Fövqəl tərbiyəli ziya

Əsəd Cahangir


Əsəd Cahangiri ideal ədəbi güc, (metahissi qatda) açıqfikirli, bir növ, tamlığı ilə dərk edilməyən Adəm övladı kimi xarakterizə etsək, zənnimizcə, yanılmarıq. Əslinə qalsa, yüksək əhatələrdə bərqərar olan mövcudluqlar da bir Allah sirridir; insan onu nə əxz, nə də idrak edə bilməz... Açığı, Əsəd Cahangir haqda biz də eynən belə düşünürük. O, ədəbiyyat camesinə, ədəbiyyatşünaslıq atmosferinə az-az hallarda gələn istedadlardandır. Onun yazdıqları beynimizdə daha fərqli şəkildə əks olunur. Onun nitqindəki təzəlik, yenilik də bizə bir ayrı şəkildə görünür. Bu mənada, Əsəd Cahangir öz dövrünün Mənsur Həllacı, Bəhlul Danəndəsidir. Sadəcə, dövr, ictimai əhatə onun hansı müstəvidə qərar tutduğundan xəbərsizdir. 
Bəlli ki, insan özü bir Allah sirridir; onun həyatla, tale və Tanrı ilə təmasını tuta bilmək çətin prosesdir, lakin vizual tərpənmələrdə zahiri qata enmək bacarığı olanlar insanla münasibəti açıq şəkildə ifadə edə bilirlər. Əsəd Cahangir də elə bu rakursda insanın Tanrı qatında hansı məcraya sığdığını mümkün dəlillərlə bilir, onun gəldiyi qənaət əlbəttə ki, çoxlarına təəccüblü görünür və görünməlidir də. Çünki hamının düşüncə tərzi Əsəd Cahangir miqyasını qavramaq gücündə deyil. 
Biz Əsədin Allah-İnsan qatında çox yüksək əhatədə olduğu qənaətindəyik. Bəzən onun qələmə aldıqlarını "bismillahsız" oxumuruq. Onun dili, qəlbi, ideal təfərrüatı və inandırıcı fərqliliyi Allahdan gələn yəqinlikdir, hesab edirik ki, cəmiyyət bu ideal Obraza ehtiram göstərməlidir...
Jurnalımızın bu sayında Əsəd Cahangirin "Xarıgülnar" əsərini çap edirik. Bu əsərdə insan varlığı fərqli izharla təcəssüm tapır. Müəllif bu poemada Allahın dərki olan insanın maddi obyektində hansı ucalıqların qərar tutduğunu fəlsəfi təsirlə əxz edir, oxucuda bu pünhan əhatəyə maraq oyadır.
Bir sözlə, Əsəd Cahangir insanı dərinliklər girdabında "can verən" qara hücrəyə bənzətmir, əksinə, fizioloji baxışla onu (formaca və surətcə) elə insan kimi təsvir edir. 
Fövqəl tərbiyəli və intizamlı, vətəndaş amallı Əsəd müəllimə cansağlığı diləyir, onun qələminin parıltısında min illərin ehtişamının bərq vurduğuna şahidlik edirik. 


Xarıgülnar

(Poema)


Ünüm ünlə,
sözüm dinlə, firəngistan!
Sənə salam var Firəngizdən!
Hə, düz eşitdin adın,
xalqın sevilən sənətçisi Firəngizdir
ağ alnını Şuşa torpağına qoyan bu qadın!
İllərini əlindən almısan,
ömründən nə az, nə çox,
otuz il çalmısan onun!
Bunu bilirsənmi,
ölüb yerə girirsənmi?
Gülnar oynamışdı qırx il öncə,
amma bu dəfə tamaşaçısı - Allah,
səhnəsi - Cıdır düzü!
Nə oynayır, nə də yapır,
oyunçusu, yapımçısı -
bu dəfə - zaman özü!
 
And olsun ki, bu qadın
qu desən, qulaq tutulan
qaranlıq gecələrdən
işıqlı səhərə gəlib!
Doğulduğu şəhərə gəlib
otuz ildən sonra
güllü bir may günü,
xarıbülbüllü toy günü…

Amma
deməyin ha
eləcə ziyarətdir!
Şəkillərə baxın bir -
birində qiyam var, birində rüku,
üçüncüdə səcdə.
Bu da bir ibadətdir!
Bu da bir ibadətdir!
 
Əzizinəm, Şuşadı,
Kəbə ilə qoşadı!
Başına dönək, Şuşa,
təvaf eləyək səni,
bəs, bu otuz ili sən
necə dözdün,
necə yaşadın?

Gəlin,
dəyişək təqvimləri,
əqrəbləri lap başa fırlayaq,
zamanı sıfırlayaq!
Tarixə gələcəkdən başlayaq,
şeytanı bu gündən daşlayaq,
lap elə bu zamandan!
Nuhun tufanı,
İsanın mövludu,
Məhəmmədin hicrəti yox,
Firəngizin öz alnını
şəhid qanı tökülən torpağa
basdığı andan!!!
 
Bəlkə də, şişirdirəm,
bəlkə də, yanılıram,
bu gün könlüm şüşədir.
Bu gün sözümün canı
fikrimin əvvəli-sonu
Şuşadır!

Allah,
sənə şükr olsun!
Şəhidlərimin adı
adın kimi zikr olsun!
Şəhid bacıları bacım,
anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə kağanımız İlham olsun!
Qazilərimizə ehtiram,
Dost ellərə salam olsun!

Sular axsın, durulsun,
göyərsin otlarımız,
ulaşsın qurdlarımız!
Kişnəsin alma gözlü
Qarabağ atlarımız!
Cıdır düzündə
bir şülən qurulsun!
Ötükəndəki kimi ət təpələnsin,
tökülsün qımızlar,
göl kimi çalxalansın,
dəniztək ləpələnsin!!!

Sonra dağ başında tütək üç tütün,
Çatsın el-aləmə ünümüz bütün!
Ozanlar ozanı Dədəm Qorqudla
Yazanlar yazanı Anar
dərə, təpə, düz gəlsinlər,
biri əlində qələm,
o biri qolça qopuz - gəlsinlər!
Boy boylasınlar,
soy soylasınlar,
qaynasınlar, daşsınlar,
düzüb qoşsunlar!
Səsimiz batıdan batıb, doğudan car olsun,
üzü görklü Məhəmməd Mustafa eşqinə,
Tanrı bizə yar olsun!

Və Cıdır düzü
xarıbülbüllərdən süzülən
bənövşə nurlarla dolsun!
Başını səcdədən qaldıran Firəngiz
görsün dörd yanı bənövşə,
dağı, ormanı bənövşə...
Üzü nur saçsın!
Bircə addım atıb,
vaxtın sınırların aşsın,
dönüb Xarıgülnar olsun...