NƏNƏ HEY...

Qəşəm NƏCƏFZADƏ

Uşaq vaxtı dörd yaşıma qədər ağır xəstə olmuşam, nənəm uzaq bir kənddə mollaya baxdırıb. Molla deyib ki, üç günə öləcək. Qurban deyiblər ki, ölməyim. Üç gün keçib, görüblər yaxşılaşıram, qurbanımı kəsiblər.

Nənəm çox istədiyindən mənə "ərim" deyirdi. Qonşumuzda bir ərlik qız var idi, nənəm deyirdi onu sənə alacam. Qızın yanında deyirdi. Mən buna inanmışdım. Qız ərə gedəndə onların evlərini sapandla daşa basdım. Toyuqlarını həyətimizə qoymadım. 
Balaca dostlarımla min hoqqadan çıxırdım, guya ağacla evlənmişdik. Hərəmizin bir ağac arvadı vardı. Mənim arvadım yoğun bir çinar idi. Hər gün arvadlarımızı qucaqlayırdıq.
Yalın ayağımla tozlu yollarda cığır çəkərdim, cığırlar gəlib bir-biri ilə kəsişəndə sevinərdim. Yol evimizin qabağından keçirdi, hər səhər nənəm süpürgə ilə cığırımı pozub yolun tozunu süpürərdi. Bir dəfə buna görə hirslənib nənəmin bir qazan dovğasını ocağın üstündən aşırıb qaçdım.
Məndən yaşca bir az böyük dostlarımdan biri şəhərdən mənə bir qız şəkli alıb gətirmişdi. Cibimdə gəzdirirdim, gündə 3-4 dəfə evimizin çardağına çıxır, şəklin üzündən öpüb düşərdim. Ordan xəlvət yer tapa bilmirdim.
Nənəm bir dəfə atama dedi ki, deyəsən evin üstünə pişik çıxır, çardağa çıxışı bağla. Atam da bağladı. Sonra kənddən kənara iki kilometr yol gedib şəklə baxıb gəlirdim.
Kəndimizdə poçt qutusu vardı, bir dəfə qutuya bir ağ kağız parçası saldım. Qaçıb evdə gizləndim, dedim, görəsən həmin kağız parçası hara gedib çıxacaq? Üstündə ünvan yox idi. Yəqin ki, ünvan olmadığına görə, kağız heç yerə getməyəcək, buna görə məni axtarıb tapacaqdılar! Uzun müddət fikir elədim... Elə bilirdim hökumət də üstünə ünvan yazılmayan o kağız parçasını düşünür. Bu saat hamının əsas fikri elə budur. 
Nənəm öyrətmişdi ki, Allaha "Allah baba" deyim. Hər gün Allah babaya yalvarardım, o kağızı mən atdığımı bilməsinlər.
Telefon dirəklərinin yanında pis söz danışmazdım, elə bilirdim bütün telefon simləri hökumətin qulağına gedir. Nənəm belə demişdi.
Məndən yaşça böyük oğlanlar bir yerə yığılıb istədikləri qızdan danışırdılar. Yanlarına gedən kimi səslərini kəsirdilər. Ciblərindən vazelin çıxarıb barmaqlarının ucunda alnıma azca sürtərdilər. Elə bilirdim ətirdi... Mən ətir görməmişdim. Bundan sonra onlardan uzaqlaşardım. Sonralar bildim ki, onlara nə zülmlər vermişəm.
Bir dəfə yaylaqda fermaya şəkil çəkən gəlmişdi, hamının şəklini çəkdi. Dedim, mənim də şəklimi çək. O da aparatı üzümə tutub ağzı ilə "çık" elədi. Baş barmağını mənə göstərib "əla" - dedi. Dedim, şəklimi ver. O da əlini çantasına atıb bir dovşan şəkli çıxardı, dedi al, bu da sənin şəklin. Mən uzun müddət elə bildim ki, dovşan şəkli mənəm. Hamıya göstərirdim, elə bilirdim biz adam olanda belə oluruq, amma şəkil çəkdirəndə şəklimiz dovşan kimi çıxır.
Yeddi yaşımda birinci sinfə getdim, üç-dörd  gündən sonra nənəmə dedim ki, daha mənim getdiyim bəsdi, indi də sən get. Nənəm məni dalına alıb apardı məktəbə. Sinif yoldaşlarım, ən çox da qızlar mənə baxıb gülürdülər. Nənəm məni sinfə qoyandan, yəni müəllimimizə təhvil verəndən beş-altı dəqiqə sonra dərsdən qaçırdım. Kəsə yolla nənəmdən tez gəlirdim evə. Nənəm gəlib görürdü ki, mən artıq evdəyəm. 
Əlacsız qalan nənəm düz bir ay mənimlə bir partada oturdu. Nənəmsiz məktəbə getmirdim. Sonra nənəm yoruldu. Mən də bundan sonra heç məktəbə getmədim. 
Müəllimlər dalımca evə gəlirdilər, məni tutub zorla aparardılar, birdən əllərindən çıxırdım, müəllimlər düşürdü dalımca, mənə çata bilmirdilər.
Kitabın, dəftərin iyi gələndə titim-titim titrəyirdim, gecə səhərə kimi ağlayırdım. İstəyirdim nənəm deyə ki, yaxşı, səhər dərsə getmə, desəydi, o dəqiqə kiriyərdim.
Tək-tük dərsə gedəndə də riyaziyyatdan ev tapşırıqlarını köçürmək üçün parta yoldaşım dəftərini mənə verərdi. Sən demə parta yoldaşım misalları başqasından on qəpiyə alıb, mənə iyirmi qəpiyə satırmış.
Amma mən də az aşın duzu deyildim, səkilli kartların hər birini dəqiqəsi on beş qəpikdən uşaqlara göstərirdim.
Dərsə getməməyimin əsas səbəblərindən biri kök bir qızın məni döyməsi idi. Utandığımdan dərdimi heç kəsə deyə bilmirdim. Qız da məni xəlvət döyürdü. Heç kim görmürdü.
Ən qorxduğum dərs bədən tərbiyəsi idi. Hələ oğlanlar bir yana, qızların hamısı uzunluğa məndən yaxşı tullanırdılar. Ən çox da məni döyən o qız...
Amma pişik, quş oynatmaqda, at minməkdə, araba düzəltməkdə, pəncərə şüşəsi sındırmaqda, qarpız qabığından maşın düzəltməkdə, nə bilim, cibində şəkilli kart gəzdirməkdə, hamısı məndən geri qalırdı.
Müəllimlər adımı jurnaldan pozmur, sinifdən-sinfə özləri keçirirdilər, deyirdilər guya yaxşı zehnim var (tərəkəmələrdə yaddaşa zehin deyirlər), mənə heyifləri gəlir.
Axır ki, 9-cu sinifdə dərsə getməyə məndə maraq oyandı. Sevirdim. Ardıcıl dərsə getməyə başladım. Onda həmin qız məndən utanırdı.
Şəkilli kartları həyətimizdə torpağa basdırdım.
9-cu sinifdən sonra yaxşı qiymətlə oxudum.
Sonra universitet... Kitablar... Görüşlər... Bakı... Xarici ölkələr...
İndi həmin məktəbin girişində mənim iri şəklimi asıblar. Ədəbiyyat otağında kitablarımdan ibarət guşə düzəldiblər. Bu yaxınlarda həmin məktəbin şagird və müəllim kollektivi ilə mənim şair kimi görüşüm oldu.

Müəllimlərim xatirə danışdılar.
Nənəm yadıma düşdü.
Görüşdə nənəm yox idi.
Nənəmi on yeddi ildir itirmişəm.
Kaş nənəm qapıdan girəydi...
Ay nənə, hey!