Kəlbəcər elinin ağsaqqalı - Qənbər Şəmşiroğlu

Rübabə Şirinova, AMEA Əlyazmalar İnstitutu, fəlsəfə üzrə  fəlsəfə doktoru, dosent

27 sentyabrdan başlanan haqq savaşı Ali Baş Komandanımız İlham Əliyevin şücaəti ilə ordumuz sayəsində qələbə ilə bitdi. Hərb tariximizə qızıl hərflərlə yazıldı və  işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Ali Baş Komandanın dili ilə desək, bu günlər, bu dəqiqələr hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər, dəqiqələrdir. Milli şüarımıza çevrilmiş "Qarabağ Azərbaycandır!" gerçəyi reallaşdı. Bütün dünya, xüsusilə mənfur düşmənlərimiz bu şüarı təsdiqləməyə məcbur edildi.

 

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğalından otuz ilə yaxın bir dövr keçməsinə baxmayaraq, Azərbaycan xalqı sabaha inamını itirmədi. Ali Baş Komandana daim inandı və güvəndi. Müzəffər Azərbaycan ordusu sonsuz cəsarət və qəhrəmanlıq göstərməklə torpaqlarımızı yağı düşməndən təmizlədi.

8 noyabr - Şuşanın işğaldan azad olması. Ali Baş Komandanın çıxışı: "Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni xalqıma verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad olunan digər torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın otuz illik həsrətinə son qoyulur".

10 noyabr müstəqil Azərbaycan dövlətinin qədim və zəngin tarixinə qızıl hərflərlə yazılan günə çevrildi.  Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. İllərlə bu qələbəni gözləyən el ağsaqqalı, XVI əsrin böyük sufi şairi  Miskin Abdal, Ağdabanlı şair, Qurban ocağının yetirməsi, ustadlar ustadı Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlu belə  yazır:

Eşitdim gücünü, gördüm hünərini,

Ürəkdən sevdiyim sərkərdələrin.

Həddini bilməyən nanəciblərin,

Canına vəlvələ salanlarım var.

Ulu öndər Heydər Əliyev Kəlbəcər və kəlbəcərlilər haqqında belə demişdir: "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur". Belə fədakar insanlardan biri də Qənbər Şəmşiroğludur. Qənbər müəllim 1933-cü il noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya göz açıb. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonra bir il Kəndli-Gənclər Kursunda işləyib, 1951-ci ildə ikiillik Ağdam Dövlət Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı işləyib. Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilmişdir. Qənbər müəllimin müasir Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib və bu münasibətlə Qənbər müəllim 18 oktyabr 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

1988-ci ildə erməni faşistləri tərəfindən Ağdərə-Kəlbəcər yolunda Qənbər müəllimin bacısı Çimnaz xanım, onun yaxın qohumu olan, sonralar Milli Qəhrəman adını almış Şahlar Şükürov vəhşicəsinə qətlə yetirildi.          

 1992-ci ilin aprel ayında erməni quldurları Qənbər müəllimin doğulub boya-başa çatdığı Ağdaban kəndində əsl soyqırım nümayiş etdirdilər - kəndi dağıdıb, qardaşı oğlu, əmiləri, əmisi uşaqları, bibisi qızı və xalasının oğlu, ümumilikdə, 14 nəfər yaxın qohumlarını vəhşicəsinə qətlə yetirdilər. Bu qətllərdən yalnız mətbuat vasitəsilə xəbər tutan o zamankı hakimiyyət rəhbərləri uzaq-ucqar bir dağ kəndinin günahsız sakinlərini - doğma soydaşlarını qəfil və qanlı terrorun pəncəsindən qopara bilmədilər... Həmin dəhşətli günlərin kulminasiyası  Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş Ağdabanlı şair Qurbanın və Əməkdar incəsənət xadimi, "Şərəf" nişanı ordenli Aşıq Şəmşirin evinin yandırılması oldu və bu ev-muzeyində  qorunub saxlanan 40 mindən artıq şeir nümunələri də odlara qalanıb külə çevrildi. Ağdabanlı Qurbanın və Dədə  Şəmşirin əski əlifba ilə yazılmış və əksəriyyəti çap olunmamış əlyazmalar külliyyatı yandırılıb məhv edildi.

Qənbər müəllimin ailəsi, qohumları Respublikanın müxtəlif şəhər və rayonlarına qaçqın düşdülər. Qənbər müəllimin anası rəhmətlik Güllü nənə qaçqınlıqdan sonra  ömrünün sonuna qədər Tərtər şəhərində yaşadı və orada rəhmətə getdi.Tərtər şəhərində, şəhər qəbiristanlığında  dəfn olunaraq torpağa əmanət qoyuldu:

Ağdabanım qan içində,

Ürək dözmür can içində.

Qənbər, alış-yan içində,

Yaman səndən nigaranam!

Anam, səndən nigaranam!

Aman, səndən nigaranam!

Qənbər müəllim Gədəbəy rayonunda icra hakimiyyətinin başçısı işlədiyi vaxtda erməni qəsbkarları torpaqlarımıza hücuma başladılar. O, 1992-ci ilin mart ayında ilk milli alayın yaradılmasının təşəbbüsçüsü və yaradıcısı olmuşdur. Vətənpərvər ziyalımız Qənbər müəllim dəfələrlə döyüşçülər arasında olmuş, zabitlər və əsgərlər arasında vətənpərvərlik ruhunun yüksəlməsi naminə əlindən gələni əsirgəməmişdir.

Qənbər müəllimin özü ilə bərabər iki oğlu, yaxınları, doğmaları da Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştrak edib, hazırda onlar müharibə veteranıdırlar. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarından iki nəfəri - Şükürov Şahlar Əvəz oğlu və Səfərov Sərdar Mədət oğlu dəyərli ziyalımızın ailə üzvlərindəndir.

 Qənbər müəllimin sədrlik etdiyi "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirir.

Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var:

Şahdağdan üz tutub Murova baxdım,

Bu dağdan o dağa salamlarım var.

Kəpəzin o üzü gözəl diyarda,

Düşmən tapdağında qalanlarım var…

Qənbər müəllim Qənbər Şəmşiroğlu imzası ilə bu gün də yazıb yaratmaqdadır. Onun 40-a yaxın kitabı çap olunub.

Yurd həsrətini daima qəlbində daşıyan, həyatın min bir çətinliyinə sinə gərən Qənbər Şəmşiroğlu öz yaradıcılığında təpədən-dırnağadək vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu  duyan qəlbinə hər addımında o torpaqlara qovuşmaq ümidini diktə edir:

Könül, bu həyatın sonu səfərdi,

Ötən ömrü eşq eləmək hünərdi.

Yurda həsrət Şəmşir oğlu Qənbərdi

Yaşıyacaq  o dağların eşqinə...

Bəli, Qənbər müəllim yaşayacaq  və yaşamalıdı o dağların eşqinə. Çünki Qənbər müəllim elə bir şəxsiyyətdir ki, ona yüzlərlə insanların ehtiyacı var. Kəlbəcərin ağsaqqalı olan Qənbər Şəmşiroğlu hansı məclisə gəlirsə, insanlar Qənbər müəllim tərəfə boylanır və: "Həmişə dar gündə bu kişi bizim köməyimiz olub", - sözlərini deyirlər. Əminliklə söyləmək olar ki bu, hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Ən gözəlidə odur ki, Qənbər Şəmşiroğlu bütün bu yaxşılıqları təmənnasız edir.

Bu gün Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin sücaəti, ordumuzun qüdrəti sayəsində  torpaqlarımız mənfur düşməndən azad oldu. Gözünüz aydın əziz ağsaqqalımız, elimizin, obazmızın dəyərli ziyalısı Qənbər müəllim, gözümüz aydın Azərbaycan xalqı. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandanımız Azərbaycan şəhidlərinin qanını aldı. Sizin yazdığınız şeirdəki kimi:

Elin köməyilə çörəklənmişəm,

Dirçəlib dirçəlib zirəklənmişəm.

Orduma baxaraq ürəklənmişəm,

Bilirəm qanımı alanlarım var.

Gözəl insan, dəyərli ziyalımız, elimizin, obamızın ağsaqqalı, doğum gününüz mübarək. Tanrı Sizi qorusun.