GÖYDƏ QARA BULUD YOX

Telli  PƏNAHQIZI

 

Göydə qara bulud yox,         

Bu nə yağışdı belə?

Dönüşünə umud yox,

Bu nə baxışdı belə?

Dilim: "get!"- deyir yenə,

Bu nə qarğışdı belə?

Bircə yol görünsənə,

Bu nə alqışdı belə?

Ürəyim, ruhum susdu,

Dilim danışdı belə...

Kölgəm kölgəni pusdu,

Bu nə yanlışdı belə?

Mən səni sevən gündən,

Ürəyin daşdı belə?

Gözlərim gözlərindən,

Yarımamışdı belə...

Göydə çən var, duman var,

Yanağım yaşdı belə...

Dönməyinə güman var,

Bu nə savaşdı belə?!

 

SƏN DƏ UNUT

 

Bu sərsəri dünyanı,

Sən də unut, Allahım!!!

Çıx get gözün görməsin,

Ağrını ud, Allahım!!!

O sökülən daşlara,

O  yaralı quslara,

O qanlı savaslara,

Ya həkim ol, ya hakim!!!

Həkim ol, sar yaramı,

Hakim ol, kəs davanı,

O dağılan yuvanı,

Əlim yox, necə tikim?

Necə tikim... daş qandı,

Su qandı, torpaq qandı,

Him də qaza bilmirəm,

Hər yer od, atəş, qandı!?

Qan axır ... Bu nə tufan,

Yoxmu bəndəndə iman?

Bu sərsəri dünyadan,

Bezdinmi, sənə qurban?

Bezdinsə, ağlasın daş,

Bezdinsə, kəsməz savaş!

Çıxar göz, kəsilər bas!

Gərəkməz həkim, hakim!

 

OYNADIM

 

Uydum fələyin felinə,

Aldandım şirin dilinə,

Əlimi verib əlinə

Çaldığı neyə oynadım.

Nəfəsi yalan, saxtaymış,

Od nəfəsi buz, şaxtaymış.

Havalıydı... şaxı sınmış,

Üz tutub göyə oynadım.

Göydə mələk qalmamışdı,

Xəlbir, ələk qalmamışdı,

Fələklər əl çalmamışdı,

Bilmədim… niyə olnadım!

Kimi sevdim oyun qurdu,

Üzə gülüb uzaq durdu,

Kürəyimə xəncər vurdu,

Əlimdə tiyə oynadım.

Dünyanın dolağı uzun,

Bax yolu, yolağı uzun,

Əlindəki tağı uzun,

Durmadı yiyə, oynadım.

Eh, kimlər keçdi önümdən,

Sirr açılmadı düyündən.

Mən də, bu nimdaş ömrümdən

Gedirəm deyə… oynadım!

 

SƏNİNLƏYİK, SƏNDƏYİK

 

Getmə, Tanrım, sən yaradan bəndəyik,

Bir ruhdayıq, bir müqəddəs təndəyik,

İstər var et, istər öldür sən bizi,

Əvvəl, axır səninləyik, səndəyik!

           

Dəlimiz də, dolumuz da sənindir,

Addımımız, yolumuz da sənindir,

Kəmimiz də, bolumuz da sənindir,

Kəm olsaq da, cəm olsaq da səninləyik, səndəyik!

           

Dərgahında səf tutmuşuq birbəbir,

Bu sıralar gah artır, gah seyrəlir.

Səndən yaxşı içimizi kim bilir?

Mələkmiyiz, şeytanmıyız? Səninləyik, səndəyik.

Dirimizi, ölümüzü bilən sən,

Yönümüzü, yolumuzu bilənsən,

İçimizi, çölümüzü bilən sən

Yuxumuzla, mürgümüzlə səninləyik, səndəyik!

Ol, dedin, olmuşuq, səbrinə şükür,

Verdiyin bir qarış qəbrinə, şükür,

Şükür,"Kövsər"inə,"Qədr"inə şükür,

Zillətinlə, izzətinlə səninləyik, səndəyik.

 

QADIN

 

Ruhun keçə bilsəydi ayrılıq yağışından,

Cismin islanmasaydı gözlərimin yaşından,

Sıyrılıb çıxaydın kaş, bu həsrət yağışından,

Ey nakam sevgisinə ruhu qul olan qadın!!!

Qoymadın ki, boy atsın sevgin yad baxışından,

Xıncımlandı bəbəyin xəyanət naxışından.

Kaş səni qurtaraydım tənhalıq qarğışından,

Ey nakam sevgisinə ruhu qul olan qadın!

Sən yaşaya bilməzdin xəyanətlə baş-başa,

Sirrini söyləmədin ki, bir dosta, sirdaşa,

Bu ağrılar içində qəlbin də döndü daşa,

Ey nakam sevgisinə ruhu qul olan qadın!

 11.03.17

 

SON NƏFƏS BƏNÖVŞƏ GÖZÜNDƏ ŞEHMIŞ

 

 

Bircə addımlıqmış əvvəlin sonu,

Yüyürdüm bir qarış torpağın üstə.

Günahım, savabım, nələrim varsa,

Yığmışam bir quru yarpağın üstə.

Tanrıyla aramda bağım bilinməz,

Solumda ürək var, sağım bilinməz,

Çiçək toxumuyam, tağım bilinməz

Asmışam bir dəmir qarmağın üstə.

Dünyanın dünyada qalan sərvəti,

Doldurmaz, boş qalar ömür səbəti.

Titrəyər əlində  əcəl şərbəti,

Badəsi qırılar irmağın üstə.

Yazar asta-asta daşa dərdimi,

Ruhumla qolboyun, qoşa dərdimi,

Mövlanə yanında haşa… dərdimi

Demərəm, ölsə də dodağım üstə.

Əllərin qaşında boylanma geri,

Nə çoxdur həyatın azman dərdləri…

Dünya ki, bal deyil əzəldən bəri,

Qoy qalsın məzəsi damağın üstə.

Ömür də insana verilən behmiş,

Əbədi sanırdıq; küləkmiş, mehmiş,

Son nəfəs bənövşə gözündə şehmiş,

Qıvrılar çəçələ barmağın üstə!