YADDAŞIMDA YAŞAYAN İNSAN

Məhərrəm Şəmkirli, AYB və AJB-nin üzvü

Deyirəm həyatda hər kəsin doğması, qohum- əqrəbası olmayan bir neçə nəfər tanıdığı, onlarla təsadüfdən-təsadüfə görüşdüyü, müsahib olduğu insanlar da var ki, onları unutmaq, yaddan çıxarmaq olmur. Tez- tez xatırlayır, xoş sözlərlə yad edirsən. Mənim üçün də elə adamlar istisna deyil. Həmin insanlar nə doğmalarımdı, nə də yaxın, uzaq qohum-əqrəbalarım. Amma onları hər zaman özümə doğma və yaxın bilmişəm. Ortaya belə bir sual çıxır. Niyə və nə səbəbə? Səbəbi çoxdur. Saymaqla  bitib- tükənən deyil. Pis adam haqqında fikir söyləməyə o qədər də çətinlik çəkməzsən, bir kəlmə deyərsən ki, şərəfsiz, vicdansız, əliəyri və ləyaqətsizdir. Amma əsl insan haqqında bir-iki kəlməylə onun insanlığı haqqında dolğun fikir söyləmək heç cür mümkün deyil.  Gərək onun bütün yüksək keyfiyyətlərini dilə gətirəsən ki, başqalarında unuda bilmədiyin insan haqqında dolğun təsəvvür yarada biləsən.

  Mənim tanıdığım, unuda bilmədiyim, sözünə və özünə böyük dəyər verdiyim, uca tutduğum, hər zaman haqqında ağızdolusu danışdığım insanlardan biri də səmimiyyəti, sadəliyi, təvazökarlığı, diqqətçilliyi, alicənablığı ilə çoxlarından seçilən, fərqlənən, sözün əsl mənasında klassik Azərbaycan kişisi olan Əlibala Hacızadə idi. Əlibala müəllimi ilk dəfə yüz minlərlə tirajlanan və ən çox oxunan kitablarından tanımışam. Sovet dönəmində yaşayan oxucuların yadında olmamış olmaz. O vaxtlar SSRİ adlı böyük bir imperiyanın  tərkibində 70 ilə yaxın olan Azərbaycanda oxucu bolluğu vardı. Bəlkə də ölkədə bədii əsər oxumayan insanları barmaqla saymaq olardı. Ölkənin əksər yerlərində kitab mağazaları, kitabxanalar vardı. Bu mağazalarda Əlibala müəllimin "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Təyyarə kölgəsi" və s. kimi əsərləri əlüstü satılırdı. Çünki maraqlıydı, oxunaqlıydı, kamil bir yazıçının qələminin və istedadının məhsulu idi. Bu kamil insanın, istedadlı yazıçının adlarını sadaladığım əsərlərini mən də oxudum və sevdim.

   Heç ağlıma gəlməzdi ki, bu böyük insan və yazıçıyla nə vaxtsa görüşəcəm. Bir məşhur filmdə deyildiyi kimi, bu dünyanın işini bilmək olmaz. İşini bilmədiyimiz dünyanın bir xoş və mənə düşərli günündə Əlibala müəllimlə görüşdüm. Onda Əlibala Hacızadə "Şəhriyar" qəzetinin baş redaktoru işləyirdi. Azərbaycan nəşriyyatında həyəcanla və çəkinə-çəkinə Əlibala müəllimin otağının qapısını döydüm. Və qulağımı qapıya şəklədim. Qapının arxasından "buyurun" kəlməsini eşitdim. Utana-utana içəri keçdim. Böyük insan və böyük yazıçı  ayağa durdu, əl tutub görüşdük. "Xoş gəlibsən", dedi və oturmağa yer göstərdi. Oturdum, sanki mənə cəsarət gəldi. O, soruşmamış dedim:

- Əlibala müəllim, bir neçə xırda yazı gətirmişəm. Mümkünsə, onlara baxardınız.

Dodaqları qaçdı, gülümsədi:

- Ver görüm,- dedi. Tələsik əlimdəki vərəqləri ona verdim. Təmkinlə, tələsmədən göz gəzdirdi. Mən isə narahat-narahat onun nə deyəcəyini gözləyirdim. Mənim narahatçılığımı duyubmuş kimi, başını vərəqlərdən qaldırıb, şirin bir təbəssümlə:

- Oğlum, yaxşıdı, xoşuma gəldi, növbəti saylarımızda verəcəm, - dedi.

Çox sevindim. Zarafat deyildi, mənim üçün əlçatmaz bildiyim böyük bir yazıçı və şəxsiyyət mənim yazılarımı bəyənmişdi və hətta baş redaktoru olduğu qəzetdə dərc edəcəyinə söz də verirdi. Sadə, həlim xasiyyətli, tanıdığı və tanımadığı insanlarla xoş ünsiyyət qurmağı bacaran uca bir insanın yanında çox oturmadım, onun dəyərli vaxtını ala bilərdim. Sağollaşıb çıxanda arxamca:

- Oğlum, çəkinmə, yeni-yeni yazılarından gətir,- dedi.

Əlibala müəllimin "oğlum" ifadəsi mənə o qədər doğma gəldi ki, ürəkdən və ucadan dedim:

- Baş üstə, Əlibala müəllim. 

Atalarımızın gözəl bir sözü var. Deyir: "Sadəlik insanlıqdır". Mənim də bir azərbaycanlı olaraq həyatda ən çox sevdiyim, qiymətləndirdiyim, rəğbət bəslədiyim insanlar sadə və təvazökar olan insanlardır. Onlarla kəlmə kəsəndə, xoş üz görəndə öz-özünə deyirsən: "Yaşamağına dəyər!". Təpədən-dırnağa sadə və təvazökar olan Əlibala müəllim məhz belə insanlardan biri kimi təsir etdi mənə. Və əbədi olaraq yaddaşımda qaldı. Bu gün təkcə mən yox, minlərlə, on minlərlə şair, yazıçı, alim, ziyalı, oxucu Əlibala müəllimi yaddaşında saxlayır, böyük yazıçı, sadə, qayğıkeş insan kimi xatırlayır.    

Elə birinci görüşdən Əlibala müəllim yaddaşımda nurlu, işıqlı, parlaq, səmimi və qeyri-adi şəxsiyyət, yazıçı kimi qaldı. Yadıma onun povestləri, romanları düşdü. Bu əsərləri ilə o, milyonlarla oxucunun böyük sevgisini və dərin hörmətini qazanmışdı. Qazanmağa da haqqı var idi. Ona görə ki, o təmiz və vicdanlı, haqqa nahaqq deməyən birisi idi.

Qəzetin növbəti sayını köşkdən alıb həyacanla vərəqlərini çevirdim və bir neçə mənsur şeirimin dərc olunduğunu gördüm, üzüm güldü, sevindim. Əlibala müəllimə ürəyimdə bir "sağ ol!" nidası səsləndirdim. Və beləcə "Şəhriyar"qəzetiylə əməkdaşlığım, gözəl insan və böyük yazıçıyla isə səmimi, mehriban dostluğumuz başladı. Bundan sonra sıx-sıx redaksiyaya yazı aparır və Əlibala müəllimlə şirin söhbətlər edirdik. Bir gün ona, məndən kiçik bacımın "Əfsanəsiz illər" əsərinin baş qəhrəmanının şərəfinə qızının adını Əfsanə qoyduğunu dedim və onu da əlavə etdim ki, yaxın qohumum xanəndə-bəstəkar Oqtay Hacıyevin onun bir neçə şeirinə - "Lalə", "Öpdüm səni öpən dodaqlarımdan"a mahnı yazdığını bildirdim. Və ardınca onu da əlavə etdim ki, Oqtay "İtkin gəlin" əsərindəki "Dağların ürəyimdə"şeirinə də “Şur” muğamı üstündə mahnı yazıb. -Yəqin ki, bu mahnıya Xalq artisti Arif Babayevin ifasında AzTV-də baxmısınız, - deyə soruşdum. - Bəli, baxmışam, dedi və əlavə etdi: - Onu da Oqtay Hacıyev yazıb? Gülümsəyərək və qürurlanaraq: - Əlbəttə, Əlibala müəllim,- cavabını verdim.  Bu xəbərlərdən yazıçı çox məmnun oldu və bu mahnını kimin yazdığı ilə çoxdan maraqlandığını, amma öyrənə bilmədiyini etiraf etdi. Bu yerdə onu da deyim ki, sovet dönəmində bəstəkarlıq təhsili olmayanların mahnılarını müğənnilər xalq mahnısı kimi oxuyurdular. Amma Ələkbər Tağıyev istisnalıq təşkil edirdi. O vaxtı onlarla gözəl mahnılar yazan, amma bəstəkarlıq təhsili olmayan, böyük Xan Şuşalıdan Muğam təhsili alan Oqtay Hacıyevin bəstələri də radio və televiziyada adsız və ya da xalq mahnısı kimi verilirdi. Bütün bunlara rəğmən o, məndən xahiş etdi ki, bacıma və Oqtaya onun adından təşəkkürünü bildirim. Söz verdim ki, narahat olmayın, təşəkkürünüzü hər iki şəxsə çatdıracam.

1991-ci ildə 20 Yanvar qırğını ilə əlaqədar "Dost gülləsi" adlı kiçik bir hekayə yazmışdım. Hekayədə rus ordusunun Bakıda törətdiyi qırğınları, dağıntıları təsvir etmişdim. 1992-ci ildə hekayə "Mingəçevir işıqları" və "Şəmkir" qəzetlərində çap olunmuşdu. 20 Yanvar qətliamının növbəti il dönümündə hekayəni "Şəhriyar" qəzetinə verdim. Hekayə qəzetdə dərc olundu. Bu kiçik hekayəm Əlibala müəllimin o qədər xoşuna gəlmişdi ki, hətta hekayənin adını qəzetin manşetinə çıxarmışdı. Redaksiyaya gedəndə məni tanımadığım adamlara göstərib deyirdi ki, "Dost gülləsi" hekayəsini bu oğlan yazıb. Əlibala müəllimin məni dostlara bu formada təqdim eləməsi məni sevindirir və qürurlandırırdı. Bəlkə də çox yazarlara belə bir təqdimat müyəssər olmayıb. Amma necə qürurverici olduğunu təqdim olunanlar yaxşı bilirlər.

Yadımdadır, bir dəfə yenə qəzetə yazı aparmışdım. Yazını verib çıxmaq istəyəndə Əlibala müəllim dedi: - Oğlum, getmə, indi Zəlimxan gələcək. Maraqlı söhbət edəcək. Otur, sən də qulaq as. Əlibala müəllimin təklifinə məmnuniyyətlə razı oldum. Axı Zəlimxan kimi bir şairin şirin söhbətini kim dinləməzdi?  Bir az keçmədi ki, Zəlimxan Yaqub (Allah rəhmət eləsin, yeri cənnətlik olsun!) gəldi. Hər birimizlə əl tutub görüşdü, hal-əhval tutdu. Sonra başladı, nə başladı. Sanki bulağın ağzı açıldı və o çağladı. Böyük şair nələrdən və kimlərdən danışmadı?! Üç saatdan çox o danışdı, biz dinlədik. Özü də çox diqqət və maraqla, yorulmadan. Ruhumuz təzələndi. Buna görə mən Zəlimxan müəllimin əlini sıxıb, təşəkkürümü bildirdim.

Zəlimxan Yaqub şair olmasaydı da, belə ensiklopedik yaddaşı ilə Azərbaycan tarixində qalası bir şəxsiyyət idi. İlahi, bu insan kimlərdən şeir demirdi? Özü də yanılmadan, çaşmadan. Deyirəm, Allah insana bir tərəfdən verəndə, o biri tərəfdən kəsir. Sonralar Zəlimxanın səhhətindəki problemlər onu çox  üzürdü. Amma yenə yazıb-yaratmağından qalmırdı.

Yuxarda qeyd etdiyim kimi, Əlibala müəllim böyük şəxsiyyət və böyük yazıçı idi. Bu böyüklüyü ona ümumxalq sevgisi qazandırmışdı. Onu yaşadan, ucaldan da bu sevgi idi.

Həyatda o adam xoşbəxtdir ki, sağlığında olduğu kimi, dünyasını dəyişəndə də xoş sözlərlə anılır, xatırlanır. Əlibala müəllim məhz belə insanlardan idi. Ruhu şad, yeri cənnət olsun...