​​​​​​​Azərbaycan bayrağı

Ramiz Qusarçaylı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, Ayını göydə mələklər öpər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, -

Azərbaycan bayrağı!

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı!

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı!

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

Yağış

 

Bulud qara,

düzüm ağ,

Sudan tutaq uzanaq…

Göy süpürür tozanaq

Toz yağışı öldürür.

 

Dəniz gülür,

dan gəlir,

Dalğanı ley san, gəlir,

Gözündən leysan gəlir

Qız yağışı öldürür.

 

Yer bir zəmi,

biçir göy,

Yeri öy-öy içir göy,

Yaşıl səsdən keçir göy

Yaz yağışı öldürür.

 

Əl açır qara, damlar

Dil açır qara damlar,

Gül açır qar adamlar

Buz yağışı öldürür.

 

Tufan qəfil, su ani,

Ölüm ötən qu fani…

Söz ən böyük Sunami

Söz yağışı öldürür…

Söz

 

Göz yaşım Söz yaşıdı,

İşığında şam öldü.

Ölən halal yaşadı,-

Yaşayan haram öldü.

 

Nə sirli bu söz yüküm,

Heyrətinə diz büküm.

Öldü Salaməleyküm,

Əleykümsalam, - öldü.

 

Ürək kəsdim, arıtdım,

Söz-söz sərib qurutdum …

Bir misranı unutdum,-

İçimdə balam öldü …

 

Yığılır

 

Ötüşür qəm buludları,

Gözümə ulduz yığılır.

Dərd ürək-ürək dərilir,-

Bənövşə qız-qız yığılır.

 

Ömür əldə bağ kimidi,

Yollar yaşıl tağ kimidi,

Vicdan da papaq kimidi

Atdın, üstə toz yığılır …

 

Təndir dolu küt adamlar,

Ayaq yuyur "büt" adamlar,

Elə artır şit adamlar

Bədənimə duz yığılır…

 

***

 

Sovrulur ömrün xırmanı

Yerində can ətri qalır.

Ayrılığın kol dibində

Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,

Şimşək oynar kürəyimdə

Hər gün səngər ürəyimdə

Bir misranın qətli qalır.

 

Gecələrə Ay tuturam,

Şöləsinə boy tuturam,

Ölümə bir toy tuturam

Əzrayılın xətri qalır…

 

Dünya

 

Nə əksən erməni çıxır,

Alağına şükür, Dünya.

O da mənə qənim çıxır

Dolağına şükür, Dünya.

 

Bir səsdi, bir hənir, - hamı,

Gündə bir boy enir hamı,

Bir-birini minir hamı

Ulağına şükür, Dünya.

 

Toyuq ağlı, quş biliyi,

Kürsüdə tüğyan eləyir,

İt də yemir kişiliyi

Yalağına şükür, Dünya.

 

Papağı yox sanır arvad,

Kişinin nöqsanı arvad,

Yüzündən doxsanı arvad…

Balağına şükür, Dünya.

 

Alim özünü aldadır,

Şair sözünü aldadır,

Ata qızını aldadır

Calağına şükür, Dünya.

 

Adam-adam aşınır Yer,

Qiyamətə daşınır Yer,

Daha Göydən boşanır Yer

Talağına şükür, Dünya.