Həqiqətlə həmfikir şeirlər

Fərid Hüseyn

(Musa Yaqubun poeziyası barədə)

 

Dövran qapıları…

Musa Yaqub üçün şeirin yaranması, şeirin keçdiyi yol həmişə maraqlı poetik mövzulardan olub. O öz təcrübəsini, yaradıcı mətbəxini hansısa ustad dərsləri ilə bölüşən, intellektual görünmək eşqi ilə alışıb-yanan şairlərdən deyildi, bir sözlə, özünə bəs edən bir yaradıcı insan idi. Bu sadəlik, özünə bəs etmək keyfiyyəti, "nəyəmsə oyam" əminliyi, əslində, onun yaradıcılığa pak münasibətinin göstəricisi idi. Məsələn,

Şeirin son mənzili dağlar dalında
Biri zirvədədir, biri dərədə,
Qayaya dırmanan şeirin yolunda,
Ayaz izi də var, cırmaq yeri də.

Şair yuxarıdakı misralarda hər şeirin fərqli hisslərdən doğulduğunu, dürlü həyati izlərin nişanəsi olduğunu göstərir. Ona görə də bu genişlik, dünyaya daha əngin üfüqlərdən baxmaq bacarığı Musa Yaquba imkan verirdi ki, o həm əruzun hünərvər şairləri olan klassikləri, həm milli ruhumuzun ifadəçiləri olan heca şairlərini, həm də azad özünifadənin tərəfdarı olan sərbəst şeir yaradıcılarını qəbul eləsin, sevsin, onlara həqiqi yaradıcı qiymətlərini verə bilsin. Elə şairlər də var ki, klassiklərin bitdiyini, heca şeirlərin imkanlarının tükəndiyini, sərbəstdə yazan şairlərin daha çox nasir olduğunu düşünür, amma unutmaq olmaz ki, şeir daha çox ruhun, duyğunun ifadəsidir, kim hansı yaradıcı məqamda özünü rahat hiss edirsə, gərək o məqamda dayanaraq, qəlbinin, beyninin diktəsi ilə yazıb-yaratsın. Musa Yaqub həm də bu məqamları anladığına, könlündə hər cür rəngarəngliyə yer verdiyinə görə böyük idi və nəticədə Azərbaycan şeirinin keçdiyi yola bütöv, hərtərəfli baxa bilirdi.

Zamanın hökmü…

Qocalıq haqqında çox şeirlər yazılıb. Ancaq o şeirlərin çoxunun məzmunundan anlaşılan odur ki, şair gücünün tükəndiyindən, taqətinin kəsilməsindən danışır, deyinir ki, daha mən o mən deyiləm. Bir sözlə, qocalıqla bağlı yazılan şeirlərin əksəri dünyaya təslim olmaq, dünyanın gücü qarşısında öz gücünün azlığını anlamaqdan ibarətdir.

Məsələn, Bəxtiyar Vahabzadə yazırdı:

Baharı vermişəm, qış qazanmışam,

İlləri vermişəm, yaş qazanmışam.

Dolunu vermişəm, boş qazanmışam,

Kim deyir, gətirir xeyir qocalıq?

Yaxud Xaqani bir şeirində qocalığa ironiya edirdi:

Ağ saç mənə tənə vurur, deyir: "şair, qocaldın",

Qocalığın dərdi budur, tükdən də töhmət aldın.

"Qabusnamə"də qocalıq barədə belə bir fikir keçir: "Qocalıq elə bir xəstəlikdir ki, heç kəs onu yoxlamağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz… Hər xəstəlikdə yaxşılaşmaq ümidi var, qocalıqdan başqa".

Ancaq Musa Yaqub qocalıq şeirlərində də dünyaya meydan oxuyur, qocalığı təbiətin bir fəsli kimi qəbul edir və qədəri, taleyi özünə mükafat sanır. Və cavanlığın onun başına gətirdiyi müsibətləri belə qocalığın əlacsızlığına, dərdlərinə, xəstəliklərinə baiskar bilmir. Sadəcə, Musa Yaqub özünə qarşı haqsızlıqlarda seyirçi mövqeyindən yanaşır, eynən təbiət kimi. Necə ki, müharibə vaxtı ağacların, otların, göy üzünün gözü qarşısında çoxlu qanlar axır, dünya bütün olanlara şahid olur, eləcə də özünə qarşı olan haqsızlıqlara da Musa Yaqub təbiət kimi tamaşa edir. Bu, qətiyyən passiv mövqe, təslimiyyət ruhu ilə bağlı məsələ deyil. M.Yaqubun dayandığı mövqe, ağacın, otun, suyun qərar tapdığı nöqtədir. O öz ömrünün şahididir. Necə ki, şahidin qarşısında günahkarlar utanacaqlar, eləcə də Musa Yaquba qarşı pislik edənlər daim onun varlığını şahid kimi görüb bundan vicdanları sızlayacaq, ruhları narahat olacaq, öz varlıqlarını, kimliklərini tanımaqlarından utanacaqlar.

Biganələr iqlimini görmüşəm,
Bədxahların him-cimini görmüşəm,
Mən özümçün başqa yuva hörmüşəm,
Bundan sonra nə olacaq, olacaq.

Mən dərdimi pıçıldadım dağlara,
Dağlar alıb payladı oymaqlara.
Dövrüm verdi haqqımı nahaqlara,
Bundan sonra nə olacaq, olacaq...

Bu şeirdə mənim diqqətimi çəkən bəndlərdən biri də aşağıdakı bəndin üçüncü misrasıdır:

...Nə olacaq?... Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram.
Şimşəklərin işığını saxlaram,
Bundan sonra nə olacaq, olacaq.

Şimşək bir an çaxır və dərhal da yox olur, onun işığını saxlamaq, əslində, anı tutmaq, paralel zamanın ahəngi olmaq deməkdir. Eyni zamanda, Musa Yaqub göstərir ki, bu dünyada bir an da unudulmur, həmin anı kimsə özündə, yaddaşında, ruhunda saxlayır, eynən şimşək işığı kimi. Əgər bir an unudulmursa, onda bir ömür necə unudula bilər? Həmin ömür ərzində baş verənlər necə yaddaşdan silinə bilər? Yuxarıdakı iki bəndin məntiqi - yəni şairə qarşı olan haqsızlıqların da unudulmayacağını Musa Yaqub "şimşəklərin işığını saxlaram" deməklə əks etdirir. Musa Yaqubun şeirlərində əsas məqam həm də şeirin misraları arasındakı harmoniya, xüsusən də, tamamlayıcı fikirlərdir. Musa Yaqubun ölməz klassiklərlə bir yaradıcı oxşarlığını da onda görürəm ki, o, şeirlərində sualı qoyur, cavabı isə dərində gizlədir, yaxud işarəni verir, işarə edəni görünməz edir. Və oxucu bir neçə dəfə şeiri mütaliə edəndən sonra qəfil həmin işarəyə, cavaba vaqif olur. Ona görə də bu tipli şairləri ilk dəfə tanımaq, sonra sevmək, daha sonra əzbərləmək, ən sonda isə anlamaq üçün oxuyursan. Onu da qeyd edim ki, Musa Yaqubun ən gözəl şeirləri heç də onun ən məşhur şeirləri deyil, bəlkə də, onun məşhur şeirlərinin əksəri xüsusi dərinliyi ilə seçilməyənlərdir, onun daha mənalı, oxucunu düşündürən, yüz yerə yozulan, min fikir oyadan şeirləri o qədər də məşhur olmayanlardır. Ona görə də onun yaradıcılığını, hər nə qədər həcm etibarı ilə çox olsa da, dönə-dönə oxumağa, yeni-yeni fikir xəzinələrini anlamağa ehtiyac var.

Hər üzü bir...

Elə şairlər var ki, onlar həm də gözəl analitikdirlər, təhlilçidirlər. Hətta yazdıqlarının heç kəsin anlamadığı tərəflərini də yeri gələndə mahir şəkildə izah edə bilirlər. Görünür, bu da bir özəllik, yaradıcı üstünlükdür. Amma Musa Yaqub ədəbi mülahizələri, analitik məqalələri, fərqli şərhləri ilə seçilən bir şair deyildi. O, ədəbiyyatın nəzəriyyəsi ilə dərindən maraqlanan, təhlilçiliyə meyil göstərən söz sənətkarlarımızdan sayılmırdı. Amma bu o demək deyildi ki, onun analitik təfəkkürü, şərhçi dünyagörüşü məhdud idi. Qətiyyən. Sadəcə, elə şairlər var ki, onlar bütün fikirlərini şeirlə ifadə edirlər, digər janrlarda nəsə yazmaq istəmirlər. Musa Yaqubun analitik düşüncələri, təhlilçi dünyagörüşü şeirlərində cəm olunub. Ona görə də onun istər poeziyaya, istər həyat hadisələrinə, istər keçmişə, istərsə də gələcəyə bağlı düşüncələrinin hər biri şeirlərində əks olunub. Məsələn, elə şairlər var ki, onların şeirləri ilə həyatlarını üzləşdirəndə yanlış nəticələrə gəlirsən, yaxud həmin şairlərin özləri də razı deyillər ki, poetik obrazlarını, düşüncələrini onların həyatı ilə qarışdırasan. Bu, bir növ "iş başqa, eşq başqa" məntiqidir. Əlbəttə, o cür şairlərin də yaradıcılıq yollarını, düşüncələrini anlayışla qarşılamaq lazımdır. Necə deyərlər: "Beş barmağın beşi də bir olmur". Amma Musa Yaqubun əksər mülahizələri, həyatı ilə bağlı avtobioqrafik məqamlar elə onun şeirlərində yüksək şəkildə öz əksini tapıb.

Daha mən xatirə çözələmirəm,
Köhnə dərdlərimi təzələmirəm.
Bir də izim qalmaz çaylar daşında,
Sel coşar üstümdən, daş atar məni.
O köhnə dərdlərim bağrım başında,
Sızlaya-sızlaya yaşadar məni.

 

Əlim ki o ələ yetişməyəcək,
O sınıq güzgü ki bitişməyəcək,
Olmuşda daha nə təsəlli gəzim?
Xatirə yazmağa, yuxu yozmağa,
Heç qulaq asmağa yoxdu həvəsim,
Hanı cəmiyyətin cəm tərəfləri?
Yaşayış tapmağa çəm tərəfləri?

M.Yaqubun şeirlərindəki MƏN əksərən elə onun özüdür. O, şeirlərinin sonuna təkcə imzasını yox, həm də sanki tərcümeyi-halı "yazılan" vərəqləri qoyub. Anasına, atasına, həyat yoldaşına, qızlarına yazdığı şeirlərdə, dövrə, zəmanəyə qarşı narazılıqları, dostlarına, həmkarlarına həsr etdiyi ağrılı, eləcə də zarafatyana şeirlərin hər birində o, daha çox şəxsi düşüncələrini bölüşür. Ona görə də Musa Yaqub bir sıra müsahibələrində şeirlərinin  tarixçələrini bölüşürdü, şeirləri ilə bağlı xatirələrini danışırdı. O, həyatını şeirləşdirirdi. Onun sona qədər uğurlu şeirlər, təsirli bədii nümunələr yarada bilməsinin bir səbəbi bu idi ki, şeirlərinin yolu elə şairin nəfəsi qədər davam elədi. Elə şairlər var ki, ruhən ölürlər deyə sadəcə hər il yaşları təzələnir, amma daxili dünyaları yenilənmir, nəticədə onların həyatları yaradıcılıqlarına nüfuz edə bilmir. Amma elə şairlər də var ki, yaradıcılıqları daim ruhları ilə tən yaşayır, çünki şeir onların yaradıcılıqlarının yox, həyatlarının bir hissəsidir.

Axtarış azadlığı

Musa Yaqubun şeirlərinin metrikası, qafiyə quruluşu öyrəşdiyimiz, alışdığımız, çoxlarına bəlli standartlara sığmır. Məsələn, şeirlərdə bəzi yerlərdə hecanın sərt qaydaları gözlənilir, bəzi yerlərdə sadəcə heca sayları, ümumu ritm, bəlli ahəng saxlanılır, əksərən isə bütün bu sadaladıqlarım hansısa məntiqi bir fikir ucbatından, yaxud poetik düşüncənin itməməyinə xatir pozulur. Əlbəttə, aydındır ki, Musa Yaqub bütün bunları fikri formaya qurban verməmək, məlum ölçülər daxilində düşüncələrini cilovlamamaq üçün edir. Sanki fikir şairi sərbəstə çəkir, sərt qanunlara tabe olmamağa çağırır. Əgər bu "üslub" olmasaydı, bu dəst-xətt, daxili sərbəstlik qorunmasaydı, əminliklə deyirəm ki, Musa Yaqub neçə-neçə şah beytləri, təsirli misraları bəlli ölçülərə, şeir qəliblərinə qurban verib bir sıra həmkarlarından seçilməyən heca şairlərindən birinə çevrilərdi. Onun daha çox iki misranın, qonşu misraların qafiyələnməsinə hesablanan şeirləri, əslində, oxucuda bir qədər də məsnəvi təsiri oyadır. Yaxud qəzəlin ilk beytinin assosiasiyasını doğurur. Musa Yaqub formaca heca və sərbəstin ortasında bir yerdə qərar tutmuşdu və əgər klassikləri götürsək, onun daha çox qidalandığı mənbə sevimli şairi Xaqani Şirvani idi. Nə üçün Xaqanidən bəhrələndiyi, ruhən onu özünə yaxın bildiyi barədə zaman-zaman düşünürəm. Bu cür düşünməyim qətiyyən ona görə deyil ki, Musa Yaqub müsahibələrində tez-tez Xaqanidən misraları nümunə gətirib, onun "Mədain xərabələri" əsərindən danışıb. Bütün bu sadalananlar mənim üçün üzdə olan, bariz səbəblərdəndir. Ki, o bəlli səbəblər məni o qədər də düşündürmür. Amma dərin qatdakı səbəblər, zənnimcə, bunlardır:

Xaqaninin didaktikası tənqidi didaktika idi, bu cəhət onu Nizamidən və orta əsrin öyüdnamələr yazan bir sıra müəlliflərindən seçdirirdi. Yəni, daha açıq desək, onun öyüdlərində nəticəni müəllif özü göstərir, daha çox sərt tənqidlərində aqibətin qaçılmazlığından müəllif sanki özü şahid kimi danışır. Nizamidə isə bu məsələ bir qədər fərqlidir. Böyük Nizami nəticələri səbəblərdən asılı halda göstərir. Eyni zamanda, Musa Yaqubun ictimai motivli, tənqidi ruhlu şeirləri də həddən artıq pərdəsiz, çılpaqdır. Hətta deyərdim bir qədər publisistik tondadır. O, lirik və fəlsəfi şeirlərində nə qədər dərin mənaya nüfuz etmək əzmindədirsə, ictimai ruhlu şeirlərində o qədər barizliyin, sözü birbaşa, vasitəsiz deməyin tərəfdarıdır. Məsələn, Xaqani deyir:

Qanmazların əlindədir var-dövlətin hamısı,
Yeyər İsa süfrəsindən nemət eşşəkarısı.
Namərdlərlə xədimlərdir tutan bu gün cahanı,
Bu dövrandır xacələrlə xəsislərin dövranı.

Musa Yaqub da yaltaqlara ithafən eyni fikirdədir ki, cəmiyyətdə əksər yerdə başqalarına yarınanlar öndədirlər, çox yerdə onların adı ilə bağlı məclislər qurulub, daim onarın işləri rahatlıqla aşır, əlləri gətirir. Belələrinin "zəhmətləri" ancaq yarınmaqdır, qab dibi yalamaq, alqışlamaq, "böyük kölgələr"in zülmətinə qısılmaqdır.

Baxın mikrofonda o titrəyişə,
Məddahlar yenə də düşdülər işə.
Yenə bir-birini vururlar dişə;
Yenə ortalığa bütü çəkdilər,
Yenə sözlərinə ütü çəkdilər.
Sözləri yerbəyer etsin çapçılar -
Buraxın, qabağa keçsin gapçılar,
Əlləri havada bu "şap-şap"çılar.
Bu adlar, titullar, bu ali qullar,
Göyçək söz danışan göyçək oğullar...

Dahi Nizami məsnəvilərində, adətən, nümunə göstərir və çox zaman sonda "belə olma" deyir, Xaqanisə hədəfini birbaşa seçir və oxucusunu seçdiyi hədəfdən ən azı özü qədər iyrəndirir. Nizamiyə nisbətdə Xaqani daha çılğın, daha maksimalist şairdir.

Musa Yaqub da sözü "vasitəsiz" deməyin tərəfdarıdır, fikrinə "ütü çəkməyi" xoşlamır, baxmayaraq ki, onun tənqid etdiyi obrazlarının alternativi eynən təbiətdə də var. Və təsadüfi deyil ki, Musa Yaqubun "İndi bildim nağıldı" adlı kitabında tənqidi şeirlərinin də cəm olduğu bölmə "Nə hal varsa təbiətdə, onu gördüm cəmiyyətdə" adlanır. Sadəcə, çağdaş insan təbiətlə rabitəsini itirib, bu səbəbdən onun üçün əsas ibrət mənbəyi ancaq özüdür. Əslində, bu, çağdaş insanın inkişafı yox, məhdudluğudur, insan yalnız özündən ibarət olmamalıdır, dünyanın harmoniyasının işarələrini də özü həyatı ilə eyniləşdirməyi bacarmalıdır. Musa Yaqub şeirlərində təbiətlə cəmiyyətin harmoniyasını yaradan şairdir. Oxucuya bir yox, iki istiqamət göstərən, bir güzgüdə yalnız özünü görməyi yox, iki güzgüdə özünü və dünyanı görməyi təklif edən söz sənətkarıdır. Bu isə onun şair və insan kimi bütövlüyünün bariz göstəricilərindən biridir.