“Tanrı qadınların ahını götürmür”

Güllü Eldar Tomarlı

 

Özünü tanımazdan çox-çox öncə imzasını tanımışam Natəvan Dəmirçioğlunun. Mətbuatda dərc olunan  saylı-sanballı yazılarını oxumuşam. Qələmindən süzülüb gələn  hər cümləsində işıqlı fikirlərin dəyərini görmüşəm. Əslində, onun yazılarını, elmi təhlillərini çözməyə mənim nə gücüm çatar, nə də qüvvətim. Mən bir oxucuyam və oxuduğum hər dəyərli yazıya da öz oxucu təəssüratımı bildirə bilərəm. 

Kimdir Natəvan Dəmirçioğlu?

Natəvan Dəmirçioğlu (Mansurova - Atamoğlanova Natəvan Dəmirçi qızı) 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. 1984-89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Hələ tələbəlik illərindən dövri mətbuatla və respublika radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış edib. Universiteti bitirdikdən sonra -1998-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəl müxbir, sonra kiçik redaktor (1989-1991), redaktor (1991-1994), böyük redaktor (1994-1995) kimi fəaliyyət göstərib. 1995-ci ildən hal-hazıra qədər Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan şöbəsinin müdiri vəzifəsində çalışır.
Natəvan xanım yaradıcılığa erkən yaşlarından - hələ orta məktəbdə oxuyarkən başlayıb. İlk yazılarından yalnız "Bir ovuc torpaq" hekayəsi 80-ci illərin əvvəlində nəşr olunub. Bunun ardınca bir pyes və "Avey əfsanəsi", "Dözüm" hekayələrini yazıb. Sonra onun imzasının ciddi ədəbiyyat faktı kimi qəbul olunmasına səbəb olan "Üç nöqtə" və "Səbət" povestləri "Azərbaycan" jurnalında dərc edilib. Bu qələm məhsulları gənc yazıçıya uğur gətirib. O, 1999-cu ildə  Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik Prezident təqaüdünə layiq görülüb. Bunun ardınca "Yetim" povesti Natəvan Dəmirçioğlu imzasını püxtələşmiş yazıçı olaraq ədəbi ictimaiyyətə tanıtdı. Müəllif Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatına (2004-cü il) layiq görüldü. Bu əsərlərin və həcmcə kiçik olsa da ibrətamiz məna yükü daşıyan "Kəlağayı" hekayəsinin daxil edildiyi "Birinci kitab"ı 2006-cı ildə işıq üzü gördü. "Birinci kitab"ı mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Tezliklə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində yetərincə nüfuzlu olan "Filinta" nəşriyyatında "Kniqa pervaya" adı ilə dərc edildi. Bunun ardınca xanım yazar "İlin qadın yazıçısı" (2010-cu il) elan edildi. 2010-cu il müəllifə daha bir uğur gətirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə ikinci dəfə Prezident təqaüdünə layiq görüldü. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür, dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif edilib. 
Natəvan xanımın əsərlərini ədəbiyyatşünaslar müasir, dünyəvi proza nümunələri, eyni zamanda milli, spesifik nəsr hesab edirlər. Onun yaradıcılığı bədii tutumuna, etnoqrafik keyfiyyətinə, dil təmizliyinə, yeni obrazlarla zəngin olmağına, orijinal üslubuna  və sair cəhətlərinə görə  filoloji fikrimizin daim diqqətini çəkir. Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə - ingilis, fars, rus dillərinə tərcümə olunub, Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Onun Bakıda, Moskvada, İstanbulda kitabları çap edilib, Amerikada, Tehranda, Ankarada əsərləri nəşr olunub. "Yetim" əsəri Türkiyədə "Ölmədən öncə okumanız gərəkən 1001 kitab" seriyasından "2014-ün ən iyi əlli romanından biri" nominasiyasında nəşr olunub. Xanım yazar Natəvan Dəmirçioğlu hazırda "Açar" romanı üzərində işləyir. İxtisasca jurnalist olan Natəvan xanımın peşə fəaliyyəti Respublika Radiosunun incəsənət şöbəsi, sonra isə ədəbiyyat şöbəsi ilə bağlıdır. Burada "Qayğı" bədii-publisistik proqramın, "Şəbəkə", "İncəsənət salonu" verilişlərinin fəal yazarı, sonra isə "Müqəddəslik və müqəddəslərimiz", "Qalmaz belə dünya" müəllif verilişlərinin yaradıcısı, "Ovqat" verilişinin ilk yazarlarından biri, eyni zamanda, populyar "Bulaq" verilişinin ilk qadın müəllifi kimi tanınıb. Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təbliğində, ictimai şüurun yetkinləşməsində verilişləri vasitəsilə yaxından iştirak edib. Dəfələrlə cəbhə bölgəsindən, birbaşa səngərdən verilişlər hazırlayıb. O, ixtisaslı, professional radio jurnalisti kimi Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir. Son dərəcə ciddi, məsuliyyətli, yaradıcılıq qabiliyyəti və vətəndaş yanğısı tələb edən bu fəaliyyət sahəsinə ömrünün 23 ilini verib. Bu illər ərzində Güney Azərbaycandakı soydaşlarımızın vətənlə mənəvi əlaqəsinə, onların öz tarixi soyköklərinə bağlılığına, mədəniyyətləri ilə tanışlığına, folklorları, milli musiqiləri ilə ünsiyyətlərinə çalışıb, onlara mənəvi dayaq olub.
Güneyə verilən verilişlərilə dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diasporunun təşkilatlanmasında, vətənimizin haqları uğrunda mübarizəsində, azərbaycanlıların dünyada tanıdılmasında yaxından iştirak edib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli ideologiyamız olan azərbaycançılıq ideyasını vətəndən kənarda yaşayan soydaşlarımızın şüuruna, milli düşüncəsinə aşılamaq yolunda yorulmadan, davamlı olaraq çalışıb. "El" folklor toplusu, "Qayıdıram Araz boyu", "Örnək", "Yurd arası çəpər olmaz" verilişlərinin yaradıcısı və müəllifi olaraq dövlətimizin diaspor siyasətinə bacardığı qədər kömək göstərib. Hazırda, həmçinin gündəlik "Səhər" proqramının müəlliflərindən biridir. İlk olaraq xarici verilişlərin fondunu yaradıb. Çox sayda işləri Radiofondda saxlanılır. "Üç nöqtə" və "Səbət" povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur.
 "Xalq" qəzetinin sifarişi ilə bu nüfuzlu mətbu orqanda dəfələrlə siyasi mövzulu yazılarla çıxış edib. Dövri mətbuatda, sayt və elektron qəzetlərdə vaxtaşırı yazıları, verdiyi müsahibələr dərc edilir. Bütün bunlarla yanaşı o, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiyanı uğurla müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi məqalələri Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda, Uralda nüfuzlu elmi nəşrlərdə işıq üzü görüb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimidir. DİM-in jurnalist ixtisası üzrə ekspertidir.
Ailəlidir, iki övladı, bir nəvəsi var.

***

 Ədəbi düşüncə sahibləri arasında öz mövqeyi və yüksək yeri olan Natəvan xanım tək yaradıcı bir qələm sahibi yox, həm də halaldan halal bir Azərbaycan xanımıdı. Tanımağa başladığım gündən böyük bir xarakter bütövlüyü görürəm onda. Salğarıyla, sanbalıyla, ağır oturuşuyla-duruşuyla dəyərlərimizi nə qədər təmiz yaşadır Natəvan xanım! Minillərin dərin qatlarından qidalanan milli varlığımız öz əzəli sanbalıyla bu gün də yaşadılır. Əlbəttə, dəyərlərimizdən mayalanan və o kökə köklənənlərin sayəsində. Üzünurlu ədəbi nümunələrimiz məhz Natəvan Dəmirçioğlu kimi düşüncə və qələm sahiblərinin imzası ilə öz halal yerini qoruyur.
Gözünü Qazax adlı şeir-sənət, poeziya ocağında açan bir insan, əlbəttə, o ümmandan öz payını alacaqdı və doyunca aldı da. Vətən sevgisi, torpaq gücü, soy-kökə bağlılıq və yaradıcılıq ehtirası  istədiyi  səmtə yönləndirdi və uğur üstən uğur gətirdi ona. Hələ çox uğurlara da imza atacaq Natəvan Dəmirçioğlu.   İndi ömrünün 55-ci pilləsinə qədəm basıb Natəvan Dəmirçioğlu. O öz külüng-qələmi ilə öz sənət yolunu açıb, imzasını ədəbiyyat tariximizə nəqş edib. Hələ qarşıda daha uzun yol, gediləcək mənzil onu gözləyir. Əslində, artıq çətinliklər arxada qalıb. İndən sonra daha rahat, daha uzun bir yolçuluq onu gözləyir. Bir qələm əhli kimi - yazıçı, alim, publisist kimi, millətimizin çox dəyərli bir xanımı kimi bundan sonrakı ömür yolunu da o, çox ləyaqətlə və qürurla davam  etdirəcək.
Dünyaya gəlişinin 55-ci doğum ilini təbrik edirəm Natəvan xanımın! 
Aşağıda Natəvan Dəmirçioğlunun əsərlərindən toplanan aforizm xarakterli cümlələri nəzərinizə çatdırıram:
"Bir olan Tanrım! Adı yüz bir, özü bir olan Tanrım! Özündən yetim qoyma məni!".
"Allahı başının üstündə görmək bəs edər. Hərə Tanrı ilə danışmağın yolunu tapmalıdır, dərdlərini ona deyib, kömək almağı bacarmalıdır".
"Tanrını aldatmaq olmaz. Tanrı hər kəsin öz içindədir. Günahını bilsən bağışlayandır  O".
"Ay işığı dünyanın məhəbbət rəngidir".
"Uzaq sevgi gözəl olur".
"Göy Yeri, Yer də Göyü anlamasaydı göydən yağan yağışa yerdə ot göyərməzdi, göyərib göyə doğru boy atmazdı".
"Ömür insana bir dəfə verilir" deyirlər. İkincisini görən olmayıb hələ. Odur ki, həyatının dəyərini bilərək yaşa".
"Pis yol bir bəladır ki, harada başlayır, bilmirsən, amma qurtaranda insanın gözünün içində qurtarır".
"Dünya aldığını qaytarmır" kimsə deyib bunu. İnsanlarsa itirdiklərinin dalınca gəzir".
"Göz kəsmədiyini, heç nə kəsməz".
"İlahi, nə qədər qadın tanıyıram... Yəqin qadınlar paltar ütüləyəndə ömrün kələ-kötürünü də ütüləyir, düzəldir, yığır üst-üstə. Bir başqası xörək bişirə-bişirə fikirlərini də bişirir. Tamam ayrısı paltar yuya-yuya taleyindəki acıları yuyur. Toxuyan qadın da ömrünü olduğu kimi toxuyur: ağını ağ, qarasını qara".
"Qız, qadın üçün ən ümdə keyfiyyət, özünə qarşı sevgi qazanmağı bacarmaqdır".
"Bunlar qadının idealı, arzular fəzasıdır: yaxşı yaşayış, rahatlıq və sevgi!".
"Kişilər inanmır, amma Yer haqqı, Göy haqqı Tanrı qadınların ahını götürmür".
"Qadınları özü qədər kimsə tanımaz".
"Yetimin də Tanrısı var".
 "Əslində insan xoşbəxtlik axtarırsa, demək o xoşbəxtdir".
"Ölüm sirlərin ən böyüyüdür".
"Tənha ölmək dəhşətlidir".
"Göylərin ağappaq sinəsi süd abı rəng alır. Elə bil körpəli qadının südü sinəsinə dağılır. Yer beşik kimi yırğalanır… Yaradan yaratdıqlarına baxır… Yerdəkilər süddən kəsilən uşaq kimi böyüyüb. Daha süd onlara gərək deyil. Daha hər şey yeyirlər. Murdarı təmizə qatıblar".
"Beşiyə oxşayan yırğalanır… Tanrı yırğalanan dolu səbəti tanıyır!!! Səbətin içində Adəmdən doğulanları sən, mən, o, görən kimi görür. Görür ki, iki ayağının üstündə yeriyənlər bir başını dolandırmaq üçün yox, bir qarnını doydurmaq üçün vurnuxur".
"Nə varsa insanın qarnındadır. Gözləri isə axtarır. Əllərinə keçəni qazanda qaynadırlar. Qaynayan qazanlar ortaya gəlmir. Göylərə baxan yoxdur".
"Dünya süddən kəsilsə də, beşikdən düşə bilmir. Beşikdə qocalır Yer. Hər doğulanla doğulur dünya. Hər ölənlə ölmür ancaq. Dünyanı beşikdən düşməyə qoymur Tanrı! Bilmirik niyə?! Tanrı bildiklərini ancaq özü bilir!".
"Nəhəng səbət beşik kimi yırğalanır… İnsanlarsa öz işindədir. Qarışqa dərdləri böyüdüb fil eləyirlər…".
"Bunlar nə idi ağlımıza gəldi? Bunlar yalan dünyanın gerçəkləri. Ya da gerçək dünyanın yalanları…".
"Olmuşlara insan inanmaq istəmir. İnansa, onda özü-özündən heç nə gizlədə bilməz. Bu isə o qədər çətin, dözülməzdir ki! İnsan həmişə ondan qaçır". 
"Ot qədər, dilsiz-ağızsız ağac qədər, toyuq qədər yoxdumu İnsan? Niyə göylərlə bağlılığı kəsilib? Nəfsinə uyur İnsan! Kor düşməni sevindirir hər addımbaşı".
"Bu vaxt yatmaq olmaz. …dar vaxtdır. Vaxtın ağırlığı tökülür bu zaman yatanın üstünə… bu vaxt yatan adamın xeyir-bərəkəti qaçır. Bu vaxt ruzi gələn vaxtdır. Gəlir görür ev yiyəsi yatır, qapıdan qayıdır".
"Yer fırlanır. Yerin üstündə, hər nə var gözə görünmədən yüyrünür. Sağa yüyrünür, sola yüyrünür, özündən kənara çıxmır, öz içində yüyrünür. Bir "yüyrük" sözü də işlədir bizimkilər. "Yüyrük" - beşik deməkdir. Bu dünya beşikdir, qəbirdir bizə. Yaradan beşikdə də, qəbirdə də ürəyimizi görür. Amma gözlərə baxmır. Gözə baxmaz Tanrı!".
"Gözə çıxan pislikdən gərək özün qorunasan. Nə qorunacaqsan? Sandığa qoymayacaqsan ki, özünü? Lovğalanma, dostundan artıq görünməyə çalışma, düşmənə yanıq vermə, üzünə təriflənməkdən qorx, inamlara inam gətir. Deyir üzərlik köməkdir, bil ki, köməkdir. Başına duz fırlayıb suya atmaq qoruyur, bil ki, qoruyur. Bir də özündən xoşun gələndə "şeytana lənət" de".
"Təzə ay çıxmışdı. Göyləri bir az da gözəlləşdirmişdi. Tərtəmizdi göyün üzü. Körpə üzünə bənzəyir. Üçgünlükdü ay. İlahi, dünya, yerlər, göylər ona görə qocalmır, qarımır, qartımır. Ay təzələnəndə göylər təzələnir. Hər yaz başı ot göyərib novruzgülü bitəndə qırxlı körpə kimi olur torpaq. Çillə çıxardır dünya hər il. Bunun sirrini istəklim Tanrıdan başqa kimsə bilmir".
"İnsan bu dünyada şükürsüz yaradılmışdır. İstədiyini nə qədər verirsən ver, yenə doyan deyil…İnsan şükürsüzdür, doyumsuzdur. İnsanın bədbəxtliyinə səbəbdir doyumsuzluğu. Torpaq torpaqdır ki, suyu istədiyi qədər içir. Artığını udmur, qalır. Suyun özünə nə verirsən ver, qənd, duz, lap bal, doyana qədər əridir, udur. Doydu qurtardı. Qalanla işi yoxdur. Amma insan?! Barmağını qatla ki, nədən doyur. Heç nədən! Odur ki, gen dünyanı gəzsən xoşbəxt Adəm övladı tapmazsan. Doysa tapılardı. Nəfs qoymur insanı xoşbəxt olmağa". 
"Dərd insana verilib, dağa, daşa verilməyib. Dağın, daşın bu dünyada heç bir dərdi yoxdur".
"Dərd bilirsən nədir? Dərd odur ki, körpə ata-anasız, yaşlı adam oğul-uşaqsız olsun. Bunlardan da ağır dərd odur ki, Allahdan yetim qalasan".
"Dərd odur ki, bir millət Allahdan yetim qala. Allahım, Allahım, bu olmasın heç! Olsa, dünya o millətə əlac eləyə bilməz, çünki millətin dərdinə əlac özündə və Tanrısında olur…".

Jurnalımızın kollektivi adından Natəvan Dəmirçioğlunu 55 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.