GƏLƏCƏYİN ŞƏFƏQİ

Şəmistan Nəzirli, İstefada olan polkovnik-leytenant, hərbi publisist.

Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür.
Mir Cəlal, yazıçı-alim

(Əvvəli ötən sayımızda)

Əmirxan yaxşı bilirdi ki, bu yeni vəzifə onun üçün çox ağır olacaq. Onun ən çox qorxduğu ziyalılar idi. Qoridə, Tiflisdə, Kiyev və Peterburqda təhsil almış onlarca ziyalısı olan Qazaxda işləməyi o, özlüyündə zülm sayırdı. Gündə bir kənddə ixtişaş, üsyan olurdu.  O, əvvəllər qulluqla əlaqədar Şıxlıda olmuşdu. İlk baxışdan çox yoxsul görünən bu kənddə olanda eşitdiyinə təəccüb elədi.

Xanın savadsız zənn etdiyi kəndxuda nəql edirdi ki, 1844-cü ilin sentyabrında min nəfərə yaxın kəndli vergi verməkdən imtina edib, bir neçə ağanı, rus məmurlarını, bəyi kənddən silah gücünə qovmuşdu. Qafqaz canişini üsyanın başçısı mayor Mustafa ağa Arifi Sibirə sürgün eləmişdi. Ömrünü qürbətdə başa vuran şair Mustafa ağanın Vətən həsrətli qoşmaları indi də el aşıqlarının dilindən düşmürdü. Bu, Qafqazda çara qarşı demək olar ki, ilk açıq üsyanlardan biri idi.

Elə iki il əvvəl, 1917-ci ildə Şıxlı kənd icmasına daxil olan səkkiz kəndin yoxsulları hərbi məqsədlə at müsadirə etmək üçün gəlmiş şura komissarına və onun polis dəstəsinə silahlı müqavimət göstərmişdilər. İki gün davam edən qanlı döyüşdə hər iki tərəfdən ölən və yaralanan olmuşdu. Kəndlilərin inadlı müqavimətinə davam gətirməyən hökumət nümayəndələri  kor-peşman çıxıb getmişdilər.

İndi dildə canla-başla qulluq göstərəcəm deyən Əmirxan Xoyski bunları düşünəndə onun üçün çox çətin olacağına heç də şübhə etmirdi. Üstəlik  seminariyanın köçürülüb gətirilməsi onun heç xoşuna gəlmədi. "Bircə çıxış yolum var, - deyə o, fikirləşdi, - ziyalıları  ələ almalıyam, onlarla möhkəm dostluq etməliyəm".

Əmirxan üsyan və ixtişaşları onların köməyi ilə yatıra biləcəyinə çox ümid edir, bel bağlayırdı. Ümid   edirdi ki, Azərbaycanın "qırmızı Petroqradı" deyilən Qazaxda xalqın hörmətini qazanacaq. Bir tərəfdən də Petroqraddan ayaq açıb iri addımlarla Qafqaza yaxınlaşan "fəlakət" üçün bərk narahat idi.

Fətəli xan Xoyskinin əmrilə bəy, xan balalarından ibarət beş yüz nəfərlik seçmə qoşun hazırlanırdı. Onlar Gəncəbasar tərəflərdəki üsyanı yatırmaq üçün göndəriləcəkdi. Bu qoşun gələnə qədər Əmirxan Xoyski, birinci növbədə, Səməd ağa Ağamalıoğlunu, Müseyib Əliyevi, Məşədi Abbas Poladovu, Həmid Sultanovu və başqalarını aradan götürmək haqda yeni yollar, tələlər fikirləşirdi.

Yuxarı dairədə Qazax qırmızılarından söz düşəndə Əmirxan öyünüb deyərdi ki, Qaçaq Cahangirin boğazına kəndir saldıran, Əmiraslan Süleyman oğlunu (Turetski) aradan götürən mənim tədbirlərim olmadımı?

Əlbəttə, bunları deməkdə az-çox Əmirxanın haqqı vardı. Ona görə ki, Cahangirin dəstəsinə göndərilən cəsusu Əmirxan tapmışdı. Turetskini öldürənə pulu o öz əlilə vermişdi. Bunlar Əmirxanın Qazax qırmızılarından aldığı ilk intiqam idi. Bu intiqamın birincisi 1916-cı ilin sonlarında, digəri isə 1918-ci ildə alınmışdı.

Bütün bunları fikirləşib özünə toxtaqlıq verən Əmirxan yenə "Qırmızı Qazax" sözlərini xatırladıqca ilan yarpızdan qorxan kimi diksinirdi. Qatardan  düşüb Ağstafadan gələnə kimi yol boyu gördüyü kəndli, ağa, bəy - hamısı ona qırmızı görünürdü. Beyninə pərçim olmuş "çətin camaat" sözləri yadından çıxmırdı.

1919-cu il oktyabrın 13-də Qazaxa varid olan yeni qubernator işə başlayan günü heç kəsi  qəbul etmədi. Öz ağlınca ağır oturub batman gəldi. Həmin günü, qubernatorluğun işinə və işçilərinə əl gəzdirdi. Şübhəli adamları işdən çıxardıb, Şəkərin qalasında yatanların siyahısına dönə-dönə baxdı. Bəzilərini qırmızı qələmlə işarə edib üstünə "ciddi rejimdə saxlanılsın", "xüsusi nəzarət olunsun", "gəzintiyə çıxarılmasın" kimi dərkənar qoydu.

Gəlişinin dördüncü günü Firidun bəyi qəbuluna çağırdı. Qapıda görünən Firidun bəyi hörmət və izzətlə içəri dəvət etdi. Ağ hərbi paltarda olan qubernator yaxasına bir xaç, üç də medal taxmışdı. Bu, onu daha əzəmətli, daha təntənəli göstərirdi. Firidun bəyə hörmətini bildirmək üçün cəld ayağa durub hərbi qaydada təzim edərək:

- Bəy, - dedi, - gec də olsa mənim təbrikimi qəbul edin. Səhv etmirəmsə, seminariyanın Azərbaycana köçürülməyi sizin ən böyük arzunuz idi.

İstər qadında, istərsə də kişidə yaltaqlığı böyük bir nifrətlə qarşılayan Firidun bəy təmkinlə:

- Elədir, - dedi, - ancaq təkcə mənim yox, doktor Nərimanovun, mərhum Səfərəli bəy Vəlibəyovun və bütün Azərbaycan xalqının, bir sözlə, övladının savad almasını istəyən hər bir millət nümayəndəsinin.

Əmirxan tutuldu. Doktor Nərimanov adı onun ürəyinə paslı xəncər kimi batıb qaldı. Özü də hiss elədi ki, Firidun bəy bilərəkdən onun adını çəkdi. Hirslənməyini büruzə verməmək üçün ciddiləşdi, vücudunu sakitləşdirsə də, səsindəki titrəyişi dəf edə bilmədi.

 

- Bəy, - dedi, - Nərimanov dediniz, mən istər-istəməz  onun silahdaşlarını xatırlayıram. Sizdə neçə müəllim onun əqidə dostu, məsləkdaşıdı?

Firidun bəy nə üçün çağırıldığını indi anladı.  Təəccüblə qubernatora baxıb, pensesini düzəltdi. Çiyinlərini çəkib:

-Heç bir nəfər belə yoxdu. Əcəba, bizdə inqilab tədris olunmur, inqilabçının seminariyada nə işi var? Bizdə dərs tədris olunur…

-Bəs onda Sabir kimdi? - Qubernator əyilib siyahıya baxdı.- Mirzə Ələkbər, təxəllüsü Sabir, şair. Onun şeirlərini keçirsiniz, özü də sizdə çalışır.

Firidun bəy kədər və təəssüflə bığaltı gülümsündü. Müsahibinin ədəbiyyat və tarix aləmindən bixəbər olmağına acıdı. Nadan adamla söhbət onun təkcə ürəyinə yox, ruhuna olmazın əzab verirdi.

Qəfildən düşən Sabir söhbəti onun yarasının közünü qanatmışdı. Artıq on ilə yaxın idi susan Sabir rübabı atəşin təranələr oxumurdu. Düzü-dünyanı dolaşan qara xəbərdən bu nadan niyə bixəbər idi. Bir böyük millət bir qiymətli şairini itirmişdi. Ağır təbiətli Firidun bəyin varlığı titrəsə də özünü ələ aldı. Sabirin varlığı və yoxluğu haqqında söhbəti lap əvvəllərdən başladı.

- Cənabınıza ərz olunsun ki, hələ 1908-ci ildə inspektor Sultan Məcid Qənizadə cənabları ilə mən Qoridə olanda çox çalışdıq ki, Sabiri Azərbaycan dilində dərs demək üçün seminariyaya müəllimliyə düzəldək. Sabir mənim, mən Qənizadənin yerinə, Qənizadə isə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayonu üzrə müfəttişi seçilməli idi. Çox təəssüf olsun ki, mənim təhsilim ali olmadığı üçün seminariya müfəttişliyinə qəbul olunmadım. Sabir də müəllim vəzifəsinə nail ola bilmədi. Onun quru vücudunu mollalar o qədər lənətlədi, boynu yoğunlar ona elə hərbə-zorba gəldi ki, günbəgün əziyyət çəkən şairi sağalmaz bir naxoşluq hələ 1911-ci ildə əlimizdən aldı. - Danışdıqca odlanan Firidun bəy ağır-ağır nəfəs dərir, gözlərində qəzəb qığılcımları oynaşırdı. Cibindən dörd qatlanmış dəsmalı çıxarıb alnındakı tər damcılarını hopdurdu. Ağ kraxmallı köynəyinin iki düyməsini açıb, daha dərindən nəfəs aldı. Qubernator isə sərt və ötkəm baxışla onun hərəkətlərini izləyirdi. Par-par parıldayan stolun üstündəki "Limonnı" papirosundan birini yandırdı. Qutunu Firidun bəyə doğru uzadıb ona da təklif etdi. Əsəbi Firidun bəy əlilə "yox" işarəsi verib:

- Borjomi yaxınlığında Sabirin ölümünü eşidəndə bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, biixtiyar qəzet əlimdən yerə düşdü. Hər yaranan öləcəkdir, bu şəksiz, şübhəsizdir. Biz dənik, dünya dəyirman, o, hamımızı üyüdəcək. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərək getsin. Onun ustadı - mükərrəmi Seyid Əzim demişkən:

Dünyaya gələn getmək üçündür, bu nə qəmdir?

Bir fikir elə, bu xilqəti-aləm nə üçündür?

Sabit getdi, -  bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən biridir. Onun təbində o qədər zəriflik və dilində elə bir lətafət var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.

Qubernator sözünün hədəfə düşmədiyindən əlindəki qələmi əsəbiliklə oynatdı. Dodaqaltı kiminsə dalınca deyinib, siyahıda bir adın üstündən xətt çəkdi.

- Bəy,- dedi. - mən sizi bura Sabir üçün yas qurmağa, nə də onun təbi-izahından danışmağa çağırmamışam. İndi vəziyyət başqa cürdü…

- Xan, bağışlayın, sizi qəmləndirdim…

Qubernator bir az qabağa əyilib iri gövdəsini güclü qolları üstə saxladı. Baxışlarını üstdən aşağı Firidun bəyə zilləyib:

- Bəs "Poçt qutusu" nədir?

- O, balaca bir hekayətdir, uşaqlar oxuyur.

- Bilirəm, cənab Firidun bəy, mən onu uşaqlara əzbərlədəni soruşuram. Əcəba, deyin görüm, Yusif Qasımov kimdi, hansı yuvanın quşudur?

- Yusif Qasımov bizim tələbəmiz olub, Qoridə təhsil almış savadlı, mədəni…

- Bilirəm, əlbəttə, müəllim savadlı və mədəni  olar. Amma bəy, onu bilin ki, sizin nəsli-nəcabətiniz var. Bir gəda üçün saç-saqqalınızın ağ vaxtı yalan danışmağı özünüzə rəva görməyin. Siz yaxşı bilirsiniz ki, Yusif Qasımov "Hümmət" bolşevik firqəsinin üzvüdür. İndi görün uşaqları necə korlayırsınız. Eləcə də müəllim Nacıoğlu bolşevik ədəbiyyatı yayır, kommunistdir. Türkiyədən kommunist təbliğatına görə sürgün olunan bir adamın sizin seminariyada nə işi var? Siz bilik və maarif əvəzinə bolşevizmi təbliğ edirsiniz…

Firidun bəyin nə Yusif Qasımovun, nə də Nacıoğlunun bolşevik firqəsinin üzvü olmağından doğrudan xəbəri yox idi. Ona görə də heyrət və təəccüblə qubernatorun dediklərini dinləyib, günahkar adamlar kimi dedi:

- İnanın, məzhəb haqqı, mənim bu işdən xəbərim yoxdu. - Kədər və qüssə ilə sözünə davam etdi. - Mənim övladım yoxdu, tale bu gözəl nemətdən məni məhrum edib. Əgər mənim övladım olsaydı, onun canına and içərdim. Bircə şeyi bilirəm ki, Yusif Qasımov bir ədəbiyyat müəllimi kimi bizə çox lazımdı. Təvəqqe edirəm, ona toxunmayın, özüm onunla söhbət edib işin nə yerdə olduğunu sizə bildirərəm.

"Təvəqqe edirəm" deməyi qubernatorun xoşuna gəldi. "İndi boynuna qoymaq olar, hara desəm ora da gedəcək". Əmirxan Firidun bəyin el arasındakı hörmət və nüfuzunu yaxşı bilirdi. Ona görə də ondan istifadə etmək istəyirdi.

-Bəy, kəndlərə tez-tezmi gedirsiniz, - deyə yumşaq tərzdə, səsinin ahəngini dəyişib soruşdu.

Qubernator qalın ətli dodaqlarında, domba gözlərində ikimənalı təbəssümü gizlətməyə çalışsa da, bu, Firidun bəyin nəzərindən yayınmadı. Onun bayaqkı sərt səsinin, kobud sifətinin belə tez dəyişməsinə təəccüb etdi. Və bir anda xatırladı ki, bütün yuxarı dairədə qulluq edənlər belədi, bir gündə min cür sifətə düşürlər. Onlar üçün xalq güzəranı sözdə ön planda, əməldə isə pərdə arxasında qalır. Təki oturduqları vəzifə stolu əbədi olsun.

- Xeyr, - dedi, - məndə vaxt haradandı, dərs ilinə təzə başlamışıq, seminariyadan ayrılmaq mümkün deyil.

- Sizinlə Şıxlıya, ordan da İncə dərəsinə səfər etmək istərdim. Mənim orda köhnə bir dostum var, axund Qurban əsilzadədi, ağıllı və müdrik adamdı. Eşitdiyimə görə siz müdrik adamın sözünü var-dövlətdən üstün tutursunuz. Məncə, bu sizin üçün göydəndüşmə olardı. Yeni bir şey eşidər, öyrənərdiniz…

-Doğru buyurursunuz, bizim xalqın hər bir ağsaqqalının sözü-söhbəti qələmə alınsa, heç də Şeyx Sədinin  "Gülüstan" və "Büstan"ından maraqsız oxunmazdı. Öyrənməyə gəldikdə isə hələ cavanlığımda oxuduğum Mirzə Uluğ bəyin bu sözlərini unutmuram: "Elm öyrən beşikdən qəbrə qədər".

Firidun bəy qubernatorun fikrini çox gözəl anlayır və başa düşürdü. Xan onu səfərə dəvət etməklə açıq-açığına deyirdi ki, ya mənimlə kəndlərə gedib camaatı sakitləşdirməlisən, ya da seminariyanı gözüm çıxdıya salıb bağlatdıracam. İlk anlardan da "bolşevik təbliğatı" məsələsini ona görə ortaya atmışdı. Demək belə çıxır ki, ya xanın dediyini etməli, ya da seminariyanın bağlanmasını… Məcburiyyət qarşısında qalan Firidun bəy dedi:

- İyirmi ildir ki, el şairlərinin əşarını toplayıram. Arzum onları gələcək nəslə töhfə eləməkdi. Şıxlı Dərviş Mahmud adlı bir şairin sorağını eşitmişəm, ötən əsrdə yaşayıb, bəlkə ondan bir para məlumat da əldə edə bildim.

Nahardan bir az əvvəl atlanıb yola düşdülər. Qabaqda qubernator və Firidun bəy yanaşı gedirdi. O, xalqın keçmiş ədəbiyyatından, tarixindən söhbət açır və çalışırdı ki, qubernator bugünkü qarışıq siyasətdən söhbət salıb qanını qaraltmasın. Arxada isə uryadnik və on nəfərlik dəstə gəlirdi.

Qazax və onun ətraf kəndləri barıt çəlləyi kimi partlayırdı. İndi İncə dərəsindəki üç kənd nisbətən sakit nəfəs alırdı. Görünür heç bir inqilabçının burdan olmamağı və mərkəzdən uzaqlığı vəziyyəti sabit saxlamışdı. Qubernator daha çox Salahlı, Çaylı, Kəsəmən kəndlərindən yanıqlı idi. O, buraları qırmızıların qatı yuvası sayırdı. Bu, doğrudan da belə idi. Təkcə çaylıların öhdəsindən gəlmək mümkün deyildi. İki ay bundan əvvəl bu kənddən 125 nəfər kəndlini inqilabçı adı ilə həbs edən Rza bəy Qaraşarov onları iyirmi dörd saat belə saxlaya bilməmişdi. Rüsvayçılıqla azad etməyə məcbur olmuşdu. Qəza rəisinin yaratdığı yüz nəfərlik polis mühafizə dəstəsi Salahlını susduranda, Kəsəmən başlayırdı. Poylunu susduranda Həsənsu, Əskipara, Dilican başlayırdı. Bu kəndlərə bir neçə dəfə güzar salsa da, özünə və partiyasına sadiq adam tapa bilməmişdi. Xan atın yalmanına baxa-baxa özünün və əqidə dostlarının məğlubiyyətini sanki açıq-aydın görürdü. Görürdü ki, Qazaxda binə tutan "qırmızılar" köhnə dünyanı yıxmağa, uçurmağa artıq qadirdilər. Yerli əhali susmur, üsyanı üsyan, ixtişaşı-ixtişaş dalınca başlayırdı. Orduya aparılan kəndli balaları qaçıb "qırmızı partizanlar"a qoşulur, kəndlilər vergi verməkdən imtina edir, varlılar hökumətdən səxavət əllərini geri çəkirdilər.

Fikri-fikrə calayan qubernatorun atı asta və rahat gedirdi. Firidun bəyin yiyəni bərk tutmaqdan qolları ağrıyırdı. Tərs kimi atı da dəlisov idi. Uryadnik və onun dəstəsi atlarını lap yavaşıtmışdılar. Nə qubernatoru keçə bilirdilər, nə də "sür" deməyə cəsarət edirdilər. Firidun bəy atını  saxlayıb bir neçə addım geri qalan Əmirxanı gözlədi.

- Belə getsək, - dedi, - el yatandan sonra çatarıq, günəş qüruba enir…

Qubernator atını mahmızladı, yəhərdə azca dikəldi. Dilboz fınxırıb yerişini artırdı. Atını Firidun bəyin atı ilə yanaşı sürüb:

- Kimdi, bu çoban Əfqan? - deyə Firidun bəydən soruşdu.

- Kim olacaq, gözünü dünyaya açandan Qıraq Kəsəmən bəylərinin qapısında muzdurluq edən, nökər duran savadsız bir çoban. Amma di gəl qoşmaları bütün mahalda dillər əzbəri olub.

Firidun bəy sevindi ki, nə yaxşı oldu şeirdən, şairdən söhbət saldı. İndi yolu başa vurmaq asan olar.

- Xan, - dedi, - bu obada ziyalı da, rəiyyət də, çoban da şeir yazır. Məsələ şeir yazmaqda deyil. Əlbəttə, çobanın şeir yazmağı o qədər də möcüzə sayılmır. Amma bu obanın çobanının yazdığı şeirə diqqət elə:

Xoşuna gəlməyir, bu qurğu, büsat,

Çünki qəlbim olub, çoxdan narahat.

Ellərin üzünə gülməyir həyat,

Əfqan, insan olan heç inciməzmi?

Bir evdə iki hava olmadığı kimi, bir ölkədə də iki hökumət olmaz. Özünüz şahidsiniz, rus gəldi, nöyütümüzü apardı, ingilis gəldi, "zəkat" yığdı, dar ağacı qurdu. Heç kəs dost kimi, xilaskar kmi gəlmədi Azərbaycana. Xalq nə qədər savadsız olsa da, bunları görür, eşidir. Onların görən gözünü, eşidən qulağını qapamaq mümkün deyil. Hamısı dərviş kimi boş torbalı gəlib dolu getmək istəyir. Axı, dost dostun evinə qazanc üçün, qarət üçün getmir. Xalqa nicat yolu göstərmək əvəzinə  başından vurub dilini lal edirlər. Rusiya fəhləsini, kəndlisini o qədər döydülər ki, axırda lalı da dil açdı. O boyda çarın qanlı taxt-tacını vurub dağıtdı. Üç yüz illik tarix bir gündə ayrı cür yazıldı.

Atlılar İncə çayını keçib üzüyuxarı dikləndilər. Sıra dağların arxasına enmiş günəşin üfüqdə zəif saraltısı qalmışdı. Qara kölgələr uzandıqca boz təpələrin yaxasına şər vaxtının izləri düşürdü. Kənd mollasının axşam əzanı geniş vadidə əks-səda verir, hüzünlü bir səslə göylərə yüksəlirdi. Bu səs torpaq damlarda yaşayan bəyin, ağanın, yoxsulun qəlbinə eyni ahənglə Allah eşqi aşılayırdı. "Allahu əkbər, əşhədu…". Harın atların fınxırtısı, zərbli nal səsləri kəndi vahiməyə saldı. Qara torpaq damların həyətindəki itlərin səsi kəndi bürüdü. Qubernator Əmirxanın sükuta qərq olmuş qəlbində isə Firidun bəyin "bir evdə iki hava olmadığı kimi, bir ölkədə də iki hökumət olmaz" sözləri qaynayırdı. O, səkili köhlənin nal cingiltisini belə eşitmirdi. Gəldiyinə peşman olmağa başlamışdı. Ürəyinə, qəlbinə dolan vahiməylə fikirləşir, götür-qoy edirdi ki, axund onu necə qarşılayacaq; məsələni ona necə açıb deyəcək. Osmanlı, ya da İran torpağına keçməkdə ona kömək edə biləcəkmi?

 

* * *

Nökər atları talvarın altına çəkdi. Hamısının yəhərləri alınıb üstünə ipək çul salındı. Hərəsinin başına arpa dolu torba keçirildi. Axund özü "xoş gəlmisiniz", - deyə-deyə qonaqları üst mərtəbəyə çıxartdı. Məhəccərin yanında çiyninə ağ dəsmal salmış əli aftafalı nökər hazır dayanmışdı. Qonaqlar yuyunub əlvan xalı döşənmiş geniş, işıqlı otağa keçdilər.  Axund və onun böyük qardaşından başqa ev adamları tez-tez girib-çıxırdı. Kimi zümzüməli samovar, təndir çörəyi və motal pendiri, kimi də buğlanan bozartmanı gətirirdi. Güzəranı, dolanacağı yaxşı keçən axund evində hər bir qonağa yaxşı süfrə açılardı. Yeməyin belə tez ortaya gəlməyinə qubernator təəccüb elədi.

- Axund, - dedi, - belə tezliklə? Bəlkə ayrı qonaq-zad gözləyirdin? Biz mane…

- Xan, sizdən artıqmı olacaq gələn qonağımız, heç bir qonaq-qara gözləmirdik. Doğrusu, bizim evdə qara qazan allah verəni həmişə qaynadır. Yaxından, uzaqdan gəlib-gedənimiz çox olur. Bir də ki, atalar yaxşı deyib, qonağın özündən qabaq ruzusu gəlir. - Sol əlini dizinə dayayıb qabağa əyildi, süfrədən fətir götürdü. Avazla "bismillah"  deyib qonaqlara yemək təklif elədi. -  Buyurun, çörək kəsin, nuş canlıqla yeyin. - Adını eşidib, özünü ilk dəfə gördüyü Firidun bəyə: - Rahat əyləşin, - dedi.  Axund xoş təbəssümlə gülümsünüb, -  Allah canınızı sağ eyləsin, Firidun bəy, o qədər yaxşı-yaxşı sorağınızı eşitmişəm ki… Dəfələrlə Tiflisə yolum düşəndə görüşüb söhbət eləməyi arzulamışam. Qismət olmayıb. Həmişə əhval-şərifinizi müfti Mirzə Hüseyn əfəndidən soruşmuşam. İndi Allahın buyruğuna bax, ona qurban olum, sizin kimi alicənab adamı mənim evimə qonaq göndərib. İnanın, o qədər razıyam bu görüşümüzdən ki…

Axundun çörək üstə bu qədər uzun-uzadı danışmağı xanın xoşuna gəlmədi. Qubernator bu söhbəti yaltaqlıq kimi qəbul eləsə də, axundun danışığında bunu hiss etmək mümkün deyildi. Doğrudan da axund sidq-ürəklə, təmiz qəlblə sevinirdi ki, Firidun bəy kimi alimi-mütəbəhhir onun evinə təşrif gətirib. Çörək yeyə-yeyə fikirləşir, götür-qoy edir və bircə şeyi anlaya bilmirdi ki, qubernator hara, Firibun bəy hara, bu nə səfərdi, belə birgə. Qubernatorun nə kəndxudanın, nə də adlı-sanlı İbrahim kovxanın evinə düşməməyi axundun canına getdikcə vicvicə salırdı. Şəkk-şübhə onun ürəyində çoxalsa da üzə vurmur, hörmətli qonaqlarına gah fətir uzadır, gah da xörək qoyurdu.

Qubernator çox gözlədi, diqqət kəsildi, amma axund onun gəlişini ayrıca qeyd eləmədi. Könülsüz bir neçə tikə yeyib çəkildi. Uzun, qalın bığlarını yoğun barmaqları ilə sığallayıb "əlhəmdürüllah, Allah artıq eləsin, evin abad olsun", - deyib çərkəzisinin qoltuq cibindən ağ nazik çöpü çıxarıb dişlərini təmizlədi.

- Firidun bəy, bir zamanlar eşitdim ki, söhbət var sizi Zaqafqaziyanın Şeyxülislamlıq vəzifəsinə təyin edəcəklər? - Axundun yenidən Firidun bəyə müraciətini görən qubernator daha da əsəbiləşdi. İri, domba gözləri geniş açıldı. Nifrət və qəzəblə ona baxa-baxa qaldı. Çənəsindəki dərin çapıq əsəbiliklə səyridi. Ürəyində "it oğlu, bir tikə çörək verdi, onu da burnumuzdan tökəcək, yox, bu axund loxmanı boğma elədi", - deyə fikirləşdi. Qıpqırmızı sifəti qəzəbin təsirindən get-gedə bozarmağa başladı.

Firidun bəy nəlbəkidəki çayını stəkana töküb bir qurtum içdi. Bardaş qurub oturmağa öyrəşmədiyindən yerində qurcalandı.

- Bəli, - dedi, - elə söhbət vardı, mənim razılığımı almadan qəzetdə elan da vermişdilər. Lakin mən bu vəzifədən imtina elədim.

Təriqəti bə cüz xidməti-xəlq inst

Bə təsbihü səccadəvü dəlq nist.

Təriqət (məslək) təsbehə, səccadəyə, əbaya bağlı deyil. Əsl məslək - xalqa xidmət etməkdən ibarətdir. Mən də xalqıma xidməti ancaq maarif sahəsində çalışmaqda görürəm.

Doğrudan da 1906-cı ildə Firidun bəyi şeyxülislamlıq vəzifəsinə dəvət etmişdilər. Ruhaniliyə, "müqəddəs atalara", "bu dünyamız yox isə də, axirətimiz var" ya da "Məhəmməd ümməti darda qalmaz" deyənlərə nifrət bəslədiyi üçün o, bu vəzifədən imtina etmişdi. Hətta belə dinsevərlərə düşmən olduğunu mətbuatda açıq-aydın bildirmişdi də. Elə buna görə də qəzəblə yazırdı: "Hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət ilə güzəran keçirməkdədirlər… Allah heç bəndəsini taybuynuz öküzün gününə salmasın!".

Həmin ili Firidun bəy axund Əbu Turabla da xeyli "döyüşməli" olmuşdu. Dünyəvi elmlərin əleyhinə çıxan, onu şeytan əməli hesab edən axund Əbu Turab din qardaşlarını məhz dini elmləri öyrənməyə çağırırdı. Axundun bu korazehin görüşlərini Firidun bəy və mollanəsrəddinçilər tənqid  atəşinə tutdular.

İndi Firidun bəy fikirləşirdi ki, yaxşı ki, üzbəüz oturduğum axund mənim o zaman mətbuatdakı çıxışımdan bixəbərdir, yoxsa, mənimlə əyləşməyi özünə təhqir sayardı.

-Bir də ki, möhtərəm axund, - deyib Firidun bəy təmkinlə davam etdi. - Hələ ilk gəncliyimdə müqəddəs dinin təbliği yolunda mən də az çalışmamışam. Hətta vaxtilə yazmışam ki, əgər xalq Quranın göstərdiyi həqiqi yolla getsə, əsl inkişaf yoluna düşə bilər. Həqiqətdə dinimiz hüsni-məişətimiz üçün yaranmışdır və hüsni-məişətimiz… nicat və səadətimiz dini-mübinimiz olan qanuna əməl etməkdə, şəri-şərif açdığı yol ilə getməklə bahəmə gələcəkdir.

Amma həyat və onun bugünkü inkişafı, bir də yetişən gəncliyin maraq dairəsi göstərir ki, çox da din, islam deyib onların ətəyindən yapışmaq məqbul deyil. Çünki xalq arasında olan bəzi molla, seyid, dərviş, axund dini özünə bayraq edib savadsız, küt şeylərlə, cadu-piti ilə xalqı soyur, onu quru yerdə qoyur. Vaxtilə dinə verdiyim ali tərif üçün bilmirəm, gələcək nəsil məni alqışlayacaq, yoxsa töhmətləndirəcək. Hər halda yenə deyirəm, bugünkü inkişaf, gəncliyin maraq dairəsi göstərir ki, mən xalqın həqiqi inkişaf yolunu məhz dində görməkdə səhv etmişəm. Vaxtilə İrəvanda şəriət müəllimi olduğum üçün ruhanilərimizin bütün xasiyyət və qüsurlarını mənə də şamil etmək caiz deyil. Əslində mən bəlkə də mollalara yaxından bələd olduğum üçün, bir para "müqəddəs ataların" bəd əməllərini və tamahkarlığını daha yaxşı öyrənə bilmişəm. Elə buna görə də onlara daha çox nifrətim var və belələrinə həmişə düşmən olmuşam.

- Əstəğfürüllah de, Firidun bəy, - deyib axund başıaşağı təsbehinin bir neçə dənəsini cütləyib ötürdü.  Sizdə nə günah var, siz qəlbinizin hökmü ilə o kişinin, gözəgörünməz qurban olduğumun - təsbehli əlini yuxarı qaldırıb üzünü tavana tutdu - göstərişlərini yerinə yetirmisiniz. Xudaya - xudavəndə hər halda sizi mükafatsız qoymaz, cənnəti məkan edər.

Firidun bəy gördü ki, axundun xeyir-duası, tərifləri qubernatorun içəridə bağırsaqlarını doğrayır. Qubernator qan sağılmış bulanıq gözlərini düz ona zilləmişdi. Özünü elə göstərirdi ki, guya uşaq marağı ilə onları dinləyir. Əslində fikri-zikri ayrı yerdəydi, xəyalı bir azdan təklikdə qalanda axundun ona verəcəyi "hə", "yox" cavabı ilə əlləşirdi. Qapı ağır bir cırıltı ilə açıldı. Yarıqaranlıqda zorla görünən nökərə axund əli ilə "süfrəni yığışdır" işarəsi verdi. Üzünü Firidun bəyə tutub:

- Firidun bəy, - bircə şeyi bilirəm ki, hər kəsin başının üstündə bir Allahmı deyim, yaradıcı və ya idarəedici qüvvəmi deyim, bilmirəm, amma inandığı nəsə var. Hələ yer üzündə elə bir millət, xalq yoxdu ki, o dinsiz olsun. Kəsəsi, insan olan kəs nəyəsə, kiməsə inanıb sitayiş, etiqad eləməlidir.

Firidun bəy axundun söhbətlərindən onun qabaqcıl fikirlərini tuta bilmişdi. O, hiss eləmişdi ki, axund din xadimi olsa da, təkcə dinin ətəyindən yapışmayıb. Odur ki, ağlına gələn bir fikri deməkdən çəkinmədi. Bu dəfə isə necə deyərlər, baltanı lap kökündən vurdu.

-Axund, - dedi. - hər halda gəl sənli-mənli etiraf edək ki, din bəzi insanları qəflət yuxusunda qoyur. Onun başı altına elə bir yastıq verir ki, bədbəxt müsəlman xorna çəkə-çəkə şirin yuxuya gedir. Bir də qiyamətəcən ayılmır. Ayılandasa susuz bir səhrada tək-tənha qaldığına yanıb-yaxılır. Sonra dizinə-başına ha döyürsə, əli bir yana çatmır ki, çatmır… İndi Allaha şükür, müqəddəs din yolunda çalışan fədailərimiz o qədər də az deyil. Mən Firidun bəy olmasam da, şeyxülislamlıq vəzifəsini icra edən onlarca alimnüma tapılar. Balalarımızın təhsili, inkişafı naminə çalışan müəllimlərimiz isə tamamilə azlıq edir.

Əslində Firidun byin dinin tənqidi haqqında olan söhbəti axundun ürəyincə idi. Zaqafqaziya Müftisi Mirzə Hüseyn Əfəndi Qaibzadənin yaxın dostu olan axund da, dinə müqəddəs ayin kimi baxmırdı. "Mən heç bir vaxt ruhani olmamışam və heç bir vaxt dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mənə təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edirəm".

Bu sözləri Mirzə Hüseyn Əfəndi 1881-ci ildə Qori seminariyasının Şərq dilləri müəllimliyindən Zaqafqaziya müftisi vəzifəsinə seçilərkən demişdi. Həmin sözlər axund üçün dünyada ən qiymətli kəlamlar idi. Bu sözləri o, Firdovsinin, Sədinin, Nizaminin, Hafizin qiymətli hikmətlərinə bərabər tuturdu, irili-xırdalı hər məclisdə əzbər deyirdi. Açıq fikirli, cəsarətli sözləri üçün axundun özünün din xadimləri arasında çox da hörməti yox idi. "Din mənə çörək ağacıdır. Onu tiryək kimi çəkirəm", - deyən axund dünyəvi elmlərdən xəbərdar idi.

Qubernator Əmirxan isə gözləyirdi ki, indi bunların mübahisəsi qızışacaq və o zaman bir-birindən incik düşəcəklər. O, hiss edirdi ki, Firidun bəyin söhbətində dinsizlik var. Axundu qatı dindar hesab edən qubernator sevinir, aranı qızışdırmaq üçün bir söz də ata bilmədiyinə yanıb-yaxılırdı.

Axundun böyük oğlunun qapıda görünməyi söhbətin yönünü dəyişdi. Oğlan utancaq bir vəziyyətdə, çəkinə-çəkinə atasına yaxınlaşıb qulağına nəsə dedi. Axund geri qanrılıb qapıya boylandı, çiyni üstdən:

- Qoy gəlsin, - dedi, - içəri dəvət elə. Üzünü qonaqlara tutub, - Həmid bəydi, - dedi, - kəndimizin müəllimidi. Çox gözəl də uşaqlara təhsil ikmal eləyir. Yəqin Firidun bəyin gəlməyini eşidib.

Cavan ədəb-ərkanla salam verib, hamı ilə görüşdükdən sonra axundun göstərdiyi yerdə əyləşdi. Fəxri əsgər kimi düz yeriyən sıx qara saqqallı, balacaboy Həmid bəy bu kəndə seminariyanı qurtarandan sonra könüllü gəlmişdi. Ən çox tarix və etnoqrafiyaya maraq göstərən cavan müəllim arabir mətbuatda maraqlı yazılarla çıxış edərdi. Görünür, tarixlə çox maraqlandığından istər danışığında, istərsə də davranışında yaşına yaraşmayan bir müdriklik, ağıllılıq vardı. Məhz bu keyfiyyətlərinə görə kənd əhli arasında böyük hörmət və nüfuz sahibi idi. O, da axund kimi, demək olar, Firidun bəyi qiyabi tanıyırdı. Tək bircə dəfə  birinci klassik Tiflis gimnaziyasında oxuyanda Firidun bəyi görmüşdü. O zaman Firidun bəy Tiflisdəki Sərdarlıq Dəftərxanasının Zaqafqaziya Maarif şöbəsi tərəfindən bir neçə nəfərlə gimnaziyada təhsil alan azərbaycanlı uşaqların maddi çətinliklərini və təlim-tədris müvəffəqiyyətlərini yoxlamağa göndərilmişdi.

Müəllimin gəlməyi Firidun bəyin eynini açdı. Geniş işıqlı otaq ona quyu kimi dərin və cansıxıcı görünürdü. O, hər axşam öz otağına çəkilib bütün varlığı ilə sevdiyi tədqiqat işi ilə saatlarla məşğul olurdu. Heç zaman söhbətə bu qədər vaxt sərf etməmişdi. İndi isə harın qubernatorun yekəxana oturuşu ürəyini bulandırıb, xəyalını küsdürürdü. Qubernator axundu sorğu-suala tutmuşdu. Yaylağa köçmək, arana qayıtma, iki millət arasında olan ixtişaşlar haqqında söhbətlər baş alıb gedirdi.

Mübahisəyə ara verən qubernator əsnəyə-əsnəyə əlini ağzına aparıb, "of" elədi. Yaxasından frençinin cibinə sallanan saatını çıxarıb düyməsini basdı. Qurbağa kimi ağzı açıla qalan cihazı lampa işığına tutdu.

- Oho, - dedi, - saat on ikini keçib, yatmaq vaxtıdır.

Hamı komanda verilmiş kimi birdən ayağa durdu. Eyvana çıxan Firidun bəy çayın hər iki sahili boyu salınmış kəndə, onun aylı-ulduzlu gecəsinə baxıb məftun oldu. Üzünü Həmid bəyə tutub:

- Əgər vaxtın müsaidə edərsə, bir az çay kənarında gəzişmək bəd olmazdı. Səni bilmirəm, mən çox gec yatanam.

Onlarla yanaşı dayanan axund söhbətə qarışdı:

- Elə bizim müəllim də çox gec yatandı. Nə vaxt oyanırsan, görürsən Həmid bəyin işığı yanır. Birisini camaat arasında özünü oda-közə vuran görəndə deyirlər ki, Həmid bəyin işığı kimi elə hey yanırsan.

Firidun bəy yarızarafat, yarıciddi:

- Bu kənd qaranlıqdan Həmid bəyin işığı ilə çıxacaq. Onunla da tarixə düşəcək…

 

* * *

Gəzintidən qayıdan Firidun bəy qubernatoru bərk dilxor gördü. Hər ikisi lampaya yaxın oturmuşdu. Axund ayağa durub Firidun bəyi arxadakı otağa dəvət elədi. Üstünə ağ yorğan-döşək salınmış taxta çarpayını göstərdi.

- Bəy,- dedi, - burda rahatca istirahət edə bilərsiniz. Bu otaqda sizdən başqa heç kəs qalmayacaq.

Firidun bəy razılığını bildirdi. Əl işarəsilə hələ də yatmayan, o biri otaqda tüstü-duman içində fikri-fikrə calayan qubernatorun niyə kefsiz olduğunu soruşdu.

Cari nömrə: № 45, 2022

davamı