MÖCÜZƏ BAŞ VERMƏDİ... Mənim alın yazımsa yoxuşlarda susamaq-

Məlahət İsmayılqızı  AJB-nin, AYB-nin üzvü

Məni çay yuxarımı axıtdın Ana...
    Yoxsa çay aşağımı?
Bildiyim bu ki, çay məni apardı...
Apardı burulğanlar səltənətinə- 
    Tufanlı dənizlərə atdı;
O gündən bu günə
    Yolunu azmış gəmi kimiyəm...
İstəsəm də, çabalasam da,
    Sahilə çıxa bilmirəm,
Üzmək belə bilmirəm...
    Taleyimdə tufanlarla boğuşmaq var,
O gün bu gündür
    Mən sahilə çıxa bilmirəm...
Ana məni çay aşağımı axıtdın,
    Yoxsa çay yuxarımı!?
Bildiyim o ki, axdım, axdım,
    Bir talesizlik girdabında...
Heç nağıllardakı kimi, 
    Açıq qapılara tuş olmadım,
Möcüzə baş vermədi,
    Heç məni tutan olmadı,
Heç məni xilas edən olmadı!..

 

“YANIQ KƏRƏM"i  kimin ahıydın...

"Yanıq Kərəmi"i kimin ahıydın,
Göyçəninmi, Xocalınınmı,
    Yoxsa İnsanlığınmı?..
"Yanıq Kərəmi", türkün ruhu yatır səndə,
    Türkün ruhu yanır səndə...
Kərəminmi ahısan, Əslininmi?
Yoxsa söndürülmüş 
    türk ocaqlarınınmı?
"Yanıq Kərəmi", səndə günah yox,
Səni toylarda çalıb süzdülər,
Dərdlər, 
    göz yaşları üstünə düzdülər!
Güldülər, oynadılar, güldülər
    Ürəkdəki acımızı tapdadılar,
Yurd, torpaq, övliyalar məskəni...
Torpaq üstündə
    çirkinlik saxlamır,
Pislər oduna yaxşılar da yandılar!
"Yanıq Kərəmi", elə yandırma,
    Onsuz da yanmışıq...
Kül altında qalıb  közlərin,
Yel vurar,
    yenə yanarıq...
Köz yanğısı bir ayrı yaman olur!

 

YAĞIŞLAR AĞLAYIRDI...

Əlimi uzatdım sevincə sarı,
Gördüm arada kədər dayanıb- V. Səmədoğlu.

Yağışlar ağlayırdı...
    Şəhər üzərində... yağışlar ağlayırdı.
Dərdli insan ağlamağına bənzəyir,
    Yağışların ağlamağı...
Bəzən hönkürə-hönkürə ağlayır...
    Bəzən içini çəkərək ağlayır,
Ağlayan yağışlar ağlayırdı...
Dərdimizdən, kədərimizdən axırdı...
    Şəhər üzərində yağışlar ağlayırdı...
Bəlkə Göyçə gölüdür,
    bəlkə "Göyçə gülü"dü,
 Həsrətdə qalan nənə-baba
        məzarlarıdı,
Yoxsa əsir ruhlardır, yağışlar
    Ağlayırdı...
Hönkürüb ağlayan Göyçəli dünya
    Ağlayırdı...
Bakıya yağan yağışlar ağlayırdı...