Ürəyi alovlu Əhsənlə ərköyün  Qədirin sənət möcüzəsi

Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Mükafatları laureatı

...Sədəfli tarın sehrkar sarı siminin həzin ahəngi hər hansı bir azərbaycanlının ürəyini coşdurub, duyğularını riqqətə gətirməzmi?

Xəyalı uzaqlara qanadlandıran tarın sarı simindən həm sevinc, həm də həzin bir kədər duymaq olar. Çünki sarı sim ilə xalqımızın ürək telləri arasında doğma bir yaxınlıq var. Kim sədəfli tarın sarı simindən qopan həzin ahəngi dərindən duyarsa, heç şübhəsiz, o, xalqımızın ürək tellərinin ahəngini hiss edər.

Əhsən Dadaşov... Dinləycini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən tarzən...

Əhsən Dadaşov... Şirin, ecazkar, rəngarəng çalğısı, dolu və sanballı səslənmə yaradan mizrabları, mənalı musiqi cümlələri ilə qulaqlarda, hafizələrdə deyil, şüurda belə unudulmaz iz buraxan virtuoz sənətkar...

Əhsən Dadaşov... Nəhayətsiz, sonu görünməyən, dərinliyi bilinməyən çılğın qəlbli muğam improvizatoru, sözün həqiqi mənasında ali hissi qabiliyyətə malik qeyri-adi ürək çalğıçısı...

Əhsən Dadaşov... Novator solo ifaçı, bənzərsiz müşayiətçi, görkəmli orkestr solisti, istedadlı ansambl rəhbəri, şair qəlbli bəstəçi, mükəmməl pedaqoq...

Sənətinə yaradıcı münasibəti, çaldığı muğamlardakı dərin fikiri, mənanı və bədii keyfiyyətləri özünün fərdi istedadı və təkrarolunmaz ustalığı ilə yüksək səviyyədə ortaya çıxarması tarın çırpınan ürəyi Əhsən Dadaşov ifaçılığının ən qiymətli cəhətləri idi...

Mahir tarzən, Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovun anadan olmasının 90 illiyi tamam olub.

Əhsən Dadaşovun yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Onun tarda füsünkar ecazkarlıqla ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları, rənglər, dəramətlər musiqi xəzinəmizin "Qızılı fondun"a daxil olub.

Milli instrumental sənətinin inkişafı və təbliği sahəsində mühüm xidmətləri olan Əhsən Dadaşovun əlamətdar yubileyi münasibətilə yazıçı-jurnalist Rafiq Hacıyev qüdrətli tarzənin həyat və yaradıcılığından bəhs edən "Əhsən sənə, Əhsən!.. kitabı üzərində yaradıcılıq işini başa çatdırıb.        

Kitabda yazıçı-jurnalistin özünəməxsus poetik təsvirləri, cəlbedici təhkiyəsi, ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmaq məharəti qələmə aldığı  materiallarda Əhsən Dadaşovun şəxsiyyətinə olan böyük məhəbbət və dərin hörmət hisslərində öz əksini tapan gözəl, məftunedici lirik notlarla canlı və parlaq verilib.

Əhsən Dadaşovun mahir tarzən kimi sənətkarlığı, rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının musiqi mədəniyyəti tariximizdəki rolu, instrumental muğamların ifasındakı fərdi çalğı xüsusiyyətləri, eyni zamanda bəstəkar əsərlərinin mahir ifaçısı, məşhur xanəndələrin istedadlı müşayiətçisi, bir çox ürəkoxşayan axıcı melodiyalara malik rəng, rəqs, və təsniflərin müəllifi kimi yaradıcılığı portret-povestdə rəngarəng boyalarla rəsm olunub.

Kitabın yüksək bədii obrazlı dili ustad tarzəni əhatə edən şəraiti və adamları daha qabarıq və real surətdə nəzərə çapdırmaqla bərabər, həm də onun zəngin yaradıcılıq mənəviyyatını, geniş daxili aləmini solmayan bir gözəlliklə, təravətlə əks etdirir.   

Tarzənin öz dövrü ilə çoxcəhətli əlaqəsi Əhsən Dadaşovu mahir ifaçı, ansambl rəhbəri, istedadlı müşayiətçi, bəstəkar və pedaqoq kimi milli musiqi mədəniyyətimizin daha da inkişafı uğrunda mübarizə aparan xadim kimi tanımağa kömək edir. Bu mübarizə kitabın süjet xətində öz dolğun əksini tapıb.

Kitabda hər bir səhifəni oxuduqca dadlı və məlahətli çalğısı ilə ürəyinin və tarın sarı siminə toxunan Əhsən Dadaşov mizrablarının, barmaqlarının, xallarının qopardığı yanıqlı səs aydın eşidilir və oxucunun qəlbinə işləyir.

Bu ürəyə "işləmə"də üslub sadəliyi, ifa olunan musiqinin məzmununu dərindən, dolğun, düzgün açmaq, ifadəli, olduqca təmiz və dəqiq çalmaq bacarığı, bədii elementləri kamil texniki ustalıqla bir vəhdətdə birləşdirmək qabiliyyəti hər kəsi ovsunlayır, onu hara isə uzaqlara, lap uzaqlara "aparır". Eyni zamanda çalğıdakı ən kiçik melodik cümlə, ən xırda, ən balaca ibarə belə özlüyündə çox zərif, çox incə bir poetik məna kəsab edir.

Maraq doğuracağına inanaraq kitabdan bir hissəni oxucularımızın diqqətinə çatdırırıq.

              

ÜRƏYİ  ALOVLU ƏHSƏN

ÜSTƏGƏL ƏRKÖYÜN

QƏDİR BƏRABƏRDİR

SƏNƏT MÖCÜZƏSİNƏ

Qədir Rüstəmov başqa aləmdir!

Əhsən Dadaşov.    

Mən Əhsən Dadaşova bütün ömürüm

boyu borcluyam.

Qədir Rüstəmov,

Xalq artisti.

Musiqi nəşəsi min sevgili cananə dəyər,

Əsəri, naleyi-ney arif üçün cana dəyər.

Musiqi əhlinə insaf ilə qiymət qoymaq

Ləhni-Davud ilə min təxti-Süleymanə dəyər.                                                                                                                                                                         

Bixəbərlər nə bilir ləhceyi-xanəndə nədir,

Əhli-hal olsa, bu söz qədrdə milyanə dəyər.

Pərdeyi-qəm dağıdır tarə dəyəndə mizrab,

Türreyi-dilbərə hərdən necə ki şanə dəyər...      

Əliağa Vahid.

...Bakı... 1968-ci il... Paytaxtd

a "qora bişirən" ayın bürkülü günləri yaşanırdı. Hava dözülməz dərəcədə isti idi. Studiyada projektorların zəif çəhrayı işıq zolağı səhər şəfəqlərini xatırladırdı. Adama elə gəlirdi ki, indicə Günəş buludların arasından boylanacaq...

...Qavalı götürüb ürkək-ürkək, ətrafına baxa-baxa, asta addımlarla ansambl üzvlərinin oturduğu yerə yaxınlaşır, öskürə-öskürə boğazını arıtlayırdı. Sanki kimdənsə qorxub çəkinirdi. Hamı maraqla ansambl rəhbərinin studiyaya gətirdiyi bu arıq, qara, qayış kimi oğlana nəzər yetirirdi. Bir az əvvəl Əhsən müəllim onu uşaqlara təqdim edəndə söyləmişdi ki, bu cavan oğlan Ağdamdandır, adı da Qədirdi, Asəf Zeynallıda oxuyur (A. Zeynallı adına Musiqi Texnikumu - R. H.).

Ansamblda olan uşaqların dodaqlarında növbətçi təbəssüm görünsə də, ilk baxışdan heç kəsin bu cılız, zəif, çəlimsiz oğlandan gözü su içmədi. Təhər-töhüründən, görkəmindən heç xanəndəyə oxşamırdı.

Qədirin sur-sumbatından o qədər arıqlıq, cılızlıq tökülürdü ki, deyərdin sanki bu qara, qayış kimi oğanın nə danışmağa dili var, nə də hələ olsun ki, oxumağa səsi. Amma burdakılardan heç kəs bilmirdi ki, bu görnüşü, o, öz müstəqilliyini, dəlisovluğunu, ərköyünlüyünü, az qala məğrurluğunu ifadə edən bir bayraq kimi özü ilə gəzdirirdi...

Əhsən müəllim həmişə qayğılı, mükəddər görünən baxışlarını bir anlıq Qədirin üzündə gəzdirdi. Sonra tarı sinəsinə sıxdı və başını onun "ürəyinin və çiyərinin " - çanağının üstünə qoydu. Baş barmaqlarını pərdələrdə, simin üzərində saxlayarkən, onları möhkəm sıxdı ki, səs cingiltili yox, dolğun çıxsın. Və barmaqlar hərəkətə gəlib adamın üzünə şox salan simlərin sükutunu pozdu. Tarzən xəbərdarlıq mizrabları vurub çalğıya ton verdi. Sehrli mizrabların təsirindən musiqidəki "boyalar" canlanmağa, dilə gəlməyə başladı. Bir ansambl çalğıçı "sol" mayəli "Segah" kökündə "Sona bülbüllər" xalq mahnısnın ürək titrədən melodiyası ilə ona qoşuldu...       

Gəldiyi kollektivdə ilk dəqiqələrdən bir qədər soyuq, inamsız və biganə münasibəti hiss edən arıq, qara, cılız, qayış kimi oğlanın qaşları alnının ortasında çəkilib baş-başa gəldi. Bədəni qıvrıldı və səsi ox kimi dartılıb açıldı. Səs axdı, dalğalandı, əfasanəvi Səməndər quşu kimi yana - yana havalandı.

Qədirin ürəyində çığnam-çığnam qaynayan, fışqırmağa hazır səs selinin ağzı açıldı. Oğlanın dodaqlarının kilidində sanki illər boyu həbsə alınmış "Sona bülbüllər" səsinin ürəyindən qoparaq, pərvazlanıb uçdu! Uzaq, çox uzaq əsrlərdən havalanıb gələn qədim bir el mahnısının həsrətli, yanıqlı sözləri damcı-damcı sinələrə axdı. Məlahətli bir səs studiyanı başına götürdü, nə götürdü:

Su atdım hara dəydi,

Sona bülbüllər.

Əlim divara dəydi,

Saçı sünbüllər.

Dilim, ağzım qurusun,

Sona bülbüllər.

Nə dedim, yara dəydi?

Saçı sünbüllər.

"Elə yar yar" deyirlər,

Heç məni demirlər,

Ay sona bülbüllər.    

Səs qalxdıqca, kotan kimi köksünü şırımladıqca Qədir qıvrıldı, qıvrıldıqca balacalaşdı, balacalaşdıqca yumağa dönüb yumruq təki sıxıldı, sanki ağlı başından çıxdı. Onun sinəsindən elə bil söz közərə-közərə qopur, dəmirçi kürəsindən qanadlanan qığılcıma bənzəyirdi. Sözlərin canına yanğı düşmüşdü, nə idisə dinləyənləri odlandırırdı.

Bu çəlimsiz, bu arıq, bu cansız, oxuyanda titrəyən, titrəyən, titrəyən bu oğlandakı qışqırıq, haray haradan idi?

Bu çəlimsiz, bu arıq, bu cansız oğlanın səsindəki hıçqırıqlar, cingiltilər, ümidsiz çağrışlar haradan idi?

Haradan idi, ay Allah?!

Gözlə görünməyən, əllə tutula bilməyən, lakin fikrin, düşüncənin gözlərini açan, ürəyi, qəlbi həyəcana salan, təlatümə gətirən, sinəsi od tutub alışan bu qanadlı səs yandırmaqla bərabər həm də düşündürürdü.

Qədirin ayrılıqların, həsrətlərin üstündən boylanan səsi qədimliyi, kövrəkliyi və şirin-şirin yanğısıyla ansambl üzvlərini, xüsusən də Əhsən müəllimi tutmuşdu. Deyəsən, özü də yaman bərk tutmuşdu! Onun barmaqlarında bir həyəcan dalğası titrəyirdi!

Qədirin səsi tarzənin xəzan könlünü atəşə qalayırdı. Əhsən müəllim keçirdiyi təlatümlü hissləri boğa bilməyərək, mütəəssir halda Qədirə baxırdı. Elə bil ustadın sinəsinin başında yaş odundan ocaq qalamışdılar. Korun-korun yanan bu ocağın tüstüsü ürəyinə sızır və acı duman olub gözlərində burumlanırdı. Ürəyinin köhnə göynərtiləri başından vurub ayağından çıxır, yandırıb yaxırdı onu. Qəlbi yavaş-yavaş gözlərinə köçürdü. Baxışlarının dərinliyində getdikcə kədər buludu sıxlaşırdı.

Əhsən müəllimin gözləri də, barmaqları da Qədirin səsinə səs verib oxuyurdu. Bu barmaqlar tarın ürəyinə od salmışdı. Mizrablar tarın "sümük"lərini titrədirdi.  Qədir isə hissləri qovuran saca dönmüşdü:

Evləri köndələn yar,

Sona bülbüllər.

Bizə gül göndərən yar,

Saçı sünbüllər.

Gülün yarpıza dönsün,

Sona bülbüllər.

Bizdən üz döndərən yar,

Saçı sünbüllər...

"Elə yar yar" deyirlər,

Heç məni demirlər,

Ay sona bülbüllər.    

Bu ulu səs tarzənin sızıldayan, göynəyən, qaysaq bağlayan yarasının qartmağını, közünü qopartmışdı, üstünə də bir ovuc duz səpmişdi və demişdi: "Hə, Əhsən müəllim, böyük ustad! İndi sən mənə yaxşı-yaxşı qulaq as ki, neçə-neçə illər boyu heç kimə büruzə vermədiyin, amma nakam, cavan oğlunun içində çəkdiyin vaxtsız itkisindən yana qəlbində ağır yük kimi daşıdığın dərd, qəm, ayrılıq yansın, odlansın, cızdağı çıxsın"...

Qədirin səs tembri, səs imkanları, xanəndəlik sənətinə məxsus zəngulələri, boğaz qaynatmaları, melizm və ştrixləri məharətlə ifa etməsi ansambl üzvlərini heyran qoymuşdu. 

Və... "Sona bülbüllər" qanadlandıqca yazda budaqlar çiçəklədiyi kimi Qədirin də səsində "kədər, fəryad çiçəkləyirdi"...

Olmasaydı qəmi-eşqin dili-viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

Əhsən müəllim ağ simdə zil "Segah"la muğama girirdi və tarın səsi ürəyin ən incə tellərində gəzirdi. Tarzən xanəndənin dilindən söylənilən melodik ifanı mizrab-mizrab, ürəyi pörşələnə-pörşələnə izah edirdi. Və həmin mizrabların yanıqlı titrəyişi, yalvarışı adamın canına köz salırdı, yandırıb-yaxırdı.

Musiqi ilə dolu barmaqları tarzənin ürəyinin və "Segah"ın zil şöbəsinin ritminə uyğun dil açdırıb "danışmağa" məcbur edən nə idi, kim idi, nəçi idi? Bu məşəqqət, əziyyət, cəfa çəkən barmaqlar nə diləyirdi görəsən? Əhsən müəllimin ürəyi tarından lap çox oxuyurdu. Tarzənin çalğısı - Əhsən müəllimin ifası ilə təqdim edilən zil segah "Segah" muğamına bir növ əlavə edilən bənzərsiz, möcüzəli bir yenilik idi! 

Qədirin isə bu yenilikdən xəbəri vardımı, yoxdumu, bilmirəm. O, bəlkə də heç bu yeniliyin mahiyyətinə belə varmırdı, özü üçün qərib, qaibanə bir səslə oxuyurdu:

O qara xalı mənə versələr, qanın içərəm,

Nə üçün mənzil eyləyib arizi-cananımda.

Xanəndənin qəlbi sarı simə dönmüşdü. Elə bil Əhsən müəllim onun ürəyini çalırdı. Tarzən sağ əl ifa texnikasını - alt və üst mizrabların düzgün və ardıcıl şəkildə vurulmasını, eyni zamanda, sol əl sıxmasını "Segah"ın zil şöbəsinin ifa tərzinə uyğun şəkildə yerinə yetirirdi. Tarın pərdələrindən qopan qığılcımların şövqü axıb Əhsən müəllimin  bəbəklərinə dolurdu, gözlərində göllənirdi. Qədir isə dediyini kəlmə - kəlmə xırdalayıb dağ eləyərək, sinələrə köz qoyurdu:

Eyləməz aşiqi bir lütf  ilə xürrəm, ya rəb,

Bax elə zil "Segah"ın bu yerində, müxalif pərdəsinə dəyib, geri qayıdan bu anda tar özünü unudan Əhsən müəllimin ürəyinin üstündə dəlisov, adamın ixtiyarını əlindən alan bir yeriş açmışdı. Əhsən müəllimin sinəsindəki sanki tar deyildi, elə bil nakam balası idi. Sıxmışdı sinəsinə və simlərin harayı ilə ona kədərli layla çalırdı. Bu saniyələrdə tarzənin ürəyindən acı yellər əsirdi, dodaqları səyriyirdi. Ürəyi tüğyan eləyirdi. Gözlərini açmaq istəmirdi, kirpikləri nəmli idi. Əgər Əhsən müəllim gözlərini bir az açsa idi...

Bax, belə dəqiqələrdə kim deyibsə ki, qurban olum "Segah"a, Vallah, düz deyibdi. Doğrudan da, istedadın, ən əsası da ÜRƏYİN varsa - istər instrumental ifaçı ol, istərsə də xanəndə - buyur nə istəyirsənsə, nəyi bacarırsansa elə, yandır könülləri görüm, necə yandırıb, yaxırsan!

Xanəndələrin sözü olmasın, zil "Segah"da Əhsən müəllimin ÜRƏYİ "elə nəfəs"lər eləyirdi ki, deyirdin bu dəqiqə, bu saat, Allah eləməmiş adamın nitqi kəsiləcəkdir.

"Segah" tonallığına düşmək üçün daha incə, xırda melizmlərdən istifadə edən tarzən sanki Qədirə  deyirdi ki, "əziz dostum, eşqlə, məlahətlə ifa edirsən, amma, bax, indi mən vurduğum xalları o yanıqlı səsinlə oxusaydın, lap müsibət olardı".       

...Əhsən müəllimin rəngi avazıyırdı. İçində vurnuxan, özünə yer axtaran duyğulara çözüm tapmayan ustad, başını tarın çanağına qoyub yaşla dolmuş gözlərini yumaraq, ürəyini yeyə-yeyə çalırdı. Adama elə gəlirdi ki, bu dəqiqələrdə o, ətrafda baş verənləri  məhz ürəyinin gözləri ilə görür, duyur və danışırdı. Əhsən müəllim qəlbində ürəyinin ağlar-sızlar tellərindən, vaxtsız xəzan vurmuş korpə oğlunun bənövşə ətirli istəklərindən ilmə salır, aylı gecəsi, çəməni, çiçəyi ilə qövsi-quzeh arğaclı xatirələr toxuyur, öz çalğısı ilə sanki möcüzəyə acıq verirdi. Əhsən müəllimin ürəyinin qanı açılmışdı və o, Qədirin səsini "yarasının üstünə sarımışdı" ki, ağrısına, göynərtisinə, sızıltısına məlhəm olsun...  

Qədirin naləsi od tutub qızışdıqca, ürəklər ocaq kimi yanırdı. Duyğular dəli köhlənə dönürdü. Səs sinələri sızıldadırdı.

Bu nə rəftardır ol sərvi-xuramanımda?

 Ansambl üzvləri özlərində deyildilər, Allah haqqı, barmaqlarını kəssəydin xəbərləri belə olmazdı. Dərin fikrə getmişdilər. Bənizləri dümağ idi. Öz bənzərsiz çalğısı ilə Əhsən müəllim Qədirin oxumağını öz sehrli tarında təkrarlamaqla onun yeni boğazlar vurmasına meydan verirdi. Bu zaman Qədir ustad tarzənin məntiqli "ayaq" vermələrini arifanə şəkildə hiss edərək, ifanın təsirliliyini daha da gücləndirmək üçün onu yanıqlı  boğazlarla bəzəyirdi. Xanəndənin yanğısına cavab verən tarzən özünün nisgilli çalğısı ilə sözün əsl mənasında "oxuyur"du. Bu adi çalğı yox, oda, alova, yanğıya dönən qüdrətli sənətkar çalğısı idi!.. 

Qədir isə dərddən, qəmdən özünü unudub şaqqanaq çəkən hicranın səsinə boy verirdi:

Dəryada gəmim qaldı,

Sona bülbüllər.

Biçmədim zəmim qaldı,

Saçı sünbüllər.

Çox çəkdim yar cəfasın,

Sona bülbüllər.

Mənə də qəmim qaldı,

Saçı sünbüllər.

"Elə yar yar" deyirlər,

Heç məni demirlər,

Ay sona bülbüllər.    

Ansambl üzvlərini və studiyanın rejissor otağında olanları heyrət götürmüşdü: fikirləşirdilər ki, bu oğlana qulaq asanda gərək ürəyinə daş bağlayıb dinləyəsən. Adamın cızdağı çıxırdı bu səsi eşidəndə. Bayaqdan bəri laqeyd baxdıqları bu arıq, qara, cılız, qayış kimi oğlan, sən demə, başdan-ayağa çox böyük bir ürək imiş! Oxuyan, qəmli, kədərli ürək!..

...Və həmin gün Qədir xalqdan aldığı "Sona bülbüllər"i təzə nəfəslə, bir möcüzə kimi xalqa qaytarır, heyrətin monumental heykəlini ucaldırdı. "Sona bülbüllər" "qanad gərib" pəvazlanırdılar. 

Əhsən də Qədiri ucaldırdı, onun ömürünün üstünə yeni ömür, əbədi və ölməz  ömür qoyurdu. Çünki milli musiqimizin özünəməxsus səhifəsi olan Qədirin ecazkar səsini, nadir orjinal ifaçılıq sənətini ilk dəfə bu böyük şəxsiyyət GÖRMÜŞDÜ və həmin şanlı səhifənin ilk oxucusu Əhsən Dadaşov idi!, 

Bax, elə əsil sənət də, sənətkarlıq da budur!..

...Mahnı sona çatdı, "yumruq" açıldı. Qədir oxuyub qurtardı. Əhsən müəllim bir-neçə dəqiqə oturduğu yerdə qaldı. Əlinin ardı ilə tərini sildi. Bədəni çim suyun içində idi, onu isti tər basmışdı. Qədirin yanıqlı səsi ürəyini şırımlayıb yandırmışdı. Elə bil köksü üstündə ocaq qalamışdılar, sinəsi od tutub korun ocaq kimi tüstülənirdi. Qədirin səsinin ağrı-acısı gözlərində çınqıllanır, kirpiklərində şehlənirdi.

Bir siqaret yandırdı. Heç bir hərəkətin təsirinə məruz qalmayan siqaret tüstüsü sifətinin önündə öz ahəngi ilə yuxarı qalxmağa başladı. Qədirin səsi onu varından yox eləmişdi. Qədirin səsində ürəyə köz salan bir qəhər vardı. Elə bil tüstü Əhsən müəllimin ürəyindən çıxırdı, yanan siqaret deyildi. Nəhayət, onun siqaret tüstüsünün arasından keçib gələn səsi eşidildi: 

- Qədir, sənin səsin başqa aləmdir. 

Bu sözləri dedi və Əhsən müəllimin gözləri yenə doldu.

Qədirin gözləri Əhsən müəllimin nəmli gözlərindən öpdü.

Əhsən müəllim də, ansamblın üzvləri də qəm heykəlinə dönmüşdülər. Hələ neçə illər idi ki, belə mənalı, təsirli, həyəcanlı və koloritli təzə səs, belə təzə ifa tərzi, belə əsrarəngiz muğam eşitməmişdilər. Qədirin ecazkar səsi, təkrarolunmaz ifaçılıq və insanın mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı onları heyrətləndirmişdi. Qədirin oxumağı  alınmışdı və hamı rahat nəfəs alırdı. Ansambl üzvləri bir daha əmin olmuşdular ki, saatlarla, yorulmadan Qədiri dinləyən, onun ifa boyu nümayiş etdirdiyi qeyri-adi boğazlara şahidlik edən Əhsən müəllimin özü də ifa zamanı heç də  Qədirdən az başı alovlu deyildi. 

Bakı yayının dözülməz istisində bütün ölçüyəgəlməz şıltaqlıqlarına və əziyyətlərinə dözən, onu təkrar-təkrar oxudan, böyük ifaçı və pedaqoq səbrinə malik Əhsən müəllimə xalq mahnısını Qədir bənzərsiz oxu ilə "təkrarolunmazlıq" möhürü vurub vermişdi. Həmin gün Əhsən müəllim Qədiri oxuda bilmişdi! "Sona bülbüllər" Qədir yaradıcılığının zirvəsi idi! Bu zirvəni kəşf edən, fəth olunmasında xüsusi xidmətlər göstərən isə Əhsən Dadaşov idi!

İfaçı ilə müşayiətçinin bənzərsiz həmahənglik əldə edə bilməsinin ən gözəl nümunəsi olan "Sona bülbüllər" çox dadlı-tamlı və yeni idi, burada Qədirin oxusunda, eyni zamanda Əhsən müəllimin ürəkdən süzülüb gələn çalğısında səsləndirilən yanıqlı boğazlar və vurulan şirin xallar zil "Segah"da çox təravətli, insanın ürəyini duyğulandıran idi...   

Qədir qavalı stolun üstünə qoyub qalxandan sonra studiya yatağından çıxmış güclü nəhr kimi çalxalandı, daşdı. Sanki, projektorlar da, divarlar da əl çalırdı. Qədirin səsi studiyadakı divarlardan asılmış işıqların da ürəyini yerindən oynadırdı. Studiyada olan səs rejissorlarının, ansambl üzvlərinin çöhrəsinə yarpaq-yarpaq gün düşürdü, sifətləri çiçək açırdı. Divarlar işıq saçırdı...

...Bu ilk ifadan düz altı ay ötəcəkdi və bütün  əzab-əziyyətlərə nəhayət, bir gün son qoyulacaqdı. Həmin bir gündə, gündüzdən gecəyə kimi "Sona bülbüllər"i Qədir 17 variantda oxuyub qurtaran təki şüşə arxasındakı adam - Adil Bəbirov əllərini göyə qaldırıb şadlıq əlaməti olaraq yelləyərək: 

- Sağ olun! Yığışın, qurtardıq! -  deyəcəkdi.  

Və... Əhsən müəllim 17 variantda yazılan "Sona bülbüllər" mahnısının lent yazılarını... düz səhər açılanadək 52 (!?) yerdən kəsib bir-birinə calaq edərək, onu Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin sədri Ənvər Əlibəyliyə elə həmin gün təqdim edəcəkdi. Ustad tarzən əmin idi ki, daha bu dəfə sədrin heç bir sözü olmayacaq, o, etiraz etməyəcəkdi. Çünki bundan əvvəl Əhsən Dadaşovun şəxsi səyi və xahişi ilə komitə sədri iki dəfə Qədir Rüstəmovu dinləmişdi və hər iki dinləmədə də "Ritmi yoxdur, ifasında texniki qüsurlar var, mahnını keyfiyyətlə oxumur" - deyərək onun lent yazısının efirə verilməsinə razı olmamışdı.

Bu dəfə Əhsən müəllimin gözlədiyi kimi də oldu. Ənvər müəllim Qədirin oxumağına irad tuta bilmədi. Əhsən müəllim və ansambl çox yüksək səviyyədə işləmişdilər. "Sona bülbüllər" bir sənət möcüzəsi olmuşdu. Özü də bu möcüzə hər iki sənətkarın bir-birini duyması və tamamlaması nəticəsində baş vermişdi.

...Axşam radionun efirində diktorun dediyi sözlər bütün Azərbaycanı bu sənət möcüzəsi ilə heyrətləndirdi: 

- Xalq mahnısı "Sona bülbüllər". Oxuyur gənc müğənni Qədir Rüstəmov. Müşayiət edir Respublikanın Əməkdar artisti Əhsən Dadaşovun rəhbərliyi ilə Azərbaycan Radiosu və Televiziyasının Xalq Çalğı Alətləri Ansamblı...

"...Unudulmaz sənətkarımız Əhsən Dadaşova ömrüm boyu minnətdaram. Bir mahnımı yazdırmaqdan ötrü özünü oda-közə vurardı. Xəcalət çəkərdim. Deyərdim: - "Ay müəllim, axı bu qədər əziyyət nəyə lazımdır?" Cavab verərdi ki, "Lazımdır, Qədir, xalqın mahnılarını xalq üçün yaşatmaq lazımdır!" - Qədir Rüstəmov müsahibələrinin birində belə deyirdi.       

Bu mahnını Qədir necə ifa edib, bu, bir tərəfə. Lakin Əhsən Dadaşovun çalğısına sakit, daim təmkinlə qulaq asa bilməyin özü insandan nə qədər güc istəyirdi. Adama elə gəlirdi ki, ustad tarzən Qədiri solo müşayiət edəndə zil "Segah"ın atəşdən şan-şan olan yanıqlı simlərində həmin çalğını ürəyində yeri həmişə boş qalmış oğlu üçün çalırdı... 

Elə bil şair Bəxtiyar Vahabzadə aşağıdakı bu misraları məhz həmin çalğı üçün söyləyirdi:

Bu ağac parçası yanmayır özü,

Ancaq od-ocaqsız yandırır bizi.

Onun atəşinə od şan-şan olur,

Bu səsin oduna alışır su da.

Ağac hər atəşə alışan olur,

Bəs niyə alışmır belə bir oda?...                                           

...Və bu şirin çalğıdan şirələnmiş, Əhsənin və Qədirin ürəyindən dərilib, onların könül duyğularından şərbət içmiş yanıqlı "Sona bülbüllər" düz 50 ildir ki, yazın ilk nübarı, ilk sevinci bir bənövşə dəstəsi kimi ruhumuzu oxşayır...