Yaşıllıqlar ölkəsi Litva

Salatın ƏHMƏDLİ


(Əvvəli ötən saylarımızda)

 

Bələdçilərimiz litvalı Tomas polyak əsilli Anjelika ilə evlidir. Anjelikanın ata-anası polşalı olsa da, vaxtilə köçüb Litvaya gəlmiş və Anjelika orada doğulmuşdur. O, Vilnüs Universitetinin Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Bir müddət Druzininkayi məktəblərində rus dili və ədəbiyyatını tədris edib.Tomasla tanış olaraq ailə qurub. Bir müddətdən sonra cütlüyün Vismantas adlı oğlu olub.  Vismantas - müasir litov adı yox, bütpərəstlik dövründə yaranmış qədim addır. Prussiyalıların hakimiyyəti dövründə Baltik tayfalarının adından götürülüb. "Vis" - hər şey, "mantas" - alıb gələn deməkdir. Ailə ona daha yaxşı bilik, savad, tərbiyə vermək üçün kiçik turist biznesi yaradıb. İndi oğlanları Vilnüs universitetində təhsil alır, III kursa keçib. Ailə özlərinə yetəcək güzəran da düzəldə bilib. Druzkininkayiyə yaxın bir yerdə torpaq sahəsi alaraq mansardlı bir ev tikiblər.

Anjelikagil bizi evlərinə dəvət etdilər. Mənim üçün sadə, meşədə yaşayan bir litvalı ailəsinin yaşam tərzi, məişəti çox maraqlı olduğundan bu dəvəti məmnuniyyətlə qəbul etdim. Meşə deyəndə birinci növbədə göz önündə vəhşi təbiət canlanır. Ancaq oradakı meşələri belə adlandırmaq olar: Şəhər içində yaranmış meşəlik. Kəndləri də şəhər tiplidir. Sakitlikdən qulaq tutulan meşədə tikilmiş evdə Tomas, Anjelika və onların qara rəngli, ingilis cinsli pişiyi yaşayır. Yayda gün uzun olduğundan pişik istədiyi qədər gəzir. Tomas onu çağıranda əllərini bir-birinə vurur və pişik uzaqda olsa belə tez onun yanına gəlir. Çox ağıllı pişikdir. Stolun üstüdəki süd dolu stəkanı yerə saldı, səsdən qorxaraq həyətə qaçdı. Bir az keçmiş evə qayıdan Tomasın əyilib yeri sildiyini görəndə o da əlləri ilə ona kömək edərək südü bir yerə yığmağa çalışdı. Heyvanı nə qədər ev şəraitində saxlayırsan saxla, o yenə öz instinktindən, vərdişlərindən əl çəkə bilməz. Bina evindən həyət evinə köçmüş pişik həyət-meşəni gəzməyə çıxmışdı. Biz həyətdə dəyirmi stol ətrafında oturub çay içirdik. Bir az keçmiş, pişik ağzında tutduğu balaca bir quşla qayıtdı. Bizim bərabərimizə çatanda ağzındakı ovu şəstlə ağzından yerə qoydu, əli üstə oturub  bizə baxmağa başladı. Pişik bu əməli ilə qürrələnirdi.  Bununla sanki demək istəyirdi ki, baxın, artiq mən ov etməyə qadirəm. Biz pişiyin bu hərəkətinə adi bir şey kimi baxdıq. Di gəl ki, ev sahibləri buna bir faciə donu geydirdilər. Bizim üzümüzə pərt olmuş vəziyyətdə baxırdılar. Tez-tez təkrar edib deyirdilər ki, pişik belə rəzilliyi birinci dəfədir ki edir, gərək siz bizi də, pişiyi də bağışlayasınız. Pişik sanki bir böyük cinayət törətmişdi. Onların davranışlarından hiss olunurdu ki, pişiyin bu hərəkəti onları çox məyus edib. Pişik ovu ilə oynayırdı. Tomas bunu da ona çox gördü. Bel götürüb torpağı qazdı, pişikdən xəlvət quşu ora qoyub üstünü torpaqladı. Biz onlardan ayrılanda onların üzündəki pərtlik ifadəsi hələ silinməmişdi. Onlar pişiyi ailənin bir üzvü hesab etdiyindən elə düşünürdülər ki, ona yaxşı tərbiyə verməyiblər.

Ailənənin evi meşənin içində yola yaxın bir yerdə idi.  Ev müasir üslubda tikilmiş iki yataq otağından və bir mətbəxdən ibarət idi. Mətbəx həm də qonaq otağı hesab olunurdu. Həyətdə böyük qaraj tikilmişdi. Ailə üç nəfərdən ibarət olsa da hərənin öz maşını var. Geniş ərazini əhatə etmiş həyətin ətrafı yaşıl kollar və güllərlə çəpərlənib. Qonşu qonşunun həyətinə, evinə heç gözünün ucu ilə də baxmır. Göbələk yığan qonşu addımını açıq "sərhəddən"bir azca da olsun o biri qonşunun həyətinə qoymur. Anjelikagil həyətdə kiçik ləklərdə müxtəlif tərəvəzlər: şüyüd, cəfəri, çuğundur, yerkökü əkiblər. Keşnişi tanımırlar. Digər ləklərin birində xiyar, birində isə pomidor əkilmişdi. Ev sahibi bizə öz məhsulları olan xiyardan doğramışdı, lakin bütün Avropa ölkələrində olduğu kimi, burada da heç bir tərəvəzin dadı bizim tərəvəzlərin dadını vermir. Burada maraqlı bir şeylə də qarşılaşdım: pomidorlar yaşıl yox, qara rəngdə idi, onlar tağın üstündə qızarmır, ancaq dərib saxlayandan sonra yetişir.

Ev sahibləri gecə evin pəncərəsi önündən ceyranların, dovşanın keçdiyini söylədilər. Heyvanlar çəkinmədən sakinlərin evinə yaxınlaşırlar.

  Kənddə mağaza olmadığından ərzağı 7 kilometrlik məsafədə olan Druzkininkayidən alırlar. 

***

Litva ölkəsində əhalinin sayına görə ali məktəbləri çoxdur. Hökumət bunları bir az azaltmaq istəyir. Vilnüsün ən qədim universitetinin təməli 1550-ci ildə qoyulub. Bu universitet yaranana qədər Orta Avropada ancaq Krakov, Praqa, Könzberq universitetləri fəaliyyət göstərirdi. Moskva və Peterburq universitetləri o universitetlərdən yalnız 250 il sonra açılmışdı.

Vilnüs şəhəri Riqa və Tallin şəhərlərindən kəskin fərqlənir. Çünki hər iki ölkə almanların əsarətində olduğundan hər iki şəhər alman şəhərləri üslubunda  tikilib. Vilnüs sözünün mənası "aşağıdan uçan mələk" mənasını verir. Pribaltika ölkələri içində Litva hələ XII əsrdən öz müstəqilliyini saxlamış, öz ölkəsinin arxitekturasını yaratmışdı. Çox böyük nüfuza malik olan Litva ona görə də Böyük Litva Knyazlığı adlanırdı. Yalnız XVIII əsrin sonunda - 1796-cı ildə Böyük Litva Knyazlığı və Polşa Krallığı çar Rusiyası tərəfindən işğal edildi və hər iki dövlət öz müstəqilliyini itirdi. Hər iki dövlət 150 il Rusiya imperiyasının əsarəti altında  qaldı.

Litva və Latviya xalqları etnoqrafiya, dil cəhətdən qohum ölkələrdir. Onların hər ikisi Baltik tayfalarının dil qrupuna daxildir. Baltikyanı xalqların, bu iki xalqdan başqa, hamısı ya almanlaşıb, alman dilində danışır, ya da slavyanlaşıb. Ancaq Litva və Latviya xalqı öz dilini qoruyub saxlayıb. Hər iki xalq bir kökdən qaynaqlanıb, dilləri çox yaxındır. Litovlar XIII əsrdə almanlardan ayrılandan sonra öz dillərini də inkişaf etdiriblər. Estonlar isə tamam başqa xalqdır- uqrefinlərdir. Litov dili 10 qədim dillər sırasına daxildir. Hind-Avropa dil qrupuna məxsusdur. Vilnüs universitetində ayrıca fakültə və kafedra var ki, qədim Litva dilini tələbələrə öyrədir. Onlar dilə qarşı çox həssasdırlar.

Litvada soyadların şəkilçilərinə görə insanların sosial statusunu müəyyən etmək olur ki, bu adam evlidir, ya subay. Bu da çox qədim adətlərdən biridir. Ərli qadınların soyadının axırında mutləq "enie" olur. Məsələn: Anjelika Balçiuvienie. Qızların və dul qadınların soyadının axırında isə "ayte" (ite) və ya "tuki" yazılır. Əgər ailədə üç qadın varsa, üçünün də soyadı ayrı ola bilər. Sovet dövrü qızlar başqa millətlərlə, hətta ruslarla, yəhudilərlə ailə qursalar da adət-ənənələrinə sadiq qalaraq soyadlarını öz qrammatikalarına uyğun yazdırırdılar. Rus dövləti onları məcbur edib "ova"ya, "yeva"ya keçirə bilməmişdi. Hətta dünyanın  ən ağıllı milləti sayılan yəhudilər də Litva qızları ilə evlənəndə onların adətinə riayət ediblər. Litvalılardan fərqli olaraq latışlar bu adəti saxlaya bilməyiblər.

***

Litvada yayda hava çox gec qaralır. Saat 23:00-a qədər işıqlı olur. Tezdən də hava erkən açılır. Onların qonşusu olan Almaniyada isə hava saat 18:00-da qaralır. Bələdçimizin söylədiyinə görə, yay vaxtı saat 20:00-da Yunanıstanda gecə düşür. Ancaq bu "Bəyaz gecələr" deyil. Bu meridian qurşağına görədir. 24 iyundan sonra ölkədə günlər qısalmağa, gecələr uzanmağa başlayır. Ən uzun gün 24 iyundur. Bu Litvanın coğrafi yerləşməsindən irəli gəlir. Burada günəşli hava çox az olur. Günəş görünəndə onlar sevinirlər və fürsətdən istifadə edərək günəşin altında dururlar.  Onlar gileylənirlər ki, yağış və qar da az yağmağa başlayıb. Hətta axır vaxtlar qışda qar yağmır, yağış az-az yağır. Çaylarda suyun səviyyəsi aşağı enib. Belə getsə içməli su azalacaq. Bəzən yağışın az düşməsinə görə onların gözü yerdə qalır ki, nə vaxt ot göyərəcək. Ancaq belə götürsək, Litvanın ərazisi başdan-başa yaşıl meşələrə, çəmənlərə, gülə, çiçəyə bürünüb, onların şikayəti adama qəribə gəlir. Torpaqlarında hər şey əkirlər. Taxıl, günəbaxan, mal-qaranın yemlənməsi üçün xüsusi biçənəklər və s. Bəzən elə olur ki, bağ və parklarda otluqda balaca bir yerdə ot olmasa başqa yerdən torpaqlı ot gətirib həmin yeri "yamayırlar". Güllərin, ağacların dibinə tez-tez təzə torpaq verirlər. Ona görə də güllərin, çiçəklərin, ağacların yarpaqları parıltılı, yaşıl, ətli və canlıdır.

Litvada qışda gündüz saat 16:00-da artıq hava qaralmağa başlayır. Onlar səhər saat 8:00-da işə gedəndə qaranlıq olur. Onların fikrincə bu çox pis hallara gətirib çıxarır. Onlar depressiyaya düşürlər, işləməyə həvəsləri olmur. İnsanlara nəinki günəş, heç işıq da kifayət etmir. Onların bu səadəti yoxdur. Hər bir orqana günəş enerjisi lazımdır. O, insanda daxili sevinc yaradır. Belə bir sevinc isə insanlarda yoxdu, deyə şikayət edirlər. Bu cür hava şəraiti insanlara pis təsir edir, içməyə meyil göstərirlər. Litva alimləri bu qənaətə gəliblər ki, işığın, günəşin olmaması insanları özünə qapanmağa məcbur edir. Onların soyuq davranmasına və soyuqqanlı olmasına gətirib çıxarır.

 

(ardı var)