Ömrünü səhiyyəyə həsr edən alim 

Elşad Dağlı (Qasımov), AJB-nin üzvü

Bəybala Abbasov-95

 

Həkimlik həm çətin, həm də şərəfli bir sənətdir. İnsanların sağlamlığının keşiyində dayanan hər bir həkim öz sənətinin fədaisi olmalıdır. Belə həkimlər haqqında Ban Tulpa demişdir:- Həkim yanar şama bənzər, başqalarına işıq saçar, özü bu yolda yanar". Bunlardan biri də mənalı ömür yolu keçmiş tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Şöhrət ordenli Bəybala Xutkar oğlu Abbasovdur.

O, 1923-cü ildə Siyəzən rayonunun Zərgərli kəndində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə Bakı şəhərində almışdır. Təbiət elmlərini dərindən öyrənmiş və həkimliyə böyük maraq göstərmişdir. Elə bu bilik, bu həvəs onu Azərbaycan Tibb İnstitutunun  müalicə-profilaktika fakültəsinə aparıb çıxarmışdır. Onun gözəl cərrah, tanınmış alim kimi yetişməsində böyük cərrah, klinik və müəllim akademik M.Ə. Mirqasımov, cərrah professorlardan Z.Məmmədov, Q.Qurbanov çox böyük rol oynamışdır. O, 1943-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, həkimlik peşəsinə yiyələnmişdir. 1949-cu ildə institutu bitirmiş tələbələr içərisində ancaq B.Abbasov 1950-ci ildə Tibb İnstitutunun operativ cərrahiyyə kafedrasına kliniki ordinaturaya qəbul olunur və 1954-cü ildən isə həmin kafedranın yerləşdiyi cərrahi şöbənin rəhbəri təyin edilir. 1958-1963-cü illərdə Semaşko adına şəhər xəstəxanasında baş həkimin cərrahiyyə şöbələri üzrə müavini işləmişdir. Bu illər ərzində o, xəstələrin  açıq və qapalı zədələnmələrinə, qarın və döş boşluğu üzvlərinin kəskin və xronoloji xəstəliklərinə, yuxarı və aşağı ətrafların kəskin damar-sinir, sümük zədələnmələrinə görə çoxlu mürəkkəb, rekonstruksiya-bərpa əməliyyatları aparmış həmkarlarına köməklik göstərmişdir.
Öz bilik və bacarığını gənc nəslə öyrətmək məqsədilə 1961-ci ildə ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının assistenti vəzifəsinə seçilmişdir. 1963-cü ildə doktorluq dissertasiyasını tamamlamaq üçün Leninqrad (indiki Sankt-Peterburq) Hərbi Tibb Akademiyasına ezam olunmuşdu. B.Abbasov Leninqrad Hərbi Tibb Akademiyasında "Qarın aortasının rezeksiyası və plastikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi Şurada 18 general-alim yekdilliklə ona səs vermişdir. Elmi rəhbəri akademik A.N.Maksimenkov dissertasiyanı belə qiymətləndirmişdir: "Bu çətin işin həlli və yerinə yetirilməsi üçün ən azı 10 nəfərlik bir kollektiv lazım idi. Lakin B.Abbasov öz qaynar enerjisi və böyük zəhməti hesabına bu işin öhdəsindən təkcə gəlmişdir". Hələ Leninqrada getməmişdən öncə o, ölkədə birinci dəfə olaraq 1960-cı ildə qarın aortasının anevrizmasına görə aortanın rezeksiyası kimi böyük əməliyyat etmiş olur. Bütün bunları nəzərə alaraq göstərmək olar ki, B.X. Abbasov SSRİ məkanında damar cərrahiyyəsinin ilk əsasını qoyan alimlərdən biridir.
1971-ci ildə B.X.Abbasov Tibb İnstitutunun ümumi cərrahiyyə kafedrasına professor vəsifəsinə seçilmiş, 1971-1983-cü illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. Bu illər prof. 
B.X. Abbasovun görkəmli elmi praktik və pedaqoji fəaliyyəti ona tibb ictimaiyyəti və xalq arasında böyük hörmət qazandırmışdır. Onun elmi fəaliyyəti nəticəsində dərc olunmuş məqalələrin, elmi monoqrafiyaların və dərsliklərin həkim və elmi kadrların yetişdirilməsində çox böyük rolu olmuşdur.
Uzun illər boyu B.X.Abbasov cərrahiyyə fənninin tədrisində gənc nəslin, tibbi kadrların, cərrahların yetişməsində xeyli əmək sərf etmişdir. Onun tələbələri respublikanın rayonlarında, qəsəbələrində, kəndlərində əhaliyə tibbi yardım göstərir və həmişə B.X.Abbasovu unudulmaz, xeyrixah müəllim kimi xatırlayırlar. Respublikanın tibb ictimaiyyəti arasında o, böyük hörmətə malikdir.
O, Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvü, Azərbaycan Ensiklopediyasının məsləhətçisi, Respublika Səhiyyə Nazirliyinin baş məsləhətçisi, Attestasiya Komissiyasının üzvü kimi respublikada səhiyyə elminin inkişafı üçün xeyli çalışmış və öz əməyini heç vaxt əsirgəməmişdi.
Professor doğulduğu doğma Zərgərli kəndinə tez-tez baş çəkmiş, orada 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində həlak olmuş bu kəndin mərd oğullarının şərəfinə bulaq tikdirmişdir.
Alimin elmi fəaliyyəti çoxcəhətli olmuşdur və ürək-damar, mikrocərrahiyyə, döş qəfəsi, abdominal və ümumi cərrahiyyə kimi sahələri əhatə etmişdir. Professor B.Abbasov 150-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 3 dərsliyin, bir sıra dərs vəsaitlərinin, 2 ixtiranın, bir neçə səmərələşdirici təklifin müəllifi olmuşdur.
 Alim bir çox xarici ölkələrdə - Yaponiyada, Hindistanda, Budapeştdə, İranda, Türkiyədə, Rumıniyada, Gürcüstanda, Ukraynada, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və s. keçirilən konfrans, qurultay, simpoziumlarda iştirak edərək, elmi məruzələrlə çıxış etmişdir. Professor  Bəybala  Abbasovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilərək Respublikanın  Əməkdar elm xadimi, Əməkdar həkim, Şöhrət ordeni, Prezidentin fərdi təqaüdçüsü, həmçinin 3 medala, Səhiyyə nazirliyinin fəxri fərmanlarına və təltiflərə layiq görülmüşdür.    
Professor B.Abbasovun rəhbərliyi altında 3 doktorluq, 6 namizədlik dissertasiyası işi hazırlanmışdır. Son dərəcə dinamik, işgüzar, təvazökar, qayğıkeş bir alim və müəllim, bacarıqlı həkim kimi tanınan professor Bəybala Abbasov müəllimlərin, tələbələrin, müalicə etdiyi xəstələrin hörmət və rəğbətini qazanmışdır.
Bir dəfə Bəybala müəllimdən soruşurlar ki, "İşdir xəstələnsəniz, kimə müraciət edərsiniz?". O, heç fikirləşmədən: Əlbəttə, professor Əflatun qardaşıma,  - cavabını verir.
Bəybala müəllimin ortancıl qardaşı Abgül Kərimov da ali dərəcəli cərrahdır. O, hazırda təqaüddədir. Kiçik qardaşı professor, Əməkdar elm xadimi Əflatun Kərimov Milli Onkoloji Mərkəzin professoru, aparıcı həkimlərdən biridir. Bəybala müəllimin anadan olmasının 95 illiyi münasibətilə onun yetirmələrindən, hazırda respublikamızda tanınmış həkimlərdən aldığımız müsahibələri dərc edirik.    
Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü Sahib Musayev:
- B.Abbasov uzun illər boyu Tibb İnstitutunda cərrahiyyə fənninin tədrisində gənc nəslin, tibbi kadrların yetişməsində xeyli əmək sərf etmişdir. Onun yetirmələri respublikamızın hər yerində əhaliyə tibbi yardım göstərir və həmişə B.Abbasovun xeyrixah əməllərindən söz açır, onu xatırlayırlar. Çoxu kimi mənim də müəllimim professor B.Abbasov olmuşdur. İndinin özündə də Bəybala müəllimin keçdiyi şərəfli ömür yoluna, onun nəcib insani keyfiyyətlərinə böyük ehtiyacımız var. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Yusif oğlu Bayramov:
- Gecəni gündüzünə qataraq, öz üzərində yorulmadan çalışan, bir əlində skalpel, digərində qələm tutaraq tibb elmini yeni kəşflərlə zənginləşdirən professor Bəybala müəllim olmuşdur. Bəybala müəllim təmənnasız cərrah idi. Gecənin istənilən vaxtında işə çagırılsaydı etiraz etməzdi, özünü tez çatdırardı. O, həm də mənim rəyçim olub, böyük diaqnostik həkim idi. B.Abbasov ölkəmizin cərrahiyyəsi tarixinə yazılmış görkəmli bir alim-cərrah kimi, tələbələrinin və minlərlə şəfa verdiyi insanların xatirəsində yaşayacaqdır.
    
Ümumi Cərrahlıq kafedrasının müdiri, tibb elmləri doktoru, professor Elçin Kamil oğlu Ağayev:
- Əziz müəllimim professor Bəybala Abbasov haqqında söz demək, onun elmi işindən danışmaq olduqca məsuliyyətli bir işdir. Tibb sahəsində qazandığım uğurlara görə mən ona çox borcluyam. Onun tələbə ikən bizə dediyi maraqlı mühazirəsi son dərəcə maraqlı, məzmunlu və əhatəli olurdu. O, mühazirə deyərkən əyani vəsaitlərdən çox istifadə edərək öz bilik və bacarığını biz tələbələrə öyrədərdi. Böyük diaqnostik həkim idi, xəstəni əli ilə müayinə edərək onun diaqnozunu qoymağı bacarırdı. Bəybala müəllim nəcib, alicənab, xeyirxah, Vətənini sevən, başlıcası isə əsl ziyalı idi. Ən ağır əməliyyatları uğurla yerinə yetirirdi. İşə hamıdan tez gələr, hamıdan gec evə gedərdi. Bəybala müəllim həm də təbiət vurğunu idi. O, yayda tez-tez doğulub boya-başa çatdığı Siyəzənin  Zərgərli kəndinə, oradan "Sərəki bulağına" gedərdi. Bəybala müəllimlə hər bir görüş mənim üçün yaddaqalan bir hadisə idi.
Allah ona rəhmət eləsin! 

Tibb elmləri doktoru, professor Eldar Abbasov:
- Bu gün Azərbaycan cərrahlığında akademik M.Topçubaşov məktəbi olduğu kimi Bəybala Abbasov məktəbi də var. Bəybala müəllimin adını Əziz Əliyev, Mirəsədulla Mirqasımov, M.Topçubaşov kimi böyük alimlərin sırasına daxil etmək olar. Cərrah, pedaqoq olduğu kimi də, sadə, təvazökar insan idi. O, həm də təbiət vurğunu idi. Boya-başa çatdığı Siyəzənin "Sərəki" yaylağındakı bulağı kəndin 1941-1945-ci illərdə həlak olan igid oğullarının xatirəsinə  ucaltmışdır. Hər il yayda yüzlərlə insan bu bulağa üz tutur, bulağın sərin suyundan içərək Bəybala müəllimin ruhuna dua edir, onu xatırlayırlar. Allah ona rəhmət eləsin!

Tibb elmləri doktoru, professor Xaləddin Novruz oğlu Musayev:    
-Bu gün professor Bəybala Abbasov kimi insani keyfiyyətlərə malik böyük zəka sahibləri, büdrəyəni yerindən qaldıran ziyalı təbəqəmiz demək olar ki, az qalıb. Əlbəttə Bəybala müəllim əsl diaqnostik həkim kimi əl ilə xəstəliyi dəqiqləşdirə bilirdi. Bəybala müəllim yaxşı mühazirə oxuyardı. Hətta başqa qrup tələbələri də bu mühazirədə iştirak edirdi:
O əsl cərrah idi. Bəybala müəllim mühazirə oxuyanda hamı onu maraqla dinləyirdi. Təbiətində kin saxlamaq yox idi. Bu gün xatirələrdə silinməz izlər qoyan böyük alim, Azərbaycanda damar cərrahiyyəsinin banisi,  Əməkdar elm xadimi, dəyərli şəxsiyyət aramızda olmasa da onun ruhu bizimlədir.
Allah ona rəhmət eləsin!
    
Tibb elmləri doktoru, professor Çingiz Bayram oğlu Quliyev: 
- Mən professor Bəybala müəllimlə 1974-cü ildə tanış olmuşam. Mənə dərs deməsə də ondan tibbə aid çox şeylər öyrənmişəm. Mən onun qardaşı, indi də Milli Onkoloji Mərkəzdə çalışan həkim-onkoloq, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Əflatun Kərimovla ali məktəbdə birgə oxumuşam. Mənim Bəybala müəllimlə tanışlığım indiki Sankt-Peterburqda Hərbi Tibb Akademiyasında olmuşdur. Doktorantura işimlə bağlı oraya ezam olunmuşdum. Orada dedim ki, məni Bəybala müəllim göndərib. Onun adını eşidən kimi, məni  səmimi qarşıladılar və lazımi köməkliklər olundu. Mənim Bəybala müəllimlə isti münasibətim olub. O çox xeyrixah, səmimi insan idi. Bəybala müəllimlə hər bir görüş mənim üçün yaddaqalan bir hadisə idi. Allah ona rəhmət eləsin! 

Tibb elmləri doktoru, professor Loğman Məmmədov:
- B.Abbasov 1963-cü ildə doktorluq dissertasiyasını tamamlamaq üçün indiki Sankt-Peterburq şəhərinə, Hərbi Tibbi Akademiyasına doktaranturiya ezam olmuşdu.
1968-ci ildə görkəmli alim, professor A.N.Maksimenkonun rəhbərliyi altında "Qarın aortasının rezeksiyası və plastikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bəybala müəllim ilk dəfə olaraq Azərbaycanda reanimasiya, ürək-damar və təcili cərrahiyyə kursunu təşkil etmiş, ilk dəfə qaraciyəri rezeksiya etmişdir. Respublikada damar cərrahiyyəsinin əsasını qoyanlardan biri, kəsilmiş ətrafların replantasiyası əməliyyatını ilk dəfə (1969-cu ildə) icra edən Bəybala müəllim olmuşdur. Bütün ömrünü xalqımızın sağlamlığına, savadlanmasına, ləyaqətli vətəndaş olmasına həsr etmiş professor Abbasov ləyaqətli bir həyat yaşadı. Mən Bəybala müəllimi gözəl insanlığına, təcrübəli pedaqoq olmasına, bir sözlə insani keyfiyyətlərinə görə  "Dədə" adlandırmışam. O, auditoriyaya girəndə deyirdim ki, "Dədə gəldi".
Allah ona rəhmət eləsin!

Tibb elmləri doktoru, professor Fariz Camalov:
- Professor Bəybala Abbasov mənim də müəllimim olmuşdu. İndinin özündə də Bəybala müəllimin keçdiyi şərəfli ömür yoluna, onun nəcib insani keyfiyyətlərinə böyük ehtiyacımız var. Bəybala müəllimin gözəl xüsusiyyətlərindən biri də onun bacarıqlı cavan tələbələri özünə köməkçi kimi götürməsi idi. Onun əməliyyatlarında iştirak etməyə can atırdıq. Bəybala müəllim həm də böyük diaqnostik həkim idi. Əl ilə xəstənin müayinəsinin diaqnozunu deyə bilirdi. O dövrdə bütün ağır cərrahi əməliyyatları ona həvalə edərdilər. O, isə hamıdan tez gələr və hamıdan gec evə gedərdi. Cavanlara elmi işlə məşğul olmağı həmişə tövsiyə edərdi. Onun mühazirəsi dərin və mənalı, son dərəcə maraqlı keçərdi. Hətta başqa qrupun tələbələri gəlib iştirak edərdilər. Bu gün xatirələrdə silinməz izlər qoyan dahi alim, Azərbaycanda damar cərrahiyyəsinin banisi, dəyərli alimin ruhu bizimlədir. Allah rəhmət eləsin!

Tibb elmləri doktoru, professor, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Qəmət oğlu Əliyev:
- Azərbaycan dünya təbabətinə Əziz Əliyev, Mirəsəddula Mirqasımov, Mustafa Topçubaşov kimi böyük alimlər bəxş edib. Görkəmli cərrah və pedaqoq B.Abbasov bu dahi şəxslərin şərəfli irsini ləyaqətlə davam etdirmiş, tibb aləmində öz sözünü demişdir. O çox sadə, mehriban, nəcib, təvazökar alim idi. Bəybala müəllim təcrübəli diaqnostik həkim idi. Tələbə ikən bizə dediyi mühazirə çox maraqlı keçərdi. Könüllü olaraq başqa qrupun tələbələri də mühazirəyə qatılırdılar. Ən ağır xəstələri əməliyyat edərdi, əli çox yüngül idi. Bəybala müəllim əyani vəsaitlərdən çox istifadə edərdi. Tələbənin biliyini bəzən bir sualla qiymətləndirərdi. O, bir suala dolğun və ətraflı cavab verən tələbəyə " əla" qiymət verərdi. Bir dəfə mənə də imtahanda bir sual verdi və müsbət cavab aldıqdan sonra biliyimi "əla" qiymətləndirdi.

Tibb elmləri doktoru, professor Cabbar Hacıyev:    
- Uzun illər boyu B.Abbasov cərrahiyyə fənninin tədrisində, tibbi kadrların, cərrahların yetişməsində xeyli əmək sərf etmişdir. Bəybala müəllim xoşbəxt alimlərdən olub, çünki o, ümumxalq məhəbbəti, elin məhəbbətini, şəfa verdiyi xəstələrin rəğbətini qazanmışdır. Bəybala müəllimin fəaliyyət dairəsinə ürək-damar cərrahlığı, mikrocərrahlıq, döş qəfəsi, abdominal, ümumi cərrahlıq və s. daxildir. Son dərəcə işgüzar təşkilatçı, təvazökar və qayğıkeş həkim, görkəmli alim B.Abbasov heç vaxt unudulmur, yaddan çıxmır. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaqdır.
Tibb elmləri doktoru, professor Mübariz Əliyev:
- Professor B.Abbasov haqqında söz demək, onun elmi işini araşdırmaq, səciyyələndirmək olduqca məsuliyyətli bir işdir. Tibb sahəsində qazandığı uğurları işıqlandırmaq üçün ən azından tibb sahəsini bilmək lazımdır. Bəybala müəllim əsl diaqnostik həkimdir. Onun xəstəyə qoyduğu diaqnoz həmişə özünü doğruldub. Ən ağır xəstələri o əməliyyat edərdi. Bizə dərs dediyi vaxtları xatırlayıram. Hər hansı bir xəstə olanda bizi çağırıb başa salardı, öyrədərdi. Mühazirə oxuduğu vaxt heç kimin səsi çıxmazdı. Onun mühazirəsinə digər qrupun tələbələri də gələrdi. İmtahan vaxtı o tələbələrdən  cərrahiyyə vaxtı istifadə olunan tibbi avadanlıqları, gipsin necə qoyulmasını soruşardı. Bəybala müəllim nəcib, alicənab, xeyrixah, vətənini sevən böyük bir alim və ən başlıcası isə əsl ziyalı idi.

Ümumi Cərrahiyyə Kafedrasının dosenti, Əməkdar həkim Hacıqulu Səməd oğlu Bağırov:
- Professor Bəybala Abbasovun adını el-obamızın hər yerində ehtiramla çəkirlər. Bəybala müəllim mənim də müəllimim olub. Onun dediyi mühazirə çox maraqlı keçərdi. Bəybala müəllim imtahan vaxtı tələbəyə bir sual verib, ondan müsbət cavab olanda tələbəyə "əla" qiymət verirdi və özü də sevinirdi.
Bəybala müəllim bacarıqlı cavan tələbələrin siyahısını tutardı və qrafik üzrə özünə üçüncü köməkçi götürərdi. Əməliyyat boyu geniş izahatlar verərdi tələbələrə. Odur ki, onun cərrahi əməliyyatlarında iştirak etməyə hamımız can atırdıq. Bəybala həkimlə çiyin-çiyinə çalışan bütün kollektiv onun xətrini çox istəyirdi. Hansı şöbəyə getsəydi, orada sakitlik öz yerini tapardı. Bu da böyük alimə, gözəl insana, təmənnasız cərraha olan hörmətin bir əlaməti idi. Cavan cərrahlara şərait yaradardı. Onlara yüngül əməliyyatlarda sərbəstlik verərdi. Özü isə kənardan nəzarət edərdi.
Arabir "darıxma, tələsmə, yaxşıdı" sözlərini işlədərdi. O, xəstəxanaya hamıdan tez gələr, axşamlar isə hamıdan gec gedərdi. Ağır xəstələr olanda çox vaxt xəstəxanada gecələrdi. Çoxları onun bu hərəkətinə həsəd aparırdı. Tələbəlik dövründə Bəybala müəllim bizlərə böyük qardaş, yaxın dost, dərdimizi danışa biləcəyimiz bir sirdaş idi. 
Allah ona rəhmət eləsin!


Milli Onkoloji Mərkəzdə baş həkimin müavini həkim-nevropotoloq Fərəh Sadıqova:
- Professor Bəybala Abbasovun adını el-obamızın hər yerində "Loğman" sözünün sinonimi kimi ehtiramla çəkirlər. Bu ad Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da eyni anlamda tanınır. Onu da qeyd edim ki, respublikada da damar cərrahiyyəsinin əsasını qoyanlardan biri, kəsilmiş ətrafların replantasiyası əməliyyatını ilk dəfə icra edən Bəybala müəllim olmuşdur. Son dərəcə dinamik, işgüzar, təvazökar, qayğıkeş bir alim və müəllim, bacarıqlı həkim kimi tanınan professor Bəybala Abbasov müəllim və tələbələrin, müalicə etdiyi xəstələrin hörmət və ehtiramını qazanmışdır. Bəybala müəllim cavanlara elmi işlə məşğul olmağı tövsiyə edərdi. Onun mühazirələri çoxşaxəli, dərin məzmunlu, son dərəcə maraqlı keçərdi. Bu gün Bəybala müəllim aramızda olmasa da, onun pak ruhu həmişə bizimlədir.
Allah ona rəhmət eləsin!

Ümumi Cərrahiyyə kafedrasının assistenti Elman Qulu oğlu Tağıyev:
- Professor B.Abbasov bizim müəllimimiz olub. O, qədər maraqlı, ətraflı mühazirə oxuyardı ki, biz onun mühazirəsinə valeh olardıq. Bir dəfə mən xəstəni əməliyyat elədim. Hər şey öz qaydasında idi, xəstənin heç bir şikayəti yox idi. Amma bütün bədəni göyərmişdi. Mən çox təşvişə düşdüm. Bəybala müəllimə müraciət etdim. O gəlib xəstəyə baxdı və dedi ki, mənə spirt və pambıq verin. O, pambığı spirtə batırıb xəstənin qolunu sildi və dedi ki, xəstə getsin yuyunsun. Sən demə, xəstə Çin istehsalı olan yataq dəstindən istifadə etdiyindən onun rəngi xəstənin bədəninə çıxıb. Beləliklə, xəstə sağalıb evə yazıldı. 
Bəybala müəllim həqiqətən böyük diaqnostik həkim idi.

Tibb elmləri namizədi Nərgiz İmanova:
- Mənim müəllimim t.e.d, professor Bəybala Abbasov ilk dəfə olaraq, Azərbaycanda reanimasiya, ürək-damar və təcili cərrahiyyə kursunu təşkil etmişdir. Çox mürəkkəb və keşməkeşli, lakin şərəfli ömür yolu keçən Bəybala müəllim qarşısındakı bütün çətinliklərə mətanətlə sinə gərərək, elmin zirvələrinə doğru inamla irəliləyən möhkəm iradəli alimlərdən biri idi. Onun bizə dediyi mühazirələri dolğun, aydın, çox sadə və başa düşülən idi. O, əsl diaqnostik  həkim, son dərəcə işgüzar təşkilatçı, təvazökar və qayğıkeş insan idi. Bəybala müəllimin mühazirələri çoxşaxəli və dərin mənalı, son dərəcə maraqlı keçərdi. Bu gün xatirələrdə silinməz izlər qoyan böyük alim Azərbaycanda damar cərrahiyyəsinin banisi, t.e.d, professor, Əməkdar elm xadimi, Şöhrət ordenli dəyərli insan aramızda olmasa da onun pak ruhu bizimlədir.

Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məhərrəm Culfa oğlu Abdulov:
- Mən professor Bəybala müəllimi tələbəlik illərindən tanıyıram. III kursdan onun yanında köməkçı həkim kimi çalışdığım illərdə onun necə bacarıqlı həkim olduğunun şahidi olmuşam. Ən ağır əməliyyatları ona həvalə edərdilər. O, əsl diaqnostik həkim idi, çox tələbkar idi. Bəybala müəllim xoşbəxt alimlərdəndir, çünki ümumxalq məhəbbəti qazanmışdır. 
 Noyabrın 17-də B.Abbasovun 95 illik yubileyi tamam olur. Nüfuzlu alim, qayğıkeş müəllim, şəfqətli həkim kimi tanınan professor  Bəybala Abbasovun  əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.    

Tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Novruzova:
- Yadımdadır ki, mən hələ uşaq idim. Evdə Bəybala Abbasovun adı həmişə hörmətlə çəkilirdi. Çünki o atamı, çox sonralar isə qardaşımı əməliyyat etmiş, təkrar həyata qaytarmışdır. Əməliyyatdan sonra  onlara  xüsusi hörmət və diqqətlə yanaşmış, qayğılarına qalmışdır. Beləliklə, məndə tədricən bu insana və onun peşəsinə sevgi yaranırdı. Hətta həmin dövrdə Bəybala Abbasovun simasında həkimlərə  həsr etdiyim bu şeiri yazdım: 

Həkim-alim adın ucadan  uca,-
Həmişə bu adı uca tutmusan.
Şəfaya möhtac bir dərdli görəndə
Öz dərdi-sərini sən unutmusan.

Gecələr el, hamı şirin yatanda
Yatmayan xəstənin üstə əsmisən.
Ülgücdən də iti bıçaqlarınla
Ölümün əlini ondan kəsmisən.

Vətəninə eşqin bir günəş kimi -
Nə qədər ürəyə şəfəq salmısan.
Ümidsiz dərdlərə çarələr tapıb,
Hippokrat andına sadiq qalmısan.

Elimin Loğmanı Bəybala həkim,
Ömründən bir an da boş sanmayasan,
Mənim arzum budur - bir xəstə kimi,
Həkimlər önündə dayanmayasan!

Məktəbin son siniflərində oxuyanda mən də həkim olmaq istədim. Cərrah olmaq arzumu anama bildirəndə mənə bu peşənin çox ağır olduğunu söylədi. Məni heç cür fikrimdən döndərə bilməyən valideynlərim bu peşənin əziyyəti ilə daha yaxından tanış olub, məsuliyyətini dərk edim deyə, məni M.Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında, dağlıların dili ilə desək "Bəybalanın bolinsası"nda işə düzəltdilər. İlk iş günü professor B.Abbasovla görüşdüm. O, məni kollektiv ilə tanış elədi və sözünün sonunda üzünü işçilərə tutub: "Ona mənim xalatımı verin geyinsin, mən bıçağımı ona verəcəyəm" dedi. Əlbəttə, mən bu sözlərdən sonra qəti qərar verdim ki, həkim olum. Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşıyam. Həkim-klinisist və pedaqoq kimi fəaliyyət göstərirəm.
İllər keçdi biz bu həkimlər ailəsi ilə daha yaxından tanış olduq. Həyat yoldaşı Şərqiyə xala və Bəybala əmi hər biri ayrı-ayrılıqa bir insanlıq nüminəsi idilər. Onların ölümü məni çox sarsıtdı. 
Qəlbimdə gözəl əməlləri ilə yaşayan, sənətdə ilk müəllimim olan bu gözəl insan haqqında ölümündən sonra "Təbib" qəzetində məqaləm çap olundu. Gözəl ailə başcısı, böyük ustad, əməkdar elm xadimi və əvəzolunmaz cərrah haqqında fikirlərimi pedaqoji fəaliyyəti ilə məşğul olduğu ATU-nun mətbuat orqanının oxucuları ilə bölüşməyi özümə borc bildim. Ruhu şad olsun! Bilin  ki, həyatda etdiyiniz yaxşılıqlar heç vaxt  itmir və unudulmur. Allah rəhmət eləsin!