Yaralama

Şərafət DAĞISTANLI

 

Bir bülbüləm xoş nəfəsli,

Həmdəmimdir bahar fəsli.

Xoşlamıram dar qəfəsi,

Bağban məni yaralama -

Bu bağlardan aralama!

 

Bir çiçəyəm al qumaşı,

Üstəki şeh üzük qaşı.

Sevmirəm boranı, qışı,

Külək, məni yaralama -

Çəmənlərdən aralama!

 

Bir bulağam suyum sərin,

Dağ döşüdür yurdum, yerim.

Müjdəsiyəm nəğmələrin,

Sellər, məni yaralama -

Bu dağlardan aralama!

 

Mən bir quşam ağ qanadlı,

Göyərçinəm birlik adlı.

Sülh quşudur mənim adım,

Ovçu, məni yaralama -

Məni göydən aralama!

 

Bir dənizəm ağ gəmili,

Bir səhrayam göy zəmili.

Dava məni, savaş məni,

Tufan məni yaralama -

İnsanlardan aralama!

 

Mən şairəm, elin şanı,

Oxu məni, yaxşı tanı.

Hanı Müşfiq, Vurğun hanı?

Ölüm, məni yaralama -

İnsanlardan aralama!

 

Bir ürəyəm incə şüşə,

Qoyma mənə ləkə düşə.

Çəkmə məni yanar şişə.

Aşıq, məni yaralama -

Məni səndən aralama!

 

Mənə zülüm eyləsən də,

Yenə könlüm qalıb səndə.

Neyləsən də, neyləsən də,

Aşiq, məni yaralama -

Məni səndən aralama!

 

Dağıstanla Azərbaycan

 

Uca dağdan düzə endim,

Aranızda zirvələndim,

Biri duzum, biri qəndim -

Dağıstanla Azərbaycan!

 

Bir-birinə könül açdı,

Əzəl gündən can-qardaşdı,

Ta qədimdən qan qardaşdı -

Dağıstanla Azərbaycan!

 

Bir-birinə həyan olub,

Bir-birinə yanan olub.

Ayrı deyil, bir can olub -

Dağıstanla Azərbaycan!

 

Qohumluq var kökümüzdə,

Ayrılıq olmasın bizdə.

Söykənək bir-birimizə -

Dağıstanla Azərbaycan!

 

Bir-birinin fəryadına,

Gəlib yetəndir dadına.

Alqış hər iki adına -

Dağıstanla Azərbaycan!

 

Bakı Dərbəndin qardaşı,

Bir-birinin ehtiyacı,

Sayılandır qeyrət tacı -

Dağıstanla Azərbaycan!

 

Çələngidir məhəbbətin,

Həm dostluğun, sədaqətin.

Vətənidir Şərafətin -

Dağıstanla Azərbaycan!

 

Azərbaycan

 

Qoca Şərqin aynasıdır,

Anaların laylasıdır.

İgidlərin anasıdır

Azərbaycan, Azərbaycan.

 

Düşmənlərə sinə gərdi,

Milyonları qurban verdi,

Hər işində müzəffərdi

Azərbaycan, Azərbaycan.

 

Ata-baba ocağıdır,

Dədə Qorqud torpağıdır.

Sanki cənnət qucağıdır -

Azərbaycan, Azərbaycan.

 

Dar günümdə dayaq olub,

Gözümdə nur-çıraq olub,

Həyatıma maraq olub

Azərbaycan, Azərbaycan.

 

Dostluqların açarıdır,

Könüllərin baharıdır,

Cavid-Müşfiq ilqarlıdır

Azərbaycan, Azərbaycan.

 

Daim yaşıl bir baharam,

Nə qədər ki sağam, varam,

Sənə, sənə minnətdaram

Azərbaycan, Azərbaycan.