​​​​​​​ƏDƏBİYYATIMIZ Hüseynbala  Mirələmov İŞIĞINDA

Dr. Hüseyn Şərqidərəcək Soytürk

Hüseynbala  Mirələmov  müasir Azərbaycan ədəbiyyatının ən parlaq, ən məhsuldar simalarından biridir. Bədii, publisistik və elmi əsərləri ilə təkcə Azərbaycan Respublikasında deyil, ölkə hüdudlarından kənarda da yetərincə tanınan Hüseynbala Mirələmov müasir Azərbaycan ədəbiyyatının ən çox sevilən, çap olunan və oxucu rəğbətini qazanan nümayəndələrindəndir.

Hüseynbala Fazil oğlu Mirələmov 25 iyun 1947-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunun Nuravud kəndində dünyaya göz açmışdır. 1950-ci ildə onun ailəsi Lənkəran rayonuna köçmüş və Hüseynbala  Mirələmov uşaqlıq, ilk gənclik və məktəb illərini Lənkəranda keçirmişdir.

Hüseynbala  Mirələmov əmək fəaliyyətinə 1971-ci ildə Lənkərandakı 4 nömrəli Qaz Tikinti- Quraşdırma İdarəsində iş ustası kimi başlamış və sonrakı illərdə müxtəlif vəzifələrdə, daha sonra idarə rəisi vəzifələrində çalışmışdır. 1980-ci ildə onun əməyi yüksək qiymətləndirilmiş və o, keçmiş SSRİ-nin ən ali mükafatlarından biri olan "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.

H.Mirələmov 1986-cı ildə Bakıya

dəvət edilərək Azərbaycan Qaz Təmir-Tikinti Trestinə rəis təyin olunmuş, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

H.Mirələmov 1998-2008-ci illərdə Azərbaycan Qaz Emalı Zavodunun direktoru vəzifələrində çalışmış,  "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür. O, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, Beynəlxalq Mühəndislik Akademiyalarının həqiqi üzvü, Azərbaycanın və dünyanın aparıcı elmi jurnallarında dərc olunmuş yüzə yaxın elmi məqalənin, ali-texniki təhsil müəssisələri üçün yeddi dərs vəsaiti və dərsliyin müəllifidir.

Texnika elmləri doktoru, professor H.Mirələmov 2008-ci ildən Azərbaycan Neft və Sənaye Universiteti "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzivəsində çalışır və İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının sədridir.

H.Mirələmovun həm elmi, həm əmək, həm də ədəbi yaradıcılıq sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Azərbaycanın və dünya ölkələrinin bir sıra nüfuzlu mükafatlarına layiq görülmüşdür. Müstəqil Dövlətlər Birliyi ölkələrinin hökumətləri, MDB Parlament Assambleyası və Rusiya İslahatçılar İttifaqının dəstəyi ilə keçirilən ənənəvi "MDB-nin - İlin direktoru" müsabiqəsinin laureatı adına layiq görülüb. Birliyin 100 ən yaxşı elm və sənaye işçisi arasında yer alıb.

Bir neçə çağırış rayon və şəhər sovetinin deputatı olan H.Mirələmov 2015-ci ildə Azərbaycan Respublikasının ən ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmiş və xalqın etimadını qazanaraq dəfələrlə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş, Azərbaycan nümayəndə heyətinin tərkibində dünyanın bir sıra dövlətlərində ölkəni ləyaqətlə təmsil etmişdir.

Hüseynbala Mirələmov Avropa qitəsinin "European Market Researsh Center və Business İnitativ Direstions"  təşkilatlarının təsis elədiyi "Platin era" mükafatına layiq görülmüşdür.

Hüseynbala Mirələmovu tanıyanlar, bu işıqlı, əqidəli ziyalı, bacarıqlı təşkilatçı, tükənməz enerji və ilham sahibi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, o, Azərbaycan adlı əzəli, əbədi, parçalanmaz məmləkəti bütün varlığı ilə sevən, onun vahidliyini və müstəqilliyini göz bəbəyi kimi qorumağa hazır olan bir vətəndaş, qəlbində insanlara sevgi və məhəbbətdən yoğrulmuş müqəddəs qığılcımlar gəzdirən parlaq bir şəxsiyyət, hünər və qələm əhlidir.

Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov Hüseynbala Mirələmov haqqında belə demişdir: "Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz bir çox mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik. Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm". H.Mirələmovun tanınmış qırğız yazıçısı Çingiz Aytmatovla yaxınlığı iki xalqın dostluq simvoluna çevrilmişdi.

H.Mirələmov hələ gənc yaşlarından ədəbi yaradıçılıqla məşğul olmağa başlamışdır. 1986-cı ildə "Gənclik" nəşriyyatı tərəfindən H.Mirələmovun hekayələrinin az bir qismi toplanan və kütləvi tirajla nəşr edilən "Tənha durna uçuşu" kitabı oxucuların və ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur. H.Mirələmovun ilk hekayələrində insan və cəmiyyət, insanın cəmiyyətdə yeri, hər kəsin öz əməlinə görə Rəbbi tərəfindən mükafatlandırılması, yaxud da cəzalandırılması ideyası da mühüm yer tutur. Müəllifin qənaəti belədir ki, insan övladı Allahın ona bəxş etdiyi ömrü şərəflə yaşamalı, həyatda elə iz qoymalıdır ki, öləndən sonra rəhmətlə yad edilsin, çünki "əsl insanlar heç vaxt ölmür. Onların ömürlərinin davamı torpaq ömrüdür. Belə ömürlər torpağa qarışıb, torpağa çevrilib yaşayır. Torpaq ömrü isə əbədidir..."

H.Mirələmov 2000-ci ildən etibarən ədəbi yaradıcılıqla daha intensiv şəkildə məşğul olmağa başlamış, Azərbaycan Respublikasında və xarici ölkələrdə yetmişdən artıq kitabı çıxmışdır. Onun yaradıcılığı haqqında kitablar və silsilə məqalələr yazılaraq nəşr olunmuşdur.

H.Mirələmovun hekayə, povest, roman, dramaturgiya və publisistikasında qaldırılan kifayət qədər ciddi sosial-mənəvi problemlər yalnız Azərbaycanda deyil, əsərlərinin tərcümə olunub yayıldığı ölkələrdə də böyük maraq doğurur, Azərbaycan ədəbiyyatının, ədəbi-ictimai  təfəkkürünün  səviyyəsi  barədə  aydın təsəvvür yaradır.

Hüseynbala Mirələmov hansı mövzuda yazmasından asılı olmayaraq həyati məsələləri cəlbedici ədəbiyyat müstəvisinə keçirməyi bacaran, cəmiyyət miqyasında düşünən, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə seçilən bir yazıçıdır. Onun nəsr əsərləri, teatrlarımızda uğurla tamaşaya qoyulan, səhnələşdirilən dramları, siyasi publisistikamızın gözəl nümunələri olan "Heydər Əliyev", "İlham  Əliyev", "Zərifə Əliyeva", "Missiya" kitabları yazıçının nə qədər geniş bədii imkanlara malik olduğunu göstərməklə yanaşı, onun vətəndaş mövqeyini də əyani şəkildə nümayiş etdirə bilir.

H.Mirələmovun qəhrəmanları səmimi, xeyirxah, sarsıldıqları məqamlarda belə həyata, insanlığa inamını itirməyən insanlar, yazıçının özü isə həyat həqiqətlərinə sadiq, sözlə təbiətin və insanın daxili aləminin portretini məharətlə yaratmağı bacaran rəssam təxəyyüllü sənətkardır.

H.Mirələmov əsərlərində insan həyatının dialektikası, onun könül aləmi, iç dünyasını daha çox mənəvi-psixoloji aspektdə təqdim etməyi bacarır və bu səbəbdən də biz onun əsərlərində şərtiliklər, simvollar, sətiraltı mənaların üstünlük təşkil etdiyinin şahidi oluruq.

H.Mirələmovun "Gəlinlik paltarı", "Yanan qar" (Dağlarda atılan güllə), "Qırxıncı otaq", "Sonuncu fateh" kimi romanları, müəllifin "Xəcalət", "Vicdanın hökmü", "Ləyaqət", "Miras" kimi dram əsərləri, mütəfəkkir siyasi publisist kimi də "Heydər Əliyev", "İlham Əliyev", "Zərifə Əliyeva", "Missiya", "Çində möhtəşəm on gün" əsərləri ona ədəbi və elmi ictimaiyyətdə böyük rəğbət qazandırmışdır.

Təbiət və insan gözəlliyi, onlar arasında fəlsəfi vəhdət, kamilliyə, ucalığa, paklığa çağırış motivləri H.Mirələmovun nəsrində başlıca məziyyətlərdir.

H.Mirələmovun hekayələrində dərin müşahidə və ümumiləşdirmə başlıca keyfiyyətlərdəndir ki, bunu hər şeydən əvvəl onun cəmiyyətşünas bir yazıçı olması ilə əlaqələndirmək lazımdır.

H.Mirələmovun yaradıcılığı üçün xas olan yüksək mənəvi keyfiyyətlər, Vətən, torpaq, millət təəssübkeşliyi, əxlaqi təmizlik, saf məhəbbət duyğuları ədibin hekayələrində də öz bədii həllini tapmışdır. Bu mənada H.Mirələmovun hekayələrini həyatın üzünü görən, əməlinə və zəkasına güvənən adamın həyat və tale üzərində lirik düşüncələri kimi də qiymətləndirmək olar. Yazıçının  "Qartal" (1987), "Vicdanın cəzası" (1994) "Pərviz və Gülgəz" (2001), "Elbrusun səhvi" (2001), "Mərufun qələmi" (2002), "Bir gecənin sehri" (2005), "Gecə bənövşələri" (2010), "Məhəbbət hekayəti" (2011) və s. hekayələrində qəhrəmanların kamilliyi və saflığı, məhəbbətin aliliyi, vətən, torpaq, millilik, türkçülük naminə hər cür fədakarlığa hazır olmaq kimi başlıca keyfiyyətləri üstünlük təşkil edir ki, bu da gənc nəslin əxlaqi xüsusiyyətlərinin, milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır.

Öz əsərlərində zamanın nəbzini tutan, ən ümdə məsələləri - insanın mənəvi-psixoloji əhval-ruhiyyəsini, humanizm, vətənpərvərlik hisslərini ön plana çəkən H.Mirələmovun təlqin etdiyi məna və ideya müasir gənclərdə əsl fədakarlıq, xeyirxahlıq hissləri oyadır ki, bunun da mühüm tərbiyəvi əhəmiyyəti vardır. H.Mirələmovun hekayələrinin mənəvi-emosional təsirini şübhəsiz ki, ədibin və onun lirik, emosional əsərlərinin ədəbi qələbəsi kimi qəbul etmək olar. Onun sənətinin təsir gücü də elə bundadır.

Mövzuları müasir həyat hadisələrindən götürülmüş "Təmizlənmə" (2002), "Tənha lalə" (2002), "Əclaf" (2008), "Gecə sürünən ilanlar" (2009), "Qumru yumurtaları" (2009), "Taledən qaçmaq olmur" (2010) povestlərində də əxlaq və mənəviyyat məsələlərinə geniş yer ayrılır.

Maraqlı, orijinal süjetə, bitkin kompozisiyaya malik olan, yarı xatirə, yarı olmuş və başa gəlmişlərin təsviri yolu ilə yazılmış bu əsərlərdə yazıçı təxəyyülü ilə gerçəyin, bədiiliklə sənədliliyin harmoniyası öz əksini tapmışdır. Ölçülü-biçili, yazıçı ustalığı və səmimiliyi ilə təqdim olunan hadisə və olaylar hər bir oxucunu gələcək mücadilələr üçün daxilən səfərbər etmiş olur.

Azərbaycan Xalq  Cümhuriyyətinin 85 illiyi ilə əlaqədar III Bakı "Kitab Bayramı" sərgisində müəllifin "Xəcalət" əsəri nəsr nominasiyası üzrə birinci yeri tutmuş, yazıçı-dramaturqa ədəbi-kulturoloji diplom qazandırmışdır.

H.Mirələmovun geniş oxucu kütləsi və ziyalı auditoriyasının böyük marağına səbəb olan "Sonuncu fateh" (2007-2011) tarixi romanı onun nəsr yaradıcılığı sahəsində xüsusi bir mərhələdir. Bu əsərdə xalq taleyinin yaxın-uzaq keçmişinə müraciət edib mühüm hadisələri, ötən əsrlərin görkəmli dövlət xadimlərinin həyat və fəaliyyətini yaşadığımız çağın intibah işığında araşdırılıb qiymətləndirilməsi və bu mənəvi tələbatdan doğan qiymətli əsərlərdən biri kimi dəyərləndirilir. H.Mirələmovun digər əsərləri kimi, bu roman-trilogiya da nəşr edildikdən sonra dərhal ədəbi-elmi ictimaiyyətin diqqətini cəlb etmiş, haqqında dəyərli fikirlər söylənilmişdir.

H.Mirələmov sanballı bədii əsərlər yaratmaqla yanaşı, real faktla yazıçı təxəyyülünun harmoniyasından yaranan gözəl publisistik əsərlərin də müəllifidir. H.Mirələmovun publisistikasının bədii-fəlsəfi mahiyyətini bir cümlə ilə bu şəkildə ifadə etmək olar: xalq və tarix qarşısında mənəvi məsuliyyət! O  publisistika ilə gənc yaşlarından, ilk hekayələri çap olunduğu vaxtlardan məşğul olmağa başlamışdır və 2002-ci ildə müxtəlif mətbuat orqanlarında əlliyə yaxın məqaləsi çap olunub. H.Mirələmov publisistikanın bütün janrlarında yazıb və qələmini daha çox ədəbi-bədii publisistika, məişət publisistikası və siyasi publisistika sahəsində sınayıb.

H.Mirələmovun siyasi publisistikasının baş qəhrəmanı XX əsrin  böyük şəxsiyyəti, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevdir. H.Mirələmovun publisistik qələmindən H.Əliyev şəxsiyyətinə tükənməz məhəbbətin tarixi-fəlsəfi ifadəsi olan aşağıdakı kitablar ərsəyə gəlmişdir: "Amalın işığında" (2002), "Həqiqət" (2003), "Zəfər yolu" (2003), "Bir günəş var" (2004), "Millətin atası" (2004) və nəhayət, Moskvada-, məşhur JZL - Görkəmli adamların həyatı seriyasından çap olunmuş "Heydər Əliyev" (2005) kitabı.

Hüseynbala Mirələmov ustad bir söz və qələm sahibi olduğu kimi, həm də hünər sahibidir. Onun xalqın liderinə həsr olunmuş "İşığın izi ilə" essesi həqiqətən əbədiliyə qovuşmuş yenilməz bir insana həsr olunmuş elegiyadır. Mavi Xəzərin həzin laylasını, ana Kürün əzəmətini, Xan Arazın nisgilli, qəmli çırpıntılarını özündə əks etdirən bir nəğmə, vəzn və qafiyəsi olmayan poetik bir şeiriyyətdir.

R.Mirələmovun Heydər Əliyev haqqında kitablarını vahid bir konsepsiya birləşdirir: ulu öndəri yeni Azərbaycanın - müstəqil Azərbaycanın qurucusu kimi göstərmək!

Publisistik yaradıcılıq sahəsində yazıçının digər bir uğuru JZL seriyasından V.Adriyanovla birgə yazdıqları "İlham Əliyev. Bioqrafiya prodoljayetsya" (2007) kitabı ilə bağlıdır. Kitabda müəlliflər tarixi-xronoloji prosesə sadiq qalmaqla bərabər yeni tipli liderin formalaşmasını təmin edən siyasi-fəlsəfi amllərə xüsusi həssaslıqla diqqət yetirmişlər.

H.Mirələmov bədii əsərlərində olduğu kimi, fəlsəfi-publisistik əsərlərində də bir qayda olaraq millətin və dövlətin maraqlarına xidmət etməyi qarşısına məqsəd qoyur, faktları yazıçı təxəyyülünün süzgəcindən keçirərək zamanla səsləşən əsərlər yarada bilir.

 

Tanınmış  ictimai-siyasi xadim, görkəmli alim, çağdaş ədəbiyyatımızı təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da ləyaqətlə təmsil edən Hüseynbala Mirələmov gözəl nasir və səriştəli publisist olmaqla yanaşı, həm də əsərləri teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulan, tamaşaçı rəğbəti qazanan dramaturqdur. Hekayə, povest, roman və publisistik əsərlərində olduğu kimi, dram əsərlərində də H.Mirələmovu düşündürən əsas problem Azərbaycan xalqının varlığı, birliyi, müstəqilliyi və özgürlüyü məsələsidir.

İstər tarixi, istərsə də müasir mövzularda yazdığı dram əsərlərində biz yazıçını daima xalqın, millətin istək və arzularının, adət-ənənələrinin, duyğu və düşüncələrinin tərcümanı kimi görürük. O, idealına sadiq qalmış, milli dəyərlərimizin təcəssümü olan ümumbəşəri məsələlərə dramaturgiyasında daha çox yer ayırmaqla, təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın problemləri ilə yaşayan bir yazıçı olduğunu bir daha sübut etmişdir.

Onun qələmindən çıxan, mətbuatda mütəmadi olaraq işıq üzü görən hekayələri, esseləri, povestləri, romanları, dram əsərləri, publisistik məqalələri inandırıcı duyğuların, həyati düşüncələrinin, qəlbdən gələn həqiqətlərin təcəssümüdür.

Hüseynbala Mirələmovun əsərlərini diqqətlə oxuyanda bir həqiqət duyulur: müəllif yazmaq üçün mövzu düşünmür, gündəlik həyatımızda cərəyan edən  hadisələr onun yazıçı təxəyyülündən yan ötmür. Ona görə də səmimilik yazıçının hər bir əsərinin ruhuna hopmuşdur.

Ümumiyyətlə, Hüseynbala Mirələmovun yaradıcılığı çoxşaxəlidir və onun əsərləri məhdud mövzu çərçivəsində deyil. O, geniş diapazona malik bir yazıçıdır. Şübhə yoxdur ki, biz oxucular həyatının və yaradıcılığının ən məhsuldar, ən qaynar mərhələsini yaşayan Hüseynbala müəllimin yaxın gələcəkdə hələ neçə-neçə gözəl əsərləri, neçə-neçə ədəbi qəhrəmanları ilə tanış olmaq imkanı əldə edəcəyik.

Hansı  janrda, hansı həcmdə yazmasından asılı olmayaraq Hüseynbalanın qələmi də zəhməti kimi doğma torpağa, doğma yurda bağlıdır.