Professor Pənah Xəlilov - 96

Sultan Seyidova, BDU-nun dosenti

Şərəfli ömür yolu az-az adamlara nəsib olur. Belələrinin əməlləri, xeyirxah işləri daim anılır. Hərtərəfli biliyə, dünyagörüşə,  geniş ürəyə, dərin zəkaya malik olan, xeyirxahlığı və səmimiyyəti ilə özünə əbədiyyət qazanan müdrik insanlardan biri də Pənah İmran oğlu Xəlilovdur. O, Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, böyük ədəbi-ictimai xadim, çoxcəhədli yaradıcılığa malik alim, şərəfli müəllim ömrü sürən bir ziyalıdır. Bu ömrün qayəsi onun dözümü, dönməzliyi, həyat eşqi, ruhdan düşməməsi, əməksevərliyi, uğura inamıdır. Əcəl aman versəydi elmin yollarında öz zəhməti ilə, öz ləyaqəti ilə yüksələn Pənah müəllimin bu günlərdə 96 yaşı tamam olacaqdı.

 

Professor Pənah Xəlilov Azərbaycanın qədim diyarında - Borcalı mahalının dilbər guşəsi Sadaxlı kəndində dünyaya göz açmışdır. Uca tanrı mələklərdən üstün olaraq yaratdığı insana özünün təkmilləşmiş, mükəmməlləşmiş sonuncu kitabının ilk ayəsində oxumağı buyurmuşdur. Oxumağın ilk ibadət olduğunu anlayan ilahiyyatçı ocağında dünyaya göz açan balaca Pənah anadan doğulanda öz dövrünün görkəmli şəxsiyyəti olan Molla Xəlil babaya muştuluqçu gəlir ki, ilk oğul nəvən olub. Molla Xəlil baba ilk nəvəsi olduğu üçün həddən çox sevinir və "adını Pənah qoydum" deyir. Onun ömür-gün yoldaşı deyəndə ki, ay kişi, bu kənddə bir adam varmı ki, adı Pənah olsun? Əhməddən, Mahmuddan bir ad versək olmazmı? Bu zaman Molla Xəlil baba deyib ki, bir atalar sözü var: "hər oxuyan Molla Pənah olmaz". Amma biləsən mənim nəvəm oxuyub Molla Pənah olacaq. Bu ad ruhani anlayışına görə tanrıya sığınan, Allaha pənah aparan, Allah pənahında, geniş mənada himayəçi, arxa, dadaçatan, istinadgah mənasında işlənir. Uşaqlıqdan saza-sözə çılğıncasına vurğun böyüyən balaca Pənah M.P.Vaqifin də, klassiklərimizin və zəmanəmizdəki şairlərimizin də irsini sevə-sevə, heyranlıqla öyrənib, xeyli sonralar onların tədqiqatçısı kimi yetişdi, özünün təbiri ilə desək, "babamızın ümidini az da olsa, elm sahəsində doğrultdu".

... Günlər keçir, aylar ötür, balaca Pənah böyüyür, məktəb yaşı çatır. İlk təhsilini babasından alır. Babası etiqadlı ruhani, savadlı və dünya görmüş bir insan olduğundan oğullarına və kiçik qızına çərəkələr vasitəsi ilə ərəb əlifbasında oxumaq, yazmaq öyrədir. Sonra onlar latın hərflərini kəndin məktəbində öyrənirlər.

Pənah müəllimin atası İmran kişi də dövrünün təhsil görmüş ziyalı insanlarından idi. Borçalının Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə kimi maarif xadimlərinin bünövrəsini qoyduqları maarifçiliyin davamçısı olmuşdur və Sadaxlıda 1903-cü ildə ilk dünyəvi məktəbin açılmasında xüsusi xidməti olmuş vətənpərvər bir ziyalı idi. Hətta anası Yetər xanım da kənddə qadınların maariflənməsi, təhsil alması üçün çalışmış tərəqqipərvər bir qadın olmuşdur.

Pənah müəllim atasının vəzifəsi ilə əlaqədar dördüncü sinfi bitirəndən sonra Gəncədə M.Ə.Sabirin adını daşıyan 5 nömrəli orta məktəbdə təhsil almışdır. Ədəbiyyata sevgisinin və ədəbi zövqünün formalaşmasında orta məktəb müəllimlərinin rolu böyük olmuşdur. Bütün dərslərdən əla qiymətlər aldığı üçün ilin axırındakı imtahanlardan onu azad edirdilər. Axırıncı sinfin buraxılış imtahanlarından da azad edildiyi üçün orta məktəb attestatının üzünü görmədən onu Azərbaycan Dövlət Universitetindən göndərilmiş bir dosent universitetə aparmışdır. Sonra məlum olur ki, Pənah müəllim filologiya fakültəsinə imtahansız qəbul olunmuşdur. Ona II kursu qurtarhaqurtarda adlı təqaüd (Stalin təqaüdü) verilməsi qərara alınır. Nümunəvi bir tələbənin xeyirxah bir insan olduğu hələ tələbəlik illərindən bəlli olur. Ona adlı təqaüd verilməsi qərara alınanda rəhbərliyə demişdir ki, bizim qrupda bir qız da əlaçıdır. Ancaq maddi cəhətdən çox çətinlik çəkir. Mən isə "bəy balası" kimi dolanıram. Mənə düşən təqaüdün həmin qəza verilməsinə razıyam. Rəhbərlik bu gəncin ürəyinin böyüklüyünü görüb, ikinci Stalin təqaüdünün alınmasına nail olmuş və həmin təqaüd Pənah müəllimin dediyi qıza verilmişdir.

Pənah müəllim bütün ömrü boyu xeyirxah və səxavətli olub. Antik dövrün mahir natiqi Solon öz mühazirələrində söyləyirdi: "Həyatın ən yüksək qayəsi xeyirxahlıqdır ...". Müqəddəs Quranımızda da yazılıb ki, "əsl insan odur ki, xeyirxahlıq etsin, səxavət göstərsin. Bunlar ekiz qardaşdırlar".

Məhəmməd Peyğəmbərdən soruşurlar: "Əsl alim kimdir?" - "Əsl alim o şəxsdir ki, elmi öyrənən və öyrədən olsun". Pənah müəllim elmi həm öyrəndi, həm də öyrətdi, özü də təmənnasız öyrətdi.

...Pənah müəllim 1948-ci ildə universiteti bitirir və aspiranturada saxlanılır. Onun elmi potensialını təkcə Mir Cəlal müəllim deyil, o dövrün bütün görkəmli alimləri, yazıçıları, şairləri görür və qiymətləndirir. Hələ aspiranturada oxuyarkən universitetdə xalq şairi Səməd Vurğunun "Muğan" poemasının təqdimat mərasimi keçirilirmiş. Çox görkəmli yazıçılar, şairlər, alimlər iştirak edirlərmiş və o zamankı reqlamentə görə bir nəfər aspirant da çıxış etməliymiş və bu qismət Pənah müəllimə düşübmüş.

Tədbir iştirakçılarından bir nəfər danışır ki, poema haqqında bütün görkəmli alimlər, yazıçı və şairlər, o cümlədən Pənah müəllim aspirant kimi çıxış edəndən sonra söz Səməd Vurğuna verildi və şair tribunaya çıxan kimi dedi: "Yoldaşlar, mən hamının çıxışını dinlədim və bu qənaətə gəldim ki, mənim əsərimin əsas ideyasını, mənim bu əsərlə nə demək istədiyimi yalnız bu gənc aspirant düzgün qiymətləndirdi".

Pənah müəllim özünü həmişə xoşbəxt hesab edirdi. Onun uğurları ölçülüb-biçilmiş planda yox, arzusuna, niyyətinə istiqamət verən mikromühitlə bağlı idi. Mikromühit isə ziyalılar, alimlər, pedaqoqlar ocağı olan Bakı Dövlət Universiteti idi. "İstedadım və səyim öz yerində, müəllim-professor heyətindən tutmuş, fakültə  və universitet rəhbərliyinə, rektorlara qədər hamının mənə sonsuz qayğısı, diqqəti pillə-pillə ucalmağımın rəhnidir" (P.Xəlilov).

Pənah müəllim kiçiklə kiçik olub, böyüklə böyüklük etməkdə əvəzsiz insan idi. O, bir elin, bir obanın fəxri, güvənc yeri, bir nəslin arxası, dayağı idi. Onun ürəyi çox təmiz, safıydı. O tez-tez müəllimlərini xatırlayırdı. Unudulmaz müəllimimiz Mir Cəlal Paşayevin adı dilindən düşmürdü: "Dərsliyimə görə, məni doktorluq müdafiəsinə məcbur etmək dərəcəsinə gətirib çıxaran ədibimiz, müəllimimiz professor Mir Cəlal Paşayevə minnətdaram" (P.Xəlilov). Rektorlarımızdan Cəfər Xəndanı, Abdulla Qarayevi, Yusif Məmmədəliyevi, Mehdi Əliyevi heç zaman unutmurdu.

Professor Mir Cəlal Paşayev 50-ci illərin ortalarında yazdığı "Ədəbiyyatımızın gənc qüvvələri" adlı məqaləsində öz yetirməsi, o dövrün gənc tənqidçilərindən biri olan Pənah Xəlilovun "Nəsrimizdə sənətkarlığın bəzi məsələləri" adlı məqaləsinə münasibət bildirərək: "Pənah Xəlilov "Nəsrimizdə sənətkarlığın bəzi məsələləri" ("Azərbaycan" jurnalı, N4, 1954) adlı məqaləsində maraqlı bir məsələyə toxunur"- deyə gənc tənqidçinin nəsrdə bədii ümumiləşdirmə və fərdiləşdirmə kimi prinsipial yaradıcılıq məsələlərinin əhəmiyyət mövqeyini düzgün müəyyənləşdirdiyini təqdir edir, bunun nəsr sənətkarlığı üçün mühüm önəm daşıdığını xüsusi olaraq vurğulayır.

Pənah Xəlilovun  dərslikləri, məqalələri Azərbaycan Dövlət Universitetində "SSRİ xalqları ədəbiyyatı" (indiki "Türk xalqları və şərqi slavyanların ədəbiyyatı") kafedrasının yaradılmasına əsas verdi (1973). O, keçmiş tələbələrinin şəxsində gənc kadrlar hazırladı. Özbəkistan və Gürcüstan Respublikası universitetləri ilə kafedralararası əlaqə və tələbə mübadiləsini gücləndirdi. Respublikamızın milli kadrlara olan ehtiyacını ödəməklə yanaşı, Dağıstan, Kabardin - Balkar, Gürcüstan respublikalarının bu sahədəki kadr ehtiyacını nəzərə alaraq həmin respublikalar üçün filologiya elmləri namizədləri və doktorları alimlik dərəcəsi olan istedadlı kadrlar hazırladı. Onun elmi-tədqiqat işlərinin bir neçə istiqamətini və indeksini göstərmək istərdim:

1. Azərbaycan sovet ədəbiyyatının inkişafı boyu şeirimizin və nəsrimizin klassiklərinin, gənclərin və yeniyetmələrin ədəbi prosesdə xidmətini işiqlandıran yazılarının sayı 300-dən çoxdur. Ədəbi prosesin iştirakçısı və tədqiqatçısıdır.

2. Yaxın və uzaq keçmişimizin klassiklərini təbliğ və tədqiq etmişdir.

3. Orta Asiya, Qazaxıstan türk xalqları ədəbiyyatı tarixini ali məktəb tədrisi obyektinə çevirib, öz dərsliklərində gənclərimizə sevdirmişdir. Həm də ədəbi əlaqələr tarixini bütün inkişaf tarixi boyunca ardıcıl işıqlandırmışdır.

4. Azərbaycan ədəbiyyatı tarixi cildlərinin yaranmasında müəllif kimi iştirak etmişdir.

5. Azərbaycan Respublikasının orta məktəbləri üçün 21 dəfə nəşr olunan dərsliyin iki müəllifindən biridir.

6. Azərbaycan Respublikasının ali məktəbləri üçün "Ədəbiyyatşünaslığın əsasları" dərsliyinin müəlliflərindən biridir.

7.  Türk xalqları folklorunu, qədim türk dastanlarını tədqiq etmişdir. Bu mövzuda dərslikləri, məqalələri, kiçik tərcümələri və ""Kitabi-Dədə Qorqud" --- intibah abidəsi" adlı monoqrafiyası geniş istifadə olunan mənbələr cərgəsindədir.

8. Bədii tərcümə sahəsində də Pənah müəllim böyük işlər görmüşdür. Onun tərcümə etdiyi M.Servantesin "Lamançlı Don Kixot" romanı, tarix sahəsində Herodotun "Tarix" kitabı respublikamızda tam halda tərcümə olunmuş ilk kitablardır. Xarici ölkələr ədəbiyyatının mütəxəssisləri açıq-aşkar bildirirlər ki, biz M.Servantesin "Lamançlı Don Kixot" romanını Pənah müəllimin uğurlu tərcüməsi səviyyəsində tərcümə edə bilməzdik.

Görkəmli alimin ən böyük xidmətlərindən biri də Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının yüz on illiyi ərəfəsində "Əli və Nino" romanı ətrafında 25 ildən bəri çözələnən mübahisəyə aydınlıq gətirməsi, bu əsərin məhz müəllifə aid olmasını tutarlı dəlillərlə sübuta yetirməsidir. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Əməkdar müəllimiydi. Dəfələrlə fəxri adlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidenti təqaüdünə layiq görülmüşdür.

Pənah müəllim ədəbiyyat tənqidçisi və tərcüməçisi ixtisası üzrə Azərbaycan Yazıçılar Birliyinə üzv olandan sonra şairlərin, ədiblərin, demək olar ki, bütün gənc nəslin əsərlərini vaxtlı-vaxtında oxuyub onlara öz münasibətini bildirməyi sanki özünə borc bilirdi. Yaradıcılığının 90-cı illər dövründə istər Azərbaycan, istərsə də xarici ölkələr ədəbiyyatının klassiklərini dərindən tədqiq etmişdir. Tarixin atası Herodotun "Tarix" əsərini dilimizə çevirməsi onun tarix elminə marağından, sevgisindən irəli gəlmişdir. O, bir tarixçi kimi nəzərimizi cəlb edir. Tarixə olan marağı onu tarixi keçmişimizi tədqiq etməyə sövq etmişdir.

Pənah müəllimin insani keyfiyyətlərindən biri də dostluqda möhkəm olmasıdır. O, çox sədaqətli insan idi. Atamla qohumluqdan əlavə yaxın dost olublar. Atama o qədər ərk edirdi ki, hətta Bakıdakı dostlarını da bizə qonaq gətirirdi. Sovet dövründə belə bir ənənə var idi, hər il Azərbaycanın görkəmli ziyalıları Gürcüstana - Azərbaycan məktəblərinə gələrdilər. Bu artıq bir ənənə halını almışdı. Mən üçüncü sinifdə oxuyurdum. Hər şey yaxşı yadımdadır. Bu nümayəndə heyəti - Əliyar Qarabağlı, Abbas Zamanov, Şamil Qurbanov və Pənah Xəlilov əvvəlcə məktəbimizdə oldular, sonra atamla evimizə gəldilər. O zaman təsəvvür edə bilməzdim ki, bu böyük insanlar gələcəkdə mənim müəllimlərim olacaqlar. Onlar həmişə bizə gələndə uşaq hissiyyatımın həssaslığı ilə onların sanki daxili bir əzəmətini duyurdum. Təxəyyülüm onları mənə hansısa bir yüksək insan obrazında göstərirdi. Çox illər keçdi. Təəssüratlarım məni aldatmadı. Onu demək istəyirəm ki, bu unudulmaz müəllimlərimin özləri də dostluqda sədaqətli idilər. Abbas müəllim deyirdi ki, "mən bu ailə ilə 40 ildir ki dostluq edirəm. 40 il bir igidin ömrüdür". 40 il 50 il oldu, 50 il 60 il oldu, yenə də dostluq davam etdi. Zaman öz hökmünü verir, bizim də yaşımızın üstünə yaş gəlir. Müəllimlərimizin çoxu dünyasını dəyişib. Onlar bizdən uzaqlaşdıqca biz onlara yaxınlaşırıq.

Pənah müəllim yüksək erudisiyaya, böyük mədəniyyətə, dərin intellektə sahib olan insan idi. O, türk xalqları, slavyan xalqları ədəbiyyatı ilə yanaşı, ədəbiyyatşünaslığın nəzəri məsələlərini, klassik ədəbiyyatı da çox gözəl bilirdi. O, əsl pedaqoq, minlərlə tələbənin sevimlisi, inamı, pərəstiş etdiyi bir şəxsiyyət idi. Onda dinləyiciləri maraqlandırmaq, özünə cəlb etmək qabiliyyəti güclüydü. Bu qədər informasiya bolluğunda Pənah müəllim həmişə yeni söz deməyi bacarmış, elmin, biliyin daim işıq, ziya olduğunu tələbələrinə aşılaya bilmişdir. O öz maraqlı mühazirələri ilə daim tələbələrinin təfəkkürünü, düşüncə tərzini inkişaf etdirməyi, biliklərini zənginləşdirməyi bacarmış, öz müdrikliyi, dərin ağlı, gözəl nitqi ilə onlara şəxsi nümunə olmuşdur. Onun alimliyi ilə müəllimliyi - əsl pedaqoqluğu vəhdəd təşkil edir. O, tələbələrinə örnək olan, çox yüksək mənəviyyata malik müəllimlərimizdəndir.

Uca tanrı Molla Xəlil babanın arzu və diləyini yerinə yetirdi. Pənah müəllim çox gözəl ömür sürdü və elm dəryasının Molla Pənahı ola bildi.