İlk olmaq arzusu...

Sona Çərkəz  BDU-nun baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  "Qızıl Qələm" media mükafatçısı

Yaşadığımız həyatın mənəvi soyuqluğuna, biganəliyinə öz etibarı və sədaqəti ilə istilik gətirən insanlardır bu dünyanın dəyəri, məncə. Belə mənəviyyatı parlaq və zəngin insanları gözlərim önünə gətirəndə həyatın boz üzünü bəzən rəngarəng görə bilirəm. Nəciblik, zadəganlıq və ədəb-ərkan cəmiyyətdə ən tez gözə çarpan insani xüsusiyyətlərdəndir. Az olmayan ömrümdə ətrafımda belə insanların çox olması ən böyük təsəllimdir. 


Bu gün kiçik bir təbrik yazısı yazmaq keçdi qəlbimdən. Həm də bu yazını "Yada düşdü" jurnalında görmək istədim. Elə buna görə də bəri başdan bu gözəl jurnalın baş redaktoru Nəzakət xanıma jurnalının səhifələri hər zaman üzümə açıq olduğu üçün dərin təşəkkürlərimi bir-iki kəlimə ilə çatdırmaq niyyətindəyəm. Yuxarıda dediyim insanların cərgəsində gördüyüm ürəyi və düşüncələri gözəl bu xanıma İlahidən cansağlığı və çox zəhmət tələb edən işlərində uğurlar diləməyi də özümə borc bildim. Çünki böyüyə hörmət, el-obaya sevgi, haqq-ədalət eşqi, ədəbiyyata vurğunluq, məhəbbət Nəzakət xanımın həyatında, qələmində və əməllərində hər an duyulur. Bizlər də bu sevginin daima şahidi oluruq, bu sevgidən bizlərə də pay düşür...
Beləcə, böyük sevgi və sayğı ilə yazacağım bugünkü yazıda həyatımın hər anında yanımda olub, öz möhtəşəm əməlləri, sədaqəti və etibarı ilə qəlbimdə əbədi yeri olan rəfiqəm, dostum, sözün tam mənasında bacım Zərifə xanımın nəvəsi Nərgizi tanıdacağam sizlərə. O Nərgizi ki, bu günlərdə "Lider TV"-də görüb çox sevindim... "İlklərdən olmağı sevirəm" söylədi Nərgiz. Kimdir Nərgizimiz? 
Bəlli etdiyim kimi, əzizim Zərifə xanımın nəvəsi. Ədəb-ərkanlarına məftun olduğum Nigarın və Mehmanın gözəl övladı. Azərbaycan Dövlət Xəzər Dənizçilik Akademiyasının "Gəmi-energetika qurğuları istismarı mühəndisliyi" fakültəsinin "Mexanika" ixtisası üzrə I kurs tələbəsi. "Mexanika" ixtisası üzrə qrupda tək qız. 
Həyat göstərib ki, əqidəsi və istəyi arxasınca mətin addımlarla gedənlər öncül olub, Vətəninə layiq vətəndaş olmağı bacarırlar. Uğur ancaq əzmlə çalışanları sevir, onların qarşısına çıxır, onların həyatını mənalandırır. Nərgizin də amalı ilklərdən olmaq, oxuduğu akademiyada biliklərə dərindən yiyələnmək və cəmiyyətimizə yararlı vətəndaş olaraq əmin addımlarla irəliləmək, arzularını həyata keçirməkdir. 
Müstəqil Azərbaycanın hər bir gənci kimi, Nərgiz Səfərli də öz ürəyinin səsini dinləyərək seçdiyi ali məktəbdə istədiyi ixtisasa mükəmməl yiyələnərək, orada öyrəndiklərini həyata keçirmək üçün bu gün var gücü ilə çalışmaqdadır. Dərs əlaçısıdır Nərgiz. Ona bu çətin elm yollarında səbr və müvəffəqiyyətlər diləmək isə biz böyüklərin borcudur. 
Yuxarıda qeyd etdiyim kimi, çox yaxşı tanıdığım bu ailədə, yəni Zərifə bacımın ailəsində üç ləyaqətli övlad böyüyüb, elinə-obasına fəxarət yaşadıb və bu gün analarına da o hissi qürurla yaşadırlar. Onların övladları da müvəffəqiyyətləri ilə nənələrinin sevincinə sevinc qatıb, bu zəhmətkeş, övladları üçün pərvanəyə dönən fədakar qadının ömrünü mənalandırırlar. 
Nəhayət, təhsildə irəlilədiyi mətin addımlarla, inamla yol gedən Nərgizimizə bol sevinc və səadət diləyərək, onu nəvəm Sonanın və öz adımdan səmimi qəlbdən təbrik edir və hər yerdə, hər zaman ilklərdən olmağını arzulayıram! 

Elmə yiyələnmək ən böyük dilək, 
Niyyətin haraydı, ora da gəldin. 
Biz də yollarına uğur diləyək, 
Zəhmətli səfərdir, çətin və gərgin. 

İlk addımlarını inamla atdın, 
Sevgiylə irəli, əməllə dolğun. 
Nərgizim, taleyin gülsün üzünə, 
Biliklə insanlar olurlar olğun.