ÜRƏKDƏ TİKİŞLƏR

Nurəddin QƏNBƏR

Yazıçı dostum Fərman Kərimzadənin əziz xatirəsinə

Növbətçiydim. Toran qarışan vədəsiydi. Otaqda oturub qəzet oxuyurdum. Qəflətən qapı açıldı. Qapının kandarında bir neçə nəfər tələm-tələsik bir adamı döşəmənin üstünə atıb qaçdı. Dərhal qapıya çıxdım. Döşəmənin üstündə cavan bir oğlan uzanmışdı, üst-başı, pal-paltarı qan içindəydi. Döş qəfəsindən axan qan döşəmədə göllənirdi. Dərhal nəbzinə əl atdım. Nəbz əllənmirdi. Barmaqlarının ucu, sir-sifəti, dodaqları gömgöy göyərmişdi. Gözləri çevrilmişdi. Bir sözlə, əsl meyit sifətiydi. Tibbi dildə buna "klinik ölüm" deyilir. Hər şey bir anın içində oldu. Daha bu meyidi döşəməyə atıb qaçanların kimliyinin fərqinə varmağın vaxtı deyildi. Dərhal xəstəni xərəyə uzadıb, əməliyyat otağına apardıq. Bütün kollektiv ayağa qalxmışdı. Xəstənin arterial təzyiqi sıfra bərabər idi. Pal-paltarını soyundurduq. Düz ürək nahiyəsindən vurulan bıçaq yarası aşkar edildi. Yaradan hələ də qan sızırdı. Bədən getdikcə soyuyurdu. İyirmi üç-iyirmi dörd yaşlarında sarışın bir oğlan idi, qan itirdikcə sifəti kağız kimi ağarırdı.

 

Anestezioloq-reanimatoloqların səyi nəticəsində arterial təzyiqi altmışa qaldırmaq mümkün oldu. Bud arteriyasına vurulan qan və qanəvəzedicilərin, görünür, bir o qədər də xeyri olmurdu. Çünki o biri tərəfdən itirdi. Naəlac qalıb, əməliyyata başladıq.

Yara nahiyyəsi boyunca torakotom kəsik aparıb, döş qəfəsini açdıq. Perikard (ürək kisəsi) üzərində kəsik yeri görünürdü. Perikard boşluğu qan laxtaları ilə dolmuşdu - tıxanmışdı. Buna "ürəyin tamponadası" deyilir. Belə hallarda perikarda boşluğu qan laxtası ilə dolduğundan ürək dayanır. Lakin qanı ehtiyatla təmizləyərkən ürəyin sağ mədəciyi üzərində, ön səthində kəsilmiş-deşilmiş yara göründü. Ürəyin zirvəsinə balaca zərbə ilə təkan verdim və ürək dərhal işə düşdü. Elə bu andaca, bəlkə də, anın yüzdə biri qədər - bunu ölçmək çətin idi - qan haman kəsikdən fəvvarə vurdu, üz-gözümü bulayıb, düz tavana milləndi. Həmin anda operator gərək özünü itirməsin. Ürəyi əllə tutub saxlamaq və onun üzərində iş görmək olmaz. Ürək işləyə-işləyə işləmək lazımdır. Bayaqdan "tamponada" (tıxac) vəziyyətindən yenicə xilas olmuş ürəyi indi tutub saxlamaq, tikiş qoymaq, ya nəsə eləmək olmazdı. Odur ki, köməkçini əvvəlcədən xəbərdar etdim ki, artıq hərəkət etməsin. Beləliklə, ürəyin sistola və diastola vəziyyətlərini nəzərə alıb, yaranı tikdik.

Qanaxma artıq dayanmışdı. Ürək aramsız işləyirdi. Plevra boşluğuna axıb dolan qan laxtalarını təmizlədik. Plevra boşluğuna drenaj boru qoyduq. Əməliyyat artıq başa çatmışdı. İndi xəstənin nəbzi yaxşı əllənirdi, arterial təzyiqi normaya yaxın idi. Yorğun üzlərdə bir sevinc duyulurdu. Xüsusən də hemodinamikaya, tənəffüs sisteminə nəzarət edən və ümumiyyətlə xəstənin həyata qaytarılmasında müstəsna xidməti olan anestezioloq Qədirov (Allah ona rəhmət eləsin, heyif ondan) daha çox sevinirdi...

Bir neçə gün keçdi. Xəstə özünü yaxşı hiss edirdi. Artıq durub gəzirdi, halbuki erkən hərəkətə - gəzintiyə icazə verilmirdi. Sadəcə olaraq oğlanı yataqda saxlamaq mümkün deyildi.

Bir dəfə palataya girəndə gördüm ki, xəstə yoxdur. Tibb bacısı şikayətlənib dedi ki, sözümə baxmır. İndicə yanına şalvarlı bir qız gəlmişdi. Pəncərədən baxıb gördüm ki, tək şalvarlı qız deyil, xəstəmizi bir neçə qız dövrəyə alıb. Ağacların altında əl-qolunu ölçə-ölçə Don Kixotluq eləyir. Güc-bəla ilə gətirib, yatağa uzatdıq.

Nə isə. Bu hadisə necə olmuşdu?

Səkkizi mart imiş. Dostlar yığışıb, bayram süfrəsi açırlar. Volodya da əlində bir dəstə gül qonaq gəlir - ev sahibi olan dostunun xanımını təbrik etsin. Gülləri verib, xanımın üzündən öpür. Bunu görən ev sahibi, eləmə tənbəllik, stolun üstündəki bıçağı qapıb soxur Volodyanın ürəyinə...

Operasiyanın ertəsi günü yanıma bir neçə bazburutlu adam gəldi. Məni dilə tutmağa başladılar ki, mümkünsə, xəstənin ürəyinin yaralanmasını yazmayım. "Səni dünya malından qane edəcəyik" dedilər. Məni dəhşət götürdü. Bu adamlar bilmirdilər ki, mən ürək üzərində əməliyyat aparmağımla (bu, üçüncü dəfə idi) necə fəxr edirəm. Sevincimin hədd-hüdudu yox idi. Üzümü turşudub, bu bazburutlu adamları (bəlkə də, xəstəni ölüm ayağında atıb qaçanlar da aralarında idi!) rədd elədim...

Otaqda oturub yazı yazırdım. Palata tibb bacısı xəbər gətirdi ki, Heydər Əliyevin xanımı Zərifə xanım palatada, Volodyanın yanındadır. Rəhmətlik Zərifə xanım o vaxtı Respublika klinik xəstəxanasının göz xəstəlikləri kafedrasına rəhbərlik edirdi. Mərkəzi Komitənin birinci katibinin xanımı olmaqdan əfsəl, Zərifə xanımın bir həkim kimi kollektivdə xüsusi hörməti vardı. Gözəl, zərif, mehriban insan idi.

Yerimdən hövlnak qalxdım. Axı bu nə işdi, Zərifə xanımla bu xəstənin nə əlaqəsi?.. Palataya gəldim. Zərifə xanım mehribanlıqla məni sorğu-suala tutdu. Xəstənin vəziyyəti barədə soruşdu. Və aşkarladı ki, bu oğlanın anası Mərkəzi Komitənin qonaq evində işləyir və orada da hər dəfə Heydər Əliyev onu gözü yaşlı görüb, əhvalatdan xəbərdar olub. Evdə söhbət düşüb, maraqlanıb. Məsələ aydın idi. Mən qürrələnirdim. Qürrələnirdim ki, xəstəmlə görün kimlər maraqlanır. İndi bunu təkcə şöbə deyil, bütün xəstəxana və xəstəxana rəhbərliyi də bilirdi. Hələ şayiə də yaymışdılar ki, məni bu yaxınlarda bir yaxşı vəzifəyə çəkəcəklər, hardasa yüksək bir mükafat alacağam və s.

Doğrudan da, bir müddət xəstəxana rəhbərliyi mənə qarşı münasibətini dəyişdi. Bayaqdan yanımdan keçəndə salam verməyən baş həkim indi mənimlə hörmət-izzətlə görüşürdü. Yanına xırda bir iş üçün gedəndə xoş əhval-ruhiyyə ilə məni qəbul edirdi. İndiyəcən familiyamı quru-quru çəkən bu adam mənə dəbdə olduğu tək russayağı - adımla, atamın adı ilə müraciət edirdi. Bunu görən başqaları da belə edirdi.

Amma bu hal çox çəkmədi. Volodyanı evə yazdım. Bir-iki dəfə özünü yoxlatmağa gəldi. Sonra da birdəfəlik getdi. Hətta işlədiyi zavoda (çilingər idi) xəstəxana adından məktub da yazdım, gəlmədi. Hər şey yavaş-yavaş yaddan çıxdı. Barəmdə yayılan söz-həkətlər də köhnəldi. Nə mənə vəzifə verən oldu, nə də mükafat. Allah Fərman Kərimzadəyə rəhmət eləsin. (Volodya hələ xəstəxanadan çıxmamışdı) İsi Məlikzadə bizim xəstəxanada müalicə olunurdu. Fərman və bir dəstə başqa ədib onun yanına gəlmişdilər. Bu əhvalatı eşidib bildilər. Bildilər ki, ürəkdə cərrahi əməliyyat aparmışam.

Bir neçə gündən sonra "Azərbaycan gəncləri" qəzetində Fərman Kərimzadənin "Ürəkdə tikişlər" oçerki çıxdı... İndi də o yazını rəhmətlik yazıçımızın ən əziz yadigarı kimi arxivimdə saxlayıram. Allah onun qəbrini nurla doldursun...