Rüstəm İbrahimbəyovun xatirəsinə

ANAR, Xalq yazıçısı,  Azərbaycan Yazıçılar Birliyinin sədri

Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən böyük yanlışı qısa bir müddətdə siyasətlə uğraşmasıydı. Mən bunu onun özünə deyirdim və mənimlə razılaşırdı.

 

Bilmirəm, uzun ömür xoşbəxtlikdir, ya əzabdır?! Əlbəttə, yaşamağın özü taleyin lütfüdür, amma həyatın boyu yaxınlarını və dostlarını itirmək də dözülməz ağrıdır. Doğrusu, onu da bilmirəm ki, çoxlu dostun olmaq xoşbəxtlikdir, ya bədbəxtlik.

Təbii ki, parlaq, maraqlı insanlarla ünsiyyət səadətdir, amma bir-birinin ardınca onları itirmək də - məşəqqətdir.

Dostlarımın bir qismini ölüm apardı, bir qismini həyat. Rüstəmi məndən ölüm aldı. Eləcə də Yusif və Vaqif Səmədoğluları, Araz Dadaşzadəni, Emin Sabitoğlunu, Fikrət Qocanı, Maqsud İbrahimbəyovu, Toğrul Nərimanbəyovu, Elçin Aslanovu, Fuad Seyidzadəni, Rasim Əliyevi, Həsən Turabovu, Vasif Adıgözəlovu, Arif Babayevi, Rasim Ocaqovu, Eldar Quliyevi, Vaqif İbrahimoğlunu, Rafiq Hüseynovu... Mən hələ ancaq sənət adamlarının adlarını çəkdim: İşıqlı insanların qəmli siyahısı...

Məni Rüstəmin tək işgüzarlığı, aşıb-daşan enerjisi yox, respublikanın həyatında hər şeydən xəbərdar olması da mat qoyurdu. Yolum Moskvaya düşəndə hökmən görüşürdük və hər dəfə soruşurdum: "Rüstəm, Azərbaycanda nə var, nə yox?"

Bir də məni heyrətləndirən o idi ki, nə qədər məşğul, başı qarışıq olsa da, heç bir dost məclisindən boyun qaçırmırdı, ən müxtəlif səpgili dost-tanışlarıyla ünsiyyətdən vaz keçməzdi. Rusiyanın və xarici ölkələrin məşhur kino ulduzlarıyla, görkəmli yazıçılar, teatr xadimləri, rəssamlar, bəstəkarlar, jurnalistlər, alimlər, siyasət xadimləriylə dost-aşnaydı, amma heç vaxt uşaqlıq dostlarını, ən sadə peşə sahiblərini də unutmurdu, onlarla oturub-durmaqdan çəkinmirdi.

Rüstəm hər cəhətdən çağdaş dövrün sənətkarı idi, XX və XXI əsrin övladıydı. Amma mənə elə gəlirdi ki, o həm də orta əsrlərdən bizim zəmanəyə gəlib çıxmış cəngavərdi - hər məqamda ləyaqətli davranışına görə, mərdanəliyinə görə, qeyrət, namus anlayışlarına görə.

İctimai həyatımın çətin məqamında o məni tərəddüdsüz dəstəkləmişdi. Mən də Rüstəm sağdan-soldan ləyaqətsiz hücumlara məruz qalanda onu müdafiə edən yazı yazdım, onun rəhbərlik etdiyi İttifaqda qalacağımı bildirdim.

Hələ SSRİ vaxtı o dövrün sital tənqidçiləri Rüstəmi sovet həyatını qara boyalarla əks etdirdiyinə görə kəskin tənqid edirdilər. O zaman Rüstəmi Ulu öndər Heydər Əliyev müdafiə etdi, sonrakı yaradıcılıq uğurlarını da yüksək qiymətləndirdi.

Müstəqillik dövründə isə bir zaman yüksək vəzifələr tutan, indi adları belə unudulmuş məmurlar Rüstəmi ədəbiyyat və kino tarixindən silməyə çalışdılar. Bu dəfə onu qoruyan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım oldu.

Rüstəmin öz xalqı, öz vətəni üçün etdiklərinin zərrə qədərini etməmiş adamlar onu millətə xəyanətdə suçlayırdılar. Özü də kimi? Azərbaycanın Xalq yazıçısını, öz şöhrətiylə millətini şöhrətləndirən sənətkarı, dünyada tanınmış kino xadimini, öz teatrını yaratmış dramaturqu, ən nüfuzlu beynəlxalq mükafatlar qazanmış sənətkarı, Moskvada, SSRİ Xalq deputatlarının əksəriyyəti bizim əleyhimizə olan qurultayında, ermənipərəst Fransada, Paris televiziya kanallarında xalqımızın haqq səsini ucaldan böyük vətənpərvəri...

Nə yaxşı ki, vaxt hər şeyi yerbəyer edir. Kimin kim olduğu gec-tez məlum olur.

Ölüm hər kəsin nəsibidir, amma ölümsüz əsərləri xalqına yadigar qoyub gedən sənətkar həmişə diridir.

Rüstəm İbrahimbəyov da Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev kimi uzun müddət Vətənindən uzaqlarda, Moskvada yaşayıb-yaratdı. Amma hamısı sonda əbədi olaraq doğma torpaqlarına qayıtdı.

Əlvida, Rüstəm, dostum, qardaşım.

 

13 mart 2022