​​​​​​​O, institutun canlı ensiklopediyası, sütunlarından biridir

Zəkiyyə Əbilova, AMEA M.Füzuli  adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru

Dünya yaranandan, ilk insan həyatı dərk edəndən, ilk sənət və sənətkarlar meydana çıxandan bu günə kimi hər bir sahənin xiridarı olmuşdur. Kimi yenilməz sərkərdə kimi, kimi texniki kəşflər şahı kimi, kimi söz ustadı kimi, kimi də elm dünyasının sultanı kimi tarixdə iz qoymuşdur.

Elə sadə peşələr də olub ki, ona ürəklə yanaşan ustası "kərpickəsən kişi" kimi həmin sənəti zirvələrə qaldırıb. Ancaq  burada da fərq vardır. Bir var ki, hər hansı bir sənəti sevəsən, gecə-gündüz mənimsəməyə çalışaraq sirlərini öyrənib mütəxəssis olasan, bir də var ki, həmin sənət sənin alın yazın, Allah vergisi olsun. Mənim qəhrəmanım ikinci qisimdəndir. Allah ona elə bir istedad verib ki, onu bu sahədə çalışan hər kəsdə görmək mümkün deyildir. Tək-tək olan belə nadir istedadlardan biri bizim hər iş günü gördüyümüz, görməyəndə nigaran qaldığımız, tez-tez narahat etdiyimiz Arif müəllim Ramazanovdur.

Həyat salnaməsi rəngarəng olan Arif müəllimin atası Feyzulla Xəlil oğlu Qərbi Azərbaycanda, dədə-baba yurdu olan İrəvan şəhərində anadan olmuşdur.  Anası Zərnişan xanım Mehrəli qızı isə əslən Gəncədəndir. Təsadüf elə gətirir ki, bir-birini tanımayan iki ailə 1918-ci ildə erməni-müsəlman davası başlayanda İrana köçürlər. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti bərqərar olduqdan sonra  Xəlil kişi ailəsini götürüb Bakıya qayıdır. Müəyyən müddət İranda yaşadıqlarına görə artıq ailə üzvləri həmin ölkənin pasportunu daşıyırdılar. Artıq yeniyetməlik yaşında olan ailənin oğlu Feyzulla  Azərbaycan Dövlət Tibb İnstitutuna  daxil olur. Lakin ailənin sakit həyatı uzun çəkmir. 1938-ci ildə, IV kursda oxuyarkən ölkədəki ictimai-siyasi vəziyyətdən asılı olaraq aparılan təşviqatlar nəticəsində İran İslam Respublikasının pasportunu daşıyan bir çox ailələr kimi Xəlil kişinin ailəsi də İrana departasiya olunur və Tehranda məskunlaşır. Bu zaman Zərnişan xanımın da ailəsi burada idi. Doğma diyardan gələn hər iki qərib ailə bir-birinə isinişir və onların bu yaxınlığı qohumluqla nəticələnir. Belə ki, 1940-cı ildə Feyzulla ilə Zərnişan xanım ailə həyatı qururlar. Artıq tibb təhsili olan Feyzulla 1943-cü ildən 1961-ci ilə qədər Qırmızı Aypara Cəmiyyəti tərəfindən sovetlərin  burada inşa etdiyi xəstəxanada həkim kimi çalışırdı. 1945-ci il, oktyabr ayının 25- də dünyaya gələn Arif müəllim ibtidai təhsilini Tehranda alır. Alə təxminən iyirmi iki il vətən həsrəti ilə burada yaşayır. Ölkədə siyasi vəziyyət sabitləşəndən bir qədər sonra Azərbaycana qayıdırlar.

Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq Fakültəsinin Fars Filologiyası şöbəsinə daxil olan Arif Ramazanov 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirir və həmin ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Əlyazmalar İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, bu günə kimi baş biblioqraf, kiçik elmi işçi, şöbə müdiri ("Materialların ilkin elmi və texniki işlənməsi" şöbəsi 1973-1980), böyük elmi işçi vəzifələrində çalışmışdır. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əlyazma kataloqlarının, əlyazmalar əsasında yazılan kitabların tərtibində və aparılan tədqiqatlarda Arif müəllimin rolu danılmazdır. A.Ramazanov institut ekspert komissiyasının katibidir. O, əlyazmaların toplanması, yeni alınan materialların aktlaşdırılması, qiymətləndirilməsi və ilkin işlənməsi, əlyazma kitablarının inventarlaşdırılması və inventar kitablarının yazılması sahəsində xüsusi fəaliyyət göstərir. Fond materiallarını zənginləşdirmək məqsədi ilə Azərbaycanın rayonlarında ekspedisiyalarda olmuş, əlyazma, qədim çap kitabları və digər tarixi sənədlər əldə etmişdir. Elmi fəaliyyətinə gəlincə, o, iyirmidən artıq elmi məqalənin müəllifidir. Əllidən artıq kitabın tərtibi, transfoneleterasıyası və ya tərcüməsinin əziyyətini çəkmişdir. Belə ki, M.Y.Şirvaninin "Tibbnamə", Mir Mehdi Xəzaninin "Tarixi-Qarabağ", Baharın "Əhvalati-Qarabağ", Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" (K.K.Şərifovla birlikdə) və "Məzlumnamə" əsərlərini çapa hazırlayaraq nəşr etdirmişdir. Axund Əbdüssəlam Axundzadənin "Müqəddəs peyğəmbərlər tarixi", M.Y.Qarabağinin "Məcmueyi-Vaqif və digər müasirin", Seyidəli ibn Kazımbəyin "Cəvahirnameyi-Lənkəran", Əliverdibəyovun "Rəsimli musiqi kitabı", Etimadüs-Səltənənin "Xeyrati-hissan" və "XIX-XX əsr uşaq ədəbiyyatı tarixi müntəxəbatı" və Abbas Ağa Nazir Qaibzadənin "Əsərləri"ni redaktə etmişdir. Arif müəllim 2009-2014-cü illər ərzində "Dərbəndnamələr" (Bakı, 2010), Məczub Təbrizinin "Divanı" (Bakı, 2013), Marağayinin "Əmsal və nəsayihi- türki" (Bakı-2012), İbrahim Tahirin "Əsərlər"i (Bakı-2012), Təsir Təbrizinin "Türkcə şeirləri"  (Bakı-2011), Məhəmməd Füzulinin biblioqrafiyası (Bakı-2011), Şeydanın "Gülşəni-maarif" təzkirəsi (Bakı-2014) kimi kitabların tərtib, tərcümə və ya redaktəsi Arif müəllimin zəhmətidir. A.Ramazanov Abbasqulu Ağa Bakıxanovun "Riyazül-Qüds" əsərini transfoneliterasiya edərək çapa təqdim etmişdir.

1982-1984-cü illəri Əfqanıstanda hərbi xidmətdə olarkən hərbi tərcüməçi kimi fəaliyyət göstərən Arif Ramazanov müharibə veteranıdır.

Sinxron tərcüməçi kimi birincilər sırasında olan Arif Ramazanov Respublikada keçirilən yüksək səviyyəli görüş və tədbirlərdə səlis tərcüməsi ilə yadda qalmışdır. Təsadüfi deyildir ki, Heydər Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığından iyirmi gün sonra, 1993-cü il, oktyabr ayının 23-də böyük bir nümayəndə heyəti ilə ölkəmizə gəlmiş İran İslam Respublikasınin prezidenti Ə.Rəfsəncani ilə keçirdiyi bütün görüşlərin tərcüməçisi məhz Arif Ramazanov olmuşdur.

Fars dilinin gözəl bilicisi olan Arif müəllim Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar kataloqunu fars dilinə tərcümə etmişdir. Kataloq 2000-ci ildə İran İslam Respublikasında çap olunmuşdur. O, SSR Elmlər Akademiyası S.Şedrin adına kitabxanada və Şərqşünaslıq İnstitutunda saxlanılan Fars Əlyazmalarının kataloqlarını fars dilinə tərcümə etmişdir. Hər iki kataloq İran İslam Respublikasında 2000-ci ildə çap olunmuşdur. Əbülhüseyn Kaşaninin "Səfərnameyi-İsfəhan" əsərinin birinci cildini və Özbəkistan Respublikası Şərqşünaslıq İnstitutunda mühafizə olunan farsdilli əlyazmaların kataloqunu da fars dilinə tərcümə etmişdir. Farsdilli mütəxəssis kimi dəfələrlə İran İslam Respublikasına elmi ezamiyyətlərə göndərilmişdir. 1990-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanılan əməkdaşlıq müqaviləsinə əsasən 1993-cü ilin noyabr ayında altı aylıq müddətə İrana ezam olunmuşdur. Burada bir sıra əlyazma xəzinələrinin fondları ilə tanışlıq imkanına malik olmuşdur. Həmin müqaviləyə əsasən yenidən 1996-cı ildə Qum şəhərində yerləşən Mərəşi adına kitabxanaya üç ay müddətinə ezam olunmuşdur. 2006, 2011-ci illərdə də İran İslam Respublikasına ezam olunan Arif Ramazanov əlyazma xəzinələri, oradakı iş prinsipi ilə tanış olur, azərbaycanlı müəlliflərin əlyazmaları ilə maraqlanır, institut əməkdaşlarının ehtiyaci olan əlyazmaların əldə olmasına çalışır və qayıdarkən özü ilə xeyli elmi ədəbiyyat, əlyazma mikrofilm və kataloqları gətirmişdir.

O, son illərə qədər institutun ekspozisiya zalının yeganə farsdilli tərcüməçisi olmuşdur.

Arif müəllim Əlyazmalar İnstitutuna gələn qonaqlara lazım olan materialları əldə etməkdə həmişə yardımçı olmuşdur. Təsadüfi deyildir ki, biz Amerikada olarkən bir əlyazmanın izi ilə başqa bir şəhərə  zəng vurmalı olduq. Xəttin o başındakı şəxs Azərbaycandan olduğumuzu bildikdə Bakıda olarkən əlyazma mütəxəssisi kimi ona kömək etmiş Arif müəllimi xoş sözlərlə xatırladı və salamını çatdırmağı xahiş etdi.

O, Azərbaycan Radiosunun Xarici dillər şöbəsi ilə uzun müddət əməkdaşlıq edərək institutun əlyazmalar xəzinəsi ilə bağlı verilişlərdə dolğun çıxışları ilə yadda qalmışdır. Arif müəllim Azərbaycanda fəaliyyət göstərən bütün muzeylərdə ərəb əlifbası ilə işlənmiş eksponatların və arxiv materiallarının oxunmasında əməkdaşlara mütəmadi olaraq köməklik göstərir. Bir neçə muzeyin, o cümlədən, Ü.Hacıbəylinin və C.Məmmədquluzadənin Ev Müzeylərinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Muzey Eksponatlarının Bərpası Mərkəzinin və Respublika Milli Kitabxanasının ekspert komissiyasının üzvüdür. A.Ramazanov Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunun Qala qəsəbəsində yaradılmış Qala Əntiq Əşyalar Muzeyindəki bütün eksponatların ərəb əlifbası ilə olan qeyd və tarixlərini müəyyənləşdirərək oxumuşdur. Arif  müəllim Əlyazmalar İnstitutunun canlı ensiklopediyası, sütunlarından biridir. Elə bir Əlyazma oxuyan tapılmaz ki, heç olmasa, bircə dəfə Arif müəllimi narahat etməmiş olsun. Əlyazmalar sirrini açmaq istəməyən ən çətin anlarda hər kəsin ürəyindən Arif müəllim keçir. "Aparım bir Arif müəllimə göstərim"- deyir. Nəinki, bizim institutda, bütün şəhərdə, bölgələrdə belə, ərəb əlifbası ilə yazılmış hər hansı bir çətin oxunan ifadə olduqda son güman yeri Arif müəllimdir. Təsadüfi deyildir ki, 2003-cü ildə institutda keçirilmiş attestasiyanın nəticələrinə uyğun olaraq abidələrin oxunmasında əməkdaşlara yaxından köməyinə görə Arif müəllimə minnətdarlıq bildirilmişdir.

Arif müəllim həm də gözəl ailə başçısıdır. Onun bir oğlu bir qızı və dörd nəvəsi vardır. Övladlarının  hər ikisinə ali təhsil vermiş, onları cəmiyyətimiz üçün faydalı vətəndaş kimi tərbiyə etmişdir.

Arif  Ramazanovun əməyi dövlət tərəfindən qiymətləndirilərək 1980-ci ildə "Əməkdə fərqlənməyə görə" medalı və 1983-cü ildə isə "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bu günlər Arif müəllimin 73 yaşı tamam olur. Ümid edirik ki, o daha böyük mükafatları bundan sonra alacaqdır. Ən böyük mükafatı isə bu gün kollektivin ona olan sevgisidir.

Biz əlyazma xiridarı Arif müəllimə Allahın ən gözəl neməti olan cansağlığı arzulayırıq.