqlar çoxdur, amma nəzərə alsaq ki, hələ sovet rejimi bərqərar ikən bu materiallar özümüzü də heyrətləndirirdi... Surətçıxarma makinasının o zamankı primitiv halını düşünün, əlimizdə materialları - belə vərəqləri çoxaltmaqla məşğul idik.

 …Əməliyyatdan yeni çıxmışdı, mənim doktorluq müdafiəmə gəldi... Yeni quruculuq illəri, sopsoyuq, qızdırılmayan salon... Qayğıkeşliklə: nahaq gəldiniz müəllim,  buralar soyuqdur. Qalın paltosuna bürünə-bürünə: ehtiyat elədim, dedim birdən kvorum toplanmaz...

Mənimsə gözlərim önünə lampa kimi şölə çəkən yumru sifət, çatma qaşlı, yenicə verdiyi itkidən dərdli evin könül dərmanı, babanın, nənənin can məlhəmi çocuq gəlir. Nələr görürdü bu uşaq: böyüklərin xısın-xısın ağlaşmasını uşaqlar görməsin deyə tez-tez gözlərinin yaşını silib tələsik şən, qayğısız görünüş almaları bu saat da, bu an da onun könül ahları idi. Eyni, həmin çağların təəssüfü ilə o gecə "əli atına çatan" sərhədi keçib canını qurtarmışdı. Bizə isə at tapılmadı biz də köçək. anam nə qədər çalışsa da bir at verən tapılmadı... Başsız qalan ailə daha betərindən qorxub ev-eşiyi buraxıb qaçmağa qalmışdı.

Tələbə venetkasında Şıxəli Qurbanov, bir tərəfdə isə Afad Qurbanov. Bir-birinə surətcə də çox bənzəyən, təsadüfən eyni soyadı daşıyan Afad və Şıxəli Qurbanovu - qardaş bilirmişlər. Həqiqətən belə anlarda onunla fəxr edirdi Afad müəllim. Moskvaya Ümumdünya Gənclər festivalına ADPU-dan gedən nümayəndələr arasında Afad Qurbanov da vardı. Festivalın açılış günü sovet nikbinliyi ilə aşıb-daşan iştirakçılar qədər də sevinən tamaşaçılar gözləri önünə bayraqlarla çıxır. Musa müəllim vah...vah... bir də görəm budu bizim cavanlar, öndə də budu Afad qolunda bayraq hamıdan qabaqda... həmin fəxri, qüruru, sevinci mənə danışdıqca də yaşadırdı Musa müəllim...

Biz tələbəykən Afad Qurbanovın "Müasir Azərbaycan ədəbi dili" kitabı yeni çıxmışdı. Elə kitabın ilk səhifələrində Türkiyə türkcəsi xalq şeirindən örnək parçalar salınmışdı. Bu nədir: bütün ruhum donuqluğumuza-dönüklüyümüzə, itirdiklərimizə, şəxsiyyət vəsiqəmizdən türk milləti adının əlimizdən alınmasına üsyan edirdi, həm də bayramım idi: Türk şeirindən parçalar türk dili nümunəsi və təbii ki, bu nümunənin saxladığı türk ruhu dərs kitabımda... Sonralar bu təəssüratlarımı özünə söylədikdə: Tətildə Tiflisdəmi, İrəvandamı (oralarda komission maqazinlər vardı o vaxt) maqazində ədəd-ədəd satılan türk konfeti vardı, uşaqlar yedikdə bu şeirləri o konfet-saqqızın kağız qabıqlarında görürdüm, saxlayırdım... Bəs kitab?! Neçə-neçə ədəbiyyat tapşırılsa da, həmin kitabları alsaq da, həmin kitabla qalırdıq. O, bizə çox əlverişli, hərtərəfli, yararlı gəlirdi. İki cildlik Azərbaycan ədəbi dili praktikumu hazırlayarkən aspiranturada oxuyurdum. Misalları seçib toplayır, Afad müəllim bunlarla tanış olur, oxuduqca "qoçaq Minəxanım" deməyi mənə bir ciddi mükafat məmnunluğu bəxş edirdi. Sonralar bu illərdə həmin əsəri bir də kökündən olmaqla dəyişdirdik; mənə “sən onun redaktoru oldun” dedi.

Bəzən həyatın elə məzəli anlarına baş vururdu ki... hamı onun tövründə, rəftarında mədəni, diqqətli olduğu kimi geyim-keçimində də bir o qədər səliqəli olduğunu bilirdi. Bununla bağlı bir gənclik xatirəsi: köynəklərimi belə Tiflisdə xüsusi dərziyə tikdirməsi, tələsəndə təyyarəyə minib Tiflisə dərziyə getməsi. Mən xatirəni bu yerindən əbəs yerə başlamadım. Mənim kafedraya yolum düşəndə (artıq başqa yerdə işləyirdim) saatla uzanan söhbəti bilə-bilə xatirələr cığırına yönəldirdi: Sənin qələminə inanıram. Oxuyuram, valeh oluram. Bilirəm yaxşı kitab yazacaqsan. Mən utanaraq: Afad müəllim, axı, mən sizin tələbəniz olmuşam, gör neçə ildir... Onda fakültəmiz  Tarix-filologiya adlanırdı, Afad müəllim dekan müavini, dekanımız özü tarixçi idi, amma ixtisasın adının dil-ədəbiyat yerinə filologiya olması onun təşəbbüsü idi; sonra müstəqil filologiya fakültəmiz oldu, Afad müəllim də dekan, sonra rektor, kafedra müdirimiz... İllərdir keçən... Namizədlik müdafiəm gecikirdi. Aspiranturanı da çoxdan bitirmişdim. Vaxt keçir, əllərim bir işə də yatmırdı. Boş-boş, fikir-xəyal içində girib-çıxırdım. Birdən məzəmmət edər kimi mənə və mənim kimi işi məchula dönən araşdırmaçıya: bu cür ruhdan düşmək düzgün deyil, səbirli olun, hələ heç kimin elmi işi portfeldə qalmayıb. Və ya kafedraya gələndə bizi telefonda söhbətdə və ya bir-birimizlə şirin-şirin söhbətləşən görüb özünü görməməzliyə vurar, sanki gördüyünü-bildiyini hiss etdirmədən yerinə keçər, amma çox-çox sonradan: nə qədər vaxtınız var oxuyun, ciddi yazılara girişin, sonra illər keçər, hər zaman, hər yerdə oxumaq olmur. Bir də görürsən, elektrik işığında oxumaq olmur, oxuya bilmirsən. indi isə əsil vaxtınızdır, oxuyun, oxuyun...

Əvvəl bilməzdim, indi bilirəm ki, vaxtdan qiymətli heç nə yoxdur... Mən indi özüm laübalı gəzən, qayğısız-qayğısız fırlanan tələbələrimə eynilə bunları deyirəm. Görüm, baxan olacaqmı?! Bunlar bir günlük deyil ki...

...Bir gün qohumumgildəydim; xalamım yanında qonşusu vardı. Afad, dedi, artıq evlənmək yaşındı, kimlə evlənəcəksən? Sən gəl bir yetim qız al, onu xoşbəxt et. Belədə Allah ömür boyu səni bu savab işə görə xoşbəxt edəcəkdir. Çox-çox sonralar mən: müəllim, Allah sizə Zöhrə xanımı qismət edəndə sizin bəxtinizi nura qərq edib. Mən bunu Afad müəllimin səhhəti və xanımın bir həkim, bir sadiq dost kimi diqqətini nəzərdə tutub deyirdim…  Sual verirdi: yaxşılıq etmisənmi? Cavab gözləmədən onları unutmaq lazımdır, danışmaq yox... Əsl yaxşılıq belə olar. Etdiyini deməkdənsə,  özünə olan yaxşılıqlardan danış həmişə... xatırlat.

Onomastik tədqiqlərə bəlkə başlanmamışdı, amma bu işin canlandığı 80-ci illərdə biz böyük alimləri özümüz gördük, universitetimizdə qarşıladıq, əzizlədik. Dövrün tanınmış, məşhur türkoloqları: Şerbakı, Baskakovu, Ədhəm Tenişevi, Olqa Molçanova, Koroğlunu ... görüşüb tanış olduq. Cücəkənddə doğulmuşdu. Amma bilirdi, bildirirdi ki, bu Cucikənddir… bilməzlikdən…yanlış tələffüzdən belə hala düşüb. Qubanın ətrafında yeri vardı, bağ salmış, qonum-qonşuya da yararlı adam olmuşdu. Götürüm Amsar deyilən kəndin adını Əmsar şəklində dəyişdirtmişdi.

Afad müəllim elə güclü, canlı şəxs idi ki, onu keçmiş zamanda təsvir etmək olmur, olmayacaq da... İstanbulda dönə-dönə olduğum Əsgər muzeyində bir dəfə xahiş etdim Ali Fuad paşanın orijinal şəklini mənə tapıb bağışladılar. Cümhuriyyət generalları deyə bir qrup şəklini verdilər. Ali Fuad paşa öndə dayanmışdı. Atasının dostunun, xatirəsinə hörmət bəslədiyi generalın şəklinin məndə olmasına sevindi. İnsanda ən çox da vəfanı, sədaqəti qiymətləndirirdi. Yaş 80-i keçmişdisə də 90-ı, 100-ü aşmaq niyyətindəydi bu ömür. Lakin vəfa qoymadı; can qədər sevdiyi qardaşı Almaz Qurbanov vəfat etmişdi, qardaş itkisindən sarsıldı və sanki daha yaşamaq istəmədi bu vəfalı insan.

Gözəllik aşiqi idi, desəm bəlkə artıq olar. Universitetə rektor təyin olunan kimi təmir başlandı; bu gözəl, qədim bina, ilk universitetə qucaq açan tarixi bina öz gözəlliyinə qovuşurdu gözlərimiz önündə. Uzun tarixi ərzində nə qədər düzəlişlər edilmişdisə də hamısı sökülüb atılır, əsl görkəm bərpa olunurdu. Arakəsmələr götürülür, hər yan genişlənir, bu genişlikdən rahatlıq, dinclik yağırdı hər yana. Bu böyük işlər yeni ifadələr, az qala zərbi - məsəllər doğururdu: SSRİ-də başladılan "Yenidənqurma" hərəkatı başlayanda "eh o bizdə artıq başlamış" deyə xəfif zarafatlar dolaşmaqda idi. Bir dəfə də bulvara baxan balkonundan görmüşdü ki, ağacları kəsirlər, dayana bilməyib düşüb yanlarına gəlmiş, az qala əllərindəki mişarı almaq istəmişdi. Dediyinə görə kəsilənlər ətiri dövrələmə hər yanı tutan, sehirli ətir saçan ekzotik qiymətli ağaclar imiş.

Yüksək mədəniyyət, yüksək erudisiya, çalışqanlıq... hər şeyin yüksəyi təcəssüm olmuşdu onun təbiətində; bunun təhsil işində gənclərə canlı örnək olaraq hər bir müəllimdə olması nə qədər vacibdir.  Yazımın sonunda bir "hüsnü-xitam" üçün "Qələmə and olsun... sətir-sətir yazdıqlarına" and-qəsəmindən gözəl bir şey tapmadım..