MİRVARİD  DİLBAZİ

Vaqif YUSİFLİ

 

1912-ci ilin avqust ayı. Qazax rayonunun Xanlıqlar kəndində Paşa bəy Dilbazi böyük bir səbirsizliklə dünyaya gələcək üçüncü övladının yolunu gözləyirdi. İki qızdan sonra ümid edirdi ki, Allah ona mütləq qoçaq bir oğul verəcək. Amma təəssüf…Ona xəbər gətirdilər ki, yenə qızın olub.  Paşa bəy kədərlənsə də, dost-tanışı çağırıb şadyanalıq edir. Oğul əvəzinə dünyaya gələn qızın adını Mirvarid qoyur.

 İllər keçəcək və bu qız öz cəsarəti, dilli-dilavərliyilə atasının sevimlisinə çevriləcək. Amma bu sevinc uzun sürməyəcək, Paşa bəy 1918-ci ildə, 33 yaşına çatmamış dünyadan köçəcək.
 Yenə illər keçəcək…Şeir-sənət aləmində öz ilk addımları ilə diqqəti cəlb edən Mirvarid Dilbazi  günlərin birində çəkinə-çəkinə, utana-utana şeirlərini yazıçı Məmməd Səid Ordubadiyə təqdim edəcək. M.S.Ordubadi Mirvaridin şeirlərini oxuyub bəyənəcək və belə deyəcək: "Azərbaycan şeirinə balaca Məhsəti gəlmişdir".
 O "balaca Məhsəti" XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri idi. Səksən doqquz il yaşadı, 2001-ci ildə dünyasını dəyişdi, amma xatirələrdə, şeirimizin tarixində yaşayır. Həyatında çox ağrı-acılar çəkib: uşaq ikən atasını, sonralar anasını, həyat yoldaşını itirib, bəy qızı olmağının "sevinclərini" dadıb. Amma bir şair kimi o, xoşbəxt idi, çap sarıdan çox az nigarançılıq çəkib, şeirləri, şeir kitabları heç vaxt oxucuların diqqətindən yayınmayıb, uşaqların da sevimli şairinə çevrilib, vaxtı çatanda "Xalq şairi" fəxri adına layiq görülüb, Respublika Dövlət Mükafatı laureatı olub və s. Səksən yaşı ərəfəsində - 1992-ci ilin iyun ayında onunla görüşdüm və beynimdə bu sual dolaşırdı: "Siz xoşbəxtsinizmi?". İlk sualım da elə o oldu.
-Yox, oğul! Hər gün Qarabağda neçə cavan düşmənin gülləsinə qurban gedir, xalqımın başı üstünü qara buludlar alıb, - dedi  və susdu.
Mən isə şairənin neçə illər bundan əvvəl qələmə aldığı ayrı-ayrı misraları xatırladım:
Səngərdir, sipərdir dincliyi saxlar
Kişisiz vətəni düşmən ayaqlar.
Kişi anası ol, ana olanda.
Və birdən Mirvarid xanım stolun siyirməsindən bir yazı çıxartdı, xahiş elədi ki, oxuyum, fikrimi söyləyim. On altı səhifəlik bu poemada XIX əsrin əvvəllərində qazaxlı şair Əbdürrəhman ağa Dilbazinin həyatı qələmə alınıb. O, böyük bir qətiyyətlə gürcü hakimi İraklinin işğalçılıq siyasətinə qarşı çıxır. Qazax elinin talanmasının qarşısını alır, xalqı ayağa qaldırır, gözləri çıxarılsa da, haqq yolundan dönmür. Əbdürrəhman ağa Dilbazi haqqında F.Köçərli də "Azərbaycan ədəbiyyatı" kitabında öz sözünü deyib: "Bilmək gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat etməz imiş və öz eli içində nüfuzlu və sözü ötgün sayılarmış. Tamami hünər və səyini öz elinin və vətəndaşlarının xeyir və səlahı yolunda sərf edərmiş".
 Həmin bu "Şair" təxəllüslü Əbdürrəhman ağa Dilbazi Mirvarid xanımın ikinci babası ilə əmioğlu olublar.
 Mirvarid xanımın həm ata, həm ana nəslində belə mədəni, ziyalı adamlar az olmayıb və hər halda "ot kökü üstündə bitər".
 Sonra heç suala da ehtiyac qalmadı. Mirvarid xanım birdən-birə elə bil yetmiş-yetmiş beş il cavanlaşdı. Balaca, həmin o dəcəl qıza döndü. Doğulduğu Xanlıqlarda, anasının kəndi Daşsalahlıda gördüyü adamlardan, otlardan, güllərdən, çiçəklərdən, ağaclardan danışdı.  Bakının İstiqlal küçəsində yerləşən bu otağın da havası dəyişdi, yovşan ətri, çəmən ətri bürüdü bizi. İstədim deyəm ki, ay Mirvarid xanım, neyniyirsiniz burada, o çəmənlər, o ağaclar, o çiçəklər sizi gözləyir. Bir şeirinizdə demisiniz: 

Sıxır ürəyimi yenə divarlar 
Səsləyir yenə də o yollar məni. 
Çağırır ürəyi istilər məni, 
O odlar, ocaqlar, tüstülər məni.

- Xoşbəxtəm ki, Azərbaycanın gözəl bir guşəsində dünyaya göz açmışam. İndi Musaköy adlanan Xanlıqlar kəndində, yaylaqda doğulmuşam. O kənd bir vaxtlar təpələrin üstündə idi. Bizim evimiz də ən hündür təpədə… oradan baxanda elə bil, dünyanın yarısı görünürdü. Amma sonralar kənd camaatı bir az aşağı, arxın altına köçdülər, çünki yuxarıda - təpələrdə sudan korluq çəkirdilər. Doğrudur, gün-güzəran yaxşılaşdı, yaşıllıq dünyanı bürüdü, amma bir var zirvələrdə yaşayasan, dağ çiçəyinin ətrini duyasan, Günəşə yaxın olasan, bir də var, arana enəsən.
Amma o gördüyüm adamların çoxu indi yoxdur. Nəsil-nəsil qırıldılar, say-seçmə ziyalılar repressiyanın qurbanı oldular. O zaman Qazaxa bolşevik otryadı gəlmişdi…Hər evdən bir-iki adam güllələyirdilər ki, camaatın gözünü qorxutsunlar və heç kim kolxoz oyunundan qırağa qalmasın.
On səkkizinci ildə atam öləndən sonra biz Daşsalahlıya, ana babamgilə köçdük. İndi soruşa bilərsən ki, bəs necə oldu, bəy ailəsi ola-ola sizi güllələmədilər? Atam öləndə əmim bizə heç bir torpaq sahəsi vermədi, amma ana babamız bir az yer vermişdi. Ağıllı bir adam bizə dedi ki, sizin adınıza olan bu torpağı hökumətə təhvil verin, yoxsa bəy nəslinizə görə aqibətiniz xeyirli olmaz. Biz də yer payımızı təhvil verdik, kənd sovetindən kağız aldıq ki, ayağımızda heç bir torpaq sahəsi yoxdur.
 Atam Paşa bəy mərd adam olub, amma cavan yaşında qohumları mülk üstündə onu öldürüblər. Yaxşı nişançı idi, atdığı güllənin heç biri boşa getməzdi. Camaat da onnan çox hesablaşırdı. Atamın ana nənəsi rəiyyət qızı idi, Allahyar ağa bunun babasıydı. Allahyar ağanın üç oğlu, bir qızı olandan sonra gedir Qaraxallar adlı böyük bir nəsildən Eminəni alır. Mənim babam Eminənin oğludur.
 Babam da deyilənə görə çox qoçaq olub. Onların ilxıçıları varmış, həmişə xam atları əhliləşdirərmişlər. Axırıncı dəfə bir xam atı kəməndə salmaq istəyəndə at onu sürüyür, xəncər qoynundan çıxır, şah damarını kəsir. Onda atam üç yaşındaymış. Ona görə də dayıları - Qara İsmayıl, bir də Oruc kişi mülkü idarə eləyir, bütün kənd təsərrüfatı işlərini ona öyrədirlər. Ən başlıcası, atamı xalq ruhunda tərbiyə edir. Atam xalqa yaxın olduğu üçün bəylər onu sevmirdilər.
 Anam Daşsalahlı kəndindən bir bəyin qızı idi. Babası Türkiyədə təhsil almışdı, ruhani idi.  Öz biliyinə, şəxsiyyətinə görə ona xəlifə adı veriblər. İndi onun Aslanbəyli kəndində türbəsi var. Buna görə də anam ruhən təmiz, inamlı olub. "Quran" nəyi deyibsə - təmizlik, insana qayğı, çörəyini kasıblarla böl - anam ona əməl edib. Bizə deyərdi ki, öz son tikənizi də kasıblarla bölməlisiniz. Heç vaxt ola bilməz ki, sizin evdə çörək bişsin, o birisi evdə heç nə olmasın.
 İndi çox adama "bəy" deyirlər, kimə gəldi bu adı yapışdırırlar. Amma mən gördüyüm bəylər əsl şəxsiyyət idilər. Bu bəylər hər adamla oturub-durmurdular. Məsələn, bir nəsildə yalançı olsaydı, ona heç vaxt qız verməzdilər. Mənim yadıma gəlir ki, babamın qardaşı ölmüşdü, onun qızını başqa bir kənddən dövlətli bir adam istədi, amma babam ona qız vermədi, dedi ki, bu adam çox xəsisdir, qoyunlarının qabağında həmişə sinəsi açıq, gəda kimi özü gedir. Niyə gözəl nəsil yaranırdı onda? Çünki nəsli ələyirdilər, ən alisini seçib onunla qohum olurdular. İndi sən bilmirsən ki, qızı kimə verirsən, kiminlə qohum olursan, hər şey pulnan, paltarnan ölçülür.
 Uşaqlıqdan bizi təmizliyə, düzlüyə, doğruçuluğa öyrətmişdilər. Yalan danışmaq ən böyük qəbahət sayılırdı. O zamankı tərbiyə, əxlaq elə bil, qandan gəlirdi. Məsələn, anam bizə öyrətmişdi ki, özgə malına tamah salmaq olmaz. Bircə dəfə dedi qurtardı. Yadımdadı ki, babamın gözəl bir bağı vardı. Onun iki qardaşının da bağı həmin bu bağla bitişik idi. Amma arada heç bir çəpər, sərhəd yox idi. Bir də görürdün, o birisi bağdan-budaqdan bura meyvə tökülür, kimsə əl dəyməzdi. Ümumiyyətlə, həyatda hansı keyfiyyətləri qazanmışamsa, bunun üçün anama borcluyam... 
Bircə anlığa Mirvarid xanımın ana mövzusunda yazdığı onlarla şeirini xatırladım. Ancaq nədənsə, ikicə misra məni daha çox həyəcanlandırır: 
Mənim ürəyim əsdi, 
Anam yadıma düşdü.
- Mirvarid xanım, bioqrafiyanızdan məlumdur ki, siz 1921-ci ildə Bakıya köçmüsünüz, Qızlar Seminariyasında təhsilinizi davam etdirmisiniz. Sonra Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsini bitirmisiniz. Bax, məni maraqlandırır ki, Bakı mühitində də sizə xeyirxah adamlar rast gəldimi? Ümumiyyətlə, 30-cu illərin bütün tarixi hadisələri sizin gözlərinizin qarşısında baş verib və yenə məlum bir sual: o qorxulu illərin fəlakətini hiss etdinizmi?
- Bakıya gəlməyimiz iki səbəbdən oldu: bayaq dedim ki, bəy nəslindən olanları amansızlıqla təqib edirdilər və buna görə də, biz Qazaxda qala bilməzdik, axı, arxamız, köməyimiz yox idi. İkincisi, təhsilimizi davam etdirməliydik.
İndi sizə danışım seminariyadan. Ora seminariya yox, sanki bir ibadət ocağıydı. Möhkəm nizam-intizam, qayğı, tələbkarlıq, heç kimə fərq qoymamaq, istedadı olanları qabağa çəkmək… bunlar Qızlar Seminariyasının dəmir qanunları idi. Təsəvvür edin, o seminariyada Nərimanovun qohumu, Azadbəy Əmirovun (məktəbin müəllimiydi) bacısı, Mədinə xanım Qiyasbəylinin (seminariyanın direktoruydu) bacısı qızı oxuyurdu, amma təhsildə heç kəsə güzəşt yox idi. Əgər bir kəndli qızı istedadlı idisə, heç şübhəsiz, onun yeri göz üstündə olmalıydı.
Uşaqlıqdan saz-söz mühitini görmüşəm. Atamın evində həmişə aşıqlar çalıb-çağırardılar. Füzulini ana babam əzbər oxuyardı. Niyə belə idi?  Niyə ədalət, humanizm, insana qayğı bu balaca seminariyaya yol tapırdı, amma ölkədə, respublikada kütləvi terror, repressiya hökm sürürdü? Bizə dərs deyən müəllimlər Türkiyədə təhsil almışdılar, ya da Sankt-Peterburqda. Onlar yüksək təhsil almış ziyalılar idi. Cabbar Əfəndizadə, Şəfiqə xanım Əfəndiyeva (görkəmli cərrah Fuad Əfəndiyevin anası), Azadbəy Əmirov, Mədinə Qiyasbəyli. Mədinə xanım 37-ci ildə həbs edildi. 
Pedaqoji İnstitutu bitirdim, bir müddət Bakıda, Qubada müəllimlik də etdim. Moskvada, Ədəbiyyat institutunda da oxumuşam, amma xəstələndiyim üçün, bir az da maddi vəziyyətimə görə axıracan oxuya bilmədim. Pedaqoji İnstitutda Məmməd Rahimlə, Əbülhəsənlə oxumuşam. Bizə dərs deyən müəllimlərin əksəriyyətini 37-də tutdular.
Bir halda ki, söhbət 37-nin üstünə gəldi, qoy deyim: Xəlil Rzanın o məşhur misrasını yəqin bilirsən: Davam edir 37. Daha gərgin, daha ciddi.  O vahiməli, qorxulu, tükdən asılı qaldığımız  dəhşətli illəri necə unutmaq olar? İnanın mənə, tutulanların çoxu ancaq və ancaq danosun, böhtanın qurbanı idilər, yoxsa Stalin nə bilirdi ki, Azərbaycanda Cavid, Əhməd Cavad, Müşfiq, Bəkir Çobanzadə kimi şairlər, ziyalılar yaşayır? O zaman mən kim idim, heç nə - adi bir şairə. Amma kimsə mənim haqqımda demişdi ki, guya mən Ruhulla Axundovun quyruğuyam, halbuki, Ruhullanı ömrümdə bircə dəfə görmüşəm.
 Bəli, o zaman paxıllıq, bir-birini güdaza vermək üçün yaman fürsət yaranmışdı. Başa düşə bilmirəm, bu hiss necə yaranmışdı, niyə xalqın oğulları bir-birini satırdılar? Təsəvvür edin, Səməd Vurğuna qarşı necə tor eşirdilər, iclaslarda onu tənqid edirdilər ki, Səməd yumşaq adamdır, liberaldır, xalq düşmənlərini ələ vermir. Səməd də Səməd idi ha, üst-başına fikir vermir, pis geyinir, amma tribunaya qalxanda, elə bilirdin, əzəmətli bir dağdır. Bütün rus ziyalıları, şairlər, yazıçılar ona can atırdılar, sevirdilər onu.
-Mirvarid xanım, Mircəfər Bağırovu necə, yaxından görmüsünüzmü? Onun haqqında deyilən "cəllad", "qaniçən" sözlərinə necə baxırsınız?
-Bağırovu dəfələrlə görmüşəm. Çox sərt, zəhmli adam idi. Müharibədən əvvəl, Nizaminin 800 illiyi ilə əlaqədar keçirilən bir iclasda onun Mirzə İbrahimova necə qəzəblə "agent", "İranın casusu" deməsi indi də yadımdadır.
Bağırov çox qanlar tökdürüb, xalqımızın ən böyük oğullarının qətlinə fərman verib və onu heç cür bağışlamaq olmaz. Amma deyilənə görə, yaxşı işləri də olub. Məsələn, müharibə illərində arxa cəbhədə möhkəm, dəmir intizamın yaranması, ön cəbhədə Azərbaycan diviziyalarının təşkili, öz doğma oğlunu belə müharibəyə göndərməsi. Hər halda, ən cəllad adam da Vətənin təhlükəli çağında dəyişə bilər. Onu da deyim ki, biz indi də müharibə şəraitində yaşayırıq, amma bu saat Bakıda o qədər də müharibə havası hiss edilmir. Restoranlar bütün gecəni işləyir, alverçilər, möhtəkirlər əvvəlkindən də artıq camaatı soyur, bığıburma, qüvvətli oğlanlar veyil-veyil gəzir, idarələrdə, künc-bucaqda qızğın rüşvət gedir. Amma o zaman qıtlıq olsa da, hamı bir amalla yaşayırdı: "Hər şey qələbə, hər şey cəbhə üçün!". Bilməliyik ki, o zaman SSRİ-nin müdafiəsi üçün vuruşurduq, indi isə Azərbaycan üçün, Qarabağ üçün döyüşürük. Mənim yadımdadır, müharibə illərinin uzun növbələri, beş-altı saat çörək növbəsində dayanardıq, amma inam var idi, arxayınçılıq var idi. İnanın mənə, ta Stalinin ölümünə qədər bu inam bizi tərk etmədi. Əlbəttə, bu inamı uzun illərin vahiməsi, qorxusu yaratmışdı və Stalin öləndən sonra o inam da öldü. Ondan sonra rüşvət də əl-ayaq açdı, ləyaqətinə görə yox, puluna, adamına görə bəzilərini irəli çəkdilər, vəzifə verdilər və bunun qarşısı alınmadı. Yaxşı, tutaq ki, Stalin xalqları qorxu altında saxlayırdı, bəs indi?
 Mən bəy qızı olmuşam və buna görə də özüm də, nəslim də, ən yaxın qohumlarım da sosializmin "sevinclərini" dadmışıq. Təsəvvür edin, 1935-ci ildə Moskvada Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibətilə keçiriləcək təntənəli iclasa getmək üçün bir şairə axtarırdılar.  Həmin ildə mən də, Nigar Rəfibəyli də özümüzə görə az-çox bir şair kimi tanınmışdıq. İlk şeir kitabçalarımız çap edilmişdi. Amma bizi Moskvaya buraxmadılar, çünki hər ikimizin sinfi mənsubiyyəti "ləkəli" idi, hər ikimiz bəy qızı idik.  Bəs kimi apardılar? O zaman bir təyyarəçi qız vardı, gərək ki, adı Sona idi, kimsə onun üçün şeir yazdı, həmin təyyarəçi Sonanı şairə kimi Moskvaya apardılar.
Bax, bütün bunlar - sinfi mənsubiyyətimizə görə bizi daim gözükölgəli eləmək, repressiyaya uğratmaq məndə istər-istəməz bu quruluşa qarşı bir biganəlik oyatdı. Neçə dəfə məni Kommunist Partiyasına üzv olmağa məcbur elədilər, amma boyun qaçırdım. Həmişə belə bir təklifi eşitdikdə iyirminci ildə Qazaxa gələn, adamları günahları olmadan güllələyən o "otryad" yadıma düşürdü. Bir də Hüseyn Cavid. Dəfələrlə gördüyüm, salamlaşdığım, son dərəcə mədəni, nəinki söz-söhbətindən, geyimindəın, yerişindən belə böyük ziyalılığı bilinən Cavid əfəndi mənim üçün  dünyanın ən dahi şairlərindən biridir. Və fikirləşəndə ki, Cavidin ayaq tozuna belə dəyməyən nadan bir müstəntiq onu sorğu-suala tutur, incidir, təhqir edir, fikirləşəndə ki, Sibirin uzaq çöllərində bu gözəl şairimiz necə məhrumiyyətlərlə ömrünü başa vurub, doğrusu, partiya dediyim o yığnağa qarşı heç bir rəğbət hiss eləmirdim.
- Mirvarid xanım, sizi yormaq istəmirəm. Bilirəm ki, bütün bu dedikləriniz bir vaxt xatirələrinizdə, yəqin ki, kitab halında əks olunacaq. Sizə axırıncı sualımı vermək istəyirəm. Bu günün hadisələrinə münasibətiniz?
- Elə günüm, saatım olmayıb ki, Qarabağı düşünməyim. Təklənmişik, amma gücümüz  tükənməyib. Bu gün hamımız bir hədəfə vurmalıyıq: prezident də, çəkməçi də, xalq şairi də, sürücü də, ziyalı da, fəhlə də… Ermənilərin necə xalq olduğu, əsrlərdən bəri nə fəlakətlər törətdiyi yaddaşlardan silinməyib, amma tez unutmuşuq, əsrin əvvəllərindəki iki qanlı faciəni də, sonrakı illəri də.
- Mirvarid xanım, müsahibəyə görə çox sağ olun. Və istər-istəməz sizin bu misralarınızı xatırlayıram:
Ürəyi yara dünya,
Yol gedir hara, dünya?
Uçubmu tərlanların,
Qalmısan sara, dünya?
Bu müsahibə 1992-ci ildə alındı. 
Mirvarid xanım Ulu Öndər Heydər Əliyevin ən sevimli şairlərindən biri idi. Ulu öndərin sərəncamı ilə ilk "İstiqlal" ordeni ilə təltif olunanlardan biri də Xalq şairi Mirvarid Dilbazi oldu.