"Yada düşdü " ədəbi-bədii nostalji jurnalının təsisçisi və baş redaktoru Nəzakət xanım Məmmədliyə

Nəfisət Vahid (Qarakişiyeva)

 

Hörmətli Nəzakət xanım!
2011-ci ildən nəşrinə başladığınız jurnalın aprel-may-iyun 2018-ci il nömrəsi xoşbəxtlikdən mənim də əlimə gəlib çatdı. Bu jurnal haqda təəssüratım çox az idi. İndi isə sizin jurnalınız haqda xoş təəssüratlarla danışa və yaza bilərəm.
Jurnal çox gözəl, rəngarən, müxtəlif səpkidə yazılarınızla gündəmdədir. Jurnalın hər vərəqini gözdən keçirdim. 69-cu səhifədə hazırlanmış Balakənin mərd və fədakar qızı Zümrüd Həmzətqızının  “Mənim “Qapalı” bibim” adlı sərlövhəli yazısı daha çox diqqətimi çəkdi.  Elqızımız Zümrüd xanım eləcə də "Sultan" xanımımız olan Səfiyyə Dibirova haqqında geniş yazı vermisiniz. Yazıda sevindirici və düşündürücü məqamlar az deyil. Zümrüd xanım düz deyir, Səfiyyə xanım elə insan idi ki, onun bənzəri, onun əvəzedicisi, onun təkrarı ola bilməz. Mən də bir jurnalist olaraq o təvazökar xanım, el tərəfindən "Sultan xanım" kimi  şərəfləndirilən bu insanla çox gec tanış oldum. Tanış olduğumda da onu o qədər gözəl,o qədər səmimi, o qədər sadə, bir sözlə, əsil insana Azərbaycan xanımına yaraşan keyfiyyətlərin hamısını o özündə cəmləşdirmişdi… 
Onun evində saxlanılan zəngin kitabxanasından demək olar ki, hamı yararlanır. Keçmişindən, sözlərindən, iş və əməllərindən, nəsihətlərindən hamı faydalanır. Bu gün də onun qoyduğu o izlər gələcəyimizə yol açaraq yollarımızı nurlandırır.
Yeri gəlmişkən, noyabr ayında el üçün, xalq üçün, vətən üçün ömrünü fəda edən bu elqızımızın 85 illik yubileyi keçiriləcək. Bu yubileydə sizin iştirakınızı da istərdik. 
Nəzakət xanım, sizi və bu gözəl və dəyərli "Yada düşdü" jurnalının bütün kollektivini salamlayır və hər zaman iş uğurlarınız bol, həyatınız rəngarəng, yollarınız nurlu, şanslarınız bol olsun! - deyirəm.

Dərin hörmətlə:  
Nəfisət Vahid (Qarakişiyeva)
Yazıçı-jurnalist, "Mənim ölkəm" qəzetinin baş redaktoru,
"Respublika  Əsgər Ailəsi" İctimai Birliyinin Region Şöbəsinin sədri. 
Balakən rayonu