HÜSEYN  CAVİDİN "ANA"  ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ

Maarifə Hacıyeva,  filologiya elmləri doktoru, professor

"Xəyal  içində bəşər daima səadət arar" - deyən böyük humanist olduğu qədər də böyük dramaturq, yüksək əxlaqi keyfiyyətləri əxz edən lirik şeirləri və dram əsərləri ilə könüllərdə taxt quran Hüseyn Cavidin anadan olmasının 135 ili tamam oldu. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin dörd bir yanında tədbirlər həyata keçirilmiş və keçirilməkdə davam etməkdədir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da 90-cı mövsümə dramaturqun "Ana" dramı ilə gəlmişdir. Əməkdar artist Nübar Novruzovanın baş rolda - Səlma ana rolunda oynadığı rolun diqqətçəkici bir məqamı da var. Bu il Nübar xanımın həm də nə az, nə çox düz 60 yaşı tamam olur.
2 iyun 2018-ci ildə ilk tamaşası olan "Ana" əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Rüfət Zamanovdur.
Birpərdəli əsərdə cəmi 6 iştirakçı vardır ki, bunlar Səlma ana, İsmət, Səlim, Orxan, İzzət və Muraddır. Bir saat on dəqiqə davam edən tamaşada tamaşaçısını əvvəldən sona qədər nəfəs çəkmədən mövzunu izləməyə vadar edən bu düşündürücü səhnə əsərində baş rol  - Ana rolunu Əməkdar artist Nübar Novruzova, İsmət rolunu İradə Rəşidova, Səlim rolunu Vahid Orucoğlu, Orxan rolunu Manaf Dadaşov, İzzət rolunu Aydın Dəmirov, Murad rolunu Elnur Kərimov oynadılar və tamaşaçı rəğbətini qazanaraq alqışlandılar.
Bu alqış həm də həqiqət, ədalət, gözəllik, mərdlik, vətənpərvərlik və insanpərvərlik kimi yüksək keyfiyyətləri tərənnüm edən bədii nümunələr yaratmış, nadir qələm ustası böyük Cavidə idi.
Hər bir əsəri müstəqil bir hadisə olan Hüseyn Cavid yaradıcılığı şeirlə başlasa da o, ədəbiyyat tarixində daha çox dram əsərləri  ilə məşhurdur. Bütün yaradıcılığı boyu bir-birindən mükəmməl 20-yə qədər dram əsərinin müəllifi olan Hüseyn Cavidin elə ilk dram əsəri də 1910-cu ildə qələmə aldığı birpərdəli "Ana" mənzum pyesidir.
Mövzusu Dağıstan həyatından alınmış və milli ənənələr önə çəkilmiş "Ana" əsərində iki ailə qarşı-qarşıya qoyulmuşdur. Birincisi, başda Səlma ana olmaqla kəndin yoxsul bir ailəsi, ikincisi isə varlı kənd hampasının ailəsidir ki, onun da nümayəndəsi Orxandır. O, Səlmanın oğlu Qanpoladın nişanlısı İsməti ələ keçirmək üçün hər cür fitnə-fəsada əl atır.
Qanpolad toy xərcləri üçün şəhərə işləməyə getmişdir. Hər an gözü yolda, qulağı səsdə olan Ana və Qanpoladın nişanlısı gözəl İsmət Qanpoladdan məktub və xəbər gözləyirlər. Orxan isə həyasızcasına İsmətə eşq elan edib, onunla evlənmək istədiyini bildirir. Rədd cavabı alsa da inadından dönmür. Orxan Qanpoladın gəldiyini eşidib pulla bir qatil tutub Qanpoladı öldürtdürür. Qanpoladı öldürən qatil sığınacaq tapmaq üçün qaçıb ananın evinə pənah gətirir. Hadisədən xəbərsiz ana oğlunun qatilinə bir qonaq kimi sığınacaq verir. Bu yerlərdə qonaq müqəddəsdir, ona  hörmət etmək, yer vermək hər kəsin borcudur.
Səlma ana qonağın - ləzgi Muradın oğlunun qatili olduğunu sonradan bilir. Dərin psixoloji sarsıntılar keçirən Ana bir anlığa onu məhv etmək istəsə də, qonağın amanda olacağına verdiyi sözü xatırlayaraq, bu sarsıntıya, mənəvi böhrana, milli adət və ənənəyə dayanan insani bir hisslə qalib gəlir:

Amandasın, heç qorxma, heç sıxılma,
Çünki mən əvvəldən söz verdim sana.
Sən bir qonaqsan, qatil olsan da belə,
Səlma həlak olur da, səni verməz ələ - 

deyərək, 

Get, çəkil get! Dinsiz, allahsız, xain,
Murdar izin bu torpaqdan silinsin

 - intiqamı ilə  qonağı evindən uzaqlaşdırır.
Milli ənənələrin önə çəkildiyi və bu ənənələr içərisində  yer alan və  dağlı müsəlman xalqlar üçün yazılmamış bir qanun olan qonaq müqəddəsliyi ananın xarakterində, onun insani münasibətində ifadəsini tapır və əsərdə bu yazılmamış qanuna ehtiram hissi ciddi şəkildə xəlqiliyin böyük poetik ifadəsinə çevrilir.
Səlma ana özünü bu cani qonağı evə buraxmaqda suçlasa da, qonağın qanının tökülməsini vicdanına  sığışdıra bilmir və  

Həm mültəci, həm qərib, həm müsafir,
Xayır, vicdanım olmaz buna qadir.
Bir də hər nə yapsam, bu dərd silinməz,
Məhv olsa aləm, Qanpolad dirilməz.
Xayır, əfv etməli, getsin də miskin,

Xəcalətindən ölsün, yerə keçsin - deyərək, qatil  qonağın bu torpaqda izi qalmaması üçün çəkilib getməsini istəyir.
Əlbəttə, Hüseyn Cavid milli ruhu və etik prinsipləri Səlma ananın xarakterində verməklə milliliyin spesifik xarakterini ifadə etməyə nail olmuşdur.
Qonaq müqəddəsliyinin, verdiyi sözə sədaqətin ifadəçisi olan ana həm də  Hüseyn Cavidin romantik duyğularından yaranmış çox müqəddəs bir ana obrazıdır.
Çətin, psixoloji sarsıntılar keçirərək, müqəddəs analıq duyğusunun fövqündə dayanan Səlma ananı səhnədə canlandırmaq, tamaşaçını inandırmaq hər aktrisaya nəsib olmaz. Belə bir mürəkkəb psixoloji vəziyyətin öhdəsindən Əməkdar artist Nübar xanım Novruzova elə professionallıqla gəlir ki, nə tamaşası göz yaşını saxlaya bilir, nə də aktrisa müvazinətini.
Səlma Ana - Nübar Novruzova dramaturqun  olmasını arzu etdiyi yüksək analıq hissini adət-ənənələr ilə tarazlaşdıran geniş qəlbli, saf ruhlu, əhdinə sadiq bir ana obrazını yaratmağı ustalıqla bacardı.
Hüseyn Cavid bu əsərində dolğun, mürəkkəb və unudulmaz xarakterə sahib bir ana  surəti yaratmağı hədəf etmişdir. Baş rolun ifaçısı Nübar Novruzova dramaturqun ideal etdiyi belə ana surətini bütün parametrləri ilə yaratmağa nail olmuş və bu nöqtədə sənətin yüksək mərtəbəsini fəth edə bilmişdir.
Tamaşanın digər iştirakçıları da yüksək profesionallıq göstərir. Gözəlliyi qədər də namuslu və sədaqətli, 
Mən ayrılmam o yoxsul Qanpoladdan,
Bütün dünya alt-üst olub dağılsa,
Ondan başqa sevgilim yox, əsla -

deyən çərkəz qızı İsmətin rolunu oynayan İradə Rəşidova da, Səlim, Orxan, İzzət, Murad rollarının ifaçıları da alqışa və ehtirama layiq səhnə təcəssümü göstərdilər və tamaşaçı alqışları ilə səhnəni tərk etdilər.
Quruluşçu rejissor Bəhram Osmanovun, quruluşçu rəssam Telman Şıxıyevin, bəstəkar Rüfət Ramazanovun gərgin  əməyi sayəsində tamaşaçı rəğbətini qazanan "Ana" əsəri, zənnimizcə, uzun müddət səhnədə tamaşaçı rəğbətilə qarşılanacaq.

Jurnalımızın kollektivi adından 
Nübar xanım Novruzovanı 60 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.