Qaranquş yuvaları hörən adam

Rafael HÜSEYNOV Akademik

 

2021-ci il mayın 7-si idi. Günortadan bir az keçmişdi ki, köhnə dostum İntiqam Mehdizadə İsmayıllıdan gəldi. Və özü ilə bir topa İsmayıllı gətirmişdi. Məcazi mənada yox, elə sözün birbaşa anlamında. Bir torbaya yığmışdı İsmayıllı dağlarından və öz həyətindən topladığı qazayağı, nanə, kəkotunu...

Nədirsə o göy-göyərtini açınca, onların ətri otağıma dolunca özümüzdən ixtiyarsız başladıq Musa Yaqubdan danışmağa (Elə həmişə də belə olacaq. Musa Yaqub şeirimizə də son dərəcə təbii və təbiət kimi gəlmişdi, daim də ürəklərdə və ədəbiyyatda saf bir təbiət parçası kimi qalacaq!).

Bir neçə il öncə Musa müəllim haqda hazırladığım verilişi yada saldıq, həmin verilişin lent yazısını tapdım, birgə qulaq asdıq. Və ardınca da yadımıza Musa müəllimlə görüşlərimizin çox anları düşdü. Elə bu arada digər dostumuz Simran Həsənov ikinci dəfə zəng vurdu. Bir az əvvəl də telefonla danışmışdıq, elə-belə, hal-əhval tutmaqçün. Demişdim ki, İntiqam da yanımdadır. İkinci dəfə zəng vurmasının isə kədərli səbəbi varmış. Söylədi ki, indicə İsmayıllıdan xəbər aldım, Musa müəllim vəfat edib.

...O dəqiqələrdə ki İntiqamla Musa müəllim haqda verilişi dinləyirdik, onun haqqında danışırdıq, sən demə, o əziz insan həmin anlarda hansısa izahsız cazibənin hökmüylə bizimlə vidalaşmağa gəlibmiş...

***

Bu filmi mən belə görmüşəm, baxmaqla doyulmayan sevimli kinolar kimi bunu hələ çox illər boyu da elə kadrbakadr, təkrar-təkrar yenidən seyr edəcəyəm.

...Yol dümdüz uzanırdı, rahat idi, nə sağa burulurdu, nə sola, ona görə də yolçu arxayın idi, sorğu-sualı yoxdu. Uzun, heç vaxt bitməyəcək qədər nəhayətsiz hesab etdiyi yolla getməyə başlamışdı və hələ yolun əvvəlində idi.

Gendən ata-anası baxırdı, bu, onu bir az da inamlı eləyirdi, asudələşdirirdi. Elə sanırdı ki, vaxt ləng hərəkət eləyir, yerişini sürətləndirirdi, dabanqırma gedirdi. Sonra qəfilcə atası gözdən itdi. İndi ona gendən gülümsəyən, əl eləyən tək anası idi və anası da elə kişiyə bərabər, təpərli qadın olduğundan ona aralıdan da olsa güc verə bilirdi. Əvvəl qətiyyətlə, tərəddüdsüz, özünə güvənərək irəliləyirdi. Və gedə-gedə gəlib yetişdi yolayrıcına. Yol haçalandı. Sağa da dönə bilərdi, sola da. Qaldı tərəddüd içində ki, neyləsin. Arxaya qanrılıb anası sarı baxdı.

Çox uzaqda idi. Lap qışqırsa belə, səsi ona çatmazdı. Bəs kimdən xəbər alsın, kiminlə məsləhətləşsin? Bu ara gözü həmin yollar kəsişməsində, bir qıraqdakı cilalanmış kimi haphamar, sifayı daşa dəydi.

Yol qoşalaşandan, seçmək məcburiyyəti yaranandan sonra ürəyinə xofa bənzər xəfif bir hissiyyat da qonmuşdu. "Bəlkə götürüm, uzun yoldur, gərəyim olar? Ya götürüb özümə yük eləməyim, yolum uzundur?"

Yenə qeyri-ixtiyari geri boylandı, anası səmtə baxdı.

Ətrafda söz soruşulası ins-cins yox idi. Bu yolun uzunluğunda, tənhalığında, rastlaşdığı ilk müşküldən-müşkül, cavabı tapılmaz sualın qarşısında içərisində nəsə dəbərən, dəyişən kimi oldu.

Hiss etdi ki, deyəsən, uşaqlıq, yeniyetməlik bitir, gərək bundan sonra hər suala daha özü cavab tapa:

Gördüm yol ayrıcında...

Bu nə sifayı daşdır?

Yəqin, yol gedən deyib:

"Daş yoldaşla adaşdır!"

Dünyanın bir ucu toy,

bir ucu da savaşdır,

İlahi, mən bu daşı götürüm,

götürməyim?

Əli çatası kimsə yoxdu, ona görə Pərvərdigardan kömək umurdu. O isə lap uzaqda idi... İşin tərsliyindən getdiyi səmtdən üzü bu yana qayıdan da yox idi ki, heç olmazsa ondan otərəflərdəki nə var-nə yoxun sorağını ala. Yol birtərəfliydi. Yalnız üzü o yana! Daş isə gözəl idi, həddən ziyadə qəşəng idi, sanki çağırırdı, "Məni burda qoyma!" deyirdi:

Özümlə nə döyüşüm,

özümlə nə vuruşum?

Burda köhnə izlərin cığırı ot, yeri şum.

Daha bu yoldan geri dönən yox ki, soruşum,

İlahi, mən bu daşı götürüm, götürməyim?

Cavab axtarırdı. Yadına anasının söylədiyi bayatı düşdü:

Əzizim harayından,

El yatmaz harayından.

Gündə bir kərpic düşür

Ömrümün sarayından.

Fikirləşdi ki, bəlkə haçansa elə mənim də ömrümün anam deyən həmin sarayından kərpiclər qopub düşdü, yeri boş qaldı? Bəlkə indidən bu göyçək daşı bərayi-ehtiyat götürüm ki, ehtiyac yarananda həmin düşən kərpicin yerinə qoyum, boşluq qalmasın?

Ömrümün sarayından

gündə bir kərpic düşər,

Min belə kərpic düşə,

torpağa nə güc düşər?

Ömrün karxanasında

bəlkə bir az gec bişər,

İlahi, mən bu daşı götürüm,

götürməyim?

Götürmədi, getdi... Və çox keçmədi yol yenə dönüşə dirəndi. Bayaqdan iki yol ayrıcı idi, indi oldu dörd yol ayrıcı. Buralar nəsə ona doğma gəldi. Dördbir tərəfi elə İsmayıllıda, Buynuzda olan sayaq qoz ağacları ilə dolu idi. Yenə anasının tez-tez təkrarladığı sözləri xatirinə gəldi:

Baxtını qozda sına,

Oğulda, qızda sına.

Uşaq vaxtı bu düzgünü oxuyub qozları qırardılar, içərisi təmiz, ağappaq çıxanda sevinərdilər ki, bəxtimiz də ağ olacaq. Bayaqkı daşı götürməməyinə vaysındı: "Götürmüş olsaydım, indi bu qozlardan sındırıb taleyimi yoxlayardım".

Həndəvərdə kimsə yox idi. Ancaq ona elə gəldi ki, səs eşitdi.

Üşənən kimi oldu. Çünki bu səs dediyini pıçıltı ilə deyirdi, amma nə deyirdisə, nəfəs çatacaq qədər yaxındaymış kimi aydınca eşidilirdi: "Sən o sifayı daşa çox baxmışdın. Ona görə də peşmançılıq çəkmə. Elə həmin daşı götürmüş kimisən. O daş sənin ürəyindədir. Nə qədər varsan, nə qədər yol gedəcəksən, o daş da səninlə olacaq. Sənin ürəyindəki o daşdan sözlər süzülüb gələcək, onlar elə duru, elə saf olacaq ki, şeirə çevriləcək. Ürəyindəki dərdləri sən o daşla sındıracaqsan, o daşı daşıdığınçün şair olacaqsan...".

Yol uzanırdı və hələ bu uzun yolda onu rastlaşacağı, götürəni də, götürməyəni də peşman qoyan çox ağlı-qaralı daşlar gözləyirdi:

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb,

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Bu yol gedən böyük Azərbaycan şairi Musa Yaqub idi.

***

Azərbaycanın ən üstün ziyalılarının, parlaq qələm sahiblərinin bir ucdan azadlıqdan və həyatdan məhrum edildiyi məşum 1937-ci ildə gələcəyin ən seçkin aydınlarından, ən bənzərsiz şairlərindən olan Musa Yaqub azadlıq və həyat qazandı - dünyaya gəldi.

Dövr elə dövr idi ki, o vaxt bilsəydilər bu körpə böyüyüb sözü Azərbaycan boyda olan şairə çevriləcək, onu beşikdəcə yox edərdilər. Hələ üstəlik, ona hansı ad qoyulduğundan o vaxt Bakıda hökumət adamlarından xəbər tutan olsaydı, balacanı sadədil valideynləri ilə birgə elə gedər-gəlməzə yollayardılar ki, bir daha soraqlarını eşidən olmazdı.

O havası, suyu kimi, adamları da saf, xıltsız kəndə hələ məkrli siyasətlər gəlib çıxmamışdı. Vur-tut 19 evi vardı o kəndin. Qartallara bir az yaxın Buynuz kəndinin yolu-rizi də elə çətin keçilən, elə həndir-hamar idi ki, qışda qar əlindən, payızda yağışlar başlayandan sonra saqqız kimi lilin, palçığın ucbatından oralara gedib çıxmaq da asan iş deyildi.

Bu ucqar kənddə gülün-çiçəyin dilini bilirdilər. Otun-yarpağın dilini bilirdilər. Quşların, dağların, suların dilini bilirdilər. Amma dünyanın həlləm-qəlləm işlərinin qəliz dillərindən bixəbər idilər. Yoxsa Bakıda "müsavat" deyənin dilinin kəsildiyi vaxtlarda heç dünyaya təzə göz açan uşağa "Müsavat" adı verərdilərmi?!

Və kənd camaatı da bəh-bəhlə gözaydınlığına gələrdimi? Amma bu uşaq gündə bir arpa boyu böyüyə-böyüyə yaşa dolurdu. Şura hökuməti də il-il güclənir, əli-qolu uzanır, sözü, siyasəti ən ucqar kəndlərdə də oturuşurdu.

Və hələ məktəbli ikən bu uşaq özü də, ata-anası da, həmkəndliləri də başa düşdülər ki, onu bu adla çağırmaq olmaz. Çünki bu sözü hündürdən dilə gətirməyin özü xata idi.

Beləcə balaca Müsavat dönüb oldu Musa.

O xudmani, hamısı bir-biri ilə qohum, hamısı bir-biri ilə mehriban olan Buynuzda insanı heyrətləndirən çox şey vardı. Qapqaranlıq gecələrdə sayrışan ulduzların iriliyinə heyrətlənərdilər, səhərlər dan yeri qızaranda quşların heç yerdə olmayan kimi əsrarəngiz oxusuna heyrətlənərdilər, az qala hər gün səmada açılan havaya, ilğım kimi gah görünüb, gah itən göy qurşağına heyrətlənərdilər.

Dünya ilə, həyatla ilk ixtilafı sözlə başlamış, adı dəyişdirilmiş bu keçmiş Müsavat, təzə Musa isə nə sirr idisə, o iri-iri ulduzlardan, bu doğma dağların min bir gözəllik yağan köksündən, dünən oxuduqları bugünkünə bənzəməyən quşların cəh-cəhindən daha əvvəl sözə heyrətlənirdi. Təəccüblənirdi ki, görəsən, hamının bildiyi adi sözlər birləşib şeir olanda insanın ürəyini niyə həyəcana gətirir?! Onu duyğulandıra, qəmləndirə, sevindirə, mat qoya bilir?!

O vaxt bu suallara cavab axtarırdı, tapa bilmirdi. Böyüdü, cild-cild kitablar  yazdı. Sözün bu üzündən girib o üzündən çıxdı. Şairlər cərgəsində barmaqla göstərilənlərdən oldu.

Ağsaqqallaşdı, müdrikləşdi, dərinləşdi. Yenə cavab tapa bilmədi ki, bu sirr nə sirr, bu tilsim nə tilsim imiş? Bu min qanadlı suallara cavab tapmadığından özü də zərrə-zərrə əriyib sözə qarışdı.

Gecəyə qovuşub gecə, səhərə qarışıb səhər, çiçəklə, ağacla, çayla, dağla oturub dura-dura çiçək, ağac, çay, göl, dağ, çöl, bahar, qış oldu. Və bəxtəvər oldu. Sadəcə bəxtəvər yox, bəxtəvərlərin bəxtəvəri oldu:

Bir yaz gecəsində çöl-bayır oyaq,

Bu gecə baharla könlüm şərikdi.

Bu gecə bir ağac, bir yamac olmaq,

Bu gecə çöl olmaq bəxtəvərlikdi.

Bu gecə göl olmaq bəxtəvərlikdi.

Bu gecə baharla qol-boyun olub

Sabaha yol açmaq bəxtəvərlikdi.

O şeir ki indi qarşımdadır, o misraları ki indi oxuyuram, onları təbiət balası, təbiət kimi təbii Musa Yaqub yazıb.

Və bu şeiri başqa heç kim yaza bilməz.

Yəni bu biçimdə oxşadaraq, əlbəttə, kimsə nəsə yaza bilər. Amma o şeirdə Musa Yaqubdakı səmimiyyət çatmaz. Lap ustacasına yazılsa belə, o səmimiyyətin o şeirin içərisində olması üçün gərək uşaqlıqdan Buynuzda böyüyəsən, fitrətdən şair olasan. Sözünü çiçəklərin sığalı ilə oxşaya-oxşaya yazasan. Bu şeir (və əslində elə onun hər şeiri) bir qaranquş yuvası kimidir, yazılmayıb, hörülüb:

Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı,

Hər saçın küləkdən darağı vardır.

Burda hər budağın şeyda bülbülü,

Burda hər bülbülün qönçə bir gülü,

Burda hər qönçənin yaşıl bir tülü,

Hər tülün xırdaca saçağı vardır.

Burda hər yamacın çiçəkdir daşı,

Burda çiçəklərin şehdir göz yaşı,

Burda şeh damlası bir üzük qaşı,

Hər qaşın qızılı qurşağı vardır.

Burda sərər düzə lalələr xalı,

Burda hər xalının qara bir xalı...

Hər xalda şirin bir şair xəyalı,

Burda hər xəyalın oylağı vardır.

Yox, bu şeir hələ bitmədi, bir bəndi də var. Dağa qalxan, yoxuş yuxarı dikələn insan hərdən ayaq saxlayıb nəfəsini dərən kimi, mən də bu sal-qaya şeirin misralarına söykənib düşünürəm.

Bu şeir İsmayıllının Buynuz kəndində yazılıb - Musa Yaqubun ata-baba ocağı Buynuzda. Bütöv Buynuz da deyil, onun kiçicik bir guşəsi haqqındadır bu şeir. Amma elə o kiçicik guşədə gördüyü gözəlliklər oranı Musa Yaqubun gözündə eləyib Vətən boyda - Azərbaycan irilikdə.

Hərə bu əziz Vətəni - Azərbaycanı bir cür sevir. Musa Yaqubun da məhəbbəti bu cürdü:

Burda qayaların daşdır suvağı,

Burda hər daş üstə qartal caynağı,

Caynağı hər daşın bir buz bulağı,

Burda hər bulağın qonağı vardır,

Harda bu saydığım gözəllik olsa,

Orda Azərbaycan torpağı vardır.

Və ustadın məhəbbət dolu bu şeirinin son misralarına mən də elə həmin ahəngdə iki sətir əlavə edirəm:

...Harda bu saydığın gözəllik olsa,

Orda Azərbaycan torpağı vardır.

Orda Musa Yaqub sevdası vardır.

Orda Musa Yaqub ocağı vardır.

***

Və 2021-ci ilin növbəti xoş may günündə o, yenə əziz Buynuzunda idi, yenə həmişəki kimi yoldaydı. Yox, olsun ki, həmin saatda, həmin anda ki uçub gedəcəkdi, heç addımlamırmış, həyətində ağacın altındamı, evində masanın arxasındamı əyləşibmiş, ya mütəkkəyə söykənərək fikrə gedibmiş. Ancaq nə fərqi! İçərisində ki yenə həmin yolunu gedirmiş. O yolu ki, ömrü boyu gecəli-gündüzlü həmin yolda idi.

Və o yol da elə yoldur ki, ömrün bitməsiylə heç vəchlə tamamlanan deyil!

Son görünmür, yolçu yenə yolundadır.

Dünyanın sıradan olan hər bəndəsi üçün bu yol gec-tez mütləq sona çatırsa da, dünyanın adi daşı ilə də adam balası kimi, insan dilində danışmağı bacarmış belə işıq daşıyıcılarından ötrü heç vaxt o yolun bitəcəyi yetişmir.

Yorğun yolçu bitməz səfərindədir...

Azərbaycan da, İsmayıllı da, ana q

ucağı kimi sığındığı Buynuz da onunla daha gözəldir!

Musa Yaqubun bu Yurda, bu torpağa bağışlaya biləcəyi ən son töhfəsi canı idi, varlığı idi. Onu da etdi.

Zərrə-zərrə əriyib itmək, ayrılmaz bir parçası olmaqçün qovuşdu İsmayıllı torpağına, Buynuz məzarlığına...

O, dünyagörmüş adam idi. Dünya onunçün yalnız özünün gördüyü dünya deyildi, həm də haqqında kitablardan oxuyub öyrəndiyi dünya idi. Onun dünya haqqında bildikləri əslində, öz ömründən daha qoca idi.

Ona görə də o, ahıl çağlarında deyil, hələ lap çox illər əvvəldən də yeri düşəndə dünya ilə tay-tuşu kimi danışa bilmişdi.

Ona görə də o, ömrün ixtiyar, yorğun çağında da, doğma kəndindəki evində təmtək oturub xəyala dalanda da qətiyyən tənha deyildi - özünün görmüş olduğu və özünün görmüş olduğundan da daha yaxşı tanıdığı köhnə dünyayla birgə idi.

Bir sarı budaqdır il ağacında

Görən, bu payızın yaşı neçədir?

...Mizrab xəzəlləri qırışlarıyla

Toxunub bir sarı simə ağlayır.

Bu qədər aramsız yağışlarıyla,

Görəsən, bu payız kimə ağlayır?..

Dumanlar yeriyir dərələr boyu,

Dağlar, elə bil ki, qoşun aparır.

Deyəsən, bu payız vaxt sahibidi,

Məni də özünə qoşub aparır.

Görən, bu payızın yaşı neçədi?..

Lap çoxdan onun dünyanın içində olması şərti bir məsələ idi. Çünki şeirin gücü onu adi adamlar cərgəsindən çıxarandan bəri dünya özü bu kişinin içində idi. Məni nə bədbin sayın, nə ümidsiz, nə də yetərincə bilməyən - daha Azərbaycanda bu cür şeirlər yazan ikinci adam yoxdur.

Bəlkə gələcəkdə oldu, təbiəti nə bilmək olar, doğdu! Çünki bu cür şairləri yalnız kitab-dəftər, oxuyub-öyrənmək yaratmır, özünə gərək olduğu üçün, öz hisslərini yazdırmaqçün lazım bildiyi məqamda belələrini təbiət özü yaradır, özü doğur.

Təbiət lazım bilsəydi, elə hər yetənə quş dili öyrədərdi, yarpaqları, otları, ağacları, torpağı, suları necə duymağı, onların söylədiklərini, yaşadıqlarını insan dilinə necə tərcümə etməyi anladardı, onlarla necə həmsöhbət olmağın gizlinlərini başa salardı. Bu, bizlik söhbət deyil. Məsləhətinə şükür! Özü seçir, Özü agah edir, Özü yönəldir.

Musa Yaqub həmin seçilmişlərdəndi. Sanki tale ona yalnız gözəl şeirlər yazmağı deyil, həm də təbiətimizi kəc baxışlardan, bəd nəfslərdən, əyri əllərdən qorumaq cavabdehliyini həvalə etmişdi:

Poladbədən palıdları qırdılar,

Gümüş sinə göyrüşləri vurdular,

Maralları gədiklərdə yordular,

Kol saçını yolub gedir, nə deyim.

Şahpalıddan, cökələrdən soraq yox,

Özümüzü biz yıxırıq, qıraq yox.

Həqiqəti eşidən bir qulaq yox,

Söz də oyun olub gedir, nə deyim.

Günahları bağışlamaq cəhdimi?

Yer üzünə təzə körpə gəldimi, -

Allah hələ qəbul edir əhdimi,

Dünya bizə qalıb gedir, nə deyim.

İndinin, az əvvəlin bir sıra tanınmış şairlərinin qoşduqlarına bənzədərək elə onlar kimi yazmaq olur. Musa Yaqub kimisə yox! Çünki o, sadəcə şeir yazmırdı. O, şeirin özü idi. Onun şeirlərini təbiət yazırdı. Musa Yaqub sadəcə ötürücü, naqil idi. O, hər təzə şeiri ilə təzədən bitən çiçək, yenidən puçurlayan tumurcuq kimi idi. Ürəyimdən keçir ki, ömrün axır parçasının sıxıntılı, xəstə anlarının ona yaşatdıqlarını şeirə döndərmiş olaydı. Oxuyaydıq və görəydik ki, kitabdan, bilikdən, başqalarından eşitdiklərindən deyil, insanın öz içərisindən süzülüb gələn əsl AĞRI ŞEİRLƏRİ necə olarmış...

Mənim dan ulduzum batdı qəfildən,

Batdı - batmağına inanmadığım.

Birdən bəxtimin də yuxusu gəldi,

Yatdı - yatmağına inanmadığım.

Üzümdə zəlzələ, ruhumda qiyam,

Dartdı əllərimdən o biri dünyam,

Dartdı - dartmağına inanmadığım.

Axır hesabımı verdi əlimə,

Tanrı atdı məni ruh aləminə,

Atdı - atmağına inanmadığım.

Nə fərqi - tez oldu, gec oldu, getdi,

Əvvəli, axırı heç oldu getdi,

Getdi - getməyinə inanmadığım.

Dünya fani imiş, ömrümüz ani,

Bitdi - bitməyinə inanmadığım.

...Ömrü uzunu qapısı həmişə açıq olub.

Evindən-eşiyindən heç vaxt qonaq-qarası əskik olmadı. Hələ kənd müəllimi işlədiyi, kasıbyana güzəran keçirdiyi əyyamlarda da nə qədər gələni olsa belə, yola verdi, bir müddət sonra köhnə qonaqlıqların altını çəkməli, borc qaytarmalı olubsa da, şakərindən əl götürmədi, yenə süfrə açdı, yenə qonaq qarşıladı, yenə təzə gələnə sevindi və Allah da o səbəbdən heç vaxt ruzisini kəsmədi.

...Ömrün bitəcəyində yenə ara-sıra qonaqları gəlirdi. Daha əvvəlki xoşbəxt, qayğısız günlərdəki kimi onunla deyib-gülməyə, şad-xürrəm yeyib-içməyə yox, yoluxmağa gəlirdilər. Düşmüşdü. Amma Musa Yaqub mənə lap ən yorğun halında belə yanındakı ən sağlam adamdan da şux gəlirdi. Çünki işıq, güc, parlaqlıq onun mahiyyətində, cövhərində idi. Palıd palıddır. Cavanının bir gözəlliyi var, ən qocamanının bir ayrı cazibəsi. Orda - İsmayıllıda, Buynuzda, mənə və mənim kimi lap çoxlarına tanış olan mehriban həyətdə, köhnə ocaqda, simsar evdə Musa Yaqub ömrün son parçasında dəniz içərisində olan kimi idi.

Xatirələr, yaddaşlar, duyğular dənizinin qoynunda olan tənha qayıq kimi.

Hərdən ürəyimdən keçirdi ki, görən, o böyük duyğu adamı indi nə düşünür, hansı xatirələrlə baş-başadır? Bəlkə yorulub xatirələrdən? Bəlkə əksinə - məhz indi köhnə və tanış dünyanı hər zaman olduğundan daha aydın, daha dəqiq görür?..

...Və bir vaxtlar, yolunu təzə başladığı çağlarda günlərin birində atası, anası həmin uzun yolda qəfilcə qaraltıya çevrildiyi, yox olduğu kimi, Musa Yaqub da  dumanda qeyb olan sayaq gözdən itdi...

Bundan belə haçan Musa Yaqubu lap yaxından, nəfəsini duyacaq qədər yovuqdan görmək, söhbətləşmək istəsəniz, kitablarını açın. Görəcəksiniz ki, elə həmin Musadır.

Həyatda necə idisə o cür!

Bəlkə elə ona əmanət edilən ömrü o cür sürübmüş ki, sonra yaşamağı da məhz bu təhər davam etdirə bilsin?!.