Yolun düşsə  bu dünyaya, bir də gəl...

Kəmalə MİRZƏYEVA

 

Adı Muxtar...

 

Sentyabrın 27-si Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi...

-"Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır...

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.."

Ali Baş Komandanın xalqa bu müraciəti illərdi gözləməkdən səbri qalmayan insanlara böyük bir çağırış idi.. Otuz ilə yaxındır ki, qətnamələr kağız üzərində qalıb, Minsk qrupu çərçivəsində danışıqlar aparılıb... və artıq nəticəsi olmadığından bir tək yolumuz var. O da hərb yolu... Minlərlə insan - gənc, yaşlı, qadın-kişi demədən hamı hazır idi o çağırışa... Vətəni qorumağa... Bir müddət əvvəl könüllü kimi səfərbərlik xidmətində qeydiyyatdan keçənlər isə lap çox can atırdı bu savaşa... Elə onlar; "Birinci biz getməliyik, canımız fəda olsun vətənimizə", -deyərək  getdilər... O gedənlərin arasında Muxtar da var idi...

 

Ən ülvi duyğudur Vətən sevgisi...

 

Oktyabrın 2-si işə getməyə hazırlaşırdım ki, küçədə səs-küy qopdu. Qonşular bir yerə yığışmışdılar. Ağlayan ağlayır, danışan danışır, biri də o mənfur düşmənə lənət oxuyurdu...  Bildim ki, küçəmizə şəhid gətirirlər... Muxtar şəhid olub!.. Gənc, yaraşıqlı, ağıllı oğlan idi - deyirlər...  Evləri bizdən bir qədər uzaq olduğuna görə kim olduğunu xatırlamıram, amma ən doğmamı itirən Insan kimi içim sızıldayır. İlahi, gör indi ailəsi necə vəziyyətdədir... Qonşular yığışıb dəstə-dəstə şəhidin evinə tərəf gedirlər. İgidimizin nəşinin nə zaman gətiriləcəyi məlum deyil. Evdən çıxıb işə getsəm də, orda qərar tuta bilmirəm. "Bu işləri sonra da etmək olar", - deyib çıxıram, şəhidimizi qarşılamağa gedirəm. İlahi, bu, necə bir ağır duyğudur. Saat 4 radələrində Qaraçuxur qəsəbəsinə gəlirəm. Amma deyəsən burdan keçib küçəmizə çatmaq çətin olacaq. Böyük izdiham var, saysız-hesabsız insanlar yol boyu düzülüblər. Avtomobilimi bir kənarda saxlayıb piyada izdihama daxil olub mümkün qədər irəli getməyə çalışıram. Mən Qaraçuxurda yaşadığım bu illər ərzində belə bir izdiham görməmişəm. Əllərdə bayraq, gözlərdə yaş... Mümkün qədər irəli keçirəm. Bir azdan gətirəcəklər deyirlər. İzdiham daha da böyüyür. Sakit dayanıb ətrafdakıların söhbətlərini dinləyirəm. "Çox vətənpərvər idi", "Həmişə istəyirdim oğlum onunla dostluq etsin", "Bir gülüşü var idi ki... ", " İyul hadisəsində çox çalışdı gedə, qismət indiymiş", "O cür nailiyyətləri vardı idmanda, heyif...", "Belə oğulu itirmək dəhşətdir", "Mərifətli-qanacaqlı, böyüklə-böyük, kiçiklə-kiçik idi", "Kaş evli olardı, bir balası qalardı", "Allah erməniyə lənət eləsin!.."

Bir qardaşın yaxasındakı şəklə tamaşa edirəm. Şəkil deyil də, sanki canlı insan baxır... Baxdıqca baxıram... İndi mən Muxtarı xatırlayıram. Ah, şəhidim, demək adın Muxtar imiş...O vaxt adını soruşmağa utanmışdım...

Təxminən 3-4 ay əvvəl hər gün ənənəvi olaraq işdən gələndən sonra yürüşə çıxdığım adi günlərdən biriydi... Yay olsa da, hava boz və soyuq idi. Bir xeyli gəzdikdən sonra təxminən elə indi dayandığım yerə yaxın bir evin qarşısında bir yaşlı qadının təlaşlı olduğunu, ora-bura baxdığını gördüm. Yaxınlaşınca ilk sualı bu oldu: "Bura haradır?" Ardınca yaşadığı ünvanı unutduğunu söylədi. Qadının yaddaş problemi vardı, bir dediyini ikinci dəfə təkrar etmirdi. Nə edəcəyimi bilmirdim. Elə bu andaca evlərdən birinin qapısı açıldı və küçəyə çixan bir gəncdən kömək istədim. İlk andan xoş bir təbəssümlə cavab verdi ki, bu xanım buralarda yaşamır, buraların yaşlısını da, cavanını da, hələ uşağını da tanıyıram. Bir psixoloq kimi özünü itirən yaşlı qadını sakitləşdirməyə çalışdıqdan  sonra: "Xanım, anamız bu ərazilərdə yaşamır, yəqin hardasa  avtobusa minib gəlib buralara çıxıb. Bu sözü eşidincə ananın gözlərinə sanki işıq gəldi və evinin ünvanını təkrar etməyə başladı. Həmin o gənc , indi soyuq havada şəklindən isti-isti gülümsəyən həmin Muxtar mənə: "Xanım,  siz gedin, artıq gecdir, qaranlıqdır, mən bu nənənin evini tapıb çatdıracam", - dedi. O qədər qayğı və mehribanlıq duydum o an gözlərində. Ananın sonrakı taleyindən rahat olub evə doğru yürüdüm. Mən bir də təxminən bir həftə sonra o küçədən keçəndə təsadüfən gördüm onu. Məni görüncə uzaqdan əl elədi. "Əmanəti təslim etdim", - dedi. Və eyni təbəssüm... Nə gözəl gülüşü var - düşündün... Simasına nur verən təbəssüm. Adını soruşmağı belə unutduran təbəssüm...  Həyat nə qəribədi... İndi adını təkcə mən yox,  bütün Azərbaycan bilir.

 

Qəhrəmanlar can verir,  yurdu yaşatmaq üçün...

 

Hava qaralmışdı Muxtarı gətirəndə... Yol boyu bayraqlar, göz yaşları, alqışlar, "Şəhidlər ölməz, Vətən bölünməz" süarları...

Bu qısa ömürdə nə qədər hörmət qazanmışdın, ay Muxtar... Ürəklərə od qoydun, ay Muxtar. Ananın yaraşıqlı balası, atanın ürək dostu, bacının, qardaşın sevimlisi, qohumların əzizi...    Sən Vətəni seçdin, Vətən səni! Onun yolunda sən canından da keçdin!

 

Əsgərlikdən şəhidliyə...

 

Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakıda anadan olub. 1999-2009-cu illərdə 318 nömrəli tam orta məktəbdə  təhsil alıb.  2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.

Muxtar Qasımlı 2013-cü ildə  həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılır.

Baş leytenant Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 2-də qəhrəmancasına şəhid olub.

Muxtar iyulda Tovuz döyüşlərinə könüllü kimi gedə bilməsə də, sentyabrda arzusuna çatdı, zəfər tariximizi yazanlardan olmaq üçün Füzuliyə yollandı... Və arzuladığı ən uca məqama yüksəldi.

Muxtar uşaqlıqdan fərqli olub. 5 yaşında 1-ci sinfə gedib. İbtidai sinif müəllimi Qətibə xanım deyir ki, məktəbə qədəm qoyan gün uşaqları sıraya düzüb bir-bir kim olmaq istədiklərini soruşanda Muxtar: "Əsgər olacam", - deyərdi... İndi Qətibə müəllimə bunları xatırlayıb ağlayır. O da hamı kimi çox sevdiyi Muxtarın yoxluğu ilə barışa bilmir.

Sosial şəbəkələrdə şəhidin atasının müsahibəsini izləyirəm.

Çox qürurlu, səbirli, təmkinli dayanan bu ataya heyran qalıram. Övlad acısından özünü itirməyib. Belə kişinin də oğlu başqa cür ola bilməzdi! Bir atanın simasında sanki bütün şəhid atalarının iztirabı, kədəri və eyni zamanda qürur hissi həkk olunub.

 

Qısa ömürə tarix  sığdıra bilən  Muxtar...

 

Baxıram. Muxtarın bütün şəkilləri həyat, sevgi doludur. Şəkillərinə yazılan şərhlər yaddaşıma yazılır. "İgidimizin yeri cənnət olsun! Qanı yerdə qalmasın! Biz bir ölər, min dirilərik!" "Bir gün Qaraçuxura yolum düşəndə mütləq şəhidin  qapısını döyüb valideynlərinin əllərindən öpəcəm", "Allah Muxtar qardaşımdan heç nəyi əsirgəməmişdi", "Cənnət qoxulu Şəhidim, haqqını bizə halal et", "Yaraşıqlı şəhidim,  biz sənə ömür boyu borcluyuq" , "Muxtarlar ölməz, Vətən bölünməz",  "287 saylı zəkalar liseyinin yetirməsi, igid qardasim.  Allah sənə rəhmət eləsin, "Vətənin sənin kimi oğullarına qurban olum", "Can qardaş,  ALLAH  sənə rəhmət eləsin, ruhun şad olsun! Sizin kimi igidlərin sayəsində bizlər ayaqdayıq! Torpağınıza qurban olum!”

"Vətən uğrunda ölən hər kəs şərtsiz Allahın dərgahında ən yüksək məqama çatır!", "Cənnət yolçusu Muxtar, sən ən gözəl, mehriban dost kimi qəlbimizdəsən"...

 

Gülüşünə qurban olduğum...

 

Nələr yazılmayıb ki Muxtardan ?! Oxuduqca oxuyuram. Hamının sevimlisi, əzizi olub  Muxtar, Haqqında yazılan rəylərdə tez-tez bir ifadəyə rast gəldim… " Gülüşünə qurban olduğum"... Muxtar, 27 yaşında həyatla vidalaşdın,  arxanca ağlayan çox insanlar qoydun. Amma mənə elə gəlir ki, o gülüşünə qurban olan bir cüt göz yaşının sahibi hamımızdan daha çox yanıb-tökülür. Bu dünyada bir əmanət qoyub getsəydin, bu gün ata-anana , elə o sənin həsrətini çəkənə də böyük təsəlli olardı…

Artıq neçə vaxtdır  Muxtar Qasımlının keçdiyi küçəylə keçirəm, o əvəzsiz təbəssümü, gülüşü xatırlayıram və özü-özümə pıçıldayıram:  "Yolun düşsə bu dünyaya, bir də gəl,  əziz şəhid qardaşım! Hamı gözləyir səni..."