"Mən tükənmişəm, Seyran"

Seyran SƏXAVƏT


Kənar adamın faciəsi

Əgər mən "Qaçaqaç" romanının ikinci kitabındakı "Kənar adam"
hissəsini "Fələk qırmancı" romanını oxuyandan sonra yazsaydım,
bu fəsli Qan Turalıya həsr edərdim…
Müəllif

Rauf Soltanı tanıdığım, tapdığım gün yadımda qalmayıb, heç itirdiyim günü də xatırlamıram. Görünür, bu o qədər də vacib deyil, əsas odur ki, tapmışam və itirmişəm. Yerdə qalanlar isə bu ikisinin arasındadı...


İndi isə yerdə qalanlar barədə...
Rauf Soltan məndən bir-iki yaş balaca idi. Saatlıda anadan olub, orta məktəbi rus dilində bitirib. Atası Soltan Saatlı Rayon Səhiyyə Şöbəsinin müdiri olub. Əslən Şəkidən olan anası isə sıravi həkim idi. Ailədə neçə uşaq olduqlarından xəbərim olmasa da, bilirdim ki, tək uşaq deyil. Hündür və sarışın idi. İri addımlarla yeriməyi xoşlayırdı ki, bu da ona xüsusi ləngər verirdi. Uzun saçlarını həmişə arxaya darayırdı. Mən ona deyəndə ki, saçlarını Mayakovski kimi darayırsan, gülürdü, başa düşmək olmurdu ki, bu bənzətmə xoşuna gəlir, yoxsa tərsinədi. Bir dəfə yarıciddi, yarızarafat ondan soruşdum: 
- Rauf, Mayakovski ilə qohumluğun-zadın yoxdu ki? 
Rişxəndlə gülüb dedi: 
- Qəfil adamdan elə şey soruşursan ki, lap bişmiş toyuğun hırtıldamağı gəlir. 
- Burda hırtıldamalı nə var ki? 
- Niyə yoxdu? Var, - bir az əvvəlki gülüşünü təkrar elədi, - Mayakovski hara, Saatlı hara? Mayakovski ee, - rişxənd elədi, - bəs, sənin Yeseninlə qohumluğun var? - üzümə baxdı. 
- Var, - dedim, - Yesenin mənim babamın birinci arvadının bacısı ilə iki ay nişanlı olub, sonra nişanı qaytarıb. 
- Nə qədər boş-boş danışırsan sən... həvəs var ee səndə... - Rauf kimi dedi.
 Mən də əl çəkməyib özüm kimi dedim:
- İnanmırsan? 
- Əlbət ki, inanmıram! 
- İstəyirsən gedək Axundov kitabxanasına, mən sənə sübut eliyim, - dedim, əl çəkmirdim. 
- Həvəs var də səndə...
Bununla da Raufun Mayakovski, mənimsə Yeseninlə qohumluq əlaqələrimiz haqda söhbətə yekun vuruldu.
Rauf Soltanı, Azərbaycan Politexnik İnstitutunun hansı fakültəsininsə üçüncü kursundan mitilini atmışdılar bayıra - qovmuşdular. Əlbəttə ki, əlaçı olduğuna görə yox, ümumiyyətlə oxumadığına və dərsə getmədiyinə görə - bu, texniki məsələdi; əsas səbəb isə onun mərkəzi mətbuatda bir-birinin ardınca çap olunub ədəbi ictimaiyyətin diqqətini cəlb eliyən gözəl şeirləri oldu. O, qısa bir müddətdə tanınandan sonra poeziyanın ətəyindən yapışıb institutun daşını elə yerə atdı ki, özü də tapa bilmədi, heç axtarmadı da deyəsən... 
Mən "Ədəbiyyat və incəsənət" qəzetində işləyəndə - Zevin küçəsi dörddə tez-tez yanıma gəlirdi. Hətta bu gəliş o qədər mütəmadi oldu ki, elə bil mənim yanıma yox, işə gəlib-gedirdi. 
Bir dəfə ona dedim:
- Rauf, onsuz da gəlib-gedirsən, başqa yazılar da yaz, bir az pul qazan də... 
- Heylə olar? 
- Niyə olmur, - dedim. 
- Qazanaq də... - yenə naməlum əsgərin qəbrinə oxşayan gülüş... 
- Bax, elə indi get rus dramasına, burdan beş addımlıqdı. Orda "Komandorun addımları" adlı pyesin tamaşasını hazırlayırlar. Özün də rus məktəbini qurtarmısan. Qızğın məşqlər gedir, bir şey yaz gətir çap eliyək, pulunu al də... 
Durub getməyindən belə başa düşdüm ki, dediyim ağlına batıb. Səhəri gün yazını gətirdi, çap elədik, qonorarını aldı - on beş manat; yeddi kilo yarım donmuş ətin puluydu. Fikirləşdim ki, həvəslənər də, ancaq belə olmadı, bu, onun birinci - axırıncı işi oldu - bir də yazmadı, mən də məcbur eləmədim. 
Rauf Soltan səliqə-sahman adamı deyildi, ancaq savadına, dünyagörüşünə, əxlaqına və paklığına söz ola bilməzdi. Özü də çox istiqanlı idi. Zahirən kirli görünsə də, daxilən çox şəffaf, təmiz idi, necə deyərlər, sünbülündən su damırdı və əksəriyyət, bu damcıları görmürdü. Mən isə çox yaxın olduğumuza görə nəinki görürdüm, hətta bu damcıların səsini eşidirdim. Hərdən mənə deyən də olurdu ki: 
- Nə tapmısan ee, bu Raufda? 
Mən cavab verirdim: 
- Mən Raufda heç nə tapmamışam, mən Raufun özünü tapmışam. 
Bu sözdən sonra mübahisə eləyən olanda deyirdim:
- Get tullanmağının dalınca!
O da gedirdi; ancaq bilmirdim tullanmağa gedir, yoxsa başqa yerə.
Onun içində heç kəsə lazım olmayan bir ağayanalıq, bəyzadəlik vardı, gözü-könlü tox adam idi. Bu dünya adamı olmaqdan çox, məclis adamı idi, çünki dünyada darıxırdı, ancaq məclisdə yox; dünyada özünə yer tapa bilmirdi, ancaq məclisdə həmişə yeri vardı. Şəhərdə eyni məkanda gəzib dolanırdı; Nizami heykəlinin yanında peyda olurdu, "Azərbaycan" kinoteatrının sol böyründən ötüb dənizkənarı bulvara gedirdi, orda çox duruş gətirmirdi, beş-on dəqiqə ləngiyəndən sonra həmin marşrutla geri qayıdırdı. O qədər uzaq məsafə olmasa da, Natəvanın heykəlinin yanına çatanda artıq tək deyildi - yanında kimsə olurdu, tanışları çox idi. İlin heç bir fəslində başında papaq görən olmayıb. Onun əynindəki boz, keçmişi bahalı, qalın palto da Raufu tanıyan gündən yadımdadır. O qədər də nimdaş görünməyən bu paltonun içində, Raufun özü də o qədər nimdaş görünmürdü, bəlkə də bir-birini tamamlayırdı. Əgər o, təzə-tər görünsəydi paltonun yarımnimdaşlığı, palto təzə olsaydı, Raufun yarımnimdaşlığı adamın gözünə girərdi. Bu mənada, ikisi də bir-birinə oxşayırdı - oxşarların isə fərqi heç vaxt ortada olmur, bilinmir.
Onun cəmisi bir, ya iki kostyumu vardı - onlar da doğulduğu Muğan torpağı kimi bomboz idi və paltosu ilə yaşıd olardı. O, sizə məlum olan Rauf Soltan marşrutu ilə bozara-bozara gəzirdi. Bu yol zahirən oxşamasa da, mahiyyətcə dairəviydi, dairənin isə sonu olmur; milyon il bu yolu tapdasan da qurtaran deyil. Bax bu mənada göyərçin yumurtası boyda dairəvi yolu dünyanın ən uzağı, əlçatmazı, ünyetməzi hesab eləmək olar.
Rauf Soltan adamların qəlbinə dəymək barədə dünyanın ən bacarıqsız insanlarından biriydi. Yer üzündə o cür insanlar az olduğuna görə, əgər belə demək mümkündürsə, onlara "milli azlıq" da demək olardı. Həmişə dözürdü və günlərin bir günü, içində yığılanları adamın sifətinə çırpmağı da vardı. O, adətən boğaza yığılanda, içindəkilər ağzından töküləndə, yəni dolub-daşanda belə eləyirdi. Başqa çarəsi də yox idi: ürəyini boşaldırdı ki, təzədən yığmağa yeri olsun - bu cür şeyləri cibə yığmaq olmur axı... çünki təyinatı başqadı... 
Bir-iki dəfə onun yaşadığı evə getməyə cəhd eləsəm də nəticəsi olmayıb və mən də bu fikrimdən vaz keçmişəm. Hər halda o, bunu bəxtəvərlikdən eləmirdi, hətta mənə elə gəlirdi ki, nədənsə utanır, narahat olur...
Onun gözündəki kədər dupduru olsa da, dibi görünmürdü - dibsiz dərə deyilirsə, dibsiz kədər də deyə bilərik. O, gözündəki kədərlə o qədər doğmalaşmışdı ki, bəlkə də onsuz ölərdi. Görmə qabiliyyəti son dərəcə zəif olan adamlar yerindən eynəksiz tərpənə bilmədiyi kimi, Rauf Soltan da doğmalaşdığı kədərini eynək kimi çıxarsaydı, daha doğrusu çıxara bilsəydi, bir addım da ata bilməzdi. Bunu duymaq çox ağırdı; baxmayaraq ki, bu kədər zahirən bir cüt gilənar kimi görünürdü...
Bir gün ikilikdə möhkəm və məhrəm bir söhbətimiz oldu. Mən çox istəyirdim ki, o həyatını dəyişsin - özü dəyişsin, çünki özündən başqa heç kəsin Rauf Soltana gücü çatmazdı. Mənə xeyli vəd verdi və bu vədin içində iynənin ulduzu boyda ümid də görmüşdüm. İndi bu ümidi böyütmək qalırdı - heç olmasa gilənar boyda olsun. Və mənə verdiyi iynənin ulduzu boyda ümid də, Allahdan olan kimi böyüyürdü; hələlik onu gözlə görmək mümkün deyildi, ancaq duymaq olurdu. Gözlə görmək üçünsə çox həssas bir mikroskop lazım idi. Bütün bunlara baxmayaraq ona inandım. İnanmaq məsələsində mənim istəyimin rolu daha böyük idi, nəinki onun; Rauf Soltana qalsaydı çətin ki... 
Doxsan doqquz faiz Allaha, bir faiz də Rauf Soltana arxayın olub Bakı-Moskva təyyarəsinə mindim. Onun beş-on şeirini də özümlə götürmüşdüm - rus dilinə sətri tərcümələr idi, özü eləmişdi. İl yadımda qalmasa da, o vaxtlar idi ki, Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı institutunun rektoru Yevgeni Sidorov idi. O, sonralar müstəqillik dövründə Rusiya Federasiyasının Mədəniyyət naziri də işlədi. Onunla münasibətimiz çox yaxşı idi, hətta bəzi məsələlərdə açıq-saçıq söhbətimiz də olurdu. Sidorov məni Moskva soyuqluğundan uzaq bir istiqanlılıqla qarşıladı və bu, gözlənilməz deyildi. Ümumiyyətlə, Moskvadakı ziyalı həmkarlarımız bizi görəndə sevinirdilər. Bu sevincin kökündə iki məsələ dayanırdı. Birincisi: pak, təmənnasız dostluq; ikincisi: Mərkəzi Ədiblər Evinin məşhur restoranı. Sidorovla münasibətimiz birinciyə aid olsa da, ikincisiz də keçinmirdik, bizə belə xoş idi. 
O, Raufun şeirlərini oxuyandan sonra dedi: 
- On je velikiy poet! - üzümə baxıb gülümsədi, - naverno on je velikiy durak. 
- Tak toçno, tovariş general. - dedim.
Sidorov şeirləri oxumamışdan ona Rauf haqqında ətraflı demişdim. Ona görə də onun yuxarıda dediyini qəribçiliyə salmayın.
Hələ Bakıda Raufla belə qərara gəlmişdik ki, o, qiyabi şöbədə oxuyacaq. Məlumatı olmayanlara deyim ki, bu instituta qəbul olmaq üçün birinci yaradıcılıq müsabiqəsindən keçirsən, sonra da, səhv eləmirəmsə diktant yazırsan, vəssalam. Burda qardaş respublikalardan, o cümlədən dünyanın müxtəlif ölkələrindən gəlib təhsil alırdılar. Yəni, əgər babat balıqsansa, bu dəryada böyüyə bilərsən. SSRİ-nin paytaxtı Moskva idisə, müxtəlif dildən-dindən olan on mindən artıq Sovet şair-yazıçısının paytaxtı elə Moskvadakı Mərkəzi Ədiblər Evinin restoranı idi. Orda sovet ədəbiyyatının istənilən ölçüdəki korifeylərinə, nəhənglərinə rast gələ bilərdin. Bu restorana ancaq SSRİ Yazıçılar İttifaqının üzvlərini və onlarla birgə gələn qonaqları buraxırdılar. Bura məşhur aktyorlar, müğənnilər və s. də gəlirdi və yuxarıda dediyim kimi, hansı bir yazıçının, şairinsə qonağı qismində. Burda tanışlıq keçmirdi, istəyirsən lap ordu generalı ol; ancaq bizim üzvlük vəsiqəmiz keçirdi, bu da bizə çox ləzzət verirdi və özümüzü ordu generalından da üstün hesab eliyirdik.
Moskvaya gəlməmişdən qabaq Raufla onun əsas problemi - ailə məsələsi ilə bağlı da ciddi söhbətimiz olmuşdu. Xeyli çənə döyəndən sonra konkret bir qərara da gəlmişdik. Qadın yazıçılarımızdan birinin layihə institutunda işləyən uzaq bir qohumu vardı. Hər cəhətdən Raufa uyğun gəlirdi, savadlı və müasir qadın idi. Hətta ora qədər maraqlanmışdım ki, o qadın Raufdan uşaq doğa bilər, yoxsa yox: cavab müsbət idi. Raufdan da cəmisi ay yarım böyük idi. Beşmərtəbə tərəfdəki iki otaqlı mənzilində tək yaşayırdı və demək olardı ki, heç kəsi yox idi. Bir gün dördümüz də mənim maşınıma minib Saray kəndindəki restorana getdik. Səmimi söhbətimiz oldu. Bir-birlərini bəyənmişdilər. Qərara gəldik ki, Raufun qəbul imtahanından çıxmağını gözləyək, sonra da təxminən səksən-yüz nəfərlik bir məclis eliyib bu işi xətm eliyək. Qadın yazıçı ordaca söz verdi ki, Rauf instituta girən kimi onu "Gənclik" nəşriyyatında işə də düzəldəcək - redaktor. İkilikdə isə onunla belə bir gizli sövdələşmə olmuşdu: Rauf özü kimi istəsə, mən isə bütün qohumlarımı və ərkim keçən dostlarımın hamısını yığıram, ona sadə bir toy eliyirik, toydan qalan pulların da hamısını veririk təzə bəyə ki, ailə həyatına başlayanda ürəkli olsun - mayalansın. Sonra da baş-başa verib dolanarlar. İdeya müəllifi özüm olduğuma görə demirəm, Raufun vəziyyətində bu, ən gözəl variant idi; ali ədəbiyyat təhsili, həyat yoldaşı, mənzil, iş, yaşamaq, yaratmaq. Yerdə nə qalır ki? Hə, bir də Raufu Nizami heykəlindən başlayan o dairəvi marşrutundan uzaqlaşdırmaq - araq iyi verən bu marşrutun hər addımında yüz qramlıq təhlükə gizlənirdi... Və bu yüz qramlıq təhlükə növbəti addımların birində onun ayağının altında mina kimi partlayıb hər şeyi məhv edə bilərdi. 
Raufla çox yeyib-içmişik. Uzun illər davam eliyən bu məclislərdə onu bir dəfə də sərxoş görməmişəm, həmişə ağlı başında, təmkini yerində, səmimiyyəti göz qabağında olub. İçki dilinə dəyməyən günlərdə nə qədər söhbətcil idisə, içəndə də elə o qədər, yəni qədərində danışardı. Qadınlara biganə deyildi, qırx ərşin quyunun dibində olsaydı, yenə gözəllik onun nəzərindən yayına bilməzdi, oğrun, ismətli baxışları ilə bu gözəlliyi qarşılayıb ləyaqətlə də yola salandan sonra üzünə qonan təbəssümlə, elə bil ki, yaradana minnətdarlıq eləyib səbbini almaq üçün, yalnız özünün eşidə biləcəyi iki kəlməni pıçıldayırdı: 
- Şükür Allaha! 
Hiss eliyirdim ki, onun, gözəlliklə əvvəlcədən danışılmamış qəfil, gözlənilməz qarşılaşmasından sonra halı dəyişirdi, əgər kişi xeylağı haqqında belə demək mümkündürsə, özü də gözəlliyə qovuşub sərxoş olurdu. Bax, onun belə sərxoş olduğunun dəfələrlə şahidi olmuşam. Bu vəziyyətdə o, uzun müddət susurdu. Raufun gözəlliyə münasibəti belə idi. Ancaq mənim uşaqlıq dostum, "Qaçaqaç" romanımda sizlərlə yaxından tanış elədiyim, illər fərqinə baxmayaraq Raufu mənim qədər çox istəyən Zeynal isə şəhərdə gəzdiyimiz yerdə gözəl qadın görəndə deyərdi: 
- Off! Nə qəşəng şeydi ee! 
Təbii ki, Zeynal bu sözləri yalnız özünün, Raufun və mənim eşidə biləcəyim səslə dilinə gətirərdi. Mənə elə gəlirdi ki, Zeynal gözəl qadına münasibətini belə emosional səviyyədə ifadə etməsəydi səbbi alınmazdı. 
Zeynalın gözəlliyə belə qiymət verdiyini eşidəndə Rauf hər dəfə dilinə gətirə biləcəyi bircə kəlməni yuya biləcək bir ərklə ona deyirdi: 
- Nadansan...
- Nadan niyə oluram əə, şair? - Zeynal sözün altından çıxmaq istəyirdi. 
- Gözəlliyə belə qiymət vermək olmaz... - Rauf rişxəndlə gülümsəyirdi. 
- Niyə ee? - Zeynal əl çəkmirdi. 
- Ona görə ki, gözəl qadın, bütün gözəlliklərin ən gözəli, ən dirisidi. 
- Noolsun ki?.. - Zeynal arxasını yerə vurmaq istəmirdi. 
- Ay nadan, - ərk yenə böyük idi, - o olsun ki, gözəlliyə gərək gözəl yanaşasan... gözəlliyə gözəl yanaşmayanda gözəllik ürkür... ürkütmək olmaz. 
- Ürksün dana... noolar ki? - Zeynal soruşdu. 
- Gözəllik ürkəndə zədələnir... 
- Düz deyirsən, qardaş. - Zeynal razılaşıb onun üzündən öpsə də, bu adətini tərgitmirdi, yenə oxşar vəziyyətdə özünü özü kimi aparırdı, bəzi vaxtlarda isə bir az da irəli gedirdi, "of" sözündəki "f" hərflərinin sayını istədiyi qədər çoxaldırdı.
Rauf da özünü özü kimi aparırdı, adətini tərgitmirdi: 
- Nadansan... - deyirdi.
Mənə isə hər ikisinin fikrinə hörmətlə yanaşmaq qalırdı və payıma da qane olurdum. 
Üçümüz bir yerdə tez-tez olurduq və it əl-ayağı yemiş kimi şəhərin küçələrini ölçməkdən yorulmurduq. Pulumuz olanda restoranda otururduq, olmayanda ya bizə, ya da Zeynalgilə gedirdik, Raufgilə "xodumuz" yox idi - daha doğrusu "Raufgil" deyilən anlayışın özü yox idi; goru var idi ki, kəfəni də ola?.. 
Üçümüzdən birimiz olmayanda məclisimiz suyu sovrulmuş dəyirmandı və bir az da hündür, enlikürək, qoluzorlu, ancaq ayağının biri o birindən gödək çolaq bir kişiyə oxşayırdı. Bərkə düşsə üçümüzə sacayaq da demək olardı ki, ayağının biri olmayanda dik dura bilmirdi, yıxılıb böyrü üstə qalırdı. Biz də hamı kimi yıxılmaq istəmirdik... özü də böyrü üstə. Belə bir qarğış da var: 
- Səni görüm elə bir böyrü üstdə qalasan!
İnsan da bir böyrü üstündən o biri böyrü üstünə çevrilə bilmirsə, kimə lazımdı ki? Allaha ağır getsə də, iynədən-zaddan vurdurun ağrısı kəssin, ya da ki... 
Bir balaca Raufun, Zeynalın və Seyranın münasibətlərinin dərinliyinə baş vurduq, əgər nəfəsiniz tıncıqdısa qalxaq üzə. 
Yenə o ev idi, yenə üçümüz... Zeynalgildə ayrıca otaqda əyləşmişdik. Stolumuzun təkcə bir küncü üçümüzün cibindən zəngin idi. Zeynalın anası Mehriban xanım heç vaxt bizi öz balalarından seçməyib; hətta ifrata varıb deyə bilərəm ki, bəzən bizi dəyişik salırdı - bu, yalnız ayrı-seçkilik olmayanda belə olur, yoxsa analar övladlarını gözübağlı, qoxusundan tanıyırlar... 
Zeynal Tuğlu şakəri ilə qaçana-tutana macal vermirdi, bütün tostları özü deyirdi. Əslində nə Raufun, nə də mənim tost deməyə həvəsimiz yox idi; hərdən bizə elə gəlirdi ki, bütün tostları deyib qurtarmışıq - bu da, elə günlərdən biri idi. Bizim bu ovqatda olmağımız isə Zeynala sərf eləyirdi, ona böyük meydan verilmişdi, o da, böyük şövqlə burda at oynadırdı. Mən onun qədər tost demək həvəsini bütün ömrüm boyu heç yerdə görmədim, deyəsən o tosta şifahi xalq ədəbiyyatının bir qolu kimi yanaşır, onu daha da inkişaf elətdirmək istəyirdi və sizə deyim ki, bəzi hallarda buna nail də olurdu. 
Dostluq haqqında dediyi tostun axırını belə yekunlaşdırırdı: 
- Nə atom bombası, nə hidrogen bombasını böyük bir kəşf hesab eləmirəm. - Bəşəriyyətin ən böyük kəşfi dostluqdur. 
Hansı mənadasa, Zeynalın bu sözlərini Azərbaycan folklorunu zənginləşdirən bir töhfə kimi qəbul etsək o, özünü çox xoşbəxt hesab eliyərdi. 
Məclisin qaymaqlayan vaxtı idi. Çöldə-bayırda oturanda əksər halda Zeynal Raufa qarmaq atırdı, düşdü məzələnirdi, düşməyəndə isə reallıqla barışıb başqa məqam gözləyirdi. Bu dəfə Zeynal ilk dəfə öz evlərində ona ilişən kimi Rauf ehtiyatsızlıqdan onun qarmağına keçdi. Zeynal uzun illərin təcrübəsindən keçib cilalanmış Qarabağ stilində bu Muğanlı balası ilə onun dözəcəyi yerə qədər məzə qılandan sonra, qarmağı onun xirtdəyindən çıxarıb atdı dəryaya ki, Rauf bilməsə də, xaliq biləcək. Rauf özü də bizə qoşulub gözləri yaşarana qədər güldü. Ancaq Zeynalın ürəyi bununla da soyumadı, dedi:
- Rauf, sənin bir şeirin var ee: "Xəlvətcə bir gülün öpdüm üzündən, bülbüllər eşitsə qırğın düşəcək...". 
Şeirlə bağlı söhbət Raufun ən yaralı yeri olduğuna görə məclisimizin ruhuna uyğun gəlməyən ciddi bir görkəm aldı, dedi:
- Hə, var.... noolsun ki? 
- Onu dərindən başa düşməmişəm, nə deməkdi? 
- Nəyi başa düşməmisən? 
- Mənasını... - Zeynal bərk durmuşdu.
- "Xəlvətcə bir gülün öpdüm üzündən, bülbüllər eşitsə qırğın düşəcək..." Mənası elə budu. 
- Yenə başa düşmədim, - Zeynal dedi. 
- Nadansan də... nəyi başa düşmədin? 
- Yaxşıdı ee... gül də qəşəngdi, bülbül də... ancaq məni oxucu kimi bir şey maraqlandırır ki, gülün üzündən öpürsən, yaxşı eliyirsən... ancaq de görüm niyə xəlvətcə öpürsən? Kişiliyin çatmır, basmarlayasan, yoxsa kimnənsə qorxursan? 
Rauf mənə baxıb başını bulayandan sonra Zeynala işarə eləyib dedi: 
- Nadandı də...
İşə qarışmalı oldum:
- Zeynal...
Rauf sözümü kəsdi: 
- Zeynal yox,  nadan. 
- Bəlkə heç mənim onu elə çağırmağıma razı deyil, - dedim. 
- Razılaşın də... - Rauf dedi. 
- Zeynal müəllim, mənim sizə nadan deyə müraciət etməyimə etirazınız varmı? 
- Sözünü de... 
- Ay nadan, - dedim, - məsələ belədi, klassik ədəbiyyatımızda gül bülbülün məşuqəsi kimi qəbul olunub - yəni gülün yiyəsi var, sənin dilində desək gülün əri var, dul deyil. İndi özün o para beynini işə sal; Rauf ona görə gülün üzündən xəlvətcə öpür ki, görüb eliyən olmasın, yoxsa qan düşər, axı bu, namus məsələsidi... Belə şeylərin üstündə tutub adamın... 
- Ağzın cırallar? - Zeynal sözümü kəsib soruşdu. 
- Yoox, bir az da pis... - dedim.
- Həəə... - Zeynal gözlərini döyə-döyə süni bir "fikrə getmə" mərasiminə qoşulub axdı, - indi başa düşdüm, Rauf düz fikirləşib; belə şeylərə görə tutub adamı... sən ürəyində tutduğun kimi eliyərlər. 
- Nadan, - Rauf istehza ilə dedi. 
- Təşəkkür eliyirəm, şair... - Zeynal onu cavabsız qoymadı. 
Zeynal araq süzüb növbəti tostu demək istəyəndə, onun hələ dilinə gətirmədiyi sözünü bəri başdan kəsdim: 
- Zeynal, sən nənəyin goru, qoy bir söz deyim. 
- Tost? - üzümə baxdı, əlindəki arağı yerə qoydu. 
- Yox, başqa şey deyirəm. Gör Rauf nə gözəl deyib ee... 

Ay nazənin qızlar, ay gözəl qızlar,
Siz bu oğlanların həyatısınız.
İkiniz bir yerdə Füzuli beyti,
Dördünüz bir yerdə bayatısınız.
 
- Əladan əla! - Zeynal vəcdə gəldi, - o veriliş var ee, "klassik irsimizdən" - lap ona oxşayır. Ancaq burda da müəyyən boşluqlar var, var... 
Rauf cavab vermək istəyirdi ki, mən onu qabaqladım: 
- Nə boşluq var əə, burda? - Səsimi az-maz qaldırdım da, - nə boşluqdu o heylə? - dedim. 
- Sizin heç biriniz onu mənim kimi duya bilməzsiniz, siz ancaq yaza bilirsiniz. Qulaq asın, ağlınıza batacaq, - bəri başdan boynumuza qoyurdu. 
- Yaxşı, de görək, - dilləndim. 
- Bax, - üzünü mənə tutub Raufu göstərdi, - bu gədə yazır ki, "Ay nazənin qızlar, ay gözəl qızlar, siz bu oğlanların həyatısınız". Burda neçə oğlandı, neçə qız? Gərək sayını göstərəydi - bəlkə heç oğlanların sayıynan qızlarınkı düz gəlmiyəcək, bu, birinci boşluq...
- Nadandı də, - Rauf dilləndi.
- Rauf, sən qulaq as, - mən dedim, - hə, davam elə.
Zeynal Raufun dediyini saya salmadı:
- Hə... - dedi, - sonra deyir ki, "İkiniz bir yerdə Füzuli beyti" - bu yaxşıdı... bəs üçü bir yerdə nədi? Onu yazmayıb - bu da boşluqdu. Axırda da deyir ki, " Dördünüz bir yerdə bayatısınız". Bu da yaxşıdı. Onda haqlı olaraq sual olunur: bəs, beşi bir yerdə nədi? Yaxşı, bunlar boşluq deyilsə, bəs nədi? Şair bu kupletin üstündə hələ çox işləməlidi. İndi qandınız? - Növbə ilə ikimizin də üzünə baxsa da birimiz cavab verdik:
- Nadandı də... - Rauf öz həmişəki yerində idi.
- Yaxşı, Zeynal, Raufun yaradıcılığında mükəmməl bir şeir yoxdu? - soruşdum.
- Yox, - dedi, - mükəmməl şeir yox, ancaq mükəmməl iki misra tapmışam. 
- O hansıdı? - soruşdum. 
- Ermənilər Şuşanı alanda bir şeir yazmışdı ee, axırda deyir ki, "Kaş elə Məhəmməd Qacar alaydı, İlahi, gör kimlər aldı Şuşanı?!". Bu iki misra mükəmməlvaridi... 
- Nadandı də... - yenə Rauf. 
- Zeynal, - dedim. Onun evlərində bizim üçün açdığı süfrəni nəzərdən keçirdim, - de görüm, mən əliaçıq oğlanam.
- Əliaçıq olmağına əliaçıqsan, - dedi, - ancaq ovcunda bir şey yoxdu...
- Bəs Rauf? 
O sağ əlini Raufun çiyninə qoyub özünə tərəf çəkdi, üzündən maç eləyib dedi: 
- Pul barədə Rauf, müharibədə iki qolunu da itirmiş naməlum əsgərə oxşayır; qolları olmayanın əlinin açıq olub-olmaması barədə heç nə deyə bilmərəm - mən vicdanlı adamam! - Üzümə baxdı, - bəlkə sən bu düşük-düşük suallarından əl çəkəsən? İmkanın var? 
- Var, - dedim. 
- Bilirəm də, sən imkanlı adamsan, - istehza ilə dedi və badəsini götürüb çox uzun bir tost dedi, İxtiozavrlardan, Dinozavrlardan başlayıb Rauf Soltanda qurtardı:
- Rauf Soltan əsl şairdi! Rauf hamımızın əzizidi, mənim də qardaşımdı. 
- Bəs mənim nəyimdi? - dilimi saxlamadım.
- Sənin də bajındı. 
Qəhqəhələrimiz dalğalanıb o biri otaqlara yayıldı. 
Rauf dedi: 
- Nadandı də... 
Bu dəfə mən Zeynalın təəssübkeşi kimi işə qarışdım: 
- Rauf, niyə heylə deyirsən? 
- Görmürsən bunu? Başıma qapaz vurub, ətəyimə qoz tökür? - Rauf üzümə baxıb güldü. 
- Saatlıda qoz bitmir ki? - Zeynal soruşdu. 
- Yox, - Rauf qısaca dedi. 
- Qoz... yaxşı şeydi, əlinə düşsə ye, bala... 
- Saatlıda qoz bitmir! Saatlıda Rauf Soltan bitir, - bunu da mən dedim, şair məmnun oldu. 
Biz üçlük bir-birimizdən incimirdik. Məclislərimiz də həmişə bu səpkidə keçirdi. Sözümüz bir-birimizin boğazından yüz qram araq kimi çox rahat keçirdi - bundan sonra inciməyə yer qalmır axı... Hətta bir dəfə Zeynal yarızarafat, yarıciddi belə bil söz də demişdi: 
- Bizim bu üçlüyümüz Cabbar Qaryağdı üçlüyü kimi bir şeydi - noolsun ki, çalıb-oxumuruq, biz elədiklərimizi də onlar eliyə bilməz. 
O vaxt mən, musiqiçilərin dili ilə desək, Zeynala ayaq verib ondan soruşdum:
- Yəqin ki, Cabbar Qaryağdı sən olarsan də?.. 
- Buna şübhən var ki? - O, üzü mə baxdı, - bəli, Tuğlu Məşədi Həmzə bəyin nəvəsi Zeynal, - əlini qabağa verdiyi sinəsinə çırpdı, - Cabbar Qaryağdı, sən tarçalan, - sonra da çönüb Raufa istehza dolu bir təbəssümlə nəzər saldı, - bu da kamança - Saşa Oqanazeşvili, - dedi, - Rauf, Saatlıda kamança çalan olub heeç?
Rauf da onun bu sözünü ciddi qəbul etmədən, qeyri-təyinatı üzrə cavab verdi: 
- Nadandı də...
Bax, belə...
Rauf o sözü çox işlədirdi - nadan da çox idi axı... Özü də burda söhbət Zeynal kimisindən getmir ha, o, könüllü nadan idi, qəsdən özünü elə aparırdı ki, Raufdan o sözü eşitsin. Səbəbini mən duysam da, özü daha dəqiq bilirdi. Bəlkə buna, dünyanı yola vermək kimi də baxmaq olardı...


(ardı var)