Şah İsmayıl Xətai siyasət və ideologiya memarı

Dr. Hüseyn Şərqidərəcək Soytürk

 

Şərq aləminin böyük dahisi  və düşünürü (mütəfəkkiri) böyük Şah İsmayıl Xətai qoca Şərq dünyasının yetişdirdiyi nadir və hikmətli söz adamı və dövlət qurucusudur. Bu böyük varlıq həm də Azərbaycan türk insanıdır. Onun dühası, iradə və cəsarəti, hərbi, siyasi və ədəbi bacarığı özündən yüz illər sonra da yeni-yeni ruhların yetişməsində dərin iz və etki (təsir) buraxmışdır.

 Yurdumuzun belə böyük düşünür dühalarını yetişdirməsi dünya və insanlıq naminə böyük şərəf və qürur mənbəyidir. Bizim olan böyük şəxsiyyət dünya insanlarına mənəvi zənginliyi və yuksəlişi, həm də fəlsəfi-ideoloji baxımdan təsir etmişdir. Hətta, onların çıxış yollarına çevrilərək gələcəyə işıq tutmuşdur. Şərq və islam mədəniyyətini dərindən mənimsəyən Şah İsmayıl həm də bir hökmdar kimi türk-islam aləminin psixoloji yönlərini köklü şəkildə öyrənib bilmiş və dəyişdirmişdir.

 Ümumiyyətlə, Şah İsmayıl dövrün türk təfəkkürünün ərsəyə gətirdiyi cahanşümul şəxsiyyətlərdəndir. Ona görə ki:

1. Türk dilinin (Azərbaycan türkcəsinin) ədəbi dil və sonra da dövlət dili səviyyəsində status qazanmasının səbəbkarıdır;

2. İdeoloji memardır, ona görə ki, islam dininin şiə formasını fəlsəfi və elmi şəkildə demək olar ki, ərəb-islam mədəniyyətindən fərqli olaraq yerli milli islam - Azərbaycan mədəniyyətinin banisidir. Bu yenilik bizlərə sadə görünə bilər. Ancaq tarixin o dövründə ərəbçilik fikir istilasından qurtuluş yolu kimi məhz tarixi-ideoloji yenilik idi. Şah İsmayıl isə bunun hamisi və banisidir. Eləcə də bu əsasda o, qurduğu dövləti ərəb-islam fikir sültəsi ilə yozub, Azərbaycan-islam yöntəmi ilə idarə etmişdir. Onlara "Qızılbaşlar" deyilir;

3. O, qurucu və cəsurdur, ona görə ki, dövlət və dövlət silsiləsinin qurucusu və banisidir. Böyük Səfəvilər dövlətinin yaradıcısıdır. Cəsur sərkərdə və şahdır. Həm də əcdadının illər boyu topladığı  fikir dağarcığının ideyalarının, sözün əsl mənasında, qurduğu dövlət vasitəsilə həyata keçirməsidir. İdeologiyanı siyasətə, siyasəti dövlətçiliyə xidmət kimi istifadə etməyi bacarmışdır. Zira, ideologiyası olmayan dövlət zamanın sürə hökmünə məhkumdur. Ancaq ideologiyası olan dövlət və dövlətçilik tarixi məğlubiyyətə uğrasa da yenidən cücərib rişə atmağı bacarır;

4. O, sufi xaqan, hakim olaraq həm də şairdir, yəni, söz insanıdır. Dilimizin təməlini sarsılmaz bünövrələrlə möhkəmləndirmiş və onun inkişaf etməsinə xidmət etmişdir. "Dəhnamə" və "Nəsihətnamə" kimi əsərləri ilə ədəbiyyatımızı zənginləşdirmişdir;

5. Şah İsmayıl bir insandır. Əlbəttə ki, onun səhvləri də olmuşdur. Ancaq onun bu səhvləri də yenə xarici amillərin təsiri ilə baş vermiş ola bilər.

Bütün müsbət yönlü işləri ilə yanaşı Çaldıran savaşı onun tarixi səhvi olaraq, həm də onun şəxsiyyətini, eləcə də qurduğu dövləti dərindən sarsıtmışdır. Nəticədə onun qurduğu milli dövlət bu sürəcdən sonra başqa bir xalqın dövlətinə çevrilərək Azərbaycan dövlətçilik statusunu itirmiş oldu. Bu səbəbdən savaş və müharibənin də yaranma dəlilləri açıq-aydın ortadadır. Şah İsmayılın savaş məsələsinə bir şah və hakim kimi girişini ilk növbədə onun türklüyə və türk birliyinə vurduğu zərbə kimi başa düşmək olar. Çünki o, bir şah və ya sultan kimi bu savaşa girməyə bilərdi. Ancaq digər tərəfdən türkün (Azərbaycan) qədim düşmənlərindən olan tacik, fars amili və bu amilin Səfəvi sarayında şahın dizinin dibində olması göstərir ki, ilk növbədə bu faktor savaşın yaranmasında önəmli səbəbdir. Ona görə ki, fars dövlətçiliyi ərəb və türklükdən aldığı yaralarını bu əməlləri ilə bir az da olsa sakitləşdirməyə cəhd etmişdir. İkinci amil sünni məzhəbindən imtina və şiə məzhəbinə keçmək, bu da fars və tacik ünsürünün ərəblərdən islam vasitəsilə aldığı böyük dağıdıcı zərbənin əvəzi kimi qəbul edilə bilər. Fars faktoru həmişə ərəb, yaxud islamın onlara istila yolu ilə diktə edilməsini qeyd edir. Ancaq, İran ərazisində türk ünsürünün mövcudiyyəti islamın yayılmasına yaşıl işıq olaraq zəmin yaradır. Səfəvi dövləti bu yöndə həm türk amili olaraq, həm də fars faktorunun işinə yarayan dəyişik islam formasını bir fürsət kimi qarşılamışdır. Ancaq, ondan öncə də farsların türk dövlətlərində belə bir hərəkətin həyata keçirilməsinə cəhdləri olmuşdur. Ancaq türk hakimiyyətlərinin dinə və islama təməl əsaslarla bağlı olduqlarından bu mümkün olmamışdır. Üçüncü amil isə xarici amildir. Avropanın Osmanlı türk imperiyası ilə olan düşmənçilik səbəbi bunun əsasında dayanır. Türklərin qarşısında aciz qalan avropalılar çıxış yolunu müsəlman dünyasında digər etnik (ya da milli) mənsubiyyətli xalqları türklərdən qoparmaq siyasəti həyata keçirməkdə görmüşlər. Səfəvi və Osmanlı iki türk imperiyası olsa da ilk növbədə onların arasında coğrafi və siyasi sərhəd yarada bilməyən xristian aləmi ən incə yollarla məzhəb ayrılığına yol açmışlar. Sonra isə sözdə islamı qəbul edib, ruhlarında isə ərəb islam qalibiyyətini həzm edə bilməyən fars amilinin əli ilə Avropa amili ortaq düşmənləri üçün ortaq məxrəcə gələrək Osmanlı türklərinə arxadan zərbə endirərək onu zəiflədib, eləcə də məqsədlərinə nail olmağı planlamışdı. Bunu da Çaldıranda qardaş savaşı törətməklə bacarmış olan uzaq xarici amil, yəni Avropa (xristian dünyası) və yaxın daxili (Səfəvi dövlətinin içində) olan fars amili ki, ərəb istilası və islamiyyətini sevməyən şovinist köhnəpərəst farsizm demək olar ki, tarixi başarıya imza atmış və o gündən sonra türklərin bir-birlərindən din və dil fərqlənməsi geniş vüsət almışdır. Beləcə, Orta Asiya ilə torpaq birliyi, bağlılığı qopmuş olan Anadolu türkü, Anadolu - Orta Asiya ərazi yaxınlığını siyasi də olsa itirmiş olmuşdur. Çaldıran savaşından sonra Səfəvi dövləti Azərbaycan dövlətçiliyindən çıxaraq İsfahana intiqal etmiş və fars dövlətçiliyinə qulluq edərək və sadəcə türk ünsürünü  dildə və memarlıqda qoruyub saxlamaqla qənaətlənmişlər. Coğrafi bütövlüyü olaraq Orta Asiyadan gələn İran ərazisindən yol edərək Avropaya uzanan türk varlığı İranın orta (mərkəzi ərazilərində) bütövlüyü qırılaraq məsafə açmağa başlamışdır. Min illərlə ərazi birliyini və bütövlüyünü təmin edən türk ünsürünün birdən-birə Çaldıran savaşında ata yurdu ilə ana yurdu arasında qopma və qırılma əmələ gəlmişdir və bu siyasət planını türkün əzəli və əbədi düşmənləri çox ustalıqla bacarmış  və həyata keçirmiş olurlur. Ondan sonra Avropa amili Osmanlı türk imperiyasında müxtəlif xalqları təhrik edərək onu parçalamış, hər yüz ildən bir xeyli türklərin ərazi bütövlüyünü qırmağa müvəffəq olmuşdur. Birinci Dünya savaşından sonra da Azərbaycan türkləri ilə Anadolu türkləri arasında bəzi süni dövlətlərin yaradılması ilə (Gürcüstan və Ermənistan kimi) qondarma dövlətlərlə bölməyi bacarmışlar. Daha irəliyə baxsaq, görərik ki, Çaldıran savaşı siyasəti hələ də davam etməkdədir. Ona görə ki, Avropa amili əgər Cənubi  Azərbaycan xalqına öz müqəddəratını təyin etmək hüququnu tanımırsa, lakin bir neçə min erməniyə işğal edilmiş Qarabağda öz müqəddəratını təyin etmək hüququnu tanıyırsa və bununla yanaşı, kürdlərin müstəqilliyi üçün bu qədər can atırsa, bu, o deməkdir ki, onlar yeni, növbəti yüz ildə, Azərbaycan, xüsusilə də Türkiyə türkləri arasında qondarma kürd (eyni ilə gürcü və erməni kimi) dövlətinin yaranmasına cəhd edirlər və etməkdədirlər. İraq-Suriya iç savaşı, eləcə də kürd bölücü qruplaşmaları bunun əyani sübutudur. Avropa amili onlar üçün Çaldırandan doğan "Günəş"in işığında buna nail ola bilsələr, o zaman Türkiyə türklərilə Azərbaycan və Orta Asiya bağını tamamilə kəsmiş olacaqlar. Bu mərhələdən sonra isə onları Avropa Birliyinə alaraq yox etmə və assimilyasiya siyasətinə başlayacaqlar. Baxmayaraq ki, bu sürəcdə farslar onlara türk məsələsində lazım olmayacaqlar və Cənubi Azərbaycanda milli köklərə bağlı olmayan zəif dövlətin icad edilməsinə yaşıl işıq yandırmış olacaqlar. Unutmayaq ki, onlar ərəbləri də, hədə gəlmək üçün farsları zəif saxlayaraq həmişə dəstəkləyəcəklər. Lakin Bütöv Azərbaycan dövlətinin yaranmasına heç vaxt müsaidə etməyəcəklər. Çünki onların ana siyasi xətləri ilə hər hansı bir güclü türk ünsürlü dövlət ziddiyyət daşıyır. Hal-hazırda Çaldıran savaşının açdığı yolla irəliləyərək Kürdüstan dövlətinin yaranmasına nail olmağa çalışırlar və bunun da bölgə və qitəmiz üçün doğuracağı bir çox təhlükəli amillərindən qorunmaq gərəkir.

 Şah babamızın bütün müsbət işləri ilə yanaşı bircə Çaldıran savaşı türklüyə ağır zərbə olaraq tarixdə öz yerini almışdır. Bugünkü türkçülük bu yaraların sarınması üçün alternativ yollar və siyasi rıçaqlardan istifadə etməlidir.