Nadir Şah Əfşar kimdir?

Şöhlət Əfşar, şair, publisist

 

Nadir şah böyük döyüşçü idi və böyük qüdrət sahibi idi.  Vəhşət yaradan fitnəkarlara, pis niyyətli düşmən  qoşunlara dəhşət gətirərdi.
O, vətəninin düşmənlərinə qənim kəsildi və iftixarla  ölkəsinə padşahlıq etdi.
Napoleon Bonapart

 

 Nadir Şah Əfşarın soykökü

Əfşarlar boyunun ulu əcdadı olan Əfşar haqqında tarixi ədəbiyyatda maraqlı fikirlər mövcuddur. Bəzi tədqiqatlar əfşarların ulu əcdadlarının tarixinin xeyli qədim olduğunu qeyd edir və onların Nuh peyğəmbərin, hətta İshaq əleyhüssəlamın nəsli ilə bağlı olduğunu söyləyirlər. Bir fikrə görə türklər öz  başlanğıcını İshaq əleyhüssalamın oğlu Əysin üçüncü oğlu Bəqali xandan götürürlər. Başqa bir fikrə görə isə əfşarların, ümumiyyətlə, türklərin başlanğıcı Nuh peyğəmbərin övladlarından götürülmədir.

Rəvayət edilir ki, Nuhun tufanından sonra onun üç oğlunun hər biri dünyanın müxtəlif istiqamətinə yollanaraq oranın abadlaşdırılması ilə məşğul olmuşlar. Nuh peyğəmbərin birinci oğlu olan Şam bugünkü İran ərazisində və onun ətrafında, ikinci oğlu Ham Hindistan ərazisində və nəhayət üçüncü oğlu Yafət isə Türküstan istiqamətində abadlaşma işlərini boyunlarına götürmüşdülər. Yafətin oğlu Türk adlandırılmış və Oğuz  xan da Türkün nəslindəndir. Oğuz xanın Türkün 6-cı oğlu olması güman olunur. Əfşar isə Oğuz xanın Yıldız xandan olan nəvəsi sayılır.

Bir sıra müəlliflər Əfşar boyunun sırf türk boyu olması, bu boyun Azərbaycan türkcəsində danışması, Səfəvi dövlətini təşkil edən türk boylarından biri olması və qədim dövrlərdən məhz Azərbaycan arealında formalaşması fikrini birmənalı qəbul edirlər.

S.Nəfisi yazır ki, Əfşarlar miladın V əsrindən Cənubi Qafqazda məskunlaşmışlar və VIII əsrdə əfşarlar Cənubi Qafqazdan mühacirət edərək Şama tərəf yollanmışlar. Əfşarlar qərb türklərinə  xas olan türk-Azərbaycan ləhcəsində  danışırdılar və onların dili Şərq türklərinin dilindən xeyli fərqlənirdi.

Müəllif daha sonra qeyd edir ki, Azərbaycan türkcəsi ilə Osmanlı türkcəsinin arasında çox ciddi yaxınlıq vardır.

Kəsravi də Əfşarların qədim türk boylarından olduğunu təsdiq edir və onun fikrincə Əfşarlar səlcuqlar dövründə İrana gəlmiş, lazımi şəkildə məskunlaşmış və ölkə həyatında öz mövqelərini tutmuşlar.

Fəzlullah Rəsiddədin isə yazırdı ki, Əfşarlar dünyanın hər yerinə səpələnmiş ən qədim türk boylarından biridir. Onun yazdığına görə əfşar boyunun yaradıcısı olan Əfşar bir türk başçısı və sərkərdəsi idi. O, babası Oğuz xanın ordusunun sol cinahında vuruşurdu və qəhrəmanlığı ilə türklər arasında ad çıxarmışdı.

Sonralar əşfarın nəsli artıb böyümüş, geniş ərazilərə yayğınlaşmış və bu nəsil özü də tayfalara, qollara və oymaqlara bölünmüşdür. Hazırda əfşar  boyunun - Qırxlı, Papalı, Cəlayir, Kosa Əhmədli, Gündüzlü, İnanlı, Ərəşli, Əmirli, Çapışlı, Babaxanlı, Qarabaşlı, Baçavənli, Vətənli, Zənqanlı, Qaççı və s. tayfaları, qolları və oymaqları məlumdur.

Nadir şahın anadan olduğu vaxt əfşar türk boyunun qolları və oymaqları Azərbaycan,  Xorasan, Tars, Xuzistan və s. ərazilərdə məskunlaşmışdı.

Həmin vaxtlarda  Əfşarlar yayıldığı ərazilərdə müxtəlif etniklərin təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan türkcəsində danışmaqla yanaşı, milli-etnik xüsusiyyətlərini də qoruyub saxlaya bilmişdilər. Bunu tədqiqatçılar da təsdiq edirlər ki, Əfşarlar İran tarixinə və mədəniyyətinə maraq göstərsələr də, xüsusi milli-etnik ənənələrin və yaşayış tərzinin möhkəmliyi onların özünəməxsusluğunu qoruyub saxlamağa imkan vermişdir.

Əfşarlar öz  döyüşkənlikləri və mübarizlikləri ilə daima seçilirdi. Onların bu keyfiyyəti ətrafdakıların diqqətini cəlb edirdi.

Məhz Əfşarların bu keyfiyyətlərini nəzərə alaraq  Səfəvi xanədanı onları öz ətrafına yığmışdı.

Səfəvilər Ərdəbildə mübarizəyə başlayanda Əfşarlar da onlara qoşulmuş və Səfəvi dövlətinin əsasını təşkil edən yeddi türk boylarından biri  olmuşlar.

Səfəvilər sülaləsinin əsasını qoyan Şah İsmayıl dövlətin sərhədlərinin qorunmasında, dövlətə qarşı istiqamətlənmiş xarici təcavüzün qarşısının alınmasında əfşar boyunun imkanlarından daha səmərəli faydalanırdı. Əfşar döyüşçüləri Şah İsmayılın ordusunun tərkibində bütün aparılan müharibələrdə fəallıqla iştirak edirdilər və onların arasından çoxlu sayda sərkərdələr yetişmişdi. Əfşar qoşunları adətən ən təhlükəli mövqelərə göndərilirdi ki, orada düşmənlərin qarşısı alınsın.

Şah İsmayılın dövründə slavyanların cənuba doğru irəliləmələri qərb türklərinin sıxışdırılması ilə müşayiət olunurdu. Şah İsmayıl bu təhlükənin aradan qaldırılması üçün şərq-qərb yolu boyunca Əfşarları məskunlaşdırmağı qərara alır.

O dövrdə ölkənin şimal-şərq sərhədləri həm də özbəklərin və Türküstan dəstələrinin aramsız  hücumlarına  məruz qalırdı. Onların hücumları  yerli əhalinin  talanması, yaşayış məntəqələrinin viran edilməsi və kütləvi qırğınlarla  nəticələnirdi.

Xorasana ilk göndərilən  qoşun dəstələrinin arasında Əhməd Soltan Əfşarın və Şahrux bəy  Əfşarın rəhbərliyi altında  döyüşən  qoşunların göstərdikləri şücaət tarixi ədəbiyyatda özünə yer tapmışdır.

Nadir şahın  salnaməçisi M.M. Astrabadi də Əfşarların  Xorasan vilayətinə köçürülməsinin Şah İsmayılın vaxtında başladığını xəbər verir.

Ancaq Əfşar tayfalarının bu bölgə ilə bağlılığının hələ Şah İsmayıldan əvvəl də olması haqqında məlumatlar mövcuddur.

Nadir şah haqqında böyük tədqiqatın müəllifi olan M.H. Quddisi yazır ki, hələ Səlcuqlar dövründə Əfşarlar öz igidlikləri ilə hər yana səs salmışdılar.

 

Nadir şahın uşaqlığı və gəncliyi

Nadir şah Əfşar 1689-cu ilin noyabr ayında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri, maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir.

Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli, cəsarətli və olduqca bacarıqlı olmasını qeyd edirlər.

Nadir şahın qeyri-adi bacarığından və qoçaqlığından  bəhs edən M.M. Kazım yazır: "Elə ki bir yaşına çatdı, üç yaşlı kimi  görünürdü və həmçinin günbəgün o gözəl pöhrə  çəmənlikdə... iftixarla yaşamağa... başladı. Elə ki on yaşa çatdı ata süvar olub şir, pələng və qaban  şikarına getdi".

Uşaq yaşlarında atasını itirən Nadirqulunu Dəstgird kəndinə hücum edən özbəklər, qardaşı İbrahim və anası ilə birgə əsir aparırlar. Onlar bir müddət əsirlikdə qalırlar.

Anasının vəfatından sonra qardaşı ilə birlikdə əsirlikdən qaça bilən Nadir Əbivərdə qayıdıb Baba Əlibəyin dəstəsinə qoşulur. Tezliklə Baba Əlibəyin böyük qızı ilə evlənir. 1723-cü ildə Baba Əlibəyin ölümündən sonra onun bütün qoşunu Nadirin ixtiyarına keçir.

 

Nadirin hərbi fəaliyyətə başlaması

Səfəvilər dövlətinin uçuruma yuvarlandığı bir  vaxtda silahlı  dəstəyə başçılıq edən Nadir Əfşar, şiələrin müqəddəs  şəhəri olan Məşhədi Məlik Mahmud Sistanlının  əlindən almaq üçün onunla mübarizəyə başladı. Elə bu dövrdə Səfəvilər dövləti demək olar ki, süquta uğramış, onun ərazisi əfqanlar, osmanlılar və ruslar tərəfindən  qəsb edilmiş, Şah Sultan Hüseyn isə öz sarayı ilə birlikdə əfqan Mir Mahmuda təslim olub, taxt-tacı ona bağışlamışdı. Bununla belə, İsfahanın mühasirəsi zamanı şəhəri tərk etməyə müvəffəq olan Sultan Hüseynin oğlu Təhmasib Mirzə də, ölkənin Xəzər sahili bölgəsində məskunlaşıb, atasının təslim olmasından sonra özünü şah elan etmişdi.

Güclü ordunun və sərkərdəlik məharətinin olmaması  üzündən heç bir uğur əldə edə bilməyən II Şah Təhmasib tezliklə Astrabad hakimi Fətəli xan Qacarın timsalında güclü müttəfiq tapır və çox keçmədən onun nüfuzu altına düşür. Belə bir şəraitdə öz yaxasını Fətəli xan Qacarın əlindən qurtarmağa çalışan Təhmasib Nadir Əfşar tərəfindən təklif edilən köməklikdən böyük məmnuniyyətlə yararlanmağı qərara alır. Altı minlik dəstə ilə II Şah Təhmasibin qulluğuna girən Nadir Əfşar ondan  etimad əlaməti olaraq Təhmasibqulu xan adını alır.

1726-cı ilin sentyabrında baş verən bu hadisədən bir ay sonra, artıq şahın tam etimadını qazanan Təhmasibqulu xan II Şah Təhmasib tərəfindən Fətəli xan Qacarı öldürtməyə, 1728-ci ilin əvvəlindən isə II Şah Təhmasibi öz iradəsinə tabe etməyə nail olur.

1729-cu ilin dekabrınadək Nadir Əfşar əfqanlari ölkədən qovub çıxarıb, İsfahanı azad edir və II Şah Təhmasibi öz qanuni taxtına bərpa etdikdən sonra Osmanlıdan işğal etdikləri əraziləri boşaltmağı tələb edir. Osmanlı tərəfindən tələb rədd edildikdən sonra Nadir Əfşar osmanlılara qarşı fəal hərbi əməliyyatlara başlayır. Lakin bu arada əfqanların yenidən Xorasana hücumları ilə əlaqədar Nadir Əfşarın Xorasana getməsindən istifadə edən II Şah Təhmasib öz şəxsi nüfuzunu qaldırmaqdan ötrü osmanlılara qarşı müharibəni Nadir Əfşar olmadan davam etdirir və məğlub olaraq Araz çayından şimaldakı Azərbaycan torpaqlarının osmanlılara verilməsi barədə 1732-ci il yanvarın 16-da Kirmanşah sülh müqaviləsini imzalayır. Bu yanlışlıq II Şah Təhmasibə onsuz da onun ağılsız başında çox zəif qalan tac bahasına başa gəlir.

Əfqanıstanda və Xorasanda işləri nizama saldıqdan sonra geri qayıdan Nadir Əfşar II Şah  Təhmasibi əyyaşlıqda, şərəfsizlikdə və osmanlılarla  rüsvayçı sülh müqaviləsi bağlamaqda günahlandırıb, onu 1732-ci il avqustun 22-də hakimiyyətdən  kənarlaşdırdı və II Şah Təhmasibin 8 aylıq oğlu III Abbası  taxta çıxartdı. Özünü də onun qəyyumu-naibi elan etdi. Bununla da Nadir Əfşar hakimiyyəti tamlıqla əlinə almış oldu.

Hakimiyyəti əlində cəmləşdirdikdən sonra Nadir Əfşar, ilk növbədə, 1732-ci ildə bağlanmış Kirmanşah müqaviləsini ləğv etdi və 1723-cü ildən bəri osmanlılar tərəfindən işğal olunmuş torpaqların  geri qaytarılmasını tələb etdi.

Osmanlı sultanın rədd cavabı müharibəyə səbəb oldu. Nadir Əfşar tezliklə Bağdad yaxınlığında rəqibinin qoşunlarını darmadağın etməyə, son nəticədə isə 1733-cü il dekabrın 19-da Bağdad hakimi Əhməd paşa ilə sülh müqaviləsi imzalamağa müvəffəq oldu.

Lakin Bağdad müqaviləsi ətrafında yekdil razılığın əldə olunmaması müharibə ocağının yenidən alovlanmasına səbəb oldu. Beləliklə, Nadir Əfşar osmanlıların zəbt  etdiyi Şirvana hücum edib 1734-cü il avqustun 24-də müqavimətsiz Şamaxını azad etdi.

Nadir Əfşar az bir zaman ərzində rus qoşunlarını Şərqi Azərbaycandan geri otuzdurdu. Şirvanı, Gəncəni, Kaxetiyanı (Gürcüstanı), İrəvan xanlığını, Ərzurumu osmanlılardan geri aldı, Əfqanları darmadağın edib tutduqları torpaqlardan geri otuzdurdu. 1735-ci ildə Dağıstana hücum edib oranı rusların işğalından azad etdi və Azərbaycan ərazilərini tamamilə yadellilərdən xilas etdi.

Bundan sonra Nadir Əfşar Muğanda - Suqovuşanda  qurultay çağırıb, özünü şah elan etdi və orada Azərbaycan bəylərbəyliyini Dağıstan, Gürcüstan,  indiki Ermənistan, Şirvan, Qarabağ, Çuxursəd, Təbriz bəylərbəyliyini də Azərbaycan bəylərbəyliyi adı ilə birləşdirib, vahid  bir Azərbaycan dövləti yaratdı.

 

Muğan qurultayı və Nadir Əfşarın şah elan edilməsi

1735-ci ildə Dağıstan yürüşünü uğurla başa çatdırdıqdan və Azərbaycanı tamamilə nəzarət altına aldıqdan sonra, qazandığı uğurları ilə xalq arasında böyük hörmət və ehtirama yetişməsini nəzərə alaraq Nadir Əfşar hakimiyyəti rəsmən özünə tabe etməyi qərara aldı. Öz bacarığı ilə, xüsusən bütün ölkəni azad etməsi ilə böyük nüfuz qazandığı zaman dərk etdi ki, arzularını həyata keçirməyə yaxşı və münasib vaxt çatıb.

Buna görə də əmr etdi ki, xanlar,  sultanlar, ona tabe olan bütün əyalətlərdən və şəhərlərdən mötəbər adlı-sanlı adamlar Muğana yığışsınlar və onun gəlməsinə hazır olsunlar.

Digər tərəfdən Nadir Əfşar Səfəvilər dövlətinə məxsus olan bütün əraziləri öz qılıncının gücünə yadelli düşmənlərdən geri qaytarmışdı. Ölkə və dövlət onun şücaəti nəticəsində yenidən mövcudluq qazanmışdı. Qurultayın məhz Azərbaycanda keçirilməsi Nadir Əfşarın öz torpağına  bağlılığından irəli gəlməklə həmçinin təşkilatçılıq işinin daha asanlıqla və ətraf əhalinin də Azərbaycan türklərindən ibarət olmasından irəli gəlirdi. Bununla  belə, Nadir Əfşarın şahlıq tacına yiyələnməsi, Azərbaycan Nadir Əfşar dövlətinin əsasının qoyulması məhz Muğanda baş verdi.

Şahlıq taxt-tacının həll edildiyi mühüm tarixi bir qurultayın Məşhəddə, İsfahanda deyil, Muğanda, Azərbaycan ərazisində keçirilməsi, Cənubi Qafqazın birdəfəlik geri qaytarılması, Qərbi Azərbaycanın osmanlılardan təmizlənməsi, Rusiyanın şərqi Azərbaycandan qovulub çıxarılması, Dağıstanın itaət altına alınması və məhz Nadir Əfşarın özünün Azərbaycan türklərinə məxsusluğunu nümayiş etdirmək istəyi idi.

Muğan qurultayının keçirilməsi üçün çox böyük təşkilati işlər aparılmışdı. Həmin ərazidə Nadir Əfşarın tapşırığı ilə 12 min çadır qurulmuşdu. Nadir Əfşarın çadırı isə xüsusi olaraq Qəzvində hazırlanmışdı. Həmin çadırın 12 ədəd dirəyi var idi. Bu,  12 imamların simvolu idi.  Çadırın uzunluğu 50 metr, eni isə 15 metr idi. Çadırın içərisi qiymətli daş-qaşlarla, qızıl və gümüşlə bəzədilmişdi.

Həmçinin Nadir Əfşar 100 min dəst xələt, 12 min ədəd zərlərlə və qiymətli daşlarla bəzədilmiş kəmərbəndlər hazırlatmışdı, böyük miqdarda bahalı parçalar toplatdırıb, dəvət olunmuş qonaqlar üçün gətirilməsinə göstəriş vermişdi.  Həmin ərazidə hamamlar, bazarlar, məscidlər və s. saldırmışdı.

Bütün bunlar göstərirdi ki, Nadir Əfşar Azərbaycan dövlətinin nələrə qadir olduğunu qurultaya dəvət olunmuş qonaqlara göstərmək istəyirdi.

Nadir Əfşar vilayətlərin hakimlərini, xanları, bəyləri, ruhani aləmini, ölkədə olan xarici  diplomatik nümayəndəliklərin rəsmilərini 26 dekabr 1735-ci ildə Muğan çölünə dəvət etdi.

Nadir Əfşar Muğanda, Suqovuşanda Muğan qurultayını təşkil etməklə, rəsmi məlumata görə, qurultaya təxminən 100 min nəfər adam dəvət etmişdi. Əlbətdə, bunların içərisinə ordu da daxil idi. 100 min nəfərin 20 min nəfərindən çoxu məhz qonaq kimi dəvət olunmuşdu. Gələn qonaqların hər birinə məxsusi şərait yaradılmışdı. Ramazan bayramına bir gün qalırdı.

Nadir Əfşar 1736-cı il yanvar ayının 12-də Muğan düzünə gəlib çatdı. Qurultayda  Nadir Əfşarın oğlanları və qardaşı da iştirak edirdi.

Burada  əvvəlcə böyük və təntənəli şadyanalıqlar keçirildi. Fevral ayının 14-də Ramazan Bayramı qeyd olundu. Bayram məclisinə Rusiya, Osmanlı və  bir sıra başqa dövlətlərdən də qonaqlar dəvət olunmuşdu.

Məclisdə Nadir Əfşara ən yaxın 7 nəfər  şəxs qurultay iştirakçılarına bildirdilər ki, Nadir Əfşar Xorasana gedib Kelat qalasında yaşamaq, hərbi yürüşlərdən əl çəkib, ibadətlə məşğul olmaq fikrindədir.

Nadir Əfşar Azərbaycan torpaqlarını bütün yadelli  işğalçılardan təmizləyib və dövlətin ərazisini bərpa  etmişdir. Odur ki, Nadir Əfşar Təhmasib Mirzənin  hakimiyyətə gətirilməsini təklif edir, əgər  Təhmasib Mirzə hakimiyyətə gəlmək istəməsə, Səfəvi xanədanının bir nümayəndəsini şahlığa gətirməyi təklif edir.

Mənbələrdə  göstərilir ki, qurultay iştirakçılarına fikirləşmək üçün 3-4 gün möhlət verildi.

Bu təklifin nəticəsi kimi qurultay nümayəndələrinin mütləq əksəriyyəti ölkənin şahlığına Nadir Əfşarın layiq olduğu fikrini irəli sürdülər.

M.Kazımın "Aləm Ara-ye Nadiri" əsərində qeyd olunur ki, Nadir Əfşarın şahlığa namizədliyi 4 gün müzakirə olundu.

Bəzi fikir ayrılıqları olsa da, qurultayın əksər iştirakçıları Nadir Əfşarın şah seçilməsinin tərəfdarı olduqlarını bəyan etdilər.

Nadir Əfşar isə şah seçiləcəyi təqdirdə qurultay iştirakçıları qarşısında bəzi şərtlərini qoydu.

Onun şərtləri yenidən yaxın adamları tərəfindən qurultay iştirakçılarına çatdırıldı.

Onlar  Nadir Əfşarın qoyduğu şərtlərin qəbul ediləcəyi təqdirdə şah seçilməyə razı ola biləcəyini bəyan etdilər.

Həmin şərtlərə əsasən göstərilirdi ki, əyanlara, xanlara, tayfa başçılarına çatdırılsın ki, Nadir Əfşarın şah olmasını xahiş edirlərsə, Nadir Əfşarın sərt hakimiyyətini qəbul etməlidirlər.

Həmçinin Şah Təhmasibi və onun övladlarını taxt-tacın varisi kimi qəbul etməməlidirlər.

İkinci şərt ondan ibarətdir ki, şiə məzhəbinin əvəzinə  Cəfəri məzhəbinin qəbul edilməsi həyata keçirilsin, çünki bu məsələ Osmanlı ilə Səfəvilər arasında müharibələrə səbəb olurdu.

Nadir Əfşar birmənalı bildirirdi ki, məzhəb ayrılığı aradan qaldırılarsa, dünyada Turançılıq  ideyaları inkişaf edər, Osmanlı dövləti ilə olan müharibələrə birdəfəlik son qoyular.

Üçüncü şərt isə, bildirilir ki, Nadir Əfşardan sonra  ölkənin taxt-tacına onun övladlarından biri, ya da Nadir Əfşar xanədanının nümayəndələrindən biri çıxa bilərdi. Bu şərtləri qəbul edəcəklərinə onlar and içməli idilər.

Beləliklə, bu şərtlər qurultay iştirakçıları tərəfindən 3-4 gün müzakirə edildi və nəticədə qurultay iştirakçılarının çoxu Nadir Əfşarın şah seçilməsinə tərəfdar oldular.

Sadalanan bütün şərtlər qəbul olunduqdan  sonra Muğan qurultayı Nadir Əfşarın şah olmasına razılıq verdi. Nadir Əfşar bununla kifayətlənməyib, qurultay iştirakçıları arasında aparılan işlərin nəticəsi kimi bütün bu şərtlərin hamısının yazılı şəkildə ifadə olunması əmrini verdi. Bu sənəd "məhzərnamə" (iştirak sənədi) və ya vəsiqənamə kimi xatırlanır. Beləliklə, bütün iştirakçılar bu vəsiqənaməyə imza atdılar.

Vəsiqənamənin Mirzə Məhəmməd xan Astrabadi tərəfindən yazıldığı da mənbələrdə bildirilir.

Belə bir təmtəraqlı qurultay, dünya tarixində Nadir Əfşara qədər, Nadir şah Əfşardan  sonra da təkrar olmamışdır. Nadir şah Əfşar öz dövrünə uyğun olmayan "demokratik" bir  seçki ilə  şahlıq taxtına sahib oldu. Dünyada hakimiyyəti ələ keçirmiş  heç bir hökmdar belə təmtəraqlı seçki metodundan istifadə etməmişdir. Bu bir yenilik, bəşər tarixində misli görünməmiş (o dövrdə) bir hadisə idi.

Tacqoyma mərasiminin fevralın  26-da (yeni təqvimlə martın 9-10-u) keçirildiyini bildirən A.Kretatsi bunun səbəbini, möhürün və sikkə kəsmək üçün qəlibin  hazır olmamasında, eləcə də Nadir şah Əfşarın münəccimlərinin ay təqviminin 25-ci gününün (fevralın 26-sı) çox yaxşı gün olmasını bildirmələrində görürdü. Buradan  bir daha aydın olur ki, uzun illər tarixi ədəbiyyatda deyilənlərin əksi olaraq, Nadir Əfşar Novruz bayramında deyil, məhz Ramazan  bayramı günlərində şah seçilmişdir.

Qurultayın qərarını Təhmasib xan Cəlayir xalqa elan etdi. Bu bəyanatdan sonra Nadir Əfşar hakimiyyəti bir şah kimi qəbul etməyə razılıq verdi və  yazılı şəkildə vəsiqənamə hazırlandı. Yazılı vəsiqənamə bütün  qonaqlar tərəfindən, xanlar, şeyxülislamlar, qazilər və digər aidiyyəti şəxslər  tərəfindən imzalandı.

Nadir şah Əfşar Osmanlı dövləti ilə müqavilə bağlanmasını da Muğan qurultayındakı nümayəndələr ilə müzakirəyə çıxartdı. İki dövlət arasındakı ixtilafların həlli məqsədi ilə 5 şərtdən ibarət yazılı sənəd müzakirəyə təqdim olundu:

1. Səfəvilər özlərinin əvvəlki şiə məzhəbindən  əl çəkirlər, sünniliyin yeni qolu olan İmam Cəfər adı ilə cəfərilik qolunu seçirlər.

2. Kəbədə İslamın 4 məzhəbinin sütunu olduğu üçün təklif olunurdu ki, İmam Cəfər məzhəbi üçün də 5-ci sütun yaradılsın və Cəfəri davamçıları da Məscidi Haramda namaz qıla bilsinlər.

3. Hər il Məkkəyə gedən İran zəvvarları üçün Həcc karvanlarının əmiri təyin edilsin və iranlı zəvvar karvanlarının əmirinin səlahiyyəti də Misir və Şam karvanlarının əmirlərinin səlahiyyətinə bərabər tutulsun.

4. Hər iki tərəfdə saxlanılan əsirlər azad edilsinlər, həmin əsirlərin satılmasına və alınmasına imkan verilməsin.

5. Hər iki dövlətin digər dövlətin paytaxtında nümayəndə heyəti (vəkilliyi) təsis edilsin.

Bu faktlar bir daha sübut edir ki, Muğan qurultayında Nadir Əfşar şah seçilməyi ilə bahəm Osmanlı dövləti  ilə olan münasibətləri də həll etmək və dünyada Turançılığı, Türkçülüyü birləşdirmək niyyətində olmuşdur.

1736-cı ilin mart ayının 6-da Osmanlıya yeni təyin olunmuş Səfir Əbdülbaqi xan böyük nümayəndə heyəti ilə və baş  molla Əli Əkbər də daxil olmaqla İstanbula yola düşdülər. Onlar Nadir Əfşarın şah seçilməsini və Cəfəri məzhəbinin mahiyyəti haqqında sultana məlumat verdilər. Hətta Nadir Şah Əfşar  bu şərtlərin qəbul ediləcəyi təqdirdə öz imperiyasını Osmanlı imperiyası ilə birləşdirməyi vəd edirdi.

Təbii, bu hadisə həmin dövr üçün çox böyük bir addım idi. Uzun illər osmanlılarla arada olan ixtilaflar aradan qaldırılar, məzhəb ayrılığı götürülməklə iki böyük Türk imperiyasının birləşməyi baş verərdi.

Belə bir təklif Nadir Şah Əfşara qədər və Nadir Şah Əfşardan sonra da heç bir İran şahı və Türk sultanı tərəfindən irəli sürülməmişdir.

Təəssüf ki, bu təkliflər osmanlılar tərəfindən qəbul olunmadı. Nadir şah Əfşarın tacqoyma günü onun adına "Taqe Nüsrə" (Qələbə  Tağı) hazırlandı. Qələbə Tağının üzərində "Allahın kölgəsi İran Şahı Nadiri Dövran" yazıldı.

1736-ci il aprel ayının ortalarında Nadir şah Muğan düzünü tərk edərək Qəzvinə yola düşdü.

Beləliklə, Nadir şah Azərbaycanın Muğan düzündə, Kür və Araz çaylarının qovuşduğu Cavad qəzasında türklərin əcdadlarına məxsus böyük qurultay keçirməklə özünü şah elan edib, Azərbaycan Nadir Əfşar  İmperiyasını yaratdı. Bu imperiyanın tərkibinə Azərbaycan, Gürcüstan, indiki Ermənistan, Dağıstan, İran, Türkiyənin Şərq hissəsi, Əfqanıstan, İraqın cənubu, Fars körfəzi və İran körfəzi ətrafı ərazilər (Bəhreyn, Küveyt) və s. ərazilər daxil idi.

Nadir şahın qurultayı Azərbaycanda keçirməsi, həmin əraziləri məhz Azərbaycan naminə fəth etməsi Azərbaycan dövlətçiliyi üçün  böyük əhəmiyyət kəsb edirdi.

Nadir şah məhz Muğanda Azərbaycan  bəylərbəyliyini yaratdı. Paytaxtı Təbriz olmaqla Azərbaycan bəylərbəyliyinə əzəli Azərbaycan torpaqları olan Gürcüstan (Kartli, Kaxetiya), indiki Ermənistan, Dağıstan ərazilərini birləşdirib, özünün  qardaşı İbrahim xanı bəylərbəyliyin hakimi təyin etdi.

(ardı var)