BİR DƏ GƏLMƏYƏCƏK…
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.
Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
nə bu dünyanın.
Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç zaman belə qar-yagış
nə mənim dünyamı,
nə bu dünyanı
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.
ƏVVƏL
Əvvəl qəlbin çırpınacaq
Tora düşmüş quş kimi
Sonra gözün yol çəkəcək
Gələnin varmış kimi.
Sonra havan çatmayacaq
Daralacaq nəfəsin.
Sənə zindantək gələcək
Yaşadığın qəfəsin.
Qəfil yada salacaqsan
Səsdən gələn istini.
Dəli kimi qaçacaqsan
Telefonun üstünə.
Tez-tələsik yazacaqsan:
"Planlarım dəyişib...
Bəlkə sabaha keçirək,
Birigünkü görüşü".
Sonra ağıl qalmayacaq
Düşünməyə ardını.
Sonra nağıl başlayacaq
Unudassan adını.
Yuxundakı qonaq
Bilsəydim bu gecə necə yatmısan
Yuxunda kim olub, yatağında kim?
Hansı yaxın idi, şipşirin idi,
Yuxundakı, yoxsa yatağındakı?
Yuxundan beyninə, qəlbinə sızıb,
Qanında dolaşan qonaq gözəldi!
İsti nəfəsinlə körüklədiyin
Ruhla sığındığın qucaq gözəldi.
Yaxınında olmaq, yanında durmaq
Yatağına girmək hələ şərt deyil,
Sənin sədaqətin, mehrin, ülfətin
İsti nəvazişin məhəbbət deyil.
Qəlbinin qapısı yuxundan keçir
Röyandan gələn var - buyur qarşıla!
Sən ki söz vermişdin yüyürəcəksən
Di çıx qabağına yüyür, qarşıla.
Yuxun gerçək oldu!
Xəyalındakı
İndi qarşındadı - Qonaq sənindi
Sarıl qollarınla, sığın qoynuna
İstisi əbədi, qucaq sənindi.
NƏ FƏRQİ
Gedirsənsə, nə fərqi var, ya səssiz,
ya sözümü, baxışımı yozub get.
Nə fərqi var, azad burax, çox inan,
ya da yoxla, addımımı pusub get.
Bu sevginin nənnisində biz uşaq,
bitibdisə ha sarmaşaq, qovuşaq.
Fərqi yoxdu, ya candərdi barışaq,
ya da inci, ya da çığır, küsüb get.
Nə iblisim, nə mələyim deyilsən,
ümid dolu gələcəyim deyilsən.
İndən sonra ta gərəyim deyilsən,
fərqi yoxdu, ağlayıb get, susub get.
MƏLƏYİM… İBLİSİM…
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
EYNİYİK
Yerinə olsaydım bəlkə özüm də,
Atardım atdığın o addımları.
Keçərdim keçilməz qadağaları,
Sevərdim sevdiyin o adamları.
Qoparıb göydəki ulduzları da,
Onların başına səpələyərdim.
Bir isti kəlməylə, işıqlı sözlə
Məhəbbət, səadət bəxş eləyərdim.
Nə qədər eynidi addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?
GECƏ ZƏNGI
Telefon səssizdə, özüm yuxuda
Gecə zəngin gəlib, eşitməmişəm.
Küsüb incimisən, gileylənmisən
Xəbərsiz olmuşam - kiritməmişəm.
İndi ha soruşum səbəbi nəydi,
Məramı necəydi, necə zənginin?
Bilirəm həmişə gizləyəcəksən
Əsil səbəbini gecə zənginin...
SƏNSƏN…
Sənsən əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.
Cəhənnəmim də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlaşan bədənim mənim.
Sən - gecəm-gündüzüm, sən - toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.
BİLSƏYDİM
Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.
Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.
Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən
Yenidən qopardı qaysaqlarını…
Bilsəydim, yazmazdım bu şeirləri.